“Məktəblərdə yetişən gənc
nəsli indidən elmə yönləndirməyi
bacarmalıyıq”
Vüsalə Eminova: “Azərbaycan elminin
təbliğinə böyük ehtiyac var”
Layihə çərçivəsində
müsahibimiz AMEA Fizika
İnstitutunun böyük
elmi işçisi
Vüsalə Eminovadır.
- Mən - Eminova Vüsalə İrşad qızı, 5 mart 1984-cü ildə Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşam. Orta təhsilimi Kürdəmir rayon Köhnəbazar kənd orta məktəbində almışam və 2000-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişəm. Elə həmin ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunmuşam. 2004-cü ildə bakalavriat, 2006-cı ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Həmin vaxtdan da Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində, hal-hazırda isə “Darzolaqlı yarımkeçiricilər və yuxarıtemperaturlu ifratkeçiricilər” laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışıram. 2008-2011-ci illərdə həmin İnstitutun aspirantı olmuşam. Bu müddət ərzində laboratoriyada aparılan bütün tədqiqat işlərində yaxından iştirak etmiş və elmi-tədqiqat işimi yekunlaşdırmışam. 2013- cü ildə “Gümüş halkogenidlərin elektrofiziki xassələrinə quruluş defektlərinin təsiri” mövzusunda dissertasiya işimi müdafiə edərək, fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. 22 elmi əsərin müəllifiyəm və həmin laboratoriyada elmi işimi davam etdirirəm. Eyni zamanda artıq 2 ildir ki, pedaqoji fəaliyyətlə də məşğulam. Hal-hazırda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və Molekulyar fizika kafedrasının müəllimiyəm. Mexanika və Ümumi fizika fənlərinin mühazirə, məşğələ və laboratoriya dərslərini tədris edirəm.
- Təhsil
aldığınız və ya tədqiqat
apardığınız sahə barəsində hansı fikirləriniz
var?
- Bir dəfə universitetdə oxuyarkən müəllimimiz belə bir ifadə işlətmişdi: “Fizika elə bir sahədir ki, onu daha dərindən öyrəndikcə “Mən fizikanı mükəmməl bilirəm” deməyə çəkinəcəksiniz.” Bu sözün mahiyyətini mən bu gün daha yaxşı anlayıram. Bəli, bu, həqiqətən də belədir. Fizika bir çox elmləri özündə cəmləşdirir və onu mükəmməl bilmək üçün həm dəqiq elmləri, həm də təbiət elmlərini uşaqlıqdan sevmək, eləcə də yaxşı öyrənmək lazımdır. Bu isə yalnız böyük zəhmətin nəticəsində əldə oluna bilər. Fizika kainat haqqında olan fundamental bir elmdir. Bura nanomateriallardan tutmuş Günəş sisteminə qədər olan bütün araşdırmalar, tədqiqatlar daxildir. Bütün elm, texnika, istehsalat və məişət vasitələrinin iş prinsipinin əsasında fizika durur.
-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər var?
- Bu məsələdə açıq etiraf etmək lazımdır ki, biz hələ geridəyik. Amma onu da nəzərə almaq lazımdır ki, biz inkişaf etmiş böyük bir dövlətdə yaşamırıq. Biz yenicə öz müstəqilliyini əldə etmiş, inkişaf etməkdə olan və hal-hazırda müharibə şəraitində yaşayan bir ölkənin alimləriyik. Amma buna baxmayaraq, tədqiqat institutlarında, eləcə də təhsil müəssisələrində kifayət qədər yenidənqurma işləri aparılır. Bütün laboratoriyalar yeni cihazlarla, qurğularla təchiz olunur. Əlbəttə ki, bütün bunlar təqdirəlayiq haldır. Eyni zamanda elmin inkişafı yönümündə dövlət qayğısı ilbəil artır. Xarici universitetlərə, təhsil ocaqlarına həm təhsil almaq, təcrübə keçmək, həm də müxtəlif elmi konfranslarda iştirak etmək üçün göndərilən alim və mütəxəssislər buna əyani sübutdur. Və əlbəttə ki, onların xaricdə öyrəndiyi hər bir yenilik elmimizə töhfədir. Sadəcə, nəzərə almaq lazımdır ki, elm öz bəhrəsini gec verən sahələrdəndir. Ümidvaram ki, qarşıdakı illərdə biz bütün bu işlərin yaxşı nəticəsini Azərbaycan elmində görəcəyik.
-Təhsil
aldığınız ixtisasın və elmi
sahənin Azərbaycan üçün
aktuallığını necə ifadə edərdiniz?
