Biz zəkalı insan
yetişdirməliyik ki, bu
günümüz, sabahımız, gələcəyimiz
əmin əllərdə olsun
(əvvəli 5 aprel sayımızda)
- Azərbaycanda
müəllim hazırlığı haqqında nə deyə
bilərsiz?
- Deyə bilərəm ki, bu gün müəllim hazırlığında ciddi problemlər var. Bu problem nədir? Öncə hər şey seçimdən başlayır. Konstantin Stanislavski deyir: “Teatr asılqandan başlayır”. Əgər tamaşaçı varsa, deməli, mən rolu yaxşı oynayacam və tamaşaçının çoxluğu mənə enerji verəcək. Biz tələbə qəbulu həyata keçiririk. Rəssam üçün rəng duyumu, musiqiçi üçün musiqi duyumu, müəllim üçün isə pedaqoji duyum olmalıdır. Hansısa tələbə müəllimlik sənətinə gəlibsə, mütləq onun yararlılıq qabiliyyəti yoxlanılmalıdır. Əgər İbtidai sinif fakültəsinə gələn tələbənin yazı və hüsnxət qabiliyyəti yoxdursa, onu həmin peşədən uzaqlaşdırmaq lazımdır. Bu zaman onun daxili potensialını, şəxsi qabiliyyətlərini üzə çıxarmaq və bacarığının yüksək olduğu sahəyə yönləndirmək vacibdir. Müəllim dediyimiz şəxs öncə nitq qabiliyyətinə malik olmalıdır. Əgər müəllimin nitqində qüsur varsa, şagirdlər o zaman müəllimdən heç nə öyrənə bilməzlər. Müəllim özünəqiymət verməyi bacarmalı, səliqəli geyinməli, nümunəvi və gözəl nitqə malik olmalıdır. Bir sahədə iki nəfər qeyri-əxlaqi hərəkət törədərsə, həmin hərəkət bir həftədən sonra unudulacaq. Ancaq bu hərəkəti müəllim törədərsə, o heç vaxt unudulmayacaq və müəllimə bir ömürlük ləkə olacaqdır. Müəllimlik müqəddəs bir peşədir. İndiki vaxtda valideyn uşağının öhdəsindən gəlməyi bacarmır, onu tərbiyə edə bilmir və düşünür ki, məktəbə yollayaraq orada tərbiyə olunsun. Deməli, müəllimin üzərinə böyük iş düşür. Müəllimə xalqın gələcəyini etibar edirik. Gələcəyimiz olan uşaqlarımızı onların öhdəsinə veririk. Hegel deyir: “Nəzəriyyə boş şeydir, o qurudur, həyat ağacı isə daim yamyaşıldır”.
- Bəs ali məktəblərdə tələbələr
pedaqogikanı dərindən mənimsəyə bilirlərmi?
- Təbii ki, müəllimlik sənətinə yiyələnmək istəyən tələbə pedaqogikanı dərindən mənimsəməlidir. Biz buna çalışırıq. Son illər deyə bilərəm ki, təhsil standartlarının dəyişdirilməsi, yenilənməsi tələbələr arasında pedaqogikanı dərindən mənimsəmə qabiliyyətlərini üzə çıxarır. Çalışırıq ki, tələbələr pedaqogikanı mənimsəsinlər. Çünki onlar pedaqoji təcrübələrə cəlb olunurlar və bu zaman pedaqogikanı mənimsəməyənlər bu təcrübələrdə çoxlu çətinliklərlə qarşılaşırlar. Tələbələr pedaqogika imtahanından keçməsələr, pedaqoji təcrübəyə buraxılmırlar. Bu yaxınlarda 35 nəfər arasında sorğu keçirildi. Onların içərisində sırf müəllimlik sənətini sevən, gələcəkdə ancaq bu peşəyə sahib olub, bu sahədə işləmək istəyən 7 tələbə oldu. Əgər söhbət səriştəli və kompetensiyalı müəllim hazırlığından gedirsə, qəbul prosesi dəyişməlidir. Hətta mən deyərdim ki, qəbul imtahanlarında universitetlərin iştirakına şərait yaradılmalıdır. Əgər abituriyent qəbul imtahanında 500 bal toplayıb, gəlib kimya müəllimliyinə düşübsə, onun bu ixtisasa yararlılıq dərəcəsi yoxlanılmalı və bu fənni mənimsəyə biləcəyi bacarıqları qeyd olunmalıdır. Təbii ki, buna indiki dövrdə vaxt məhdudiyyəti imkan vermir. Məsələn, həkimlik sənətini istəyən şəxs müəyyən balı toplaya bilməyib, gəlib düşür biologiya müəllimliyinə və daim narazılıq bildirir. Nəticədə gələcəyinin necə olacağını heç kim düşünmür. Buna görə də təklif edirəm ki, qəbul qaydaları, proqram, ixtisas seçimləri dəyişilsin. Sırf müəllimlər üçün qəbul proqramı tərtib edilsin və oraya ancaq müəllimlik ixtisasını istəyən şəxslər müraciət etsinlər. Düşünürəm ki, belə olan halda, düzgün ixtisas seçimi və gələcəyə səriştəli müəllim hazırlamaq olar.
