“İslahatlar davam edir”
Neftin qiymətinin kəskin düşməsi və manatın devalvasiyası nəticəsində yaranmış iqtisadi vəziyyətlə bağlı dövlət tərəfindən ciddi tədbirlər görülür. Əsas proritet isə islahatları daha da gücləndirməkdir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev bu məsələyə də toxundu.
Dövlət başçısı indiki vəziyyətdə əsas çıxış yolu kimi islahatları daha da dərinləşdirməkdə görür: “Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaqdır. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunmuşdur. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Millət vəkili Aydın Mirzəzadə bizimlə söhbətində dedi ki, Azərbaycan məcburiyyət qarşısında özünün milli valyutasının ABŞ dollarına olan nisbətini iki dəfə devalvasiya etməli oldu: “Devalvasiya Azərbaycanda gedən iqtisadi proseslərin nəticəsində deyil, məhz xarici faktorlar nəticəsində oldu. Dövlət, ilk növbədə əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün ciddi addımlar atacağını elan etdi və bu addımlar da atılır. Digər tərəfdən yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası çağırıldı. Orada maliyyə, bank sahəsində qanunvericiliyə bir sıra yeniliklər edildi. Eyni zamanda bazar münasibətləri tələb və təklifi öz yoluna qoya bilir”.
Aydın Mirzəzadə Azərbaycanda
davamlı olaraq iqtisadi
islahatların aparıldığını dedi:
“Prinsipcə, Azərbaycanda iqtisadi islahatlar ulu öndər
Heydər Əliyevin hakimiyyəti dövründən
aparılır. Böyük özəlləşdirmə
proqramının həyata keçirilməsi, Azərbaycanda sahibkarlar təbəqəsinin
yaradılması üçün ciddi addımların atılması prosesi Prezident İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Cənab Prezident son çıxışlarında da iqtisadi islahatların
aparılmasının vacibliyini xüsusi vurğulayıb. Bunun
nəticəsidir ki, Azərbaycan büdcəsinə
daxil olan gəlirlərin
böyük bir hissəsi
özəl sektorun payına düşür. Amma islahatlar bir dəfə aparılmaqla bitmir. İslahatlar daim aparılmaqda
davam edir”.
Millət vəkili bildirdi ki, vaxtaşırı sahibkarların fəaliyyətini
yaxşılaşdırmaq üçün
qanunvericiliyə təşəbbüslər edilir:
“Vergi və gömrük
məcəllələrinə dəyişikliklər edilir. Dövlət xətti ilə sahibkarlara kreditlərin verilməsi artıq böyük bir praktika olub. İqtisadiyyat Nazirliyinin
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə geniş
şəbəkədə sahibkarlara
yardım verilir və bu
sistem davam etdirilir. Həmçinin ipoteka
siyasətinin daha da dərinləşməsi
üçün bir
sıra addımlar atılıb və yenidən atılmaqda davam edəcək. Bütün
bunlar hamısı həm islahatlar,
həm də müsbət praktikanın möhkəmlənməsi
nəticəsində mümkün olur”.
Fuad Hüseynzadə
Palitra.-2016.-28 yanvar.-S.7.