Azərbaycan yeni mərhələnin başlanğıcında

 

Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini

göstərir

 

Azərbaycan bu durumu 8 il gecikdirə bildi. Dünyanın 2008-ci ildən tanıdığı böhranı biz indi - 2016-cı ildə hiss etməyə başlamışıq. Əslində, indi baş verənləri də tam mənasıyla böhran deyil, böhran ərəfəsi adlandırmaq daha doğru olar. İndiki məqamda dövlətin, özəl sektorun, hətta sadə vətəndaşın da bütün cəhdi bu prosesin böhrana keçməsinin qarşısını almaqdan ibarət olmalıdır...

Məsələnin həlli üçün ilk mərhələdə görülməli olan ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünyada olanlarla düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə izah etməkdir. Bu mərhələdə psixoloji böhranın yaranmamasının ilk çarəsi cəmiyyəti görülən işlər barədə mütəmadi məlumatlandırmaqdır...

Əvvəla, ondan başlayaq ki, Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir. Yəni Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi dünyanın bir parçasıdır. Ölkə olaraq dünya ilə siyasiiqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir. Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi. Cahanda gedən neft mübarizələri, nüfuz davaları, iqtisadi hökmranlığa nail olmaq üçün aparılan müharibələrdən ölkənin tamamilə bixəbər yaşaması və ya yan keçməsi mümkünsüzdü. Qısası, ölkənin qlobal böhrandan kənarda qalması bütün düsturlarla mümkün deyildi.

İndiki halda mümkün olan isə bu prosesdən daha az ağrı ilə çıxa bilmək, dayanmadan tədbirlər həyata keçirmək, cəmiyyəti baş verənlərin gerçək mahiyyəti ilə bağlı mütəmadi məlumatlandırmaqdır.

Dövlət öz işini görür. Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatların sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, unun məmulatlarının satışı və istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması vəziyyətdən çıxmaq üçün atılmış ilk praktik addımlardır. Bu addımlar artıq özünün ilkin müsbət nəticəsini də verib, bazarlarda, marketlərdə xeyli ucuzlaşma olub. Ucuzlaşma prosesi tətbiq edilən iqtisadi mexanizmlərin nəticəsi olaraq davamlı xarakter daşımaqdadır.

Əhəmiyyətli məqam odur ki, dövlət bu vəziyyətdən çıxmaqla yanaşı özəl sektorun inkişafını stimullaşdıran addımlar atır. Əslində beynəlxalq təcrübədə belə məqamlarda dövlətin öz rezervlərindən istifadə etməsi kimi təcrübələr mövcuddur. Böhran məqamlarında həmin təcrübələrdən inkişaf etmiş Avropa ölkələrində belə istifadə olunub. Məsələn, taxılın strateji məhsul olaraq, tamamilə dövlətin inhisarına alınması, yaxud qida təhlükəsizliyini təmin etmək üçün zəruri ərzaq mallarının dövlət nəzarətində istehsal və satışı, ya da istehlak mallarının qiymətinin böhrandan əvvəlki həddə dondurulması kimi mexanizmlər var.

Azərbaycan dövlətinin də bu mexanizmləri tətbiq etmək üçün kifayət qədər güclü resursları mövcuddur. Məsələn, dövlət bir neçə il əvvəl Taxıl Fondu yaradıb və həmin fondda ölkənin ehtiyatları üçün kifayət qədər taxıl toplanılıb. Bu faktı bir neçə gün öncə Dövlət Taxıl Fondunun rəhbəri də təsdiqləyib. Unun qiymətinin bahalaşmasının qarşısını almaq üçün dövlət ya ehtiyat taxıl rezervlərindən istifadə edə, ya bu məhsulları ƏDV-dən azad edə bilərdi. Dövlət bu rezervdən istifadə etməklə qiyməti endirmək yolunu seçmədi, sahibkarlığın inkişafı və özəl sektorun yaşaması üçün bu məhsulları əlavə dəyər vergisindən azad etdi. Nəticədə bu gün etibarilə regionun ən ucuz un satılan ölkəsi Azərbaycandır.

