Tütünçülüyün inkişafı ölkəmizə valyuta və kütləvi yeri qazandıracaq

 

Kiçik ailə müəssisələrinə xas bir əkinçilik məhsulu sayılan tütünçülüyün özəlliyi məşğulluğu ilin 12 ayı əhatə etməsidir

 

Qeyri-neft sektorunun prioritet olması ölkədə bir çox sahələrin inkişafına təkan verib. Ötən ildən başlayaraq sovet dövründə ölkəmizdə irəliləyiş əldə etmiş sahələrin yenidən bərpası istiqamətində ciddi tədbirlər həyata keçirilir. Belə sahələrdən biri kimi 2016-cı ildə Azərbaycanda tütünçülük ciddi dönüş yaranıb. Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxışı zamanı ölkə başçısı bildirib ki, tütünçülüklə bağlı ciddi addımlar atılıb:

Biz tütünün tədarükünü iki dəfə artırmaq niyyətindəyik. İxracyönümlü məhsulların istehsalı bu gün ölkə qarşısında prioritet vəzifə olaraq dayanır və bu vəzifə icra edilməlidir. Bu, nə ilə bağlıdır? İlk növbədə, biz bunu ona görə etməliyik ki, ölkəmizin mövcud olan bütün kənd təsərrüfatı potensialını 100 faiz səviyyəsində həyata keçirək. Bir qarış torpaq boş qalmamalıdır. Bu, məhsuldarlığı artıracaq, insanlara daha da böyük maddi gəlir gətirəcək, dövlətə də bunun böyük xeyri olacaq. Kənd təsərrüfatının inkişafı bizim gələcəyimizdir. Hər bir ölkə nəyin hesabına yaşayır? İxrac hesabına. Ölkə ixrac etməsə, yaşaya bilməz”. Qeyd edək ki, Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafına dair iclasında ölkə başçısı bildirib ki, artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilib: “Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirikondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir”.

 

Dünyada təxminən 12 milyon əkinçi tütünçülüklə məşğul olur

 

Bu gün dünyada bir sıra ölkələr tütünü heçistehlak məqsədilə istehsal etmir. Yəni ixrac vasitəsilə böyük gəlirlər əldə edirlər. Hazırda dünyada 120-dən çox ölkədə tütün becərilir. Tütün istehsalının təxminən 60 faizini Virginia tipi (flue-cured), 14 faizini Burley tipi (Air-cured), 10 faizini türk tipi (Oriental tütün - Sun-cured), 11 faizini tünd rəngli və puroluk, 5 faizini də digər tütünlər təşkil edir.

Dünyada ən çox tütün istehsal edən ölkələr Çin, Hindistan, Braziliya, ABŞ, Türkiyə, Zimbabve, İndoneziya və Malayziyadır. Bu ölkələr ümumilikdə dünya tütün istehsalının 80 faizinin çoxuna sahibdir. Çin ümumi yarpaq tütünün təxminən 40 faizini istehsal edir. Dünyada təxminən 12 milyon ətrafında əkinçi tütünçülüklə məşğul olur ki, bu rəqəmin 3-də 2-sini çinli fermerlər təşkil edirlər. Tütünün əkilməsindən yetişdirmə və məhsul müddətinə qədər, texnika ilə əkinçiliyin çox tətbiq edilə bilmədiyi, bu səbəbdən çox əmək tələb etdiyi üçün bu məşğulluq ilin 12 ayını əhatə edir. Tütün yarpaqları əllə yığılır və yalnız müəyyən mərhələdə texnikadan faydalanmaq mümkündür. Bu baxımdan tütün, adətən, kiçik ailə müəssisələrinə xas bir əkinçilik məhsulu sayılır. Ölkələr üzrə istehsala gəldikdə, 2013-cü ilin məlumatına görə, Çində 3.150.197, Braziliyada 850.673, Hindistanda 830.000, ABŞ-da 343.837, İndoneziyada 260.200, Zimbabvedə isə 150.000 ton tütün istehsal edilib.

 

Türkiyə iqtisadiyyatında fındıq ixracatından sonra ölkəyə ən çox valyutanı tütün gətirir

 

Dünya tütün ixracına gəldikdə isə ilk sırada yer alan Braziliya 3.192.512 min dollar, ABŞ 1.216.730 min dollar, Zimbabve 869.882 min dollar, Hindistan 842.939 min dollar, Çin 644.424 min dollarlıq ixraca malikdir.

Qonşu Türkiyədə tütün istehsalına mühüm yer verilir. Türkiyə 2013-cü ildə 439 milyon dollarlıq yarpaq tütün ixracatı ilə 8-ci sırada yer alıb. 2015-ci ildə 53 min 857 ton tütün 382,8 milyon dollar qarşılığında ixrac edilib. 2016-cı ildə hazır tütün məhsulları 652 milyon dollar, yarpaq tütün isə 358 milyon dolları Türkiyə iqtisadiyyatına qazandırıb. İxrac edilən hazır tütünün 501 milyon dollarlıq hissəsi Yaxın Şərq ölkələrinə göndərilib. Türkiyə iqtisadiyyatında fındıq ixracatından sonra ən çox tütünün ölkəyə valyuta gətirdiyi qeyd edilir. Hesablamalara görə, ölkədə ümumilikdə 56 min tütün istehsalçısı var. Müqaviləli olaraq istehsala davam edən fermerlər ildə 62 min tonluq istehsal reallaşdırır. Məlumatlara görə, Türkiyənin siqaret məmulatı ixracatı 5,69 faiz artarkən, tütün firmalarının istehsalda 86,67 faiz nisbətində idxal, 13,33 faiz nisbətində yerli tütün istifadə etmələri diqqət çəkir. Tütün ixracında əsas ölkələrə baxıldığında isə İran ilk sırada yer alır. Keçən il 149 milyon dollar məbləğində tütün ixrac edilən İrandan sonrakı yeri Bəhreyn tutur. Üçüncü sırada isə Səudiyyə Ərəbistanı gəlir. Türkiyə keçən il ixracatın 51 min tonunu yarpaq tütün olaraq ixrac etdiyi halda, ən çox yarpaq tütün ixrac edən dünya ölkəsinin ABŞ olduğu açıqlanıb. 150 milyon dollarlıq ABŞ ixracatını, 34 milyon dollarla Belçika izləyib. 2013-2014 illərdə toplanan tütün məhsulları vergisindən dövlət kassalarına 269 milyard dollar daxil olub.

Tütün istehlakına gəldikdə isə dünyada siqaret çəkənlərin sayının 1 milyard 100 milyon olduğu təxmin edilir. Bununla yanaşı, təxminən 346 milyon adamtütün çeynəyir. Ən çox siqaret istehlak edən ölkə Cənubi Afrikadır ki, burada 19,8 faiz təşkil edən istehlakçıların 32,1 faizi kişi, 7,4 faizi isə qadındır. İkinci sırada 19,9 faizlə Cənubi Koreya gəlir. Üçüncü sırada 20 faizlə Birləşmiş Krallıq, daha sonra isə 20,4 faizlə İsveçrə, 20,5 faizlə Sloveniya, 20,9 faizlə Almaniya gəlir.

Göründüyü kimi, dünya ölkələrinin böyük məbləğdə gəlir əldə etdiyi tütün tədarükünün ölkəmizdə də artırılması vacibdirbu istiqamətdə tədbirlər valyuta axınına imkan yaradar.

Nigar Abdullayeva

Palitra.-2017.-4 aprel.-S.6.