Aprel döyüşlərində qazanılan uğurlar xalqımızın Qarabağa qayıdışına inamını daha da artırdı”

 

Sumqayıtda aprel döyüşlərində şəhid olan Seymur Baxışovun xatirə lövhəsinin açılışı olub

 

Ötən gün Sumqayıtda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Xüsusi Təyinatlı Qüvvələrin giziri Seymur Baxışovun xatirə lövhəsinin açılış mərasimi oldu. Mərasimdə şəhidin yaxınları, döyüş yoldaşları, QHT və KİV nümayəndələri iştirak edirdilər. Tədbirin təşkilatçısı müstəqil araşdırmaçı Rövşən Məmmədov Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir dilədi. O, dəvəti qəbul edib gələn bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi:

“Mənim üçün burada danışmaq çox çətindir. Çünki Seymur Baxışov və onun ailəsi mənə çox əzizdirlər”. Rövşən Məmmədov şəhidin həyatı və döyüş yolundan danışaraq qeyd etdi ki, aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsində unudulmaz iz buraxıb: “Həmin döyüşlərdə qazanılan uğurlar xalqımızın Qarabağa qayıdışına inamı daha da artırdı. Seymur Baxışov da bu döyüşlərdə qəhrəmanlıq göstərib və son damla qanına kimi vuruşub”. Rövşən Məmmədov dedi ki, şəhidlər və onların ailələri daimi diqqətdə olmalıdır.

Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli çıxış edərək şəhidin ailəsinə və doğmalarına başsağlığı verdi: “Biz bütün şəhidlərimizlə, o cümlədən Seymur Baxışovla fəxr edirik. Torpaq qana qarışanda vətən olur. Seymur kimi şəhidlərimizin qanları vətən yolunda axıdılıb”.

 

“Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir

Emin Həsənli bildirdi ki, Azərbaycan əsgərinin yüksək mənəvi-psixoloji hazırlığı var: “Aprel döyüşləri Azərbaycan ordusunun Ermənistan ordusundan müqayisəyəgəlməz dərəcədə üstünlüyə malik olduğunu göstərdi. Bütün parametrlərə - silah-sursat, hərbi texnika, hərbçilərin peşəkarlığı, mənəvi-psixoloji hazırlığı, insan resurslarına görə Azərbaycan Ermənistandan üstündür. Ən əsası da odur ki, düşməndən fərqli olaraq Azərbaycan əsgəri nəyin uğrunda mübarizə apardığını bilir".

E.Həsənli vurğulayıb ki, bizim əsas məqsədimiz işğal olunan torpaqlarımızı düşməndən azad etmək, Ermənistanın ölkəmizə qarşı təcavüzünü dayandırmaqdır: "Bizim bir nömrəli problemimiz Dağlıq Qarabağdır. Şükürlər olsun ki, bu gün Azərbaycanda ordu-xalq-dövlət birliyi var. Bu bizi böyük qələbəyə daha da yaxınlaşdırır”.

Emin Həsənli dövlətin şəhid ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbçilərimizin ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün atılan addımlardan danışdı:Bu abidənin açılışı şəhidlərə olan diqqətin bariz nümunəsidir. İnanıram ki, belə mərasimlər Qarabağda da keçiriləcək”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Seymur Baxışovun xatirə lövhəsinin hazırlanmasına dəstək göstərənlərə minnətdarlıq etdi: “Sağ olsunlar ki, belə bir təşəbbüslə çıxış ediblər. Şəhidlərimizin unudulmaması üçün bu çox zəruri addımdır. Bununla, eyni zamanda şəhidin ailəsi və yaxınları mənəvi rahatlıq tapmış olarlar”. QAT sədri aprel döyüşlərinin Azərbaycan ordusunun gücünü göstərdiyini bildirdi: Hər kəsin, o cümlədən düşmənlərin də etiraf etdiyi bir güc göstərildi. Bu çox vacib məsələdir. İkincisi aprel döyüşləri Azərbaycan cəmiyyətinin müharibəyə hazır olduğunu nümayiş etdirdi. Bu döyüşlər xalqımızın torpaq və vətən naminə şəhidlik zirvəsinə ucalmağa hazır olduğunu göstərdi. Üçüncü məqam ondan ibarətdir ki, cəmiyyətdə əhvali-ruhiyyənin yüksək səviyyədə olduğunu görə bildik. Azərbaycan cəmiyyətində siyasi əqidəsindən asılı olmayaraq, hər kəs Qarabağ naminə eyni hədəfə vurmağı bacardı”.

