Muxtar respublikada 300-ə yaxın kitabxana fəaliyyət göstərir

 

Ziyalı, şəxsiyyət və vətəndaş olaraq kamilləşmənin yolu kitabxanalardan keçir. Elm və ürfanın, intellektin astanası, açarı olan, tarixən müqəddəs məbədgah hesab edilən, qiymətli xəzinə kimi nəsilbənəsil gələcəyimizə ərməğan edilən kitabxanalar elmin hüdudsuz üfüqlərində ən doğru bələdçimiz, mayak olublar. Təsadüfi deyil ki, informasiya müxtəlifliyi və bolluğu ilə seçilən çağdaş dövrümüzdə də kitabxana elmi-mədəni tərəqqinin əsas sahələrindən biri, qloballaşmanın, informasiya cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi öz dəyərini, mahiyyətini qoruyub saxlamaqdadır. Müstəqillik əldə edildikdən sonra Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında mədəni-maarif müəssisələrinin, xüsusilə də kitabxanaların fəaliyyətlərinin müasir dünya standartları səviyyəsində qurulmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğı göz qabağındadır. Muxtar respublikada 300-ə yaxın kitabxananın, şəhər və rayonlarda 8 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MSK) fəaliyyət göstərməsi, 2008-ci ildən etibarən regionda bu ixtisas üzrə ali təhsilli mütəxəssis hazırlığının yenidən bərpa edilməsi dediklərimizi bir daha təsdiq edir. Fərəhləndirici haldır ki, müxtar respublikada kitabxana işinin təşkili, ayrı-ayrı kitabxanaların fəaliyyəti bu gün artıq tədris və tədqiqat obyektinə çevrilməkdədir.

Haqqında söhbət açacağım belə nəşrlərdən biri, “Naxçıvan” Universitetinin Elmi kitabxanasının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudovanın “Naxçıvan Muxtar Respublikasında elmi kitabxanaların tarixi və inkişafı” adlı dərs vəsaitidir. Yeni nəşrdə AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun elmi kitabxanalarının yaranma tarixi, maddi-texniki bazalarının formalaşması, fondlarının komplektləşdirilməsi, xidmət üsullarının təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığının inkişafı, informasiya texnologiyalarının tətbiqi və kitabxanalara göstərilən dövlət qayğısından bəhs edilir. Azərbaycan kitabxana tarixinə nəzər salan, muxtar respublikada kitabxanaların təşəkkülü barədə əhatəli məlumat verən müəllif sahəvi kitabxanalar arasında özünəməxsus yerirolu olan, öz strukturuna, fonduna, oxucu kateqoriyasına görə fərqlənən elmi kitabxanaların spesifikasını, elmi-ictimai dəyərini, bügünkü vəzifələrini əsaslı şəkildə araşdıraraq elmi-analitik təhlil edir. Müəllif elm və təhsilin inkişafında, təhsil və tədris prosesinin keyfiyyətinin yüksəldilməsində, təlim və tərbiyənin günün tələbləri səviyyəsində qurulmasında, intellekt potensialının formalaşmasında elmi kitabxanaların funksiyasını çox düzgün müəyyənləşdirərək onları elmi informasiya təminatçısı, mənəvi və intellektual əlaqələrin yayılması mərkəzi kimi qiymətləndirir.

Müəllif qeyd edir ki, Naxıvan Dövlət Universitetinin Elmi kitabxanasının 47 illik fəaliyyəti dövründəki ən böyük nailiyyəti kimi dəyərləndirilən, Azərbaycan ali təhsil sistemində ilk dəfə məhz bu ali məktəbdə təşkil olunan yeni tipli dövlətçilik məktəbi -- Heydər Əliyev Universitetinin kitabxanası, digər elmi kitabxanalarda da yaradılan müvafiq şöbə və fondlar millilik və dövlətçilik ideologiyasının, müasir tariximizin öyrənilməsi və təbliğinə uğurla xidmət edir.

