“İstəmişəm ki,
xalqımızın adı həmişə uca
olsun”
Nicat
Mirzəyev: “Bir rəqsə aid milli geyimi başqa 5-6 Azərbaycan
rəqsində istifadə edirik”
Bu gün Azərbaycan mədəniyyətinin dünyada tanınmasında diasporumuz əzmlə çalışır. Bu baxımdan Ukraynada da diasporumuz çoxşaxəli fəaliyyət göstərir. Xüsusən Ukraynadakı gənclərimiz milli rəqslərimizi, folklorumuzu yerli xalqa tanıdırlar. Ukraynadakı Qafqaz Rəqsləri məktəbi və həmçinin “Qafqaz” ansamblının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Bütün bu işlərə Ukraynadakı aktiv gəncimiz Nicat Mirzəyev rəhbərlik edir. Qeyd edək ki, N.Mirzəyev eyni zamanda “Mir molodyoji” ictimai təşkilatının prezidentidir.
-Azərbaycan mədəniyyətini
Ukraynada necə təbliğ edirsiniz?
-10 ildən artıqdır ki, həyatımı ictimai işlərə həsr etmişəm. Öz komandamla bərabər Azərbaycanımızın mədəniyyəti, tarixi ilə bağlı tədbirlər keçirmişik. Gördüyümüz hər bir iş göz qabağındadır. Bu işləri də çalışmamışam gözə çarpım, vətənimizə olan sevgidən etmişəm. İstəmişəm ki, xalqımızın adı həmişə uca olsun. Etdiyim hər bir iş təmənnasız olub. Dəfələrlə azərbaycanlı uşaqlara bağçada milli geyimlər lazım olub, bizə müraciət ediblər, dəstək göstərmişik. Orta məktəbdən tədbirlər üçün milli geyimlər istəyiblər, yenə heç vaxt “yox” deməmişik. Kiyevin bir çox universitetlərinin tələbələri Azərbaycan mədəniyyətini təmsil etmək üçün milli geyim xahiş ediblər, hər zaman kömək etmişik və rəqs ansamblımızı da aparmışam ki, daha da möhtəşəm, gözəl şəkildə ukraynalılara və başqa xalqlara öz milli folklorumuzu sevdirək. Keçirdiyimiz festivallar, tədbirlər haqqında çox danışmaq olar. Kiyevdə hər kəs gözəl bilir biz necə aktiv fəaliyyət göstəririk.
-Dövlət tədbirlərinə
dəvətlər alırsızmı?
-Dəfələrlə həm Kiyevdə, həm başqa regionlarda keçirilən diaspor və digər tədbirlərdə rəqs ansamblımız çıxış edib. Biz bütün bu tədbirlərdə təmənnasız olaraq çıxış edirik.
-Milli
rəqs geyimlərimizi necə əldə edirsiz?
-Bir rəqsə aid milli geyimi başqa 5-6 Azərbaycan rəqsində istifadə edirik. Halbuki hər rəqsin özünəməxsus geyimi var. Milli geyim çatışmazlığımız var. Ukraynada mədəniyyətlə bağlı fəaliyyət göstərən təşkilatlara, rəqs qruplarına hər bir dövlətin öz səfirliyi, diasporu və yaxud iş adamları dəstək olur. Məsələn, Gürcüstan öz mədəniyyət mərkəzləri üçün hər il 100-ə yaxın milli geyim hədiyyə edir və rəqs etdikləri yerin kirayə haqqını ödəyir. Bununla yanaşı, müəllimlərin maaşını ödəyir. Amma bizim milli rəqs məktəblərinə bu vacib olan diqqət olmayıb.
-Siz
bu məsələ ilə bağlı kiməsə
müraciət etmisizmi?
-Sadəcə, indiyə kimi
heç kimə müraciət etməmişik.
Bu vaxtacan öz gücümüz
çatıb, idarə etmişik məktəbimizi,
amma indi artıq gücümüz çatmır. Ona görə də buradan
Ukraynada yaşayan hər
bir diasporumuzun
nümayəndələrinə, Diasporla İş üzrə Dövlət Komitəsinə,
Mədəniyyət və Turizm Nazirliyinə
müraciət edirəm. Sizdən çox
xahiş edirik, əgər
istəyirsinizsə, biz bu
cür gözəl şəkildə Ukraynada öz mədəniyyətimizin
varlığını başqa millətlərə
çatdıraq və onlara öz dövlətimizi, millətimizi daha da çox
sevdirək, bizə dəstək olun. Bizə
kömək edin ki, öz vətənimizdən kənarda
böyüyən gözəl körpə balalarımız milli kökləri üstə
böyüsünlər, milli folkloru öyrənsinlər. Gəlin,
2016-cı ili dövlətimizin ən
gözəl illərindən biri edək,
mədəniyyətimizi dünyanın hər bir
tərəfində yayaq.
Fuad Hüseynzadə
Palitra.-2016.-6 yanvar.-S.7.