Müasir məktəbdə çalışan müəllim pedaqogikanı öyrənə bilmir və yeniliklərdən xəbərsizdir. Hazırda şəhər və rayon məktəblərində müasir təlim metodlarına, biliklərə yiyələnən olduqca yaxşı müəllimlərimiz var. Amma treninqlərdən, müasirlikdən kənarda qalan, dərsi ənənəvi qaydada keçən və hələ “mən haqlıyam”, “mən mərkəzdəyəm”, “mən yeni dərs üsulunu bəyənmirəm” və s. fikirləri ilə yaşayan müəllimlər də var. Dəhşət orasındadır ki, bir çox orta ümumtəhsil ocaqlarında avtoritorizm hələ də qalır.
Dəfələrlə şahidi olmuşam ki, müəllimlər potensialı zəif olan şagirdlərə qarşı onları incidən və çox mənfi təsir edən ifadələr işlədirlər. Bu, tamamilə yanlış məsələdir. Bunun yanlış olduğunu hər kəs deyir. Amma əksər müəllimlər buna riayət etmir. Bizim vəzifəmiz hər hansı şagirdə alçaldıcı sözlər demək deyil, onları dəyişmək, onları şəxsiyyət kimi formalaşdırmaqdır. Bunun üçün öncə özümüzü, cəmiyyəti və baxış bucağımızı dəyişməliyik.
- Azərbaycanda təhsil
infrastrukturu hansı səviyyədədir?
- Deməli, 1990-cı illərin ikinci yarısında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə İslahat Komissiyası yaradıldı və bu sahədə olduqca böyük işlər görüldü. Təhsil hüququ normativ bazası yaradıldı və sonrakı illərdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər davam etdirildi. Son illərdə cəmiyyətə keyfiyyətli təhsil vermək məqsədi ilə çox güclü infrastruktur yaradılıb. 3000-ə yaxın müasir tipli məktəb binası tikilib istifadəyə verilib və yaxud yenidənqurma işləri aparılıb. Mən iki il əvvəl Naxçıvan şəhərinə getmişdim və Batabatda oldum. Orada Biçənək adlı kənd var. O kənddə bir məktəb binası gördüm və inanın ki, mən belə məktəbin Azərbaycanda olduğuna çox şad oldum. Sanki Avropadakı hər hansı ali təhsil ocağıdır. Hazırda ən müasir məktəb binaları respublikanın ucqar rayon və kəndlərində yaradılıb. Təbii ki, burada Birinci vitse-prezident Mehriban Əliyevanın və Fondun fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Sovet dövründə tikilən məktəblərin sayından çox məktəb binası tikilib və ən müasir avadanlıqlarla kompüterləşdirilib. Bu gün etiraf etmək lazımdır ki, orta ümumtəhsil məktəblərinin müasir kompüter infrastrukturu ilə təmin olunması imkanları ali məktəblərdən daha yüksəkdir. İstərdim ki, ali məktəb ocaqlarında da həmin imkanlar olsun. Belə məktəb binalarında olan infrastruktur heç Avropa məktəblərində yoxdur. Təbii ki, dərsliklər yeniləşir, yeni-yeni təlim texnologiyaları əlavə olunur, kurikulum sistemi təkmilləşir, müəllim hazırlığına yüksək qiymət verilir.