- Fizika elə bir elm sahəsidir ki, daşıdığı əhəmiyyətə görə o heç vaxt heç bir ölkə üçün öz aktuallığını itirə bilməz. İnkişaf etməkdə olan Azərbaycanımız üçün isə yalnız və yalnız inkişafın güclənməsinə təkan verər. Bir neft ölkəsi olaraq sənaye və istehsalın inkişafı üçün fizikanın inkişafı labüddür. Sözsüz ki, bu da öz növbəsində bu sahəyə gənclərin yönləndirilməsi və ixtisaslaşmasını prioritetə çevirir. Alimlərimizin əldə etdiyi nəticələr kağız üzərində qalmayıb öz tətbiqini taparsa, bir çox sahələrdə yeni-yeni uğurlar əldə edə bilərik. Əlbəttə, bu da gərgin zəhmət və davamlı, məqsədyönlü fəaliyyət tələb edir.
-Bu
ixtisasınız yönündə Azərbaycan təhsilində
və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz ?
-İstənilən sahədə islahatlara həmişə ehtiyac var, əlbəttə ki, bu islahatlar həmin sahəyə yeni bir nəfəs, yeni bir baxış gətirərək inkişafa apararsa. Elm və təhsil sistemində də zaman-zaman bu islahatlar bu və ya digər dərəcədə aparılır. İlk olaraq Azərbaycan elminin təbliğinə böyük ehtiyac var. Biz məktəblərdə yetişən gənc nəsli indidən elmə yönləndirməyi bacarmalıyıq. Bu istiqamətdə də kifayət qədər tədbirlər təşkil olunur. Buna misal olaraq keçən ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən və Azərbaycanın bütün elm və təhsil müəssisələrinin yüksək səviyyədə iştirak etdiyi Bakı Elm Festivalını göstərmək olar. Bu festival ölkəmizdə ilk dəfə keçirilməsinə baxmayaraq, böyük coşğuya səbəb ola bilmişdi. İki gün davam edən festivalda Azərbaycanın bütün elm və təhsil müəssisələri, eləcə də bir neçə orta məktəb iştirak etdi. Xaricdə yaşayan və orada çalışan alimlərimiz də bu festivala qoşuldular. Elə mənim çalışdığım Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu da son illərdə orta məktəblərdə elmə marağın artırılması ilə bağlı kifayət qədər tədbirlər həyata keçirib və bu tədbirlər bu gün də davam etdirilir. Bakının və eləcə də bölgələrimizin bir çox məktəb və liseylərində “Əyləncəli Fizika” adı altında əyani təcrübələr şagirdlərə göstərilir, onlar arasında olimpiadalar təşkil olunur. Qaliblər isə İnstitutumuzun müdiriyyəti tərəfindən diplomlar və pul mükafatları ilə təltif olunurlar. Bütün bunlar, həqiqətən də, şagirdlərin marağına səbəb olur və onlarda elmə həvəs oyadır.
-Təhsil və
elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz
ola bilər?
-XXI əsrin hadisələri sürətlə dəyişən ritmi bizdən elə həmin sürətlə də dəyişikliklərə adoptasiya olunmağı və ayaqlaşmağı tələb edir. “Yeniliklərə hazır ol” şüarı artıq yeni əsrin şüarına çevrilmişdir. XXI əsr sözün əsl mənasında elm və innovasiya əsri olmuşdur ki, bu da irəliləmək və öz yerini qoruyub saxlamaq istəyən dövlətlərin qarşısına elm və təhsilin inkişafını əsas şərt kimi qoyub. Elmimizdə əvvəlcədən olan problemləri və yeni əsrin yeni tələblərini nəzərə alaraq deyə bilərəm ki, ölkəmizdə elmə olan diqqət və maraq daha da artırılmalıdır. Və mən burda diqqət deyərkən təkcə dövlət qayğısı və maliyyə yardımını nəzərdə tutmuram (Yəqin, deməyə ehtiyac yoxdur ki, bunlar da vacib şərtlər sırasındadır). Güclü elmə sahiblənmək istəyən dövlətin güclü təhsil sistemi olmalıdır və bu, indiki dövrdə islahatlarsız mümkün deyil. XXI əsrdə ali təhsil yalnız elmi bilik demək deyil. Ali təhsil peşəkar keyfiyyətlərin, dünyagörüşünün, şəxsiyyətin və şəxsi keyfiyyətlərin formalaşması deməkdir. Yeni nəsil insanların, müstəqil