Dərs vəsaitində kitabxananın fəaliyyətinin mühüm istiqamətlərindən birifundamental elmi-biblioqrafik əsərlərin yazılması istiqamətində görülən işlərdən də danışılır. 2008-ci ildən etibarən Naxıvan Dövlət Universitetinin Elmi kitabxanasında Aypara Behbudovanın tərtibçiliyi ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından 10-dan artıq şəxsi biblioqrafik göstəricinin, görkəmli elm xadimlərinin şəxsi kitabxanalarından bağışlanılan hədiyyə kitabların kataloqlarının, “Heydər Əliyev Universiteti Kitabxanası”nda olan kitabların və keçirilən məşğələlərin kataloqu”, “Şərq fondunda saxlanılan kitabların kataloqunun hazırlanması və nəşri kitabxana işinin fundamental və elmi-nəzəri təşkilinə gözəl nümunədir. Qeyd etmək yerinə düşər ki, bu kitab müəllifin çoxillik peşə və pedaqoji təcrübəsinə, elmi-nəzəri biliyinə, muxtar respublikada ali məktəb kitabxanalarının formalaşmasındakı səmərəli fəaliyyətinə əsaslanaraq yazılmış elmi nəşrdir. Buradakı müxtəlif elmi faktlar, statistika oxucuya müxtar respublikada elmi kitabxanaların inkişaf dinamikasını istər xronologiya, istərsə də qazanılan uğurlar baxımından izləməyə imkan verir. Müəllif kitabxananın informasiya bazasının planlı şəkildə, oxucu təlabatı əsasında, periodik olaraq zənginləşdirilməsi, bu məqsədlə elmi-köməkçi tematik kartotekaların vaxtaşırı yeniləndirilməsi ilə bağlı görülən işləri mütəxəssis kimi qiymətləndirir. Kitabda ənənəvi fondoxu zalları ilə yanaşı, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə elektron informasiya daşıyıcılarından, elektron nəşrlərdən, yerli və dünyəvi internet saytlarından istifadə, virtual elmi əməkdaşlığın inkişafı istiqamətində görülən işlərin əhəmiyyətindən də danışılır. Müəllif sözügedən kitabxanalarda fondlarla yanaşı oxu zallarının da elm sahələri üzrə ixtisaslaşdırılmış şəkildə təşkili, əsasən elmi ədəbiyyatlardan ibarət olan fondun komplektləşdirilməsi işinin düzgün qurulması, zəruri ədəbiyyatlarla təmin olunması, oxucu sorğusunun operativdolğun ödənilməsini sistematik şəkildə tədqiq etmişdir.

Fondların yerlixarici çap məhsulları hesabına komplektləşdirilməsi, mühafizəsi, istifadəsi, təbliği və bərpasından danışan müəllif əsaslandırılmış şəkildə təsdiq edir ki, kitabxanalar fondsuz ictimai institut kimi mövcud ola bilməz. Elmi kitabxanaların fondlarının zənginləşdirilməsi xüsusilə avtomatlaşdırılmış kitabxana sistemi şəraitinə təsadüf edir. Qeyd olunur ki, kitabxanaların fondları ölkənin ali təhsil strukturuna, universitetlərin tədris planlarına uyğun, yeni açılmış ixtisaslarla əlaqədar yaranan elmi ədəbiyyata olan təlabat nəzərə alınmaqla komlektləşdirilir. Komplektləşdirmə dövlət başçısı, muxtar respublikauniversitet rəhbərliyinin kitabxanalar üçün ayırdıqları maliyyə vəsaitləri hesabına aparılır. Müxtəlif məcburi nüsxələrin alınması ilə yanaşı kitabxanaların hədiyyələr və beynəlxalq kitab mübadiləsi hesabına da komplektləşdirildiyini yazan müəllif görkəmli akademiklər İsa Həbibbəyli, Məmməd Cəfər Cəfərov, Budaq Budaqov, professor Rudolf İvanov və digər elm xadimlərinin şəxsi kitab kolleksiyalarından elmi kitabxanalara hədiyyə etmələrini təqirəlayiq ənənənə kimi təbliğ edilir.

Müasir inteqrasiya əsrində elmi kitabxanaların beynəlxalq əlaqələrinin, informasiya mübadiləsinin əhəmiyyətindən danışan Aypara xanım elmi kitabxanalarda İKT-nin tətbiqini, kitabxanaların elektronlaşdırılmasını, onlar arasında lokal şəbəkənin yaradılmasını dünya informasiya məkanına inteqrasiya və informasiyalı cəmiyyət formalaşdırmağın əsas amillərindən biri hesab edir, bütün ali məktəb kitabxanalarını birləşdirəcək vahid informasiya mərkəzi yaratmaq təklifi ilə çıxış edir. Qeyd olunur ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə açılışı olan Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasında simsiz internet şəbəkə xidmətinin fəaliyyət göstərməsi, dizüstü kompüterdə “wireless ethernet” kartı olan hər bir oxucunun bundan istifadə edə bilməsi. “Azercell” telekompaniyasının IV nəsil texnologiyası əsasında işləyən modemlərin 100 mb/s.-ə qədər yüksək sürətli internetə çıxışı təmin etməsi kitabxana işinin daha keyfiyyətli və səmərəli təşkilinə şərait yaradır. “Naxçıvan” Universitetinin Elmi kitabxanasının ABŞ-ın ölkəmizdəki səfirliyinin Tədris və İnformasiya Mərkəzinin birlikdə internetdə “Azərbaycan ədəbiyyatı antologiyası” adlı elektron kitabxana yaratması, Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universiteti elmi kitabxanalarının “Kitab.Az-Elektron Kitabxana Şəbəkəsi”nə qoşulması, www.lib.edu.az və e-kiab.ameanb.nmr.az. rəsmi saytlarının yaradılması və fəaliyyətləri ilə bağlı kitabda öz əksini tapan faktlar da maraq doğurur.

