“Kənd təsərrüfatı sahəsində
ixtisaslı kadrlara böyük ehtiyac var”
Professor
Rauf Sultanov:
“Kənd
təsərrüfatı kadrlarını yetişdirən ali təhsil, orta ixtisas peşə təhsili
müəssisələrində kadrların düzgün
yetişdirilməsinə diqqət artırılmalıdır”
Ölkədə kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən tədbirlər
bu sektorda bütün amillərə diqqət yetirilməsini tələb
edir. Bu baxımdan kadr hazırlığı məsələləri
böyük əhəmiyyət daşıyır.
Pambıqçılığın inkişafı məsələlərinə
dair respublika müşavirəsində
çıxışı zamanı kadr
hazırlığının vacibliyini qeyd edən ölkə
başçısı bildirib ki, növbəti illərdə
peşə hazırlığı Azərbaycanda geniş
vüsət almalıdır və buna böyük ehtiyac var:
“Peşə məktəblərinin yaradılması prosesi
gedir, daha da sürətlə getməlidir. Bu proses
iqtisadiyyatın ümumi inkişafı ilə
uzlaşmalıdır. Biz iqtisadi
inkişafımızı planlaşdırırıq. Bizim regional inkişaf proqramlarımız dərc
olunur. Yəni biz öz beşillik fəaliyyət
planımızı tərtib edirik və eyni zamanda sənaye, kənd
təsərrüfatı və digər sahələrlə
bağlı proqramlar bizə yol göstərir. Ona görə peşə hazırlığı
buna uyğun şəkildə aparılmalıdır. Nə qədər və hansı istiqamətdə
peşə məktəbləri olmalıdır? Kənd təsərrüfatı, sənaye, turizm sahələrində
ixtisaslaşmış peşə məktəblərinin
yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr
bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək.
Kənd təsərrüfatı mütəxəssisləri,
aqronomlar, bu peşələr üzrə kadrlar
hazırlanmalıdır. Bildiyimə görə, burada müəyyən
qıtlıq yaşanır və biz gəncləri bu sahəyə
cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da
bilsinlər, peşəkar olandan sonra onların
yaşayış səviyyəsi böyük dərəcədə
yaxşılaşacaq. Bu istiqamətdə
işlər keçən il görülüb və bu il də
davam edəcək”.
Müsahibimiz
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin Biologiya fakültəsinin professoru, Azərbaycan
Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti Rauf Sultanovdur:
- Kənd
təsərrüfatı sahəsində kadrların
hazırlanmasında mövcud vəziyyəti necə qiymətləndirirsiniz?
- Ölkə
başçısı son müşavirədə Azərbaycanda
kənd təsərrüfatının inkişafına diqqətin
artırılması və bu sahədə böyük
uğurların qazanılması istiqamətində tədbirlərin
həyata keçirilməsini vacib hesab edib. Prezident
düzgün olaraq bu işin həllini, ilk növbədə təhsil
sistemində gedən islahatlarda görür. Ölkəmizdə peşə yönümlü təhsil
sisteminin inkişafı ilə əlaqədar olaraq son 10 ildə
çox uğurlu layihələr həyata keçirilib.
Bakalavr, magistr pillələrinin
yaradılması, tədris olunan fənlərin və
onların məzmun standartlarının hazırlanmasında
böyük işlər görülüb. Bundan
başqa, Boloniya prosesinə keçid, kredit sisteminin tətbiqi
ilə əlaqədar olaraq ali təhsili
müəssisələrində peşə
hazırlığı ilə əlaqədar bir sıra
işlə görülüb. Dünya
miqyasında elmi tərəqqi artdıqca kadr
hazırlığına xüsusi diqqət yetirmək
lazımdır. Müəyyən elmi
nailiyyətlərin qazanılmasında kadr potensialının
mühüm rolu var. Davamlı inkişafla əlaqədar BMT və
digər beynəlxalq təşkilatlarda da kadr
potensialının yetişdirilməsinə böyük önəm
verilir. Azərbaycanda orta təhsil sistemində kurikulumlar
tətbiq olunmağa başlayıb və bununla əlaqədar
olaraq həm də ali təhsil sistemində
peşə yönümlü ixtisaslı kadrların
hazırlanmasına diqqət yetirilir. Məsələ
ondadır ki, hazırda ənənəvi təhsil sistemindən
fərqli olaraq fəal təlim metodlarından istifadə edilməyə
başlanılıb. Bu isə ixtisaslı,
müasir dövrün tələblərinə cavab verən
kadrların hazırlanmasına gətirib çıxarır.
