Piza Universitetinin
azərbaycanlı məzunu Avropa üçün təkliflər verib
Səbinə Əsəd: “Gənclər
fiziki sağlamlıqlarına və zehni inkişaflarına
daha çox vaxt ayırmalıdırlar”
Layihə çərçivəsində
Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının sədr müavini, Piza Universiteti və Sant’Anna
Qabaqcıl Tədqiqatlar məktəbinin İqtisadiyyat
üzrə məzunu Səbinə Əsədlə müsahibəni
təqdim edirik.
- İtaliyada
oxuduğunuz sahəyə tam
istədiyiniz kimi yiyələnə
bildinizmi?
-Ümumiyyətlə, bir sahəni dərindən öyrənib tam yiyələnmək üçün tək nəzəri biliklər kifayət deyil, eyni zamanda praktiki biliklərə yiyələnmək vacibdir. Həm bakalavr, həm də magistr təhsilimi iqtisadiyyat üzrə almışam. Mənim təhsil aldığım sahə milli, regional və qlobal iqtisadiyyatdakı fəaliyyəti, strukturu, davranışı və qərarverməni ümumilikdə öyrənir. Düşünürəm ki, bu illər mənə ixtisasım üzrə yetərincə nəzəri biliklər verdi. İndi onu təcrübədə tədbiq etmək zamanıdır.
- Sizin
elmi mövzunuz nə idi? Araşdırmalarınızda hansı yenilik və nəticələr əldə etdiniz?
-Elmi mövzum “Avropa Birliyi ölkələrində dəyişən demoqrafik vəziyyətin makroiqtisadiyyata təsiri” adlanır. Burada hazırkı və gələcək demoqrafik vəziyyətin iqtisadiyyata təsirini araşdırmışam. Gələcək illərdə Avropa iqtisadiyyatının üzləşəcəyi məsələlərlər bağlı proqnozlar vermişəm. Belə ki, hal-hazırda Avropa əhalisinin sayında artım kəskin şəkildə aşağı düşür. Bu da öz təsirini əmək ehtiyatlarında kəskin şəkildə bildirir. Avropa əhali baxımdan dünyanın ən qocaman regionlarından biridir və ölkələr iqtisadi yüksəlişin indiki sürətini saxlamaq üçün əmək məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmalıdır. Qocalan əhalinin sayı artdıqca onların pensiya, səhiyyə və digər xərcləri artır. Bu xərcləri dövlət onların yerinə gələn yeni işçilərin ödədiyi vergilər hesabına qarşılayır. Yaranmış vəziyyətdə isə qocalan işçilərin yerini tutacaq cavan kadr qıtlığı var. 2050-ci ildə əhalinin yaşlanmasının 23%-dən 47%-ə kimi artması gözlənilir. Əhalinin sayında 1995-ci ildə olan 372 milyon insandan, 2050-ci ilə kimi 367 milyon insana qədər azalma müşahidə olunacaq. Bu, məsələnin yalnız bir hissəsidir. Say baxımından boş vakansiyalarla işsiz insanların sayı uyğun ola bilər. Lakin işsiz insanların istehsalçının kriteriyalarını nə dərəcədə ödəyib ödəməmək məsələsi var ki, onlar istehsal sahəsinə uyğun olmayan işçilər hesab olunur. Bu da struktur işsizlik məsələsinə gətirib çıxarır. Bu gün Avropaya çox sayda miqrantlar axın edir. Lakin istehsalçıların tələblərinə cavab vermədikləri üçün iş yerləri boş, həmin insanlar isə işsiz qalır. Bütün bunlar Avropa iqtisadiyyatına öz mənfi təsirini göstərir. Mənim verdiyim təkliflər isə ölkələr üzrə əhalinin doğum sayının artırılması ilə bağlıdır. Gender eqalitarianizmi və müasir ailə dəyərlərinə dayanaraq gec evliliklər, boşanmalar, tək valideynlik, nikahdan kənar doğumlar və s. kimi məsələləri yeni effektli dövlət siyasətinin işlənib hazırlanmasında nəzərə almaq; bəzi patternalist qanunların sayının artırılması; analıq məzuniyyəti dövründə analara verilən sosial təminat və iş qrafiki rahatlığı; dövlətlərin vergi siyasətləri; ÜDM-in 3,5 faizindən çox gənc ailələrə kömək və s. kimi təkliflər elmi işdə yer alıb.
