“Ukraynanın müxtəlif təhsil
ocaqlarında savadlı və vətənpərvər elm adamlarımız işləyir”
Xəzri Elxanoğlu: “Ukraynada təhsil
alan gənclər arasında dövlətimizi sevən gənclər
yetərincədir”
Müsahibimiz Xəzri Elxanoğlu
uzun müddətdir ki,
Ukraynada yaşayır. Onun
vətənə bağlı olması Ukraynada
ictimai aktivlik göstərməsi,
ölkəmizi təbliğ etməsindən aydın görünür. Xəzri Elxanoğlu
hazırda Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının
(ASGA) Ukrayna Nümayəndəliyinin rəhbəridir.
O, eyni zamanda ikinci ali təhsilini
alır.
-Hazırda
hansı sahədə təhsil alırsız və əsas
araşdırmalarınız nədən ibarətdir?
-Mən hazırda ikinci ali təhsilimi Ukraynanın və possovet ölkələrinin ən tanınmış unversitetlərindən və hərbi aviasiya mərkəzlərindən sayılan Milli Aviasiya Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda Beynəlxalq hüquq üzrə alıram.
Məni diplomatiya sahəsi hər zaman maraqlandırıb. Araşdırma məqsədi ilə yox, daha çox
bilmək istəyirəm
ki, on illərdir, bu günün özündə də dünyanı idarə edən Avropa Şurası və onun qanunları, icraedici strukturları və s. necə və hansı formada yazılıb və işləyir? Ona görə də Avropa hüquq məcəlləsi haqqında
bacardığım qədər
öyrənməyə çalışıram.
İkinci, praktiki təcrübəm olmasa da, nəzəri
cəhətdən ixtisasca
jurnalistəm.
Bir neçə
tamamlamadığım əsərlərin
üzərində hərdən
vaxtım olanda və ya əhvalım
yerində olanda işləyirəm. Əlbəttə ki, daha çox siyasi və tarixi mövzuda realliğa uyğun məqalələr
də yazıram.
Bundan da əlavə, bacardığım qədər
ictimai fəaliyyətlə
dövlətimə və
ümumən diaspor sahəsinə göstərdiyim
fəaliyyətimlə az da olsa
xeyir vermək istəyirəm. Həm də siz də yaxşı bilirsiniz ki, ictimai fəaliyyət və ya diaspor
fəaliyyəti yarım
diplomatiyadır. Hətta,
deyərdim ki, qeyri-rəsmi şəkildə
də olsa, əsl diaspor səriştəsiz diplomatdan
daha çox iş görə bilir.
-Xaricdə təhsil alan
gənclər vətənə
nə dərəcədə
bağlıdırlar?
-Bildiyiniz kimi, bu gün dünyanın
əksər ölkələrində
azərbaycanlı gənclərimiz
təhsil alır. Bundan əlavə, 2001-ci il ümummilli
lider Heydər Əliyevin öndərliyi
ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci
qurultayından sonra xarici ölkələrdə
sistemli şəkildə
diasporumuz fəaliyyətə
başladı. Təbii
ki, sistemli diaspor yaratmaq üçün həmin ölkələrdə təhsil
alan gənclərin
üzərinə də
böyük iş düşürdü. 2001- ci ildən bugünə kimi tələbə gənclərin
diasporun inkişafına
nə dərəcədə
xidmət etməsi onların vətənə
bağlılığından asılı olub.
Bu gün mən
səmimi şəkildə
deyə bilərəm
ki, azərbaycançılıq
üçün çalışan
gənclərin hər
biri vətəninə,
dövlətinə bağlıdır.
-Son illər Ukraynada azərbaycanlı tələbələrin təhsil
alması kütləviləşib.
Bunu nə ilə izah etmək olar?
-Deməzdim ki, sadəcə, Ukraynada azərbaycanlı tələbələr
çoxdur.
Eləcə də Türkiyə, Rusiya, Belarus və Gürcüstan kimi dövlətlərdə də
bir sıra dövlət və özəl universitetlərdə
azərbaycanlı gənclər
təhsil alır. Təbii ki,
bu gənclərin arasında məktəbi bitirib Azərbaycanda qəbul imtahanından kəsilənlər də
var. Amma xarici ölkədə təhsil
almaq istəyən ancaq ABŞ, İngiltərə
kimi ölkələrə
getməyə maddi imkanı çatmayan gənclərimiz də çoxdur.
