Üzeyir Hacıbəyli və Mirzə
Vəli İsmayılovun xatirələrdə yaşayan
dostluğu
Dövrünün görkəmli
ziyalılarından olan Mirzə Vəli
İsmayılovun həyat və fəaliyyəti, dahi bəstəkar Üzeyir
Hacıbəyli ilə dostluq əlaqələri
tədqiqatçılar tərəfindən geniş
araşdırılmasa da, Qarabağın
yaşlı sakinlərinin yaddaşında bununla
bağlı bir sıra xatirələr yaşayır.
AZƏRTAC-ın müxbiri
Ağcabədi rayonunun Rəncbərlər
kəndində yaşayan
İsmayılovlar ailəsi ilə görüşərək,
Mirzə Vəli, həmçinin onun Üzeyir bəylə dostluğu
barədə maraqlı məlumatlar əldə edib. Mirzə Vəli
İsmayılovun qardaşı nəvəsi Aqil
İsmayılov bildirib ki,
bu dostluğun
maraqlı tarixçəsi var. Üzeyir bəyin atası
Əbdülhüseyn kişinin Rəncbərlər
kəndi ilə qohumluğu Mirzə Vəlinin
5 yaşında ikən 1890-cı ildə Üzeyirlə birlikdə
Şuşa realnı məktəbinə
getməsinə səbəb olub. Bu məktəbi
bitirən dostlar 1900-cü ildə Zaqafqaziya Müəllimlər Seminariyasına qəbul
olmaq üçün
Qoriyə yollanıblar. Üzeyir bəy seminariyaya həmin il, Mirzə
Vəli isə iki il sonra qəbul olub. 1907-ci
ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada ikisinifli rus-tatar məktəbinə rus
dili müəllimi, 3 ildən sonra isə Bakıda realnı məktəbə
müəllim təyin edilib. Eyni zamanda, “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Mirzə Vəli, həmçinin
Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar
şöbəsində mirzə işləyib. 1918-ci ilədək
Bakıda yaşayıb işləyən Mirzə Vəli sonradan Qarabağa
qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində
çalışıb, ömrünün
sonunadək müəllimlik edib.
1960-cı ildə, 75 yaşında doğma
kəndi olan Rəncbərlərdə
dünyasını dəyişib. Aqil
İsmayılov deyib ki,
Üzeyir Hacıbəyli ilə Mirzə Vəli
arasında möhkəm dostluq əlaqələri
olub. Üzeyir bəy
saatını və eynəyini Mirzə Vəliyə hədiyyə
edib, onun oğlu Ənvərə tar
göndərib. Ü.Hacıbəylinin
yadigarı olan bu saat, eynək və tar ailə
tərəfindən ən əziz xatirə kimi
bu günədək qorunub
saxlanılır. İsmayılovlar nəslinin digər
nümayəndəsi - 90 yaşlı Ağca
İsmayılova bildirib ki,
Üzeyir bəy Mirzə Vəli ilə əlaqəni
heç vaxt kəsməyib:
“Onlar həmişə bir-birinin
evinə gedib-gəliblər. Üzeyir bəyin
Mirzə Vəlinin oğlu Ənvər üçün göndərdiyi tarı ən
dəyərli xatirə kimi
saxlayırıq”. Dahi bəstəkarın
göndərdiyi tar ailədə musiqiyə
maraq oyadıb. Təsadüfi deyil ki, Ağca
xanımın oğlanları Hafiz və Rəsul
İsmayılovlar musiqi sənətini
özlərinə peşə seçərək, tar ixtisası üzrə müəllim işləyirlər.
Palitra.-2016.-14 yanvar.-S.