Elm sahəsini seçən hər bir gənc daim gündəmdə olan elmi yeniliklərdən xəbərdar olmalıdır”

 

 

Gülnarə İsgəndərova:“Gələcək nəsildə elmə maraq oyatmaq üçün sagirdlər və eləcə də tələbələr elmi-tədqiqat institutlarında aparılan elmi yeniliklərlə tanış olmalıdırlar”

Layihə çərçivəsində müsahibimiz AMEA Zoologiya İnstitutunun gənc elmi tədqiqatçısı Gülnarə İsgəndərovadır.

 

- Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, elmi fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

- İsgəndərova Gülnarə Adgözəl qızı 1988-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006-cı ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olmuşam. 2011-2013-cü illərdə həmin fakültənin magistratura pilləsində təhsilimi davam etdirmişəm. 2012-ci ildən etibarən AMEA Zoologiya İnstitutunda çalışıram. 2014-cü ildə parazitologiya ixtisası üzrə doktoranturaya qəbul olmuşam. Doktorant olaraq mövzum Azərbaycanda yayılan quşlarda, xüsusilə ev quşlarında parazitar xəstəlik olan - kriptosporidioz xəstəliyinin törədicilərinin növ tərkibinin və parazit - sahib münasibətlərinin biokimyəvi əsaslarının öyrənilməsidir. İnstitutumuzun gənc alimlərinin bir nümayəndəsi kimi AMEA-da keçirilən elmi konfranslarda iştirak etmişəm. 2014-cü ilin yayında Türkiyənin Artvin şəhərində keçirilən Tubitak şirkətinin layihəsində iştirak edərək ölkəmizi təmsil etmişəm.

- Təhsil aldığınız və ya tədqiqat apardığınız sahə barəsində hansı fikirləriniz var?

- Məlumdur ki, zoologiya digər təbiət elmləri kimi nəzəriyyə ilə praktikanın vəhdətinə əsaslanır. Fikrimcə, zoologiya nəinki bioloqların, həm də bütün təbiət sevərlərin maraq obyektidir. Tədqiqat apardığım sahə həm çöl təcrübəsi, həm də toplanan materiallarin laboratoriyada tədqiqini tələb edir. Ümid edirəm ki, müasir dövrümüzdə də quşçuluq təsərrüfatında yayılan xəstəliklərin öyrənilməsi və qarşısının alınması mühüm məsələlərdəndir. Bu baxımdan inanıram ki, üzərində işlədiyim mövzunun ölkəmizin kənd təsərrüfatına az da olsa, faydası toxunar.

-Bu sahə üzrə xarici ölkələrdə aparılan tədqiqatlarla Azərbaycandakı tədqiqatlar arasında hansı fərqli və ümumi cəhətlər

var?

- Əlbəttə, xarici ölkələrdə aparılan tədqiqatlarla ölkəmizdəki elmi tədqiqatlar arasında hiss olunacaq dərəcədə fərqlər var. Bu, ilk növbədə, istifadə olunan maddi-texniki avadanlıqlar, ən müasir metodların tətbiqi baxımından ola bilər. Digər tərəfdən aparılan tədqiqatların istehsalata tətbiqi baxımından ölkəmizdə aparılan elmi işlərdə müəyyən mənada bir boşluq hiss olunur. Yaxşı olardı ki, gələcəkdə bu çatışmazlıqlar aradan qaldırılsın. Gənclər elmin faydalılığını, əhəmiyyətini duyaraq öz tədqiqatlarını davam etdirsinlər. Ümumi cəhətlərə gəlincə isə əlbəttə, elmlə məşğul olmaq, onun dərinliklərinə yiyələnmək arzusunda olan kifayət qədər gənclərimiz var. Yəni elm gənclərimizin maraq dairəsindədir və yaxşı olardı ki, gələcəkdə onları bu maraq dairəsindən geridə qoyan hər bir problem, hər bir sıxıntı müvəffəqiyyətlə aradan qaldırılsın. Ümid edirəm ki, mövcud olan fərqlər gələcəkdə minimuma endiriləcək və xarici ölkələrlə daha sıx elmi əməkdaşlıqlar qurulacaq.