Bilirsiniz
ki, xaricdə təhsil almağın öz üstünlükləri
var. Xaricdə təhsil
alan savadlı
gənc, ilk növbədə
təhsil aldığı
dövlətin dilini
normal səviyyədə bilir.
İkinci növbədə Azərbaycanda istər dövlət, istərsə
də özəl müəssisələrdə xarici
universiteti bitirən gənclər bir addım öndədir.
Şəxsən mən Azərbaycanı və buranın tədris metodunu müqayisə edərək deyə bilərəm ki, Azərbaycanda tədrisdə nəzəriyyə daha çox üstünlük təşkil edir, xaricdə isə praktikaya daha çox üstünlük verilir. İş zamanı isə köməyə nəzəriyyədən daha çox praktika çatır.
Yəni sadə formada desək, xarici universiteti bitirən savadlı gənc yarım təcrübəli işçidir.
-Ukraynada
təhsil alan gənclərin həmrəyliyi
hansı səviyyədədir?
-Çox gözəl sualdır. Vətənpərvər gənclərimiz çoxdur. Deyərdim ki, tanıdığım gənclərin hamısı vətənpərvərdir, amma həmrəylik məsələsinə gəlincə, bir az ya tənbəllik edirik, ya da laqeydik.
Yəqin ki, “Dədə Qorqud” filminə çox
baxmısınız. Orada bir Qazan xanın
oğlu Tural obrazı var, bir də Beyrək. Hər ikisi
vətənpərvərdir.
Birinin canında igidlik var: hər zaman,
hər yerdə igidliyini göstərir. O birisi atasından işarət gözləyir.
Əlinə qılınc almaq,
belinə qurşaq bağlamaq əvəzinə,
gül dərib, eşq nəğmələri
oxuyur.
Həyatda hər şey lazımdır; əylənmək
də, istrahət etmək də və s. Ancaq gərək yuxudan da qaldırıb vətən üçün
dağ yarmaq, çay keçmək lazımdır deyilirsə,
bir saniyə düşünmək sənə
gərək çox gəlsin.
Amma gələcəyə
baxıb, sadəcə,
sevinirik. Həmişə dediyim kimi, istəsək də, istəməsək də gələcək savadlı
və ağıllı
gəncliyin əllərindədir.
-Gənclərimiz oxuduqları
universitetlərdə ölkəmizi
layiqincə təmsil edirlərmi?
-Gənclərimizin Azərbaycanı
ən yüksək səviyyədə təbliğ
etməsi, onların yüksək səviyyədə
təhsilli və tərbiyəli olmalarıdır.
-Ukrayna universitetlərində azərbaycanlı
elm adamları varmı?
-Ukraynanın müxtəlif
təhsil ocaqlarında
savadlı və vətənpərvər elm adamlarımız
işləyir. Onlara misal olaraq ukraynalı
tələbələrin və
şəxsən özümün
də gözəl tanıdığım, diplomatiya
ilə bağlı bir neçə kitabın müəllifi olan dəyərli müəllimim, professor Arif
Quliyevi, Ukraynada yetərincə tanınmış
türkoloq Fərhad Turanlını və yenicə tanıdığım
yüksək səviyyədə
vətənpərvər, Ukrayna
Dövlət Beynəlxalq
Ticarət və Maliyyə Universitetində
dekan işləyən,
əslən azərbaycanlı
Gülnaz Lazko və s. qeyd edə bilərəm.
Adını çəkdiyim ziyalılarımız
çalışdıqları universitetlərdə, sadəcə,
elm tədrisi ilə məşğul olmurlar. Onlar ukraynalı
və xarici tələbələri və
həmkarları arasında
Azərbaycanın müsbət
yöndə təbliğatını
aparırlar.
Bu da özlüyündə
ən aktiv diaspor fəaliyyəti və daha da
irəli getsək, çox ağıllı lobbi fəaliyyətidir.
-Azərbaycanlı
gənclər ukraynalı
gənclərlə müqayisədə
nə dərəcədə
fəaldır?
