“Əsas planım Özbəkistandakı
azərbaycanlıları bir yerə
toplamaqdır”
Mais İbadov:
“Milli
diaspor Özbəkistanda öz
işini gücləndirməlidir”
Diaspor üzvlərinin bir araya gəlməsi, birgə fəaliyyəti onların işini daha da keyfiyyətli edir. Məhz birlik olan yerdə diaspor öz hədəfinə çata bilər. Dövlətin də əsas istəyi diasporun həmrəylik nümayiş etdirməsidir. Təsadüfi deyil ki, Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev həmrəy olmağı diaspor qarşında əsas vəzifə kimi qoyub: “Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir”. Bu baxımdan Özbəkistanda yaşayan soydaşlarımızda da aktivlik özünü göstərir. Onlar bir araya gəlmək üçün bu yaxınlarda diaspor sədrliyinə seçki keçirəcəklər. Seçkidə iştirak edən 6 namizəddən biri də Özbəkistan və Azərbaycanda tanınmış güləşçi, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadovdur.
-Sizin diasporla bağlı nə kimi planlarınız
var?
-Mən həmişə öz millətimi fikirləşmişəm. Millətimə dayaq olmuşam, tanıtdırmışam. Uşaqlıqdan bu günə
kimi Azərbaycanla nəfəs alıram.
“Azərbaycan” deyib yaşayıram və ömrümün sonuna qədər də belə davam edəcəm.
Xaricdəki, eləcə də Özbəkistandakı soydaşlarımız
bir araya gəlməlidir. Millətdə birlik olmalıdır.
Özbəkistanda milli diaspor öz işini gücləndirməlidir. Mənim də
əsas planım Özbəkistandakı azərbaycanlıları
bir yerə toplamaqdır.
Ötən il Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Özbəkistana gəlmişdi.
O dedi ki, diaspor üzvləri arasından namizədləri
seçib, seçki keçirək. Artıq seçki ilə
bağlı təşkilati
işlər görülüb.
Bu yaxınlarda seçki olacaq. Mənim üçün kimin seçiləcəyinin fərqi
yoxdur. Özbəkistanda diasporumuza yeni
nəfəs lazımdır.
Ümid edirəm ki, yeni diaspor rəhbəri
seçiləndən sonra
diaspor işində irəliləyiş olacaq.
-Özbəkistanda
Azərbaycanın təbliği
ilə bağlı tədbirlər keçirilirmi?
-Diaspor o deməkdir ki, xaricdə öz ölkəsini tanıtdırsın. Özbəkistanda isə diaspor bu işi görmür.
Bu fəaliyyət, əsasən, Azərbaycan
Respublikasının Özbəkistan
Respublikasındakı səfirliyi
tərəfindən aparılır.
Amma diaspor da bu
işdə səfirliyə
dəstəyini göstərməlidir.
Prezident İlham Əliyev dəfələrlə deyib
ki, Azərbaycan diasporu səfirliklə birgə fəaliyyət göstərməlidir. Özbəkistanda
isə diasporun səfirliklə birgə fəaliyyəti hələ
hiss olunmur.
-Bəs Özbəkistanda xalqımızın
anım günləri
qeyd olunurmu?
- Bu baxımdan da əksər tədbirlər
Özbəkistandakı səfirliyimizin
təşkilatçılığı ilə baş tutur. Son belə tədbirlərə misal olaraq qeyd edim
ki, fevralın 23-də
Azərbaycanın Özbəkistandakı
səfirliyi Daşkənddəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi
ilə birgə Xocalı faciəsinin 25-ci
ildönümü ilə
bağlı anım mərasimi keçirdi.
Mədəniyyət Mərkəzindəki Heydər
Əliyev Muzeyində keçirilən tədbirdə
Özbəkistanın elm, mədəniyyət
və incəsənət
xadimləri, diasporumuzun
üzvləri, jurnalistlər
iştirak edirdilər.
Tədbirdə Azərbaycanın Özbəkistandakı
səfiri Hüseyn Quliyev, tanınmış özbək şairi Tura Mirzə, Orta Asiya Azərbaycanlıları
Konqresinin baş koordinatoru Akif Ağatalıbov, soydaşımız,
tanınmış alim
Almaz Məcidova,
professor Gülbahar Aşurova,
müğənni Xursənd
Şerov və başqaları Xocalı soyqırımı, erməni
təcavüzü barədə
fikirlərini bölüşdülər.
-Diaspor tərəfindən sizin hər hansı mükafatlandırılmanız olubmu?
-Xeyr. Diaspordan mənə heç
bir mükafatlandırma
olmayıb. Burada
Özbəkistanın və
Azərbaycanın müstəqilliyi
adına biz turnir keçirmişik. Bu işi də
Özbəkistan, Asiya
və dünya çempionu olaraq, əsasən, mən təşkil etmişəm.
Bütün idmançıları da mən toplamışam.
-Bir idmançı olaraq hansı yarışlara hazırlaşırsız?
-Mən hər zaman məşq edirəm, idmançı kimi öz formamı
saxlayıram. Hazırda Bolqarıstanda
oktyabrın 2-6-da veteranlar
arasında keçiriləcək
sərbəst güləş
üzrə Dünya Çempionatına hazırlaşıram.
Bu yarışda da iştirakımın bütün xərcləri
Azərbaycan Güləş
Federasiyası tərəfindən
qarşılanacaq. Ümumiyyətlə, Azərbaycan Güləş
Federasiyası hər zaman mənə diqqət göstərir.
-Bu yaxınlarda diaspor jurnalistləri xaricdəki azərbaycanlı idmançıların birliyinin yaradılmasını təklif etdilər. Bu məsələyə münasibətiniz necədir?
-Çox gözəl təklifdir.
Çünki Özbəkistanda gənc azərbaycanlı
idmançılar çoxdur. Hər bir ölkədə belə azərbaycanlılar
var. Belə bir təşkilat
fəaliyyətə başlasa, xaricdəki
idmançılarımız bir araya gələr, eyni zamanda diaspor fəaliyyətində
yeni istiqamət yaranar.
Həmçinin Azərbaycanın dünyada
idman ölkəsi kimi
tanınmasına da dəstək verilmiş olar.
Fuad Hüseynzadə
Palitra.-2017.-5 aprel.-S.7.