Milli-mənəvi dəyərlərimizin, mənəvi irsimizin yaşadılmasında və təbliğində, Azərbaycan maarif və mədəniyyətinin inkişafında əvəzsiz rolu olan ümummilli liderin kitabxana işinin inkişafına verdiyi töhfələrdən danışan müəllif haqlı olaraq müasir kitabxana quruculuğunun təməlinin məhz 70-ci illərin əvvələrində qoyulduğunu vurğulayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra nəşriyyat-poliqrafiya, kitabxana işinin təkmilləşdirilməsi və inkişafı, bu sahədə qanunvericilik bazasının formalaşdırılması ümummilli liderin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi kimi oxucuya təqdim olunur. Müəllif 1998-2000-ci illəri kitabxana üçün ənənəvi texnologiyalardan müasir kompüter texnologiyalarına keçid dövrü kimi dəyərləndirir. Kitabda çoxəsrlik milli kitabkitab mədəniyyətimizin beynəlxalq standartlar səviyyəsinə qaldırılmasına xidməd edən məqsədyönlü siyasətin bugünkü uğurlu davamı, muxtar respublika rəhbərinin bilavasitə nəzarət və tövsiyəsi ilə bu istiqamətdə əhəmiyyətli işlər görülməsi real faktlara istinadən verilir.

Müəllif yekun elmi qənaətə gəlir ki, Naxçıvanda fəaliyyət göstərən elmi kitabxanalar da yeni tərəqqi əsri olan XXI yüzilliyin başlanğıcından etibarən öz tarixi missiyasını – avtomatlaşdırma imkanlarını tətbiq etməklə, dünya informasiya şəbəkəsinə qoşulmaqla Azərbaycan təhsilinə, elminə, mədəniyyətinə və ictimai fikrinə xidmət etmək vəzifələrini uğurla yerinə yetirir. Kitabın mühüm elmi dəyəri də buradadır.             

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətovanın “Naxçıvan Muxtar Respubikasının kitabxana informasiya təminat sistemi” adlı dərs vəsaitində isə Naxçıvanda kitabxana işinin tarixi ayrı-ayrı tarixi mərhələlər üzrə tədqiq olunur, müasr dövrdə regionda kitabxana-informasiya fəaliyyətinin modelinin yaradılmasından bəhs olunur. Kitabda muxtar respublikada fəaliyyət göstərən kitabxanalardan, kitabxana strukturnun müasir vəziyyətindən, rayonlarda kitabxana xidmətinin müasir səviyyədə təşkilindən və MSK-nın əhəmiyyətindən bəhs olunur. Müəllif kitabxana işini milli mədəniyyətimizin əsas tərkib hissəsi, mili inkişafın parlaq göstəricisi kimi araşdırmağa müvəffəq olur. Azərbaycanın çox qədim və ən inkişaf etmiş bölgələrindən olan Naxçıvanda kitabxana işi sahəsində qazanılan elmi nailiyyətləri və zəngin təcrübəni, nümnəvi ənənələri tədqiq edən müəllif sübut edir ki, muxtar respublika kitabxanalarının keçdiyi inkişaf yolu kadr, maddi-texniki baza, informasiya təminatının təşkili, oxucu kontingentinə münasibət baxımından örnək sayıla bilər.

Aypara Behbudovanın “Məktəb kitabxanalarında işin təşkili”, Sədaqət Nemətovanın “Naxçıvan Muxtar Respublikasında kitabxana işinin tarixi” adlı metodiki vəsaitlər də kitabxana işinə həsr olunmuş, mütəxəssislərin tədris prosesi, peşə fəaliyyətləri zamanı faydala biləcəyi dəyərli kitablardır. Bu yeni elmi nəşrlər ali məktəblərdə kitabxana işini tədris edən pedaqoqlar, kitabxanaçılıq ixtisası və mədəni-maarif texnikumunun tələbələri, mədəniyyət tarixmizin, milli maarifçilik hərakatının tədqiqatçıları, kitabxana işçiləri üçün stolüstü kitab sayıla bilər.

 

Mehriban Sultan

Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti,

filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan Jurnalistlər Birliyinin

Naxçıvan Mətbuat Şurası İdarə heyətinin üzvü

 

Palitra.-2016.-27 yanvar.-S.13.