Vyanada Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib

 

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı haqqında məlumat verib, onu müasir Azərbaycan estrada musiqisinin banilərindən biri kimi xarakterizə edib. O, Azərbaycanda mahnı janrının inkişafında müstəsna rol oynamış Tofiq Quliyevin yaratdığı əsərlərin bu gün də dillər əzbəri olduğunu, Azərbaycanda və ölkə hüdudlarından kənarda sevildiyini vurğulayıb. “Mədəniyyətlərin görüşmə məkanı” ictimai qurumunun idarə heyətinin üzvümusiqi direktoru Fərəh Tahirova bəstəkarın yaradıcılığının bədii məziyyətləri barədə ətraflı danışıb. O, Tofiq Quliyevin XX əsrdə Azərbaycanın musiqi sənətinin inkişafında, eləcə də ictimai həyatında oynadığı roldan, Azərbaycan muğamlarının nota köçürülməsində onun əvəzsiz xidmətlərindən, Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı kimi müasir Azərbaycan musiqisinə verdiyi töhfələrdən bəhs edib. Konsertdə görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, dövlət mükafatları laureatları FidanXuraman Qasımova bacıları Tofiq Quliyevin repertuarından mahnılar ifa ediblər. Fortepianoda onları Nigar Məlikova müşayiət edib. Konsertdə Tofiq Quliyev haqqında çəkilmiş sənədli filmlərdən süjetlər, onun canlı fortepiano ifaları, xüsusilə də ulu öndər Heydər Əliyevin Tofiq Quliyevin 80 illik yubileyində bəstəkar haqqında söylədiyi fikirlərin əks olunduğu kadrlar nümayiş etdirilib.

 

Palitra.-2016.-14 yanvar.-S.13.