- Təhsil aldığınız ixtisasın və elmi sahənin Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Nəzərə alsaq ki, tədqiq etdiyim mövzu Azərbaycanın müxtəlif quş növlərinin, xüsusilə də ev quşlarının parazitar xəstəlikləri ilə bağlıdır, düşünürəm ki, bu, kənd təsərrüfatına faydalı olacaq bir tədqiqat işidir. Uzun zaman bu xəstəliyin dərindən öyrənilməməsi quşçuluq təsərrüfatına zərər vurub ki, bunun da istər təbiətə, istərsə də kənd təsərrüfatına zərərsiz ötüşməsi qeyri-mümkündür. Təbiəti quşlarsız təsəvvür etmək mümkünsüzdürbuna görə də onların məhvinə səbəb olan xəstəliklər dərindən tədqiq edilməlidir. Bu baxımdan üzərində işlədiyim tədqiqat mövzusu mühüm əhəmiyyətə malikdir.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində və ya elmində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Sözsüz ki, elmi sferanı inkişaf etdirmək üçün daim yeni, faydalı islahatların aparılması təqdirə layiqdir. Bunun üçün beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici əməkdaşların elmi təcrübələrindən faydalanmaq məqsədilə onların ölkəmizə dəvət olunması və ya gənc alimlərimizin xarici ölkələrə yönləndirilməsinə şərait yaradılmalıdır. Gələcək nəsildə elmə maraq oyatmaq üçün sagirdlər və eləcə də tələbələr elmi tədqiqat institutlarında aparılan elmi yeniliklərlə tanış olmalıdırlar. Xüsusilə universitetlərdə fənlərin keçirilməsi yalnız nəzəriyyə ilə məhdudlaşmamalıdır. Gənclərin qazandıqları biliklərin praktikada tətbiqi üçün onlara şərait yaradılmalıdır. Yeri gəlmişkən, Thomson -reuter axtarıs sisteminin ölkəmizdə tətbiqi son zamanlarda atılan ən uğurlu addımlardan olduğunu hesab edirəm.

-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Mənim fikrimcə, elm sahəsini seçən hər bir gənc daim gündəmdə olan elmi yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün yalnız Azərbaycan çərçivəsində deyil, dünya səviyyəsində olan elmi yenilikləri izləməlidir. Ən müasir metodları öz tədqiqat işinə tətbiq etməlidir. Xarici həmkarları ilə daim ünsiyyət qurmalı və onların təcrübərindən faydalanmalıdır. Bütün bunlar hələ orta məktəb təhsilindən başlasa daha məqsədəuyğun olar. Şagirdlər yalnız dəsliklərdəki mövzunu deyil, həm də daha çox materiallardan bəhrələnməlidirlər. Onlarda hələ məktəb dövründən axtarışlara meyillilik, yaradıcılığa maraq hissinin yaradılması aşılanmalıdır. Bu sahədə müəllimlərin üzərinə böyük yük düşür, şagirdlərdə elmə olan istəyin məşəlini yandıra bilsələr, gələcəkdə bu şagirdlərin təhsillərində, elmi fəaliyyətlərində uğur qazanacaqları şübhəsizdir. Beynəlxalq yarışların təşkili də onları dünya səviyyəsində bilik rəqabətinə hazırlayır ki, ölkəmizin elmi gələcəyi də bu gənclərin əlində olacaq.

-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- Xaricdə təhsil alan gənclərimiz onlara verilən şansdan maksimum dərəcədə faydalansınlar və vətənpərvər gənclər olaraq daim öyrəndikləri bilik və təcrübəni mütləq öz yerli həmkarları ilə paylaşmaqdan çəkinməsinlər. Onlar üçün yaranan əlverişli elmi mühitdən faydalanmaq üçün bütün səylərini göstərsinlər. Yaxşı olardı ki, vətənə qayıdıb, qazandıqları elmi nailiyyətləri ilə nəinki bizi sevindirmək, həm də bacardıqları qədər ölkəmizdə elmin inkişafına öz fəaliyyətləri ilə dəstək olsunlar. Elmi fəaliyyətə yeni başlayan gənclərə doğru yol göstərib, onları düzgün istiqamətə yönəltsinlər.Unutmasınlar ki,elm və təhsil hər bir dövlətin gücünün özəyini təşkil edir. Bu məsuliyyəti dərk edərək əllərindən gələni vətən üçün , elm üçün əsirgəməsinlər.

-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Doktorantura təhsilimi, tədqiqat mövzumu işləyib bitirdikdən sonra elmi fəaliyyətimi davam etdirmək, eləcə də daim elmi gündəmdən kənarda qalmamaq üçün özümü inkişaf etdirmək məqsədlərimdən biridir. Ümid edirəm ki, addımladığım bu yolda qarşıma çıxa biləcək maneələri müvəffəqiyyətlə aşıb, elmin dəryasından zərrə qədər də olsa faydalana biləcəm.

İlkin AĞAYEV

Palitra.-2016.-20 yanvar.-S.11.