“Uzunömürlülüklə məşğul
olan elmi-tədqiqat mərkəzi
yaradılmalıdır”
Natəvan Kərəmova:
“İnsanların sağlam və uzun ömür
yaşaması üçün elmi-tədqiqat
aparırıq və alınan nəticələr də praktiki əhəmiyyət daşıyır”
Layihə çərçivəsində
müsahibimiz tibb sahəsində
elmi-tədqiqatçı Natəvan Kərəmovadır.
- Öncə özünüzü təqdim edərdiniz və
aldığınız təhsil, elmi fəaliyyətiniz
barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Natəvan Yadulla qızı Kərəmova- 1976 -cı ildə Sumqayıt şəhərində dünyaya gəlmişəm. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı orta məktəbdə orta təhsilimi aldıqdan sonra, Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində ali təhsil almışam. 2001-ci ildən ATU-nin təyinatı ilə AMEA, A.İ.Qarayev adına Fiziologiya İnstitutuna getmişəm və əmək fəaliyyətinə başlamaqla yanaşı, dissertantura yolu ilə elmi-tədqiqatlara da başlamışam. Professor Z.H.Məmmədovun rəhbərliyi ilə ilk dəfə olaraq tədqiq olunmuş bir mövzunu - "Emosional gərginliyin koqnitiv proseslərə təsirinin əqli inkişaf səviyyəsindən asılılığının tədqiqi" adlı dissertasiya işini 2010-cu ildə uğurla müdafiə etmişəm. Müdafiədən sonrakı elmi fəaliyyətim isə uzunömürlülərin koqnitiv və psixofizioloji göstəricilərinin öyrənilməsilə bağlıdır.
- Təhsil
aldığınız və ya tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Hal-hazırkı dövrümüz üçün insan sağlamlığı və uzunömürlülük aktual problemlərdən biridir. Belə ki, ekoloji faktorlar, texnoloji inkişaf nəticəsində yaranan texnogen faktorlar, müharibələr, streslə zəngin həyat fəaliyyəti, miqrasiya faktoru, qida faktorunun əhəmiyyətli dərəcədə dəyişməsi və keyfiyyətsizləşməsi, zərərli vərdişlərdən kütləvi istifadə, müalicə zamanı tətbiq olunan vasitələrin əlavə təsirlərinin artması və digər sosial faktorların insan sağlamlığına ciddi təsirləri nəticəsində uzunömürlülük indeksinin əhəmiyyətli dərəcədə azalması və yeni doğulmuşlarda yaşam faizinin enməsi müşahidə olunur. Qeyd olunanlar isə orta həyat yaşam müddətinin 60 ilə kimi enməsi ilə nəticələnib. Məhz bu halları nəzərə alaraq, elmi-tədqiqat işlərimi insanların uzunömürlülük göstəricilərinə təsir edən faktorların öyrənilməsinə həsr etmişəm. Tədqiqatlarımı ekoloji çirkli şəhər sayılan Sumqayıt şəhərində aparmışam və çox maraqlı elmi nəticələr almışam.
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Uzunömürlülük dünya səviyyəsində öyrənilən qlobal problemdir. Təbii ki, bu problemin öyrənilməsi üçün hər alimin öz tədqiqat istiqaməti var. Azərbaycanda uzunömürlülük problemi yalnız bir müəssisədə, Fiziologiya İnstitutunun "Uzunömürlülüyün fiziologiyası" laboratoriyasında müxtəlif tədqiqatlarla (uzunömürlülərin EEQ,EKQ, psixoloji, koqnitiv və s.) öyrənilir. Xarici dövlətlərin ədəbiyyatından isə bu problemin hüceyrə səviyyəsində, biokimyəvi və sair müasir üsullarla öyrənilməsi məlum olur. Burada bir məqamı nəzərinizə çatdırmaq istəyirəm ki, xarici dövlətlərdə olan elmi-tədqiqat müəssisələrinin daha zəngin texniki avadanlıqlarla təchiz olunması, daha geniş spektrli tədqiqatların aparılmasına imkan verir. Bizimsə əlimizdə olan texniki avadanlıqlardan maksimum istifadə edərək, dünya səviyyəli faktlar almağımız böyük şücaətdir.
- Təhsil
aldığınız ixtisasın və elmi
sahənin Azərbaycan üçün
aktuallığını necə ifadə edərdiniz?
