Vətəndaş cəmiyyətində

əhalinin sosial müdafiəsi

 

Hüquqi dövlətdə və vətəndaş cəmiyyətində hökumətin və parlamentin üzərinə düşən əsas vəzifələrdən biri insanlara layiqli həyat şəraitiinin yaradılmasıdır. Layiqli həyat şəraiti geniş məhfumdur və o, özündə bütün sferalarda ədalətli mühitin formalaşdırılmasını nəzərdə tutur. Bu mühit elə formalaşdırılmalıdır ki, heç kim müdafiəsiz vəziyyətdə olmasın, özündən asılı olmayan səbəblərdən naəlac qalmasın.

 

Burada insanlar üçün ən önəmli məsələlərdən biri onların sosial müdafiəsidir. Layiqli həyat dedikdə daha çox insanların sosial müdafiəsi nəzərdə tutulur. Dövlətin iqtisadisosial siyasəti elə qurulmalıdır ki, o, nəticə etibarilə insanların maddi və mənəvi ehtiyaclarının ödənilməsini ən azı minimum standartlar səviyyəsində təmin etsin.

 

Vətəndaş cəmiyyətində dövlətin insanlar arasında olan müxtəlif şəkilli münasibətlərə müdaxiləsi, burada iştirakı azru edilmir. O cümlədən dövlətin insanların şəxsi həyatına müdaxilə etməməsi vətəndaş cəmiyyətində arzulanan haldır. Lakin bu o demək deyil ki, ümumi rəqabət mühitində zəif düşən, özündən asılı olmayan səbəblərdən lazımı gəlir əldə edə bilməyən insanları ağır problemləri ilə baş-başa buraxmalıdır.

 

Dövlət çətin vəziyyətdə olan insanlara kömək etməklə onların müstəqil yaşamasına kömək edir ki, bu da həmin insanların vətəndaş cəmiyyətinin layiqli üzvünə çevrilməsinə səbəb olur. Vətəndaş cəmiyyəti nə qədər çox müstəqil və azad insanlardan ibarət olursa o, bir o qədər güclü inkişaf edir. Burada müstəqqillik, azadlıq dedikdə sadəcə hüquqi imkanların yaradılması nəzərdə tutulmur, həm də iqtisadisosial müstəqillik də nəzərdə tutulur. Bir çox insan iqtisadisosial müstəqilliyə öz imkanları ilə nail olduğu halda digər qismi məhz dövlətin dəstəyi ilə buna müvəffəq olur.

 

Özündən asılı olmayan səbəblərə görə yaşamaq üçün zəruri olan vəsitələrdən məhrum olan hər bir insana yardım göstərilməsi sivilizasiyalı cəmiyyətlərdə ümumbəşəri dəyərlərdən biri hesab olunur. Layiqli həyat səviyyəsi məsələsi dövlətin inkişaf səviyyəsinə uyğun olaraq, insanların fizioloci və sosial-mədəni ehtiyaclarına müvafiq surətdə onların ərzaq və qeyri-ərzaq mallarına, eləcə də, müxtəlif xidmətlərə olan tələbatlarının yüksək səviyyədə təmin edilməsi məsələsini özündə əks etdirir.

 

Azərbaycanda insanlara layiqli həyat səviyyəsini təmin etmək məqsədi Konstitusiya qanununda öz əksini tapıb. Konstitusiyasının 12-ci maddəsində qeyd edilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda qəbul edilən qanunların ilk növbədə Konstitusiyada və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilən insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir.

 

Qəbul edilən sahə qanunlarında Konstitusiya və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsas götürülüb, bir çox qanun layihələri onların hazırlanması zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların rəyləri alınıb.

 

Əhalinin aztəminatlı, sağlamlıq imkanları məhdud olan insanlarının, pensiyaçıların və yardıma ehtiyacı olan digər sosial qrupların sosial müdafiəsi ilə bağlı qanunvericilik sistemi Konstirusiyanın 12-cı maddəsində elan edilən məqsədə uyğun hazırlanıb.

 

Buradan irəli gələrək dövlət aztəminatlı ailələrə ünvanlı sosial yardım verir, əlillər pensiyaya müavinət alır, onların bir qismi mənzillə təmin edilir, peşə qabiliyyətləri yaxşılaşdırılır.

 

Qısası, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması dövlət siyasətinin preoritet istiqamətlərindən biridir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2006-cı il yanvar ayının 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin ildə bir dəfədən az olmamaqla istehlak qiymