“Xarici dil
bazasını artırmaq istəyən tədqiqatçılara
kömək göstərilməlidir”
Könül Baxşəliyeva: “Elmi-tədqiqat
sahələrinə dövlət səviyyəsində diqqət
artmaqdadır”
- Öncə özünüzü təqdim edərdiniz və
aldığınız təhsil, elmi fəaliyyətiniz
barəsində ətraflı məlumat verərdiniz.
- Mən - Baxşəliyeva Könül Fərrux qızı 1979-cu ildə Qarabağda anadan olmuşam. 1997-ci ildə Nəsimi rayon 44 saylı məktəbi bitirmişəm. 1998-2003-cü illərdə ADPU bakalavriat, 2003-2006-cı illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura təhsili almışam. 2006-cı ildən bu günə kimi AMEA-nın Mikrobiologiya İnstitutunun Mikologiya şöbəsində çalışıram. 2012-ci ildə “Bəzi efir yağlı bitkilərin mikobiotası və antifunqal xassələri” mövzusunda müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi adını almışam. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantların verilməsi üzrə 2013-cü il üçün Gənc Alim və Mütəxəssislərin 2-ci qrant müsabiqəsinin (EİF/GAM-2-2013-2(8)) qalibi olmuşam. Hal-hazırda “Eksperimental mikologiya” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışıram.
-Təhsil
aldığınız və ya tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji Universiteti və Sumqayıt Dövlət Universiteti Respublikamızın aparıcı təhsil müəssisələrindəndir. Hal-hazırda çalışdığım və tədqiqat apardığım AMEA-nın Mikrobiologiya İnstitutu isə Akademiyanın aparıcı institutlarındandır. Mikrobiologiya elə bir sahədir ki, dilindən və dinindən asılı olmayaraq dünyanın istənilən yerindəki tədqiqatçıları ortaq nöqtədə toplaya bilir. Bu baxımdan düşünürəm ki, nə qədər insan var və ətraf mühitə antropogen təsirlər olacaq Mikrobiologiya sahəsi öz aktuallığını hər zaman saxlayacaq və tədqiqatçılar da öz yeni-yeni nailiyyətləri ilə elmə öz töhfələrini verəcək.
-Bu
sahə üzrə xarici ölkələrdə
aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar
arasında hansı fərqli və ümumi
cəhətlər var?
- Mənim apardığım tədqiqat sahəsi efir yağlı bitkilər və fitoparogenlərlə bağlı olub. Bildiyimiz kimi, efir yağlı bitkilərdən dərman vasitəsi kimi istifadə edilir və onun üstün cəhətlərindən biri də onların qəbulundan sonra hər hansı bir əks-təsirin müşahidə edilməməsidir. Bu, sadəcə olaraq onunla bağlıdır ki, efir yağlarının təsiri ilə orqanizmin immun sisteminin fəaliyyəti çox güclənir. Başqa sözlə desək, orqanizmə daxil olan efir yağları antivirus və ya antibakterial qabiliyyət nümayiş etdirirlər ki, bunun da nəticəsində orqanizmdə bu və ya digər xəstəliyin baş verməsi ehtimalı xeyli azalır. Lakin, bəzən dərman əhəmiyyətli bitkilər üzərində məskunlaşan mikroorqanizmlər o bitkini toksiki zəhərləyir, bitki zəif düşərək immun qabiliyyətini itirir və nəticədə, nəinki şəfaverici qabiliyyətini itirir, bəzi hallarda göbələk sayəsində toksikə yoluxan bitki o toksikliyi insana otürür. Aparılan tədqiqatlar efir yağlı bitkilərin mikroorqanizmlərlə qarşılıqlı münasibətlərinin öyrənilməsinə və onların arasındakı münasibətlərin aydınlaşdırılmasına, efir yağlı bitkilərdən mikroorqanzimlərin fəaliyyətinin məhdudlaşdırılmasına, ekoloji cəhətdən təhlükəsiz biopreparatların alınması imkanlarını genişləndirməsinə həsr edilib. Xarici ölkələrdə də bu yöndə tədqiqatlar aparılıb, amma göbələklərlə deyil, bakteriyalarla. Deyərdim ki, mənim apardığım tədqiqat - efir yağlı bitkilər və fitopatogen göbələklərlə bu istiqamətdə iş ilk işlərdəndir və bu istiqamətdə geniş perspektivlər vəd edən nəticələr də əldə edilib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantların verilməsi üzrə 2013-cü il üçün Gənc Alim və Mütəxəssislərin 2-ci qrant (EİF/GAM-2-2013-2(8)) müsabiqəsi udulduqdan sonra “Çəyirdəkli meyvə ağaclarından fitopatogen mikroorqanizmlərin ayrılması və mikrob lipidlərinin bioloji nəzarət agenti kimi yoxlanılması” mövzusunda olan iş üzrə təcrübələr aparılıb və mühüm nəticələr də əldə edilib.
-Təhsil
aldığınız ixtisasın və tədqiqat
apardığınız elmi sahənin Azərbaycan
üçün
aktuallığını necə ifadə edərdiniz?
- Təhsil aldığım biologiya ixtisası və təqiqatlar apardığım mikrobiologiya elmi uzun illərdir, həm Azərbaycanda, həm də dünyada öz aktuallığını qorumaqdadır. Mikrobiologiya-həyatımızın vazkeçilməz sakinləri olan mikroorqanizmlərin insan həyatında və ətraf mühitdəki mənfi və müsbət təsirlərini öyrənməkdədir. Belə ki, mikroorqanizmlər, əsasən də göbələklər bir tərəfdən müxtəlif bioloji aktiv maddələrin produsentləri kimi diqqəti cəlb edirsə, digər tərəfdən onlar müxtəlif xarakterli patologiyalar törədirlər. Belə ki, mikroorqanizmlər bir tərəfdən müsbət mənada dərman preparatlarının alınmasında, qida sənayesində və sairdə istifadə edilirsə, digər tərəfdən həm insanlarda, həm də bitki və qida məhsulları üzərində toplanaraq zəhərlənmələrə səbəb olan toksiki maddələr sintez edirlər. Butün bunları nəzərə alsaq, bu sahənin nəinki Azərbaycan, eləcə də dünyada nə qədər önəm daşıyan bir elm sahəsi olduğunu görərik.
-Bu ixtisasınız yönündə
Azərbaycan təhsilində və ya
elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?
- Son dövrlər elmi-tədqiqat sahələrinə dövlət səviyyəsində diqqət artmaqdadır. Əsasən də tədqiqatçıların müstəqil şəkildə işləyə bilmələri üçün müxtəlif qrant proqramları da ayrılıb, xarıcı ölkə universitetlərində təcrübələr keçmək üçün şərait yaradılıb. Lakin bunlarla yanaşı, təhsilin səviyyəsini daha da artırmaq üçün düşünürəm ki, ölkəmizdəki müxtəlif təhsil müəssisələrində ixtisas alan tələbələrin nəzəri hazırlıqları ilə yanaşı, onların praktiki hazırlığına da diqqət artırılmalıdır. Digər tərəfdən yaşından və mövqeyindən asılı olmayaraq, xarici dil bazasını artırmaq istəyən tədqiqatçılara bu sahədə kömək göstərilməlidir. Çünki dil bilmədən və ya zəif bilərək inteqrasiya etmək çətin olardı.
- Təhsil və
elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz
ola bilər?
- Yuxarıda qeyd etdiyim kimi, son dövrlər elmi-tədqiqat sahələrinə dövlət səviyyəsində diqqət artaraq tədqiqatçıların müstəqil şəkildə işləyə bilmələri üçün müxtəlif qrant proqramları təsis olunub. Bu cür layihələrdə iştirak edən gənclər həm elmi-tədqiqat işlərini sərbəst aparmağı öyrənir, həm də əlavə pul qazanma imkanı eldə edir. Çox istərdim ki, bu cür layihələrın sayı artmış olsun. Bu zaman maliyyəşdirən qurum tədqiqatın aparılması üçün lazımi şəraiti yaradaraq aparatura, reaktivlər, ezamiyyətlər təşkil edir və əməkhaqqı verir. Belə şərait olanda isə tədqiqatçıya yalnız işləmək və nəticələr vermək qalır. İkinci, məsələ isə hər kəsin toxunduğu lakin bu günə qədər də tam həllini tapmayan xarici dil məsələsidir. Əgər tədqiqatçılarımız xarici dillərə mükəmməl yiyələnə bilərsə, bu, onların xaricə inteqrasiya etməsinə, məqalələrinin yuksək reytinqli elmi jurnallarda nəşr etməsinə zəmin yaradardı.
- Xaricdə təhsil
alan gənclərimizə və elmi-tədqiqatçılarımıza
nələri tövsiyə edərdiniz?
- Xaricdə təhsil alan gənclərimizə və təhsil almaq üçün getmək istəyən gənclərimizə tövsiyə edərdim ki, təhsil aldıqları xarici müəssisələrdə öyrəndikləri metod və elmi yanaşmaları öz ölkəmizdə də doğru şəkildə təqdim edib, səmərəli şəkildə tətbiq edə bilsinlər. Bir çox yoldaşlar ölkə hüdudlarında öyrəndikləri yeni elmi metodları vətənimizə gətirərək uğurla tətbiq etməkdədirlər. Lakin bəzi yoldaşlar isə geri qayıtdıqdan sonra müasir şəraitin ölkəmizdə olmadığından şikayətlənərək, təkrar o ölkələrə geri qayıtmağa çalışırlar. O yoldaşları başa düşürəm, amma çox istərdim ki, yüksək potensialı olan gənclərimiz xaricə yalnız nəyisə öyrənmək üçün getsinlər, tətbiq etmək və müasirləşdirmək üçünsə öz işlərini ölkəmizdə davam etdirsinlər. Digər tərəfdən, əsas odur ki, hansi ölkədə olurlar-olsunlar, Azərbaycanın adını uca tutsunlar, necə ki, alimlərimiz bunu hər zaman edirlər.
-Gələcək
plan və fəaliyyətinizlə
bağlı nələri bölüşərdiniz?
- Bu gün elə bir mərhələdəyəm
ki, az da
olsa, bildiklərimi kiməsə öyrədəndə
sevinir, eyni zamanda illərdir, elmdə öz
sözünü deyən böyüklərimizdən
nəyi isə öyrənəndə isə hələ
öyrənəcək çox şeylərin
olduğunu görürəm.
Hal-hazırda elmlər doktoru işi üzərində
çalışıram. Bu sahədə
işlərimi davam etdirmək və elmi yöndə olan layihələrdə
iştirak etmək fikrindəyəm.
İlkin AĞAYEV
Palitra.-2016.-12 yanvar.-S.11.