Bütün yollar Azərbaycandan keçəcək”

 

Hindistan və Çindən Avropaya yüklər Azərbaycan vasitəsilə daşınacaq

Dünən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi: yeni istiqamətlər, inkişaf və perspektivlər” mövzusunda Beynəlxalq Forum keçirilib. Forumda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Ağayi, İran nəqliyyat və şəhərsalma nazirinin müavini Mohəmməd Seyidnejat, “Gürcüstan Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” Səhmdar Cəmiyyəti idarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy iştirak ediblər.

 

Azərbaycan Cənub-Qərb-İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edir

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib ki, İranla Azərbaycan arasında hərəkət edən yük maşınlarının 50 faizi Rusiya istiqamətində olub. Hazırda bu istiqamətdə dəmir yolu xətti olmadığı üçün yüklərin bir qismi avtomobillərlə daşınır. QSC sədrinin sözlərinə görə, İran körfəzi-Qara dəniz tranzit dəhlizində Qəzvin-Rəşt-Astara-Azərbaycan dəmir yolunun birləşdirilməsi mühüm addımdır. Bu layihənin tezliklə başa çatdırılması “Şimal-Cənub” tranzit dəhlizinin inkişafına təkan verəcək. Cavid Qurbanov deyib "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycanla İran arasında dəmir yolu xətti 2016-cı ilin sonunadək tikiləcək. Onun sözlərinə görə, Prezidentin 2015-ci il dekabrın 7-də imzaladığı müvafiq sərəncama uyğun olaraq yaxın vaxtlarda bu sahənin tikintisi ilə məşğul olacaq şirkətin müəyyənləşdirilməsi üçün tender elan ediləcək. 2016-cı ilin sonunadək Azərbaycan ərazisində İranla sərhədə qədər yolun çatışmayan 7,5 kilometrlik hissəsi və sərhəddə uzunluğu 100 metr olan dəmir yolu körpüsü tikiləcək.

 

Tranzit yüklər Hind okeanı və Fars körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara çatdırılacaq”

 

Biz nəqliyyat bazarına yeni logistik məhsul olan Cənub-Qərb-İran körfəzi-Qara dəniz nəqliyyat marşrutunu təklif edəcəyik. Bizim ekspert qrupumuz bu marşrutun perspektiviniinkişaf yollarını araşdırıb, yüklərin daşınması üçün tariflər hazırlanıb. Ümid edirik ki, müzakirə zamanı bu təklifimiz qəbul ediləcək” - deyə C.Qurbanov bildirib. Həmçinin qeyd olunub ki, bu dəhliz tranzit yüklərin Hind okeanı və Fars körfəzində yerləşən limanlardan Bəndər-Xomeyni və Bəndər-Abbas limanlarına, oradan isə dəmir yolu ilə İran, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Qara dəniz hövzəsində yerləşən limanlara və əks istiqamətdə iqtisadi baxımdan daha əlverişli şəraitə çatdırılmasını təmin edəcək. Hesablamalara görə, mövcud infrastruktur nəzərə alınarsa, bu dəhliz üzrə Bəndər-Abbas limanından PotiBatumi limanlarına yükdaşımaları 7 gün, Mumbai limanından isə 14 gün ərzində reallaşdırmaq mümkündür. Qeyd edək ki, Prezident Nazirlər Kabinetinin son iclasında bildirib ki, bu il nəqliyyat dəhlizlərinin daha da səmərəli işləməsi ilə bağlı çox ciddi addımlar atılmalıdır: “Tranzit yüklərin Azərbaycan ərazisindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Vahid tarif siyasəti aparılır. Gürcüstan və Türkiyə rəhbərliyi ilə bu məsələlər müzakirə edilib. Artıq Çindən Azərbaycana bu dəhliz ilə birinci konteyner qatarı da göndərilib. Biz gələcəkdə bu dəhlizin daha da böyük həcmdə işləməsinə nail olacağıq. Bu il Bakı-Astara dəmir yolunun qalan hissəsi tikilməlidir. Bu, Azərbaycanı “Şimal-Cənub” dəhlizinin çox önəmli tərəfdaşına çevirəcək. Şərq-Qərb və Şimal-Cənub - bütün yollar Azərbaycandan keçəcək. Bu, bizim siyasi, iqtisadi maraqlarımızı təmin edəcək”.

 

İran Azərbaycan və Gürcüstanla yeni nəqliyyat layihəsi ilə bağlı müzakirələr aparır

İran Dəmir Yolları” şirkəti Direktorlar Şurasının sədri Möhsün Purseyid Qəzvin-Rəşt-Astara dəmir yolu xəttində işlərin 80 faizinin başa çatdığını bildirib. Onun dediyinə görə, yolun tikintisi 2018-ci ilin sonuna kimi yekunlaşacaq. İlkin olaraq 5 milyon ton, daha sonra isə il ərzində 10 milyon ton yükün Gürcüstana, oradan isə Qara dəniz vasitəsilə Ukraynaya daşınması nəzərdə tutulub. İran Azərbaycan Gürcüstanla birlikdə yeni bir müvəqqəti layihə ilə bağlı müzakirələr aparır. Bunun üçün iki variant nəzərdə tutulub. Birincisi, İran Astaranın dəmir yollarının birləşdirilməsidir. Azərbaycan İran üzərinə öhdəlik götürüb ki, 2016-cı ilin sonuna qədər bu işi həyata keçirsinlər. Beləliklə, İranın cənubunda yerləşən Bəndər-Abbasdan Qəzvinə qədər yüklər dəmir yolları ilə gətiriləcək oradan Astarayadək digər nəqliyyat vasitələrilə daşınacaq. Astaradan isə Azərbaycan dəmir yolları vasitəsilə nəql olunacaq. İkinci variant isə yüklərin İranın Əmirabad limanı vasitəsilə daşınmasıdır. Dörd aya kimi yükləri bu dəniz limanında vaqonlardan birbaşa gəmiyə vurmaq üçün şərait yaradılacaq. Yüklər Bəndər-Abbasdan Əmirabad limanına göndəriləcək, burada vaqonlar gəmi ilə Azərbaycanın Ələt limanına çatdırılaraq yenidən dəmir yolları vasitəsilə Gürcüstana daşınacaq. Oradan isə Qara dəniz limanlarına göndəriləcək. Möhsün Purseyid, həmçinin Hindistandan Avropaya qədər ortaq tariflərə dair razılıq əldə olunmasına çalışdıqlarını söyləyib.

Anar Miriyev

Palitra.-2016.-13 yanvar.-S.5.