“Hədəfim bu ali məktəbə
qəbul olmaq olub”
”BANM-ın tələbəsi,
Prezident təqaüdçüsü Hüseyn Nəcəfov:
“Hədəfim bu ali məktəbə qəbul olmaq olub”
“Texnologiyaya həddindən
artıq marağımın olması və yüksək səviyyədə
təhsil alıb savadlı kadr kimi yetişmək arzusu mənim
BANM-i seçməyim üçün kifayət idi”
Ölkədə mütəxəssis hazırlığı sahəsinə, təhsilə investisiya qoyuluşunun həcminin artırılması, bu sahədə əsaslı dövlət proqramlarının həyata keçirilməsi məqsədilə müxtəlif fərman və sərəncamlar təsdiq edilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və digər dövlət sənədlərində qarşıya məhz ölkədə dünya standartlarına cavab verən təhsilin qurulması, yüksək hazırlıqlı, rəqabətədavamlı kadr potensialının formalaşdırılması vəzifəsi qoyulub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu proqram, fərman və sərəncamların həyata keçirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirir. Tələbə qəbulu üzrə kampaniyanın və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının təşkili və keçirilməsi ilə əlaqədar görülən işlər də bu fəaliyyətin tərkib hissəsidir. 2014-2015-ci il ali təhsil müəssisələrinə qəbul imtahanları da TQDK tərəfindən yüksək səviyyədə təşkil olunmuşdu. TQDK-nın məlumatına görə, ötən il ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 92 min 643 abituriyent iştirak etmişdi ki, onlardan 6,01 faizi 500-700 bal toplamışdı. Ümumiyyətlə, abituriyentlərdən 1727 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdi. 2015-ci ildə də ali məktəblərə qəbul imtahanı TQDK tərəfindən uğurla həyata keçirildi. Ali təhsil müəssisələrinin 38831 plan yerinin müsabiqəsində iştirak etmək üçün 38763 abituriyent iştirak edib. Onlardan 32276 nəfəri ali təhsil müəssisələrinə qəbul olundu. Qəbul olanların 15406 nəfərini oğlanlar, 16870 nəfərini qızlar təşkil edib. 28900 abituriyent Azərbaycan bölməsi üzrə, 3376 abituriyent isə rus bölməsi üzrə tələbə adını qazanıb. Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanında I ixtisas qrupu üzrə 7, 2 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə göstərərək 700 bal toplayıb.
2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə həm ödənişli əsaslarla, həm də dövlət sifarişi əsasında aparılan plan yerləri üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları ilə bağlı TQDK-nın məlumatına əsasən, ali məktəblərə I ixtisas qrupu qəbul üzrə ən yüksək minimal keçid balları Bakı Ali Neft Məktəbində (BANM) qeyd olunub. Belə ki, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə minimal keçid balı 673 baldan 679 bala, “Neft-qaz mühəndisliyi “ixtisası üzrə – 660 baldan 667 bala, “Kimya mühəndisliyi” ixtisası üzrə - 648 baldan 659 bala yüksəlib. Bu nəticələrə görə, BANM minimal keçid balı üzrə rekordunu təzələyib. BANM-nə 2015/2016-cı tədris ilində qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfər tələbə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Xatırladaq ki, ötən tədris ilində də BANM-nə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb.
Layihə çərçivəsində müsahibimiz BANM-in tələbəsi, Prezident təqaüdçüsü Hüseyn Nəcəfovdur:
Nəcəfov Hüseyn Məzahir oğlu 7 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində anadan olub. O, orta təhsilinə 2004-cü ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbdə başlayıb və bu məktəbi qızıl medal ilə bitirib. 2015-2016-cı tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə keçirdiyi qəbul imtahanında 695 bal toplayaraq Bakı Ali Neft Məktəbinin” Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olub, Prezident təqaüdçüsüdür. Hüseyn Nəcəfovun orta məktəbdən qızıl medalla başlayan uğurunun onu ali təhsil müəssisəsinədək müşayiət etməsi və “Prezident təqaüdçüsü” kimi şərəfli ada layiq görülməsi hazırda təhsil aldığı Bakı Ali Neft Məktəbində qazanacağı uğurlarının davamlı olacağına zəmin yaradır. Hüseynlə söhbətə qəbul imtahanı, imtahanın gedişi, uğura çatmaq və tələbəliyin ilk mərhələsi haqqında fikirlərlə başladıq. İlk sualımız qəbul imtahanı haqqında oldu.