 

Aprel döyüşündə ordumuz düşmənə layiqli cavab verdi

“Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli də çıxış edərək şəhid ailələri qarşısında baş əydiyini bildirdi: “Bir il əvvəl aprel şəhidlərinin bir neçəsinin dəfn mərasimində mən də iştirak etdim. Bu mərasimlərdə böyük izdiham yaşanırdı. Bu, Azərbaycan xalqının öz şəhidinə verdiyi qiymətin təcəssümü idi”.

Hacı Şahin Həsənli dedi ki, aprel döyüşündə ordumuz düşmənə layiqli cavab verdi: “Seymur Baxışovun döyüşdə göstərdiyi şücaətdən xəbərim var. Aprel döyüşlərində Seymur kimi hərbçilərimizin şəhid olması bizi bir tərəfdən sarsıtsa da, digər tərəfdən mühüm məsələləri xatırlatdı. Əvvəla, xalqın keşiyini çəkən fədakar və igid gənclərimiz var və Allahın yardımı ilə olacaq da. Cəmiyyətimizdə hələ də ali dəyərlər yaşayır və nə qədər ki, bu dəyərləri yaşadan insanımız çoxdur, bir o qədər xalqımızın bütün sahələrdə, o cümlədən Qarabağ münaqişəsində də qələbəsinə ümidi çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, fədakar gənclərimizin sayını artırsın və xalqımızı tezliklə müzəffər eləsin”.

 

Qarabağ uğrunda şəhid olanların qəhrəmanlığı gənc nəslə nümunədir

Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə isə bildirdi ki, Seymur Baxışovun qəhrəmanlığı gənc nəslə nümunədir: “Seymur Baxışov artıq xalqın övladıdır. Ayrıca onun anası həm də bizim anamızdır. Onun övladını hər birimiz özümüzə övlad bilməliyik. Sumqayıtlılar, özəlliklə də Seymur Baxışovun qonşuları fəxr etməlidirlər ki, belə bir qəhrəman insanın vaxtilə böyüyüb boya-başa çatdığı binada yaşayırlar. Seymur Baxışovun, eləcə də digər şəhidlərin evləri və haradasa adlarına qoyulmuş xatirə lövhələri ziyarət məkanları olmalıdır. Belə yerlərə, xüsusən, məktəblilərin səfərlərini təşkil etmək lazımdır. Bununla yanaşı, məktəblərdə mütəmadi olaraq şəhidlərin anım, xatirə günləri kecirilməlidir”.

Fuad Hüseynzadə dedi ki, Seymur Baxışovun xatirə lövhəsi onun adını bir daha əbədiləşdirib: “Seymur Baxışov hər zaman xalqın yaddaşında yaşayacaq. Həmçinin “Vikipediyada onun adına səhifə yaradılıb. Bu o deməkdir ki, Seymur Baxışovun adı virtual yaddaşlarda da qalacaq”.

Tədbirdə Seymur Baxışovun hərbçi yoldaşları, müəllimləri, şəhid ailələrinin üzvləri və digərləri də çıxış edərək Ali Baş Komandanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atdığı addımları yüksək qiymətləndirdilər. Çıxış edənlər bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalqordunun birliyinin sarsılmazlığını dilə gətiriblər.

Çıxışlardan sonra şəhidin atası ilə övladı lövhənin üzərindən örtüyü götürdülər. Lövhənin önünə iştirakçılar tərəfindən tər gül dəstələri qoyuldu. Mərasimdə şəhidin təhsil aldığı məktəbin şagirdləri mahnı və şeirlər səsləndirdilər. Tədbir şəhidin məzarı önündə davam etdirildi.

Xatırladaq ki, əslən Masallı rayonundan olan Seymur Baxışov 1987-ci ilin 12 iyul günündə Sumqayıt şəhərində QulamhüseynZemfira Baxışovların ailəsində anadan olub. 1994-2005-ci illərdə Sumqayıt şəhərində yerləşən 14 nömrəli məktəbdə təhsil alan Seymur Baxışov 2009-cu ildə Aynur xanım ilə ailə həyatı qurub; Amin adında bir oğlu yadigar qalıb. Kiçik gizir Seymur Baxışov 2016 -cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 19-u onun meyiti təmas xəttindən götürülüb, 20-si isə Seymur Baxışov doğulduğu Sumqaygt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də qatılıblar. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kiçik gizir Baxışov, uğrunda şəhid olduğu torpağa tapşırılıb.Seymur Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə gürə" III dərəcəli medalı ilə təltif edilib.

 

Fuad Hüseynzadə

Palitra.-2017.-4 aprel.-S.11.