-Bu gün vətənimizdə
istər siyasi partiyalarda, istərsə də QHT -lərdə çoxlu sayda istedadlı gənclər fəaliyyət göstərir.
Öz fəallığı ilə
seçilən azərbaycanlı
gənclər yaşadığım
ölkənin gənclərindən
daha çox ictimai və siyasi savada malikdirlər.
Eyni şəkildə dövlətin
müəyyən əhəmiyyət
kəsb edən strukturlarında gənclərimiz
işləyir. Bu o deməkdir ki, dövlətçilik strategiyasının
yaranması və inkişafı tam sürəti
ilə davam edir.
Bundan əlavə,
Azərbaycanda media orqanlarının
çox və eyni səviyyədə azad olması biz, xaricdə yaşayan gənclərə də imkan yaradır ki, sanki vətəndəyik
kimi istənilən ictimai-siyasi proseslərlə
bağlı informasiyanı
öyrənək.
-Gənclərdə
vətəndaş mövqeyinin
güclənməsində ictimai
fəaliyyətin nə
kimi rolu var?
-Sadəcə, gənclərin
yox, hər kəsin yaşından asılı olmayaraq dövlətimiz üçün
önəm daşıyan
ictimai işlərdə
iştirak etməsi vətəndaş mövqeyinin
güclənməsinə xidmət
edir. Gənclər demokratiyanın, inkişafın,
ən əsası dövlətçiliyin yaranmasında
və inkişaf etdirilməsində böyük
pay sahibi olmalıdır.
Azərbaycan gəncləri təkcə
vətənimizdə deyil,
dünyanın müxtəlif
inkişaf etmiş Avropa və Asiya ölkələrində
təhsil alırlar.
Bu gün biz vətəndən
kənarda yaşasaq da, gücümüz çatdığı qədər
Azərbaycanın ictimai
və siyasi həyatında yaxından
iştirak etməyə
çalışırıq.
Çünki Şərqdə və keçmiş sovet ölkələri arasında
ilk demokratik dövlət
məhz ADR olub. O, cümhuriyyətin
davamçısı olan
müstəqil Azərbaycanda
nə gözəldir ki, Asiya və
xüsusən MDB-yə
daxil olan ölkələrə demokratiya
dərsi keçir. Əsas da o baxımdan irəlidəyik ki, gənc və savadlı Prezidentə və artıq yetişməkdə olan gənc kadrlara malik dövlətimiz var.
Bu gün dövlətdə
baş verən siyasi və strateji proseslər və ya dəyişikliklər
inanıram ki, hər şeyi daha da çox
müsbətə doğru
dəyişəcək. Mən, hətta keçən müsahibəmdə qeyd etmişdim ki, Azərbaycanda yaxın vaxtlarda müsbətə doğru dəyişikliklər
olacaq. İndi də deyirəm ki, bu proses
davam edəcək və hələ müəyyən strukturlarda
da davam etdiriləcək. Dövlətçi gənclər üçün
hələ yaxşı
günlər qarşıdadır.
Gənc olmaq Tanrının bir lütfüdür və bu o deməkdir
ki, savadlı və ağıllı gəncləri olan dövlət ən güclü və sağlam dövlətidir.
-Xaricdəki tələbələrimizin ictimai
fəallığı hansı
səviyyədədir?
- Ukraynada da təhsil alan gənclər arasında dövlətimizi sevən millətçi, dövlətçi gənclər yetərincədir. Onlar Azərbaycanda gedən hər bir siyasi və ictimai prosesləri yaxından izləyirlər, baxmayaraq ki, ölkədən kənarda yaşayır və təhsil alırlar. Deyərdim ki, qürbətdə yaşayan gənclər Azərbaycanda yaşayan gənclərdən daha çox vətənpərvər olur. Çünki vətən həsrəti öz sözünü deyir və siz də qəbul edərsiniz ki, uzaqdan hər şey yaxşı görünür.
Vətənimizin güclənməsi və inkişafı eyni ilə regionda və dünyada söz sahibi olması ən çox xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan diasporunun xeyrinədir. İnanıram ki, dövlətimizdə baş verən proseslər diasporumuza da müsbət təsirini göstərəcək.
Fuad Hüseynzadə
Palitra.-2016.-20 yanvar.-S.15.