Novruz Məmmədov: “Biz bu vəziyyətdən
çıxacağıq”
“Prezidentin
ABŞ təmsilçisi ilə görüşündə
qarşılıqlı anlaşma istiqamətində
mühüm addımlar atıldı”
“Bu
gün dünyanı ağuşuna
alan iqtisadi böhran Azərbaycana da təsir
etməyə bilməzdi. Biz bu vəziyyətdən də
çıxacağıq”. APA-nın məlumatına görə,
bunu Prezident
Administrasiyası rəhbərinin müavini,
Xarici əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov
söyləyib. N. Məmmədov deyib ki, təlaşa düşmək lazım deyil: “Dünyada tez-tez müxtəlif təbii fəlakətlər
müşahidə edirik. Məsələn,
ABŞ-da, Böyük
Britaniyada, Rusiyada hər
il subasmalar, təbii fəlakət
olur, minlərlə ev
su altında qalır. Ancaq
həmin fəlakətlər zamanı biz əhalidə
xüsusi təlaşı müşahidə
etmirik. Bu gün mediamızın günün
reallıqlarını əhaliyə çatdırması
baxımından üzərinə böyük
vəzifə düşür. Mediamız da insanlara günün
reallıqlarını çatdırmalı, əhalini maarifləndirməlidir.
Azərbaycan bu vəziyyətdən
çıxmağa qadirdir, təlaşa
düşməyə əsas yoxdur”.
“Azərbaycan-ABŞ
münasibətləri təsadüfi maraqlar
üzərində qurulmayıb”
N.Məmmədov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri müstəqillik illərimizdə uğurlu və zəngin yol keçib. Bu münasibətlər həmişə xarakter və əhəmiyyətini saxlamağa qadirdir. O, bildirib ki, bu münasibətlər təsadüfi maraqlar üzərində qurulmayıb: “Azərbaycan postsovet məkanında ABŞ və Avropa ilə uğurlu əməkdaşlıq edən bir dövlətdir. Bu münasibətlərin əsasını Heydər Əliyev qoyub, daha sonra Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsi üzərində qurulan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilib. Əməkdaşlıq əlaqələrində hansısa problemlər ola bilər. 21-ci əsr dövlətlərin maraqları uğrunda mübarizənin gərgin xarakter alması ilə diqqət çəkir”. N. Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev və ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Çarlz Kapçan arasında görüş çox konstruktiv, qarşılıqlı anlaşma əsasında keçib: “Bu görüşün əhatə dairəsi də geniş oldu. ABŞ və Azərbaycan arasında qurulmuş əməkdaşlıq əlaqələri barədə geniş fikir mübadiləsi aparıldı. Azərbaycan və ABŞ arasında enerji sahəsində geniş əməkdaşlıq əlaqələri qurulub, bu gün yüksək səviyyədədir. ABŞ-la terrorizmə qarşı mübarizə sahəsində də çox uğurlu əməkdaşlıq edilib. Müxtəlif ölkələrdə sülhyaratma missiyalarında iştirak etmişik, bu gün Əfqanıstanda bu missiya davam edir. ABŞ-ın rəhbərlik etdiyi koalisiyalara Azərbaycan böyük töhfə verib”. N.Məmmədovun sözlərinə görə, “Əsrin müqaviləsi”nin imzalanmasından tutmuş, enerji xətlərinin şaxələndirilməsinə qədər, ABŞ-ın böyük dəstəyi olub: “Görüşdə ABŞ və Azərbaycan arasında əməkdaşlıq münasibətləri geniş təhlil edilib və əlaqələrin bundan sonra da yüksək perspektivinin olduğu, əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Münasibətlərin belə xarakter alması təbii və məntiqidir. Müxtəlif vaxtlarda münasibətlərdə müəyyən qədər soyuqluq olduğu qeyd edilib. Çünki Azərbaycan Prezidentinin əsas vəzifəsi mili maraqlarımızın qorunması, müdafiə edilməsidir. Nəzərə almaq lazımdır ki. ABŞ-ın ən yaxın müttəfiqi İsraildir, lakin onlar arasında da müəyyən fikir ayrılığı yaranır, sonra anlaşırlar. Azərbaycan da haqq mövqeyini sona qədər müdafiə etməyə qadirdir. Bu görüşdə qarşılıqlı anlaşma istiqamətində mühüm addımlar atıldı, gələcək əməkdaşlıqda da bu, özünü göstərəcək”.
