“Muzeylərdə təşkil olunan tədbir-sərgilər həqiqətlərin
xaricilərə çatdırılmasında böyük
əhəmiyyət kəsb edir”
“Muzeylər
öyrəndiklərimizin əyani vəsaitidir. Tariximizin keçmişindən bu gününə kimi dilimiz, dinimiz, musiqi mədəniyyətimiz, mətbəximiz,
incəsənətimiz, milli dəyərlərimiz
muzeylərin vasitəsilə də təbliğ olunur”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi ilə bağlı müxtəlif istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsi mühüm amildir. Bu baxımdan, orta məktəbdən başlayaraq mövcud vəziyyətlə bağlı həqiqətlərin şagirdlərə öyrədilməsi vacibdir. Bu gün məktəblərdə vətənpərvərlik mövzusunda, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərslər, müxtəlif tədbirlər keçirilir, onların tarixi muzeylərimizə səfərləri təşkil olunur. Gənclərin mövcud həqiqətləri öyrənməsi, onu daha doğru çatdırmağa da imkan verir. Qeyd edək ki, bu gün məktəblilərimiz həm ölkəmizdə, həm də xaricdə təşkil olunan müxtəlif beynəlxalq yarışlarda iştirak edir və bu zaman ölkəmizlə bağlı həmkarlarına məlumat vermək imkanı yaranır. Ona görə də gənclərimizin daha düzgün məlumatlara malik olması vacib şərtdir. Müsahibimiz Təhsil Nazirliyi Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin “Ədəbi-diyarşünaslıq”dərnəyinin rəhbəri Dürdanə Məmmədovadır:
- Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı şagirdlərə hansı məlumatları
verirsiniz?
- Məktəblilərin tariximizi bilməsi çox önəmlidir. Bu baxımdan, şagirdlərə istər dərs zamanı, istərsə də dərsdənkənar məşğələlər, ölkəmizin müxtəlif guşələrinə səfərləri zamanı tariximizlə bağlı həqiqətləri çatdırmalıyıq. Bu, gənclərdə Vətənə məhəbbət hissini artırmaqla yanaşı, həm də onların tariximizlə bağlı daha doğru məlumat əldə etməsinə imkan yaradar. Mən şagirdlərlə tariximizlə bağlı hər zaman bu həqiqətləri çatdırmağa çalışıram. Bildirirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökü 1905-1906-cı illərdən başlayır. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülmə prosesi kütləvi hal alıb. 100 mindən çox erməni, əsasən Qərbi Azərbaycan, Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilib. Bundan sonra da Azərbaycanın parçalanması cəhdləri davam edib və burada erməni vilayəti yaradılıb. Sonralar 1846-cı ildə bu vilayət ləğv edilib, bununla belə, ermənilərin Azərbaycan ərazilərində məskunlaşdırılması prosesi tarixdə öz mənfi izini qoyub. Ermənilər ərazilərimizdə məskunlaşdıqdan sonra öz dövlətlərini yaratmaq haqqında düşünməyə başlayıblar.
“Muzeylərdə Qarabağa aid keçirilən tədbirlərdə, müharibə veteranları və şahidləri ilə görüşlər olur. Onlar Qarabağ müharibəsinin, Xocalı faciəsinin dəhşətlərindən söhbət açdıqca şagirdlər canlı şahidləri diqqətlə dinləyirlər”
Elə bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə Azərbaycanda ermənilər tərəfindən kütləvi soyqırımı aktları həyata keçirilib. Bu illər ərzində onlar Bakıda, Sumqayıtda, ,Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə, Qubada, Zəngəzurda, Qarabağda kütləvi şəkildə azərbaycanlıları məhv edib, dəhşətli cinayətlər törətmişdilər. Tarixi qaynaqlara əsasən Ermənistan dövlətinin olmadığı halda, 1920-ci ildə Azərbaycanın Zəngəzur bölgəsinə sahib olan ermənilər öz dövlətini yaradıblar. 1921-ci ildə Dağlıq Qarabağı da Ermənistana birləşdirmək istədilər. Bu niyyətlərinə çata bilməyən mənfur ermənilər tarix boyu münaqişələr yaradıb və soyqırımı törədiblər. Nəhayət, çirkin əməllərini təkrarlayaraq 1992-ci il Dağlıq Qarabağ münaqişəsini davam etdirdilər. Fevralın 25-dən 26-sına keçən gecə Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törətdilər. Xocalı soyqırımı zamanı minlərlə azərbaycanlı məhv edilib, əsir götürülüb. Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi-Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub. 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min nəfər müxtəlif xəsarət alaraq əlil olub, 4011 min nəfər itkin düşüb.