- Gələcək
planlarınız haqqında danışardız?
- Təbii ki, mənim əsas
işim ibtidai sinif müəllimi hazırlığı ilə
bağlıdır. Daha keyfiyyətli tədris
planları haqqında müxtəlif təkliflərimiz var. Müəllim hazırlığında, əsl
müəllim yetişdirmək üçün
müəyyən kompetensiyalar mövcuddur ki, bəzən
o kompetensiyaların müəllim
hazırlığında heç bir rolu olmur
və yoxdur. Bəzi fənlər
var ki, onların tədrisdən
çıxarılmasına, yaxud dərs yükünün azaldılmasına, həmin
saatların ixtisas fənlərinə
verilməsinə nail ola
bilsək, hesab edirəm ki,
təhsil daha səmərəli şəkildə
olar. Tələbələrin
sosiallaşması üçün müəyyən
işlər görülür və bunlar yetərli deyil. Bunun üçün tələbə
yataqxanaları, tələbə sığınacaqları
olmalıdır. Çox təəssüflər
olsun ki, bizim tələbə yataqxanalarımız, tələbə
sığınacaq ocaqlarımızda məcburi köçkünlər
yerləşdirilib. Əgər tələbə
yataqxanaları yenilənib, təmir edilərsə, tələbələrimizin
sosiallaşması üçün olduqca əlverişli mühit
yaranacaq. Ümumiyyətlə, belə
götürdükdə gənclərin çoxu
narazıdır, evdə valideynlər, məktəbdə direktorlar, ali məktəblərdə
dekanlar belə, narazıdır. Onlar şikayətlənirlər ki, tələbələr oxumur,
çalışmır, öyrənməyə can atmırlar. Yaşlı nəsil yeni nəsli daha çevik təfəkkürlü, daha qabiliyyətli görmək istəyir.
Görkəmli filosoflardan biri
deyirdi ki, şərabla
üzünü yuyanların sayı artıb,
görəsən, bunların axırı necə olacaq? Yəni dediyim odur ki, bu
narazılıq hər zaman olub. Dünya elmini, iqtisadiyyatını elə həmin
narazılıqlar yaradıb. Vaxt var idi ki,
Bill Qeytsdən də narazılıqlar var idi. O, heç universitetdə də təhsil ala bilmədi. Amma Harvard Universiteti ona diplom verdi. Bu gün onun univertsitetə yox, universitetin ona ehtiyacı var. Bizim tələbələrimiz
debatın iştirakçısı
oldu və şahidi oldum ki, çox məntiqli, yüksək təfəkkürlü gənclərimiz
var. Biz inanırıq ki,
Azərbaycan xalqının
gələcəyi etibarlı
əllərdədir. Heç də
çalışmaq lazım
deyil ki, hamı istedadlı olsun. Bu, mümkün
deyil. Dünyaya gələn hər
nəslin 3-8 %-i istedadlıdır. Onların
da çoxu itib-batır və 0,3-0,7 %-i qalır.
Bu faizlə isə
dünyanı idarə
edirlər. Yəni heç
vaxt cəmiyyətin və millətin gələcəyindən şübhə
etmək olmaz. Azərbaycanda çox gözəl
təhsil infrastrukturu
var. Xüsusilə, təhsil
Prezidentimizin diqqətində
olan bir məsələdir. Hamı başa
düşür ki, tərəqqinin yolu təhsildən keçir.
Hansı
millət ki, təhsildə irəliləyir,
deməli, o öndədir.
Biz maddi kapitalımızı
insan kapitalına çevirməliyik. Biz zəkalı, cəmiyyətə
yararlı, ölkəsini,
vətənini, torpağını,
milliyətini sevən
insan yetişdirməliyik
ki, bizim bu günümüz, sabahımız, gələcəyimiz,
əmin əllərdə
olsun.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Aytən Əlisgəndərova
Palitra.-2017.-7 aprel.-S.13.