Fəal təlim metoduna gəldikdə əvvəllər
tədris ənənəvi metodlarda elm yönümlü, yəni
tələbələrə elmin öyrənilməsi istiqamətində
qurulsa da, indi tədqiqat-təlim istiqamətində qurulur.
-Kənd
təsərrüfatı mütəxəssisləri,
kadrların hazırlanması istiqamətində hansı tədbirlərin
həyata keçirilməsini vacib hesab edirsiniz?
-
Hazırda kənd təsərrüfatının
inkişafı ilə ölkə
başçısının müasir dövrün tələblərinə
cavab verən kadrların hazırlanması ilə bağlı
fikirləri təqdirəlayiqdir. Azərbaycan
sovet dövründə kənd təsərrüfatı istiqamətinə
yönəlmiş bir iqtisadiyyata malik idi. Ölkəmizdə
pambıqçılıq, heyvandarlıq,
üzümçülük, baramaçılıq, meyvə-tərəvəzçilik
geniş inkişaf etmişdi. O dövrdə kənd təsərrüfatı
kadrları hazırlanmasına diqqət çox idi. Belə ki, kollektiv təsərrüfatlar, kolxoz,
sovxozlar var idi və orada kadr hazırlanması
üçün xüsusi proqram tərtib olunmuşdu. Bu proqram əsasında ixtisas yönümlü
kadrlar hazırlanırdı. İndi bazar
iqtisadiyyatına keçidlə əlaqədar olaraq fermer təsərrüfatları
yaradılıb və onlar inkişaf etməlidirlər ki, kənd
təsərrüfatı kadrlarına olan münasibəti dəyişsin.
Hazırkı fermerlər kadrların
saxlanması üçün müəyyən vəsait xərcləmək
istəmirlər.
“Kadrları
elə hazırlamalıyıq ki, fermerlər ondan istifadə
etdikdə istehsal prosesində məhsuldarlığın, rentabellik
səviyyəsinin yüksəldiyini hiss etsinlər”
Amma kənd təsərrüfatı kadrlarını elə
hazırlamalıyıq ki, fermerlər ondan istifadə etdikdə
istehsal prosesində məhsuldarlığın, rentabellik səviyyəsinin
yüksəldiyini hiss etsinlər. Ona görə də kənd
təsərrüfatı kadrlarının hazırlanmasına
xüsusi diqqət yetirilməlidir. Burada peşə
yönümlü kadrların hazırlanmasına, praktik cəhətdən
potensial biliklərə malik olan, bacarıq vərdişləri
aşılanmış kadrlara böyük ehtiyac var. Həmin
kənd təsərrüfatı istiqamətində
yetişmiş kadrlar özlərinin bilik, peşəkarlıq
səviyyəsindən istifadə edərək fermer təsərrüfatlarının
inkişafına dəyərli töhfə verməlidirlər
ki, fermerlər ondan yararlana bilsinlər. Ona görə də kənd
təsərrüfatı kadrlarını yetişdirən ali təhsil müəssisələrində,
orta ixtisas peşə təhsili müəssisələrində
kadrların düzgün yetişdirilməsinə diqqət
artırılmalıdır. Bu gün ölkədə
Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət
göstərir və rayonlarda peşə yönümlü kənd
təsərrüfatı mütəxəssislərinin
yetişdirilməsinə xüsusi diqqət yetirilir. Hazırda Azərbaycan xarici ölkələrdən
müasir texnikalar əldə edir və məsələn, 1
milyon dəyərində olan pambıqyığan maşın
həm sahədən pambığı toplayır, həm
çiyiddən təmizləyir, həm də xüsusi formada
qablaşdırır. Əgər əvvəllər
bu prosesi yerinə yetirmək üçün 30 nəfər
işçi qüvvəsi tələb olunurdusa, indi bu
kombaynlar həmin işi yerinə yetirir. İndi
bu kombaynlardan düzgün istifadə edilməsi, texniki
nasazlıq əmələ gələndə, texniki təmir
işləri aparılması üçün daha savadlı,
mükəmməl kadrlar lazımdır. Elmi
nailiyyət elə inkişaf edib ki, indi yeni
yaradılmış pambıq sortları və onlara göstərilən
aqrotexniki tədbirlər nəticəsində bir hektar sahədən
alınan məhsuldarlığı sovet dövrünə nisbətən
iki-üç dəfə artırmaq mümkündür.