- Şagirdlərin
bu münaqişə ilə bağlı məlumatı
varmı?
-Yuxarı siniflər daha çox məlumatlıdırlar. Tarix dərslərində geniş bilgiyə yiyələniblər. Aşağı siniflərə bilgilərini genişləndirmək üçün, onlara məlumatlar veririk və bu münaqişə əsasında suallar tərtib edirik, diskussiyalar, tədbirlər keçiririk. Yeri gəlmişkən qeyd edək ki, Xocalı soyqırımına aid tədbiri bu il “Ana harayı” abidəsi ətrafında qeyd etdik.
- Siz
şagirdlərlə muzeylərdə olursunuz.
Burada Qarabağla
bağlı hansı məlumatları əldə edirlər?
- Bəli, il ərzində biz muzeylərdə ekskursiyalarda və tədbirlərdə iştirak edirik. Şagirdlər muzeylərdən əyani vəsait kimi yararlanırlar. Muzeylərdə Qarabağa aid keçirilən tədbirlərdə, müharibə veteranları və şahidləri ilə görüşlər olur. Onlar Qarabağ müharibəsinin, Xocalı faciəsinin dəhşətlərindən söhbət açdıqca şagirdlər canlı şahidləri diqqətlə dinləyirlər. Bu söhbətlər əsasında onlar düşmənə qarşı mübarizəni davam etdirməyi, Vətəni mənfur ermənilərdən azad etməyi özlərinə borc bilirlər.
- Sizcə,
şagirdlərin bu barədə məlumatlanması
üçün daha
hansı tədbirlər həyata keçirmək olar?
- Biz dəfələrlə Qarabağ münaqişəsi haqqında şagirdlərə məlumatlar veririk. Hətta intellektual oyunlar zamanı söhbətin bir ucu Qarabağ münaqişəsinə gəlib çıxır. Məsələn, biz sorğu keçiririk. Gələcəkdə hansı peşəni seçərdiniz? Sinfin əksəriyyəti hərbini seçir. Hətta onlar Hərb Tarixi Muzeyində ekskursiya zamanı çox sevincli idilər. Hərbi texnikalarla yaxından tanışlıq onlar üçün çox maraqlı idi. Muzeydə digər bölmələrlə yanaşı, Qarabağa aid bölmə ilə də tanış oldular. 2016-cı il aprel döyüşlərini misal gətirmək olar. İgidlərimizin şəhid olmasına üzülsək də, bu hadisə bizim şərəf və qürur günümüz oldu. Şagirdlər arasında bu Qarabağ döyüşündə “Əsgərə məktub” adlı aksiya keçirildi. Onlar öz dəstəklərini məktublarla əsgərlərə çatdırırdılar. Mən çox sevinirəm ki, yeniyetmələr kiçik yaşlarından vətənpərvər ruhda böyüyürlər.
- Bu
gün muzeylərdəki vəsait xaricilərə
Qarabağ haqqında məlumatı tam çatdırmağa imkan
verirmi?
- Mən hesab edirəm ki, muzeylər öyrəndiklərimizin əyani vəsaitidir. Tariximizin keçmişindən bu gününə kimi dilimiz, dinimiz, musiqi mədəniyyətimiz, mətbəximiz, incəsənətimiz, milli dəyərlərimiz, tariximiz, həmçinin muzeylərin vasitəsi ilə də təbliğ olunur.
Əsasən, İstiqlal
muzeyini vurğulamaq
istərdim. İl ərzində İstiqlal muzeyində keçirilən tədbirlər
arasında, əsasən, Qarabağ hadisələri,
Xocalı soyqırımı haqqında geniş
şəkildə tədbir- sərgilər, Qarabağ
veteranları və şahidləri ilə görüşlər
keçirilir. Bu
yaxınlarda, İstiqlal Muzeyinin
rəhbəri Fəridə Şəmsin təşəbbüsü
ilə aprel döyüşlərinin qəhrəmanları
haqqında tədbir-sərgi keçirildi.
Sərgidə şəhidlərin şəxsi əşyaları
nümayiş etdirilib.
Ordumuzun
qüdrəti bütün dünyaya
öz qəhrəmanlığını sübut etdi və bu döyüşlər Qarabağa
bir addım da
yaxın olmağımızı göstərdi. Ümumiyyətlə,
muzeylərdə təşkil olunan bu kimi tədbir-sərgilər
əyani vəsait kimi həqiqətlərin
xaricilərə çatdırılmasında,
Qarabağı təbliğ etməkdə böyük
əhəmiyyət kəsb edir.
Nigar Abdullayeva
Palitra.-2017.-8 aprel.-S.11.