“Gürcüstanda ali təhsil ocaqlarına daxil
olan soydaşlarımızın sayı
ildən-ilə çoxalır”
Nərgiz
Əliyeva: “Gürcüstanın ali təhsil
məktəblərində təhsil alan və
təhsilini bitirən gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal şəkildə
iştirak edir”
Gürcüstanda yaşayan
soydaşlarımızın da elm və təhsilə yiyələnməsi bizim üçün vacib amildir. Bu baxımdan artıq əvvəlki illərlə
müqayisədə xeyli irəliləyiş
var. Çünki son illər Gürcüstanda
məhz yüksək təhsil almış gənclərimiz öz ictimai fəallıqları
ilə fərqlənirlər. Elə bu mövzuda Azərbaycanlıların
Mədəniyyət Mərkəzi mətbuat xidmətinin və
gənclər şöbəsinin rəhbəri,
Gürcüstanın Azərbaycanlı Gənclər
İttifaqının sədr müavini Nərgiz
Əliyeva ilə müsahibəni təqdim edirik.
-Ötən il AMM üçün nə
dərəcədə yaddaqalan oldu?
- 2015-ci il bizim üçün olduqca məhsuldar il oldu. Təşkilatımızın ümumi strategiyasına uyğun olaraq il ərzində çoxsaylı tədbirlər, təqdimatlar, görüşlər həyata keçirdik. Mədəniyyətimizin ölkəmizdə və xaricdə təbliği istiqamətində də müəyyən addımlar atıldı. “Sarvan” folklor ansamblı Gürcüstanda keçirilən müsabiqələrdə və olimpiadalarda çıxış edərək hər zaman olduğu kimi, uğurlar əldə etdi. Türkiyədə keçirilən beynəlxalq müsabiqələrə milli və gürcü rəqslərilə qatılan qrup müvəfəqiyyətlər əldə edərək vətənə qayıtdı. Gürcüstanda ilk dəfə Azərbaycan həqiqətləri daha kütləvi və geniş şəkildə tanıdıldı. Rəhbərlik etdiyim şöbənin təşkili ilə, hər il olduğu kimi, yola saldığımız ildə də, “Xocalıya ədalət” kampaniyası çərçivəsində, Gürcüstanda Xocalı ayı elan olunan fevral ayı ərzində ölkəmizin bir çox regionunda, şəhər və kəndlərdə yerli əhalinin iştirakı ilə konfranslar, görüşlər və aksiyalar keçirildi. İlk dəfə Tbilisinin mərkəzi küçələrində və Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında 200 nəfərdən çox insanın iştirakı ilə “Xocalıya ədalət” aksiya-yürüşü keçirildi. Aksiyalar zamanı bir qrup gənc-tələbə yerli əhaliyə və şəhərin qonaqlarına xüsusilə ingilis və gürcü dillərində hazırlanmış informasiya bukletləri paylayaraq həqiqətlərimiz və Xocalı soyqırımı haqqında məlumat verdilər. Bu tipli tədbirlər il ərzində ali təhsil ocaqlarında keçirdiyimiz tədbirlər zamanı davam edir.
Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarına dəstək məqsədilə Tbilisinin mərkəzində biz təntənəli konsert proqramı da təşkil etdik ki, yerli əhali oyunlar və Azərbaycan haqqında məlumat ala bilsinlər. Konsert proqramına milli mədəniyyətimizi və idman sahəsində aparılan işləri də əhalinin nəzərinə çatdırdıq.
-Gürcüstandakı
azərbaycanlı gənclərin ictimai fəallığı
hansı səviyyədədir?
-Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiya prosesi bitməsə də, artıq yeni mərhələyə qədəm qoyub. Gürcüstanın ali təhsil məktəblərində təhsil alan və təhsilini bitirən gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, sosial mediada, ölkənin KİV-də çıxışlar edərək rəylər bildirirlər.
-Gürcüstandakı
azərbaycanlıların məktəbəqədər və orta təhsil ocaqlarında təhsilə
marağı necədir və bu sahədə
olan problemlər nədən ibarətdir?