Eynilə Dövlət Neft Fondunda kifayət qədər ehtiyat var. Yaddan çıxarmayaq ki, dövlətin aktivləri təkcə valyuta ehtiyatları formasında deyil. Ölkənin qızıl ehtiyatı, xarici ölkələrdəki aktivləri və əmlak aktivləri var. Dövlət böhran anlarında bu rezervlərdən dərhal yararlana bilər.

Görülən işlər bununla yekunlaşmır. Azərbaycanın xarici siyasət kursundakı son addımları, həmçinin ölkənin daha geniş sərmayə cəlb etməsinə, aşağı faizli kreditlər almasına da yardımçı ola biləcək.

Üstəlik, proses təkcə Azərbaycanda baş vermir. Hazırda qonşu ölkələrdə gedən proseslər həmin ölkələrin valyutalarının dəyərdən düşməsinə səbəb olur. Deməli, orada baş verən sürətli ucuzlaşma Azərbaycan bazarlarına da təsir edəcək. Sahibkar ucuz qiymətə aldığı məhsulu burda da öz xərclərini üstünə gəlməklə indikindən ucuz qiymətə satacaq (əlbəttə, belə məqamda süni qiymət artımına yol verilməməsi zəruridir). Eyni zamanda son devalvasiyadan, üzən məzənnəyə keçiddən sonra yaranan panik durum da keçəcək. Cəmiyyətdə, insanların həyat tərzində əvvəlki stabilləşmə bərpa olunacaq. Necə deyərlər, zaman öz işini görəcək.

Bütün bunların baş verməsi üçün şəffaflığın təmin edilməsi, bürokratik əngəllərin tamamilə aradan qaldırılması ilə bağlı addımların ardıcıl xarakter almasına ehtiyac var. Bu vacib amili Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir. Aparılan islahatlar onu deməyə əsas verir ki, bu prosesin davam etməsi üçün siyasi iradə var. Deməli, vəziyyətdən çıxmaq, həm ölkəni keyfiyyətcə yeni bir mərhələyə çıxarmaq, inkişaf etdirmək üçün yaxşı fürsətlər yaranıb.

Gələn informasiyalar atılan addımlar dövlətin planının indiki halda vəziyyətdən çıxmaqdan daha çox inkişafa, ölkədə liberal mühitin artırılmasına yönəldiyini deməyə əsas verir. Burada diqqət etməli əsas müsbət məqam odur ki, Azərbaycan bütün inkişaf strategiyasını yalnız daxili resurslarına öz gücünə əsaslanaraq qurub. Heç bir halda, Ermənistan kimi ianə gözləmir, xarici borclara, yardımlara ümid bəsləmir.

Bəzi "fəlakət çağırışçıları"nın sevinci əbəsdir. Azərbaycan fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.

Azərbaycan Prezidentinin istər daxili, istərsə xarici siyasət kursunda atdığı çevik addımlar, cəmiyyətin gözlədiyi qərarların veriləcəyini, hər şeyin daha yaxşı olacağını söyləməyə əsas verir.

Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir.

Yalnız informasiya sahəsinin mütəxəssisi olaraq, proseslərin cəmiyyətin iştirakı ilə, insanları məlumatlandıraraq aparılmasının tərəfdarıyam. Çünki müasir cəmiyyətlər idarəçilik prosesində iştirak etmək, daim məlumatlanmaq istəyir. Prezident İlham Əliyev dəfələrlə məhz cəmiyyətin bu çağırışına cavab verib, ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. İctimai nəzarət, vətəndaş məsuliyyəti, prosesi qabağa aparmaq üçün ən yaxşı immunitetdir.

Cəmiyyət proseslər barədə mütəmadi məlumatlanmalıdır. Rəsmilər, dövlət qurumları, sahibkarlar danışmalı, informasiya resurslarında ciddi müzakirələr təşkil olunmalı, sosial şəbəkələrin monitorinqi artırılmalıdır. İnkişafın hər birimizdən, hər bir vətəndaşdan asılı olduğunu mütləq qəbul etməliyik.

Çünki "məndən ötdü" mərhələsi bitib!

Vüsalə Mahirqızı

"APA Holding"in rəhbəri

Palitra.-2016.-16 yanvar.-S.6.