- Artıq BANM-da təhsil alırsan, qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonrakı təəssüratların necə yadda qalıb?
- Qəbul imtahanı mənim üçün gözlədiyimdən də yaxşı keçdi. Həyəcanlı deyildim, çünki son iki ay ərzində əvvəlki illərdə istifadə olunmuş TQDK-nın təşkil etdiyi qəbul və sınaq imtahanlarının sualları ilə məşğul olmuşdum və imtahana necə tip sualların düşəcəyini təxmin edə bilirdim. İmtahandan sonra müəllimlərim sual kitabçasını yoxladılar. İngilis dili fənninə qədər hər şey əla idi. Lakin məhz bu fəndən bir səhvim olmuşdu, bu səhv isə səhv etməmək üçün ən sona saxladığım sual idi. Buna baxmayaraq, sonda nəticəm məni çox xoşbəxt etdi.
-Sınaq
imtahanlarında nəticələrin necə olub?
Qəbul imtahanında yüksək bal
toplayacağına inanırdınmı?
- Oxuduğum hazırlıq kursunun və TQDK-nın təşkil etdiyi sınaqlarda əldə etdiyim ən yüksək nəticə 695 bal olub. Buna görə də qəbul imtahanında topladığım bal mənim üçün gözlənilməz olmadı.
- İmtahanda 600 baldan
yüksək nəticəni göstərmək üçün abituriyent
hansı öhdəlikləri üzərinə götürməlidir
və ixtisas seçimini
necə etməlidir?
- Məncə, abituriyent hansı mövzuda çətinliyinin olduğunu bilməlidir. Bu çətinlikləri aşkara çıxarmaq və aradan qaldırmaq üçün isə çoxlu test etməlidir, gələcəkdə işləmək istədiyi ixtisası hədəf seçib bu hədəfə nail olmaq üçün böyük həvəslə çalışmalıdır.
- Niyə məhz
bu ixtisası və BANM-i
seçdin və bu seçimi etdikdə hansı məqsədləri
qarşına qoydun?
- Texnologiyaya həddindən artıq marağımın olması və yüksək səviyyədə təhsil alıb savadlı kadr kimi yetişmək arzusu mənim BANM-i seçməyim üçün kifayət idi. Buna görə də bu ali təhsil ocağı yaranandan bəri hədəfim bu ali məktəbin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına qəbul olmaq olub.
-BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə
nə məsləhət görərdin? Burdakı təhsili
necə dəyərləndirirsən?
-Abituriyentlərə demək istərdim ki, hansı ixtisası seçməyinizdən asılı olmayaraq, çalışın dünyagörüşünüzü, kompüter və ingilis dili biliklərinizi artırasınız. BANM-də təhsil almağı arzulayan abituriyentlər bəzi müvəqqəti çətinliklərə hazır olmalıdırlar və unutmamalıdırlar ki, çəkdikləri əziyyətin qarşılığını hər zaman alacaqlar. Ona görə də fəal olmalı, burada tədris olunan yüksək səviyyədə kompüter, ingilis dili və ixtisas biliklərinə dərindən yiyələnməlidirlər.
-Özünü
gələcəkdə harada görürsən?
-Özümü gələcəyin ixtisaslaşmış mühəndisi və bəzi icadların yaradıcısı kimi görürəm.
- Hansı məşğuliyyətlərin
var? Humanitar fənlərlə
və ədəbiyyatla maraqlanırsan?
- Boş vaxtlarımda texnologiya ilə bağlı onlayn
olaraq araşdırmalar edirəm,
dostlarımla virtual olaraq
futbol oynayıram. Humanitar
fənlərdən Coğrafiyaya çox marağım var,
bədii əsər oxumağı da sevirəm.
Daha çox detektiv janrda olan bədii kitablar oxuyuram.
Nigar Abdullayeva
Palitra.-2016.-8 yanvar.-S.11.