düşüncə tərzi olan vətənpərvər şəxslərin yetişdirilməsi deməkdir. Cəmiyyət üçün çalışan peşəkarların hazırlanması deməkdir. Ali təhsil islahatları artıq yalnız tədris proqramının islahatlarından ibarət deyil. Ali təhsil islahatı tələbə həyatının əsasını təşkil edən dörd komponentin hər birini əhatə etməlidir: 1) tələbə qəbulu; 2) tədris; 3) karyeraya hazırlıq; 4) məzunlarla iş. Və əgər “İslahatlara hardan başlamalıyıq?” deyə soruşursunuzsa, deməliyəm ki, işin mərkəzində dayanan insanlardan - müəllimlərdən başlamalıyıq. Çünki gələcək nəsilləri formalaşdıran insanlar müəllimlərdir. Onlara xüsusi diqqətlə yanaşmaq lazımdır. Təhsildə yüksək göstəricilərə malik Sinqapur, Cənubi Koreya, Finlandiya kimi ölkələr çox ağıllı iş gördülər. Sərt seçmə mexanizmi ilə onlar müəllimlik peşəsini ən seçilmiş peşəyə çevirə biliblər. Misal üçün, Finlandiyada ən müasir, innovasion yönümlü orta məktəbdə dərs demək üçün müəllim ən sərt rəqabət şərtlərinə uyğun gəlməli, iki-üç dil bilməlidir. Biz də bu standartları diqqət mərkəzinə gətirməliyik. Müəllimlərin maaşı da kifayət qədər yüksək olmalıdır. Pedaqoji heyətə yüksək məvacibin verilməsi və müəllimlər üçün təlimlərin keçirilməsi fundamental məsələlərdəndir. Buna görə də bununla bağlı son vaxtlarda ölkədə aparılan islahatlar təqdirəlayiqdir. Məhz bu işlərdən sonra digər məsələlər haqda düşünmək olar.
-Xaricdə təhsil
alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri
tövsiyə edərdiniz?
- Düşünürəm ki, həm ölkəni təmsil etmək, həm də təhsil baxımından xaricdə təhsil alan gənclərimizin üzərinə ikiqat yük düşür. Öncə, həmin gənclərimiz bilməlidir ki, onlar Azərbaycanı təmsil edirlər və onların xarici dostları və ətrafları Azərbaycanı onların timsalında tanıyır. Ölkəmizin yaşadığı problemləri və ədalətsizlikləri nəzərə alaraq ixtisasından asılı olmayaraq xaricdə olan hər bir gəncimiz, vətəndaşımız bu həqiqətləri mümkün qədər çox insana yaymağı özünə borc bilməlidir. Aydın məsələdir ki, bunlar asan işlər deyil, amma nəzərə almalıyıq ki, bu gün hamımızın fəxr mənbəyinə, dayaq nöqtəsinə çevrilən müstəqil dövlətimiz məhz çiynini o çətinliklərin altına qoyan həqiqi vətəndaşların gərgin səyi və verdiyi qurbanlar nəticəsində yaranıb. İkincisi isə həmin gənclər bir həqiqəti həmişə yaddaşlarında tutmalıdırlar ki, onların aldığı təhsil tək özlərinin yox, ümumilikdə təhsilimizin, cəmiyyətimizin inkişafı üçün lazımdır və zəruridir. Həmin gənclər bizim fəxrimizdir və inanıram ki, eyni zamanda yaxın gələcəkdə öz bilikləri ilə elmimizə töhfə verən şəxslər olacaqlar.
-Gələcək
plan və fəaliyyətinizlə
baglı nələri bölüşərdiniz
?
- Bir şeyi
dəqiq bilirəm ki, həmin vaxt bizim olduğumuz
zirvə günümüzün zəhmət
və nəticəsinin göstəricisi olacaq.
Nə az, nə də çox,
məhz çəkdiyimiz əziyyətlərin bəhrəsi.
Həmin vaxt nələrdənsə
narazı qalmamaq üçün
bu gün
var-gücümüzlə çalışıb gəncliyimizin
bizə verdiyi enerji və
sağlamlıqdan düzgün istifadə
etməliyik. Elm sahəsi belədir ki, biz həmişə
axtarışdayıq və hər gün
nə isə yeni bir məlumat
oxuyub öyrənirik. Bu
insanın şəxsi inkişafı üçün
cox gözəldir. Gələcək
planım ilk olaraq
başladığım işləri yarımçıq
qoymamaqdır. Mən öz elmi və pedaqoji fəaliyyətimi
davam etdirəcəyəm. Müəyyən
zirvələr haqqında isə, açığı, o qədər də düşünməmişəm.
Yəqin ki, elə zaman
özü məni o
zirvələrə doğru aparacaq.
İlkin AĞAYEV
Palitra.-2016.-13 yanvar.-S.11.