Ona görə də seleksiya, genetika sahəsində
mükəmməl biliklərə yiyələnən kadrlar
lazımdır. Dünya elminin nailiyyətinin
ölkəmizdə tətbiqi üçün müəyyən
biliklərə yiyələnməlidirlər. Sovet dövründə meyvə toplanmasına
çoxlu işçi qüvvəsi cəlb olunurdu. Amma indi kiçikboylu meyvə ağacları var və
əgər böyük meyvə ağaclarından toplanan meyvənin
30-40 faizi zədələnirdisə, indi kiçikboylu meyvə
ağaclarının bir hektar sahədə sayı çox
olduğu üçün alınan məhsul da 2-3 dəfə
artıq olur. Müasir dövrdə meyvəçiliyi
inkişaf etdirməklə yanaşı, yetişmiş meyvələrin
keyfiyyəti də yüksək olmalıdır. Ağacların müalicə edilməsi, meyvələri
uzun müddət saxlamaq üçün dondurucu komplekslər
olmalıdır ki, ilboyu istifadə etmək mümkün olsun.
Həm də qış fəslində meyvə
daha baha qiymətə olduğu üçün bu onun
rentabelliyini artırır. Burada kənd təsərrüfatını,
meyvəçiliyi inkişaf etdirməklə yanaşı,
iqtisadi biliklər də mühüm əhəmiyyət kəsb
edir. Yəni iqtisadi biliklər
artırılmalıdır ki, kənd təsərrüfatı
inkişafında bazara olan tələb və təminat nəzərə
alınsın, həm də ölkədə idxal-ixrac prosesləri
əhəmiyyət kəsb etdiyi üçün xüsusi
diqqət yetirilməlidir. Burada söhbət
təkcə bakalavr pilləsində kənd təsərrüfatı
ixtisaslı kadrların hazırlanmasından getmir, eləcə
də yüksək magistr səviyyəsində mütəxəssislərin,
elmi potensiala malik olan alimlərin tədqiqat işləri
mühüm əhəmiyyət kəsb edir.
- Yeni kadrların hazırlanması bu
sektorun inkişafı üçün hansı imkanlar
yaradacaq?
- Bundan
başqa, kənd təsərrüfatı kadrlarının
hazırlanmasında müəllimlərin peşə
hazırlıq səviyyəsi yüksək olmalıdır. Bu o deməkdir ki, müəllimlərin bilik səviyyəsi
müasir tələblərə cavab verməlidir, bacarıq və
vərdişləri, pedaqoji qabiliyyəti yüksək
olmalıdır ki, tələb olunan dərəcədə
kadrların hazırlanması mümkün olsun. Lakin, təəssüf
ki, ADAU-da tələbələr test üsulu ilə qəbul olur
və burada keçid balı çox
aşağıdır. Məsələn, ADTU-ya
500-700 balla daxil olursa, ADAU-ya 150-300 balla daxil olur. Bu tələbələr yüksək səviyyəli
olmalıdır ki, aqrar sahədə daha yaxşı biliklərə
yiyələnə bilsinlər. Təhsil
prosesində bu mütləq nəzərə alınmalıdır.
Təklif edərdim ki, kənd təsərrüfatı
sahəsində çalışan kadrların əməkhaqları
daha da yüksək olsun ki, daha bilikli, savadlı tələbələrin
bu sektora marağı artsın. Bundan
başqa, fermer təsərrüfatlarında onların
özünün sertifikatları olmalıdır. Bunun üçün də fermerlər peşə təhsili
məktəblərində təhsil almalıdırlar ki,
müasir dövrün tələblərinə cavab verəcək
qabiliyyətə malik olsunlar.
Ümumiyyətlə, kənd təsərrüfatı
kadrlarının müasir tələblərə cavab verən
səviyyədə yetişdirilməsində dövlət səviyyəsində
bir sıra məsələlərin həyata keçirilməsi
vacibdir. Onlardan biri odur ki, tələbələrimiz kənd təsərrüfatı
inkişaf etmiş ölkələrin təhsil müəssisələrində
təhsil alsınlar. Oradakı nailiyyətlərlə
tanış olsunlar və ölkəmizə qayıtdıqda
faydaları çox olsun. Çalışmalıyıq ki,
xarici ölkələrlə tələbə mübadiləsi
keçirilsin, tələbələrimiz 2-3 aylıq
ixtisasartırma kurslarında iştirak etsinlər. Həmçinin
bu sahədə inkişaf etmiş ölkələrin biliklərini
öyrənmək üçün konfransların
keçirilməsi vacibdir ki, burada müasir dövrdə
dünyada tətbiq olunan texnologiyalarla bağlı məlumata
yiyələnməlidir. Bu sahədə də tədbirlərin
həyata keçirilməsi məqsəduyğun olardı.
Nigar Abdullayeva
Palitra.-2017.-5 aprel.-S.5.