- Ümumiyyətlə,
xaricdə təhsil sizə nə verdi?
-Xaricdə təhsil ixtisasım üzrə qazandıqlarımla yanaşı, mənim bir şəxsiyyət kimi formalaşmağıma töhfə verdi. Ən çətin vəziyyətlərdə müstəqil qərar qəbul edib, yalnız məntiqə dayanaraq yaranmış vəziyyətdən çıxış yolu tapmağı, vəziyyəti öz xeyrimə doğru dəyişməyi öyrətdi. Öz ölkəndə qarşılaşdığın problemlərlə xaricdə qarşılaşmırsan. Burada vəziyyətə başqa prizmadan baxmalı olursan. Hadisələrə yanaşma tərzin dəyişir. Ən əsası isə məsuliyyətin artır. Milli məsuliyyət hissin hər şeydən öndə olur. Sən artıq adi tələbə və ya fərd deyilsən, öz ölkənin təmsilçisisən. Atdığın hər addım öncədən düşünülmüş və planlı olmalıdır. Bütün bunları yalnız xaricdə uzunmüddətli yaşadıqda təcrübə edirsən.
- Bu
gün xaricdə oxuyan
tələbələrimiz əsas nəyə fikir
verməlidirlər?
-Yuxarıda da qeyd etdiyim kimi, ən birinci bir təmsilçilik missiyalarının olduğunu unutmamalıdırlar. Və ilk növbədə dərslərində öndə olan tələbələr sırasında olmağa çalışmalıdırlar. Ümumiyyətlə, avropalılarda bir xüsusiyyət var. Əgər sənin imtahan göstəricilərin, dərslərdə fəallıq səviyyən yüksəkdirsə, özləri sənin ətrafına toplaşacaqlar və səninlə dostluq etməyə çalışacaqlar. Digər məsələ ətrafda olan azərbaycanlılarla əlaqə qurmaqdır. Bəzən elə olur ki, bir universitetdə oxuyan iki azərbaycanlı tələbə bir-birini tanımır. Bu, düzgün deyil. Azərbaycanlılar bir-birindən xəbərdar olub şəbəkə halında işləməlidirlər. Bu zaman səsləri daha ucadan eşidiləcək. Və mütləq şəkildə təhsil aldıqları şəhərdə və ya universitetdə fəaliyyət göstərən hər hansı bir gənclər təşkilatına üzv olmalıdırlar. Bir təşkilata üzv olmaqla yüzlərlə gəncə çıxışları olur. Avropada gənclər təşkilatlarının statusu yüksəkdir. Həmin təşkilatın adı ilə tədbirlərdə iştirak etsinlər, özləri müxtəlif tədbirlər təşkil etsinlər. Bununla öz diaspor fəaliyyətlərinə böyük töhfələr verə bilərlər.
- Azərbaycan gənci
öz ictimai fəallığı,
dünyagörüşü
baxımından nə dərəcədə italiyalı gənclərlə
müqayisə olunur?
-Azərbaycan gənci çox potensiallı və istedadlı gəncdir. Hər zaman öz üzərində çalışır və yeniliyə açıqdır. Məhz buna görə də ictimai fəallıq və könüllülük məsələlərində bizim gənclər daha aktivdirlər. Vətəndaş cəmiyyəti anlayışı Avropa məkanından gəlsə də, onun bəzi struktur elementləri bizim milli dəyərlərlə üst-üstə düşdüyündən bizim cəmiyyət tərəfindən tez qəbul edilib, inkişaf etdirildi. Bu səbəbdəndir ki, dünyada fəaliyyət göstərən məşhur gənclər təşkilatlarının, demək olar ki, bir çoxunun Azərbaycan nümayəndəlikləri var. Öz təcrübəmə və xarici dostlarımdan eşitdiklərimə əsasən deyə bilərəm ki, istənilən beynəlxalq tədbirdə əgər bir azərbaycanlı iştirak edirsə, onda o, mütləq digərlərindən öz fəallığı ilə seçiləcək və yaddaşda tədbirin ən fəal iştirakçısı kimi qalacaq. Gənclik sağlamlıq, enerji, tükənməyən ideyalar, işləmək əzmi, özünü təsdiq cəhdidir. Ümumiyyətlə, gənclik haqqında fikir bildirmək üçün, ilk növbədə onun asudə vaxtını necə keçirməyinə baxmaq lazımdır, deyə düşünürəm. İtalyan gənci fiziki enerji sərf olunan əyləncə növlərinə daha çox üstünlük verir. İdman zalları, parklar, rəqs