Beynəlxalq təhsil ekspertləri azərbaycanlı həmkarları ilə birgə çalışacaq

 

Heli Mattisen: “Estoniyada dövlət universitetləri ödənişsizdir və özəl universitetlər onlarla rəqabət apara bilmir”

Beynəlxalq təcrübədə təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri təhsil kurikulumlarının ölkənin sosial-iqtisadi inkişaf tələbləri və prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir. Kurikulumlar iqtisadi inkişaf məqsədlərinə xidmət edən bilik və bacarıqları, səriştəni aşılayan məzmuna malik olmalıdır. İqtisadi uğurlar əldə etmiş ölkələrdə biliklərə əsaslanan iqtisadiyyatın yaradılması sosial-iqtisadi siyasətin prioriteti olduğundan, kurikulumlarda innovasiyaların əhəmiyyəti, təhsilalanların müxtəlif sosial fəaliyyətə təşviq olunması və onların tədris bacarıqlarının inkişafı xüsusi vurğulanır. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu məqamlara toxunacağıq.

Qeyd edək ki, son 30-40 il ərzindəki elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir. Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri nəzərə almaqla daim inkişaf etdirilir ki, bu da müxtəlif təhsil pillələrində spesifik yanaşma tələb edir. Burada ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülür. Ali təhsil kurikulumunun daimi inkişafı əmək bazarı subyektlərinin tələblərinin sistematik öyrənilməsini vacib edir. Bu proses əmək bazarında təklif edən, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda fəaliyyət göstərən bütün subyektləri ali təhsil prosesində başlıca maraqlı tərəfə çevirmişdir.

 

İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir

Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qeyd edilir ki, təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərini təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, təhsilin keyfiyyətini ölçən göstəricilər sisteminin təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin onun keyfiyyətinə yönəldilməsi, adambaşına maliyyələşdirmə mexanizminin tətbiqi və bu zəmində stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi, habelə maliyyələşmə mənbələrinin yetərliyinin təmin edilməsi təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir. Qloballaşma prosesləri müxtəlif dövlətlərin təhsil sistemlərinin inteqrasiyasını şərtləndirir. Hədəflər kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə - müəllim mübadiləsi nəzərə alınaraq, təhsil standartlarının unifikasiyası məqsədi daşıyan Bolonya prosesi sürətlənir. Ali təhsildə özəl sektorun rolu tədricən güclənir, dövlət maliyyələşdirilməsi özəl sektorun maliyyəsi ilə əvəzlənir. Dövlət maliyyələşdirməsinin həcmi Almaniya, Avstriyaİtaliyada 90 faiz olduğu halda, ABŞ, Avstraliya, YaponiyaKanadada cəmi 50-70 faiz təşkil edir.

 

ADU-daBolonya prosesi və keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları” adlı təlim

Bu məsələlər Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyi ilə birgə təşkil edilən təlimdə də müzakirə edilib. Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı Tvinninq layihəsi çərçivəsində, Finlandiya və estoniyalı ekspertlərin iştirakı ilə “Bolonya prosesi və keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları” adlı təlimin əsas məqsədi Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir. Digər məqsədlər, xüsusilə Bolonya siyasətinin yüksəldilməsi, AATM üzrə irəli sürülən vəzifə və istinad alətlərin tam olaraq həyata keçirilməsi üçün Təhsil Nazirliyi və Azərbaycan Respublikasının digər aparıcı qurumlarında institusional potensialın artırılmasıdır. Təlimdə Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisen, Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Rezident Tvinniq müşaviri Reijo Aholainen, Təhsil Nazirliyinin ElmAli Təhsil Şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətov və həmin şöbənin baş mütəxəssisi Tofiq Əhmədov, nazirliyin hüquq şöbəsinin aparıcı məsləhətçisi, professor Əfqan Abdullayev, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, həmçinin yerlixarici ekspertlər iştirak edib.

 

Təhsil sistemində akkreditasiya zamanı universitet idarəetməsi, onun keyfiyyət təminatı və cəmiyyətə xidmət kimi meyarlar əsas götürülür

Təlimdə Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli MattisenEstoniyada ali təhsilin keyfiyyət təminatı sistemi” adlı təqdimatla çıxış edib. Estoniya təhsil sisteminin tarixindən söhbət açan H.Mattisen eyni zamanda tədris qrupları barəsində ətraflı məlumat verib. O bildirib ki, geniş maliyyə vəsaitinin tələb olunmasına baxmayaraq, Estoniya təhsildə xarici təcrübədən yararlanıb. Estoniyada dövlət universitetlərinin ödənişsiz olduğunu vurğulayan qonaq özəl universitetlərin onlarla rəqabət apara bilmədiyini və bağlandıqlarını sözlərinə əlavə edib. O qeyd edib ki, Estoniya xarici tələbələri cəlb etmək məqsədi ilə ingilis dilli proqramlar təklif edir. Heli Mattisen Estoniyanın təhsil sistemində akkreditasiya keçirildiyi zaman universitet idarəetməsi, onun keyfiyyət təminatı, cəmiyyətə xidmət kimi meyarların əsas götürüldüyünü təlim iştirakçılarının diqqətinə çatdırıb. Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen Finlandiyanın təhsil sistemi haqqında təqdimatla çıxış edib. Qeyd edək ki, layihə rəhbərləri Finlandiya Təhsilin Qiymətləndirilməsi Mərkəzinin vitse-prezidenti Helka Kekalainen, Estoniya Ali Təhsildə Keyfiyyətin təmin olması üzrə Agentliyin prezidenti Heli Mattisen və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayevdir. Layihə çərçivəsində qısamüddətli ekspertlərin Azərbaycanda 470 günü ərzində yerli həmkarları ilə birgə çalışması, habelə azərbaycanlı ekspertlərin Aİ üzv ölklərinə tanışlıq səfərləri etməsi və staj keçmələri nəzərdə tutulur. İki il davam edəcək layihə 2017-ci ilin avqust ayına kimi yekunlaşacaq.

 

Anar Miriyev

Palitra.-2016.-28 yanvar.-S.11.