Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ problemin ədalətli həlli üçün birləşməlidir

 

Mladen İvaniç: “Ermənistan işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır”

 

Azərbaycanın bədnam qonşumuz olan Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Dağlıq Qarabağ münaqişəsi, Xocalı qətliamının dünyaya çatdırılması ilə bağlı təbliğat işləri uğurla davam etdirilir. Artıq son dövrlərdə bütün bu təbliğati işlərin, qurulan düzgün xarici siyasətin uğurlu nəticələrini görürük. Hətta artıq bir sıra universitet və məktəblərdə də Dağlıq Qarabağla bağlı maarifləndirici dərslər, tədbirlər keçirilir. Buna misal olaraq bir neçə gün öncə Litvanın Lazdiyay şəhərindəki gimnaziyada qeyri-ənənəvi dərsin keçirilməsini göstərmək olar.

Bu dərsi müəllim kimi hərbi jurnalist, Xocalı soyqırımının şahidi Riçardas Lapaytis aparıb. Azərbaycanın böyük dostu olan Riçardas Lapaytis həmçinin müsahibəsində bildirib ki, bu, gimnazistlərlə onun ikinci görüşüdür. Polşa-Litva sərhədinin yaxınlığında yerləşən Lazdiyay şəhərində yazıçıların “Lazdiyu myaneklubunun prezidenti, Litva Jurnalistlər İttifaqının üzvü, “Avrasiya-Press” Beynəlxalq Fondunun Litvadakı nümayəndəsi, “Sonsuz dəhliz” adlı sənədli filmin baş qəhrəmanı olan R.Lapaytis əsir düşmüş insanların, o cümlədən indiyə qədər ermənilərin əsirliyində saxlanılan azərbaycanlıların xilas edilməsi üzrə qrupun üzvüdür. R.Lapaytis deyib: “Müəllimlər məni gimnaziyaya dəvət edərkən əmin idilər ki, Dağlıq Qarabağ müharibəsinin canlı şahidi müharibə barədə yalnız kitablarda oxumuş gənc nəslin mənəvi tərbiyəsinə, onların həyatda öz məqsədlərinin mənasını yenidən dərk etməsinə təsir göstərəcək. Gimnaziya şagirdləri müharibə iştirakçısı olmuşbu barədə söhbət açan Ernest Heminqueyin və digər yazıçıların əsərlərini öyrənərək bu qənaətə gəliblər ki, insan hətta ən ağır şəraitdə də insan olaraq qalmalıdır. Şagirdlər anlamaq istəyirdi: bizim günlərdə müharibə necə olur? Jurnalistüçün bu dərəcədə təhlükəli bir yol – müharibəni öz gözü ilə görmək yolunu seçir? Başqalarının apardığı müharibədə həlak ola biləcək insanı buna sövq edən nədir?

Dərsin əvvəlində gimnazistlər özləri keçən əsrin ən dəhşətli faciələrindən biri – Azərbaycanın Xocalı şəhərində törədilmiş faciə barədə bildiklərini söylədilər.

Mən Xocalı sakinlərinin, xüsusən o qanlı gecədə vəhşicəsinə işgəncələrə məruz qalmış uşaqların faciəli taleyi barədə gimnaziya şagirdlərinə ətraflı məlumat verdim. Uşaqları hiddətləndirən bu idi ki, Xocalı faciəsini törətmiş cəlladlar hələ də cəzalandırılmayıblar. Onlar inana bilmirdilər və məndən dönə-dönə soruşurdular: doğrudurmu ki, Ermənistanın indiki prezidenti Xocalı qırğınında şəxsən iştirak edib?

Mən hərbi əməliyyatlarla etnik təmizləmələr, məsələn, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində apardığı etnik təmizləmələr arasındakı fərqi izah etdim.

Daha sonra mən uşaqlara söylədim ki, bu gün mən beynəlxalq “Avrasiya-Pressfondunun dəstəyi ilə Dağlıq Qarabağın işğal edilmiş cəbhəyanı zonasında işimi davam etdirirəm. Mən orada Ermənistanın indiki rəhbərləri tərəfindən Azərbaycanın cəbhəyanı kəndlərinin dinc sakinlərinə qarşı törədilən yeni cinayətləri qeydə alıram.

Şagirdlər soruşanda ki, mən orada həlak olacağımdan qorxmurammı, belə cavab verdim: Xilas edilmiş hər bir insan həyatı təkcə şəxsi qələbə deyil, bu, hər bir sağlam düşüncəli insanın qələbəsidir. Burada hansı məzhəbə və ya hansı mədəniyyətə mənsub olmağın fərqi yoxdurbütün insanlar yaşamaq və ədalət hüququna malikdirlər”.

