Vəhdətə aparan yol

 

Ölkəmiz multikulturalizmin təntənəsinə öz sülhsevər və tolerant cəmiyyəti, insanları və dövləti sayəsində nail olub

 

Ötən həftənin Cümə günü Heydər məscidində İslam dininə aid məzhəblərin bir araya gəlib, vəhdət namazı qılması medianın və ölkə gündəminin əsas məsələsi oldu.

Qeyd edək ki, Heydər məscidinin minarəsindən canlı səslənən, möminləri ibadətə və eyni zamanda vəhdətə çağıran azan bir həftə şiə, digər həftə isə sünni məzhəbinə məxsus azançı tərəfindən icra olunur. Eləcə də Cümə namazları növbəli şəkildə - bir həftə əhli-sünnə imamı, növbəti həftə isə əhli-şiə imamının rəhbərliyi ilə keçirilir. Məsciddə həm şiə, həm də sünni məzhəbinin nümayəndələrinin vahid məkanda, bir sırada duraraq ibadət etməsi İslam dininin məzhəbçiliyin və dini təfriqələrin fövqündə durduğunu, sülh və barış dini olduğunu bir daha bütün bəşəriyyətə bəyan edir. Əminliklə demək olar ki, Heydər məscidindəki bu təcrübə nəinki Azərbaycan, eləcə də bütün dünya üçün olduqca gözəl və nümunəvi ənənənin əsasını qoyub.

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümündən başlayan bu təşəbbüs İslam dünyasına və bütün müsəlmanlara dinin, ibadətin və İslam inanclarının əsl mahiyyətinin, bəşəri əsasının nə olduğu barədə çox yerində və düzgün çağırışdır. Bu isə Azərbaycanın dinimilli tolerantlıq örnəyi, dinlər və məzhəblər arası dialoq, dinc birgəyaşayış məkanı olduğunu bir daha bariz şəkildə ortaya qoymuş oldu. Ötən Cümə bu vəhdətə nail olunması “Multikulturalizm ili”ndə baş tutdu. Bu isə təsadüfi deyil. Azərbaycanda bu ilinMultikulturalizm ili” olması ölkəmizin bu sahədə çox güclüköklü ənənələrə malik olduğunu, multikultural dəyərlərə həmişə önəm verdiyinibunu çağdaş dövrdə də ən yüksək səviyyədə qoruduğunu, dövlət siyasəti səviyyəsində inkişaf etdirdiyini bir daha dünyaya bəyan etdi.

Bu gün Azərbaycan özünün multikultural dəyərləri, sünni-şiə məzhəbləri arasında tam konsensus olması və zərrə qədər də olsa, heç bir ixtilafın olmaması, İslamın vəhdəti, eləcə də digər dinlərin Azərbaycanda İslamla bərabər, min illərlə dinc yanaşı mövcudluğu ilə bütün dünyaya və xüsusən də İslam dünyasına çox ciddi və önəmli mesajlar verir. Ölkəmizdə qədim dövrlərdən bu yana mövcud olan və dövlət tərəfindən daim qorunaraq daha da inkişaf etdirilən mükəmməl multikulturalizm mənzərəsi İslam dünyasında çoxdan ehtiyac duyulan barış, sülh, əmin-amanlıq və tolerantlıq üçün çox vacib və bəlkə də, yeganə mayakdır.

Nəzərə almaq lazımdır ki, bu gün dünyada müxtəlif təxribatçı mərkəzlər tərəfindən müsəlman dünyasında süni təfriqələr qızışdırılır, toqquşmalar törədilir, o yerə gəlib ki, həmin düşmən güclərin əli ilə eyni dinin nümayəndələri bir sıra müsəlman ölkələrində bir-birlərinə qarşı dözümsüzlük bəsləməli olublar və əks barrikadalarda təmsil olunurlar. Bu isə müsəlman və Şərq sivilizasiyası düşmənlərinin təxribatlarının nəticəsidir. Onlar müsəlmanlar arasında birlik, əmin-amanlıq və sabitlik görmək istəmədikləri üçün bu gün süni şəkildə müsəlman dünyasını qarışdırırlar və bunun üçün məzhəb süni şəkildə ayrı-seçkiliyinin qabardılmasından, bunun müsəlmanlar arasında yayılmasından var-güclərilə yararlanmağa çalışırlar. İllərlə aparılan bu aravurma nəticəsində bu gün təəssüf ki, bir sıra müsəlman ölkələrində eyni dinin məzhəblərinə aid nümayəndələr təxribatlara uyublarbu da yalnız həmin ölkələrdə qardaş qırğınına, dağıntılara, fitnə-fəsadlara və deqradasiyaya səbəb olub. Həmçinin İslam adı altında ortaya çıxarılan terrorçu qrupların da məhz bu cür məzhəb amilindən yararlanması faktdır ki, bu da məqsədli olaraq müsəlman dünyasının imicinə xələl gətirməyə hesablanıb. Bu gün müsəlman dünyasının və ümumiyyətlə, bütün dünyanın - eləcə də dini, milli tolerantlıq baxımından böhran yaşayan, millətçiliyə və ksenofobiyaya uğrayan əsas Avropa ölkələrinin çox ehtiyac duyduqları bir istinadgah var - bütün dinlərin və etnosların əsrlərcə dinc yanaşı və mehriban yaşadıqları bir məkan. Belə bir məkan isə qeyd etdiyimiz kimi, məhz Azərbaycandır. Heydər məscidində İslam vəhdətinə nail olunması isə simvolik olaraq bir daha göstərdi ki, Azərbaycan bu gün dünyaya və xüsusilə də İslam dünyasına havasu kimi lazım olan XeyirSülh təcəssümüdür. Azərbaycan multikulturalizmin təntənəsinə öz sülhsevər və tolerant cəmiyyəti, insanları və dövləti sayəsində nail olub. Azərbaycan müsəlmanların vəhdəti ilə bağlı belə bir ilkə imza atmaqla, həm də bütün dünyadakı müsəlmanlar arasında birlik və əmin-amanlıq ideyasını real həyatda olduqca gücləndirib. Bu gün Azərbaycanda bu ideya çox parlaq bir gerçəklikdir. Bunun bütün müsəlmanlar arasında və dünyada da bərqərar olması yönündə Azərbaycan dövlətinin göstərdiyi səylər, ölkədə bu baxımdan keçirilən beynəlxalq tədbirlər, konfranslar, müzakirələr, beynəlxalq arenada aparılan siyasət isə bütün dünyada da multikulturalizmin təntənəsinə nail olunmasına verilən əvəzsiz töhfələrdir...

 

İlkin AĞAYEV

Palitra.-2016.-19 yanvar.-S.4.