-Biz hər zaman ali təhsil alan gənc tələbələrimizdən danışırıq, lakin məktəbəqədər müəssisələr və orta təhsil ocaqlarındakı gənclərimiz haqqında söz açmağı unuduruq. Bu isə olduqca önəmli mövzudur. Ölkəmizdə yeni təhsil islahatları həyata keçirilir və bu yeniliklərə əsasən ölkədə uşaq bağçalarının sayı artırılır, kəndlərdə və regionlarda yeni bağçalar açılır. Bu proses Gürcüstanda sürətlə davam edir. Orta təhsil ocaqlarında bir sıra problemlər olsa da, ürəkaçan məqamlar da mövcuddur. Misal üçün, ötən il orta məktəbi fərqlənmə medalı ilə bitirən soydaşlarımızın sayı artıb, ali təhsil ocaqlarına daxil olanların sayı isə ildən-ilə çoxalır. Bu da gənclərin təhsilə marağından xəbər verir. Lakin problemlər də az deyil. Məktəblərimizdə ən başlıca problem ixtisaslı kadr çatışmazlığıdır. Bu gün müəllimlərimizin orta yaş səviyyəsi 50-70 yaş arasıdır və Gürcüstan qanunvericiliyində nəzərdə tutulan təqaüd yaşını ötmüşdür, əvəz edəcək gənc kadrlar isə, demək olar ki, yox səviyyəsindədir. Bundan başqa, azərbaycandilli məktəblərdə dərslik problemləri də mövcuddur, klassik Azərbaycan ədəbiyyatı kitablarının olmaması və kitabxanaların kasıblığı, məktəblərin bir çoxunun qəzalı vəziyyətdə olub əsaslı təmir və ya yenidənqurulmasına etiyacı olduğu da mühüm problemlərdəndir. Bu və digər problemlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Respublikasının Prezidenti Georgi Marqvelaşvilinin Marneuliyə səfərləri və ondan öncə Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun Gürcüstana səfəri zamanı müzakirə olunub. İki ölkə rəhbərliyi və nazirliklər arasında bu problemlər müzakirə olunub və artıq həllinə başlanılıb.
Prezident İlham Əliyev çıxışında məktəblərimizdə mövcud olan dərslik, kadr və digər problemlərin həll olunacağına dair Təhsil Nazirliyinə göstəriş verdiyini qeyd etdi. Hər iki ölkə bu problemin həlli üçün qarşılıqlı işlər aparmaqdadır. İnanırıq ki, bizim üçün ən önəmli problemlərdən olan təhsil problemi həllini tapacaq.
-Yerli
və Azərbaycanda fəaliyyət göstərən təşkilatlarla
əməkdaşlıq edirsinizmi?
-İşimizin əsas hissəsi Azərbaycanın mədəniyyətinin, həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı olduğu üçün biz işlərimizin əksər hissəsini oradakı dövlət və qeyri-dövlət qurumları ilə aparırıq. Layihələrimizə diqqət və dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və digər qurumlarla sistematik olaraq əməkdaşlıq edirik. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupu, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu ilə birgə layihələrimiz həyata keçirilir. Rəhbərlik etdiyim şöbə yola saldığımız ildə Gənc Nəqliyyatçılar Klubu və Gəncədə fəaliyyət göstərən “Odlar yurdu” gənclər birliyi ilə əməkdaşlıq memorandumu imzalayaraq, bir sıra tədbirlər həyata keçirərək gələcəyə dair mühüm layihələrin reallaşmasını planlaşdırır. Diaspor Jurnalistləri Birliyi ilə əməkdaşlığımız iki ölkənin media qurumları ilə əlaqələrin yaranması istiqamətində mühüm rol oynayır. Bu siyahını davam etdirə bilərəm, lakin onu qeyd etmək istəyirəm ki, şəxsən mənim Azərbaycanda bu sahədə çalışan dostlarım olduqca çoxdur. Ümumiyyətlə, Azərbaycan gəncliyi bu gün olduqca böyük potensiala malik gənclikdir, onların gördüyü işləri hər zaman qürurla izləyir, bəzən də məsləhətlər alıram, şöbəmdə isə onlarla əməkdaşlığı önəmli bilirəm. Əsas məqsədimiz iki ölkə gəncləri arasında əlaqələri gücləndirmək və ümumi inkişaf üçün səylər göstərməkdir.
O ki qaldı yerli təşkilatlara, təbii ki, ölkəmizdə də dövlət və qeyri-dövlət qurumları ilə maksimum fəal əməkdaşlıq etməyə çalışırıq. Onlardan Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi, Barış və Bərabərlik üzrə Dövlət Nazirliyi, İdman və Gənclərlə iş üzrə Dövlət Nazirliyi, bölgə quberniyası, yerli icra hakimiyyəti, təhsil şöbəsi, nazirliklər və fondlarla sistematik görüşlər, ortaq layihə və tədbirlər həyata keçiririk. Eyni şəkildə gürcü gənclərini birləşdirən təşkilatlarla da sıx ünsiyyətdəyik. Təbii ki, azərbaycanlıları birləşdirən bir çox təşkilatlarla da sıx təmasda olaraq həmrəylik göstərməyə çalışaraq ümumi layihələr həyata keçiririk. Düşünürəm ki, birlik və həmrəylik bizim uğurlu və faydalı fəaliyyətimiz üçün əsasdır.
Fuad Hüseynzadə
Palitra.-2016.-9 yanvar.-S.11.