R.Lapaytis qeyd edib ki, o, hər il məktəblərdə, kitabxanalarda, müxtəlif təşkilatlarda onlarca görüş keçirir. İnsanlar həmin görüşlərdə bu dəhşətli müharibənin canlı şahidindən həqiqəti eşitmək istəyirlər. Litvalı jurnalist deyir: “Mənim gündəliklərimdə indiyə qədər heç yerdə dərc edilməmiş əhvalatlar barədə qeydlər çoxdur. Bu əhvalatlar vaxtilə indiki gənc dinləyicilər kimi yeniyetmələr olmuş sadə insanların şikəst edilmiş taleləri ilə bağlıdır. Mənim qəhrəmanlarımın çoxu sağ qalsaydı, onlar məşhur alimlər, yazıçılar, ən başlıcası – yaxşı insanlar ola bilərdi. Təəssüf ki, onlar başabəla siyasətçilərin və millətçilərin, Daşnaksutyun kimi müxtəlif terror təşkilatlarının ucbatından başlanmış mənasız müharibədə həlak olublar”.

R.Lapaytis deyib ki, yaxın vaxtlarda Litvanın müxtəlif məktəblərində daha bir neçə görüş təşkil edilməsi nəzərdə tutulur. Onun Londona səfəri gözlənilir. OradaSonsuz dəhliz” sənədli filmi göstəriləcək, yerli jurnalistlərlə görüş olacaq.R.Lapaytis onu da qeyd edib ki, o, Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Paris, Brüssel, Strasburq, Berlin, Moskva, Cenevrə, Praqabaşqa şəhərlərdə böyük dinləyici auditoriyaları qarşısında çıxış edib: “Mən həqiqəti insanlara damla-damla çatdırmaq istəyirəm. Əlbəttə, bu, heç də hamının xoşuna gəlmir. Özünüz fikirləşin, kiçik bir ölkə olan Azərbaycanda bir milyon qaçqın var, ərazilərinin 20 faizi erməni işğalı altındadır. Məni tez-tez qınayırlar ki, kiməsə tərəfkeşlik edirəm. Azərbaycan Ermənistan tərəfindən elan edilməmiş müharibəyə cəlb edilən ölkədir və mən həqiqətin tərəfdarıyam! Mən həqiqəti bilirəm və görmüşəm!”.

Artıq dünya dövlətlərinin rəhbər şəxsləri də Azərbaycanla bağlı danışanda, ilk növbədə Dağlıq Qarabağ məsələsini daha çox önə çəkirlər. Buna misal olaraq Fransa prezidenti Fransua Ollandın və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubları misal göstərmək olar. Fransa prezidentinin müraciətində deyilir: “Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək”. Angela Merkelin ünvanladığı məktubda isə qeyd edilir ki, Azərbaycan yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcək:

“Mən əminəm ki, Azərbaycan bütün region kimi yalnız regional münaqişələrin həllindən sonra tam şəkildə potensialını inkişaf etdirə biləcəkdir. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi, gələcəkdə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edəcək və həmsədrlərin səylərini dəstəkləyəcəkdir".

Bosniya-Herseqovina Rəyasətinin prezidenti Mladen İvaniç isə APA-ya verdiyi müsahibədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha açıq danışaraq bildirib ki, Ermənistan işğal faktorunun üstünü örtmək üçün əlindən gələni edir.

O, Azərbaycan Prezidenti XX Avrasiya İqtisadiyyat Zirvəsinə göndərdiyi məktubunda “ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiasından başlamış bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək qlobal qarşıdurma yaratmağa səy göstərir”, - yazmasına da reaksiya verib. Mladen İvaniç Ermənistanın bu məkrli cəhdi barədə bunları deyib: “Əlbəttə ki, qarşı tərəf işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır. Problemi mümkün olan variantda həll etmək lazımdır. Mümkün olan variant isə məsələni sülh yolu ilə həll etməkdir, oturub sülh müzakirələri aparmaqdır. Mən Bakıda olarkən bu barədə Prezident İlham Əliyevlə danışmışam. Azərbaycanın bu istiqamətdəki mövqeyini aydın şəkildə başa düşürəm. Məncə, danışıqları, müzakirələri davam etdirmək lazımdır, bu, ən real yoldur. Münaqişəyə fərqli rəng vermək cəhdləri ola bilər. Ancaq burada fərqli dinlər arasında münaqişənin olduğunu söyləmək mümkün deyil.

Biz eyni problemlərin içindən gələn xalqlarıq. Bosniya da eyni problemi yaşamışdı. Mən buna əminəm: danışıqlara tez başlamaq gec başlamaqdan həmişə yaxşıdır. Problemi danışıqlar yoluyla həll etmək yeganə yol olmalıdır. Konfliktləri həll etmək üçün qədər müharibə aparılsa da, işin finalında yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Bu, əlbəttə ki, asan proses deyil. Beynəlxalq ictimaiyyət problemin ədalətli şəkildə həll edilməsi üçün birləşməlidir”.

Görünən odur ki, Ermənistan artıq doxsanıncı illərdə olduğu kimi dünyaya yalan sırımaqda davam edə bilmir. Bütün dünya Dağlıq Qarabağ münaqişəsinin hansı səbəbdən baş verdiyini, işğal faktorunun aşkar ortada olmasını gözəl görür Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

 

Tural Tağıyev

 

 Palitra.-2017.-7 aprel.-S.11.