- Elmi-tədqiqatlarımız həm Azərbaycan, həm də dünya səviyyəli elmi-tədqiqat işidir. Nə qədər ki, insan sağlamlığı təhlükə faktorları ilə qarşılaşır, xəstəliklərin cavanlaşması qeyd olunur, yeni doğulanlarda ölüm faizi yüksəkdir və sonsuzluq kimi ağır halların rastgəlmə tezliyi artır, insanlarda sinir-psixi xəstəliklərin rastgəlmə faizi digər problemlərə nisbətən yüksəkdir və insanın orta ömür müddəti qısalmaqda davam edir, o qədər də apardığımız elmi-tədqiqatlar aktualdır. Biz insanların sağlam və uzun ömür yaşaması üçün elmi-tədqiqat aparırıq və alınan nəticələr də praktiki əhəmiyyət daşıyır.
-Bu
ixtisasınız yönündə Azərbaycan təhsilində
və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Azərbaycanda ən böyuk elmi islahat kimi, arzu edərdim ki, uzunömürlülüklə məşğul olan tək bir laboratoriya yox, daha böyük elmi- tədqiqat mərkəzi yaradılsın və ən müasir texniki avadanlıqla təchiz olunsun. İnanın, buna çox ehtiyac var. Azərbaycan tarixən uzunömürlülər diyarı olub və indi isə, uzunömürlülük indeksinin azalması həyəcan təbili ola bilər. Xüsusilə, nəzərə alsaq ki, vətənimizdə müharibə gedir, minlərlə insan öz doğulduğu torpaqlardan didərgin düşüb və bütün bunların sağlamlığa nə qədər mənfi təsiri var... Sumqayıt şəhərində apardığım elmi-tədqiqatların nəticələri qeyd edilənləri bir daha sübut edən faktlardır. İnanıram ki, respublikamızın elm və təhsilə olan qayğısı nəticəsində, biz gənclər insan sağlamlığının qorunması üçün layiqli elmi nəticələr əldə edəcəyik.
-Təhsil və
elmlə bağlı mütəxəssis kimi
hansı fikir və təklifləriniz ola bilər?
- Gənc alim kimi arzum budur ki, elm yolunda öz əməyini əsirgəməyən hər bir kəs layiqli elmi mükafatını almaqla yanaşı, öz bilik və vərdişlərini gələcək nəslə öyrətsinlər. Yalnız belə olan halda, Azərbaycan elmi dünya səviyyəsində tanınacaq və elmi nəticələrimiz dünya elmində öz yerini tutacaq. Düzdur, elmi-tədqiqatla məşğul olanların əməkhaqqının az olması və məişət problemlərinin bu səbəbdən həll edilməməsi, gənc nəslin elmdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı qeyri-adi bilik və bacarıqları olan gənclərimiz var ki, bu səbəbdən elmdən uzaq sahələrdə çalışırlar və bu da elmin inkişafı üçün itki sayılır. Ümid edirəm ki, maddi çətinliklər tezliklə aradan qaldırılacaq və nəticəsini də elmi töhfələrdə görəcəyik. Gənclərin elmə marağının artırılması üçün məktəbdə oxuyan şagirdlərdən başlamaq lazımdır. Onları düzgün istiqamətləndirməklə, gələcək elmi inkişafda mühüm nəticələr almaq mümkündür.
-Xaricdə təhsil
alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri
tövsiyə edərdiniz?
- Son illər Təhsil Nazirliyi və digər dövlət qurumlarının da köməyilə, yuzlərlə azərbaycanlı xaricdə təhsil alır və mükəmməl biliyə nail olurlar. Düzdür, onların əksər hissəsi vətənə dönərək, Azərbaycanın elm və sənayesinin inkişafında mühüm işlər görsə də, bəziləri vətənə dönmür. Çox istərdim ki, xaricdə təhsil alan gənclər qazandıqları bilik və bacarıqları, ora gedə bilməyənlərə öyrətsin və müştərək təlim kursları ilə böyük uğurlar əldə etmək mümkündür.
-Gələcək
plan və fəaliyyətinizlə
bağlı nələri bölüşərdiniz?
- Biz gənclər öz elmi fəaliyyətimizdəki
hər bir uğurlu nəticə
ilə xalqımızın firavan və uzunömürlü yaşamasına xidmət etmiş oluruq. Gələcək
elmi-tədqiqatlarımı da insanların
sağlamlığının qorunması istiqamətində
aparmağı planlaşdırmışam. Xalqımın
sağlamlığını təmin etmək, gələcək
elmi fəaliyyətimi də sağlam gələcək, sağlam
gənclik və sağlam nəslə həsr
etmək, bir həkim kimi
ən böyük arzumdur.
İlkin AĞAYEV
Palitra.-2016.-7 yanvar.-S.11.