meydançaları, konsert zalları hər zaman dinamik gəncliklə dolu olur. Amma, eyni zamanda kitabxanalar və muzeylərdə də boş yer tapmaq çətin məsələdir. Bu gənclik, balansı qorumağı çox yaxşı bacarır. Çünki mənəvi və fiziki sağlamlığın onlar üçün nə dərəcədə önəmli olduğunu anlayırlar. Əfsuslar olsun ki, Azərbaycan gəncində son illər bir passivlik müşahidə olunur. Gənclərdə sanki qəribə yorğunluq hissi var. Bunu asanlıqla sosial şəbəkələrdə paylaşılan statuslardan, gənclərin yığışdıqları məkanlardan və fəaliyyət sahələrindən görmək mümkündür. Gənclər fiziki sağlamlıqlarına və zehni inkişaflarına daha çox vaxt ayırmalıdırlar. Zamanı düzgün idarə etməklə həm istrahətlərini təşkil edə, həm də gündəlik fəaliyyətləri ilə məşğul ola bilərlər. Hər bir insan gənc yaşda fərdi inkişafla məşğul olmalıdır. Əgər gənclər, intellektual, mənəvi, fiziki anlamda sağlam və proqressivdilərsə, həmin cəmiyyət də inkişaf edəcəkdir. Bu səbəbdən də hər bir gənc bütün bunların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır.
- İtaliyada
Azərbaycanı istədiyiniz kimi
tanıda bildinizmi?
-Təvazökarlıqdan kənar olsa da deməliyəm ki, bunun üçün əlimdən gələni etdim. Amma nə qədər iş görülsə də, mənim üçün bu, hələ də azdır. Nə qədər ki, erməni lobbiçiliyi dünyada geniş yayılıb, beynəlxalq təşkilatlar Azərbaycana qarşı bir çox məsələlərdə ikili standartlarla yanaşır, görülən işlər daha çox olmalıdır. Hər bir xaricdə yaşayan azərbaycanlı ölkəsini təmsil etməyin nə olduğunu tam anlamıyla dərk etməlidir. Öz şəxsi davranışlarına, təhsildəki uğurlarına və xarici vətəndaşlarla dostluq əlaqələrinə diqqət yetirməklə bunun ilkin mərhələsini etmiş olur. Ölkəmizi tanıyıb, qəbul etmələri üçün birinci bizi qəbul etməlidirlər. Bir şəxsiyyət kimi hörmət qazanıb ətrafımızı genişləndirəndən sonra bizim verdiyimiz hər bir informasiya ətrafdakılar tərəfindən qəbul edilir. Və yalnız bundan sonra keçirdiyimiz tədbirlər, apardığımız kampaniyalar daha tutarlı və uğurlu olur.
- Yenidən təhsilinizi başqa ölkədə davam etdirmək fikriniz varmı?
-Bəli, təhsilimi davam etdirməyi düşünürəm. Hələ İtaliyadaykən iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) proqramı üzrə doktoranturaya qəbul olmaq üçün sənədlərimi Kanadanın Toronto Universitetinə göndərmişdim. Bir müddətdən sonra həmin universitetdən mənə müsbət cavab gəldi. Təbii ki, bu xəbər məni çox sevindirdi. Lakin Bakıya qayıtdıqdan sonra planlarım bir az dəyişdi. 1-2 il müddətinə fasilə verməyi qərara almışam. Daha sonra mütləq təhsilimi davam etdirəcəm.
- Hazırda AGAT-da hansı layihələr üzərində
çalışırsınız?
-2015-ci ilin sentyabr
ayında AGAT-ın daxili idarə heyətinin
iclası keçirildi və mən səs
çoxluğu ilə AGAT-ın yeni sədr müavini seçildim. Və hal-hazırda bir çox yerli və beynəlxalq layihələr üzərində
işləyirik. Bildiyiniz kimi,
AGAT-ın nəzdində fəaliyyət göstərən Etika Akademiyası, Animus Fəlsəfə
Akademiyası, Sosial Elmlər klubu, Milli icmaların Koordinasiya Şurası və s.
kimi qurumlar var. Yaxınlarda onların sayını
artırmağı düşünürük.
Tezliklə mətbuata bu barədə geniş məlumat veriləcək.
Fuad Hüseynzadə
Palitra.-2016.-27 yanvar.-S.11.