“Azərbaycan
ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan
tərəfdaş olub”
Novruz Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda keçiriləcək IV Nüvə sammitinə dəvət alıb. Dəvət məktubunda ABŞ-Azərbaycan əlaqələrinə yüksək qiymət verilib, münasibətlərin əhəmiyyəti vurğulanıb: “Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfə də xüsusi qeyd olunub. ABŞ hesab edir ki, Azərbaycan bundan sonra da bu məsələyə töhfə verməkdə davam edəcək. Eyni zamanda məktubda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı fikirlər də əksini tapıb”. O bildirib ki, dəvət məktubu barədə məlumatı özünün "Twitter” sosial şəbəkəsindəki hesabında açıqlaması Azərbaycan Prezidentinin IV Nüvə sammitinə dəvət olunmaması barədə bəzi mətbuat orqanlarında yazıların işıq üzü görməsi ilə bağlı olub: “Azərbaycan ABŞ üçün həmişə mühüm, vacib və böyük əhəmiyyət daşıyan tərəfdaş olub. Azərbaycan elə regionda yerləşir ki, həmişə strateji əhəmiyyət daşıyan dövlət olaraq qalacaq”. N.Məmmədov onu da qeyd edib ki, Azərbaycan Prezidentinin Nüvə sammitində iştirak edib-etməyəcəyi barədə dəqiq söz deyə bilməz: "Azərbaycan Prezidenti əvvəllər, adətən, bu tədbirlərdə iştirak edib”.
“Həmsədr
dövlətlərin də Qarabağ
münaqişəsinin həllinə diqqəti yetərincə
deyil”
Daglıq Qarabağ
münaqişəsi ilə bağlı məsələyə
münasibət bildirən PA rəsmisi qeyd
edib ki, hələ Qarabağ münaqişəsinin həlli
istiqamətində irəliyə atılan addım görmürük. Prezidentlərin
görüşündə də irəliyə doğru addım atılmayıb. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri
irəliyə doğru addım
atıldığını bildirməyə
çalışsalar da, bu,
belə deyil: “Ermənistan münaqişənin
həlli ilə bağlı konstruktiv
addım atmaq istəmir. Ermənistan
düşünməlidir ki, bu, daha çox
onlara lazımdır”. N. Məmmədov qeyd edib ki,
həmsədr dövlətlərin də Qarabağ
münaqişəsinin həllinə diqqəti yetərincə
deyil: “ABŞ Prezidenti
Barak Obama ölkəsinə
və dünyaya müraciətində dedi ki, dünyanın
müxtəlif yerlərində olan “qaynar” nöqtələrə xüsusi
diqqət yetiririk. Ancaq
həmin siyahıda biz yoxuq.
Gərginlik nöqtələri çoxdur,
yəni sanki bizə növbə hələ
gəlib çatmır. Halbuki müstəqillik
qazandığımız dövrdə korrekt
addımlar atılsaydı, bəlkə də indi
dünya belə olmazdı. O vaxt ilk münaqişələrdən
biri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
idi. Bu münaqişə
həllini tapsaydı, digər münaqişələr də
olmazdı. Görürsünüz ki, Yaxın Şərq, elə Qafqazın özü bu gün hansı vəziyyətə düşüb”. N.Məmmədovun sözlərinə
görə, ATƏT-də sədrliyi qəbul edən Almaniya Dağlıq Qarabağ
münaqişəsinin həllində aktiv
olacağını bildirib.
Palitra.-2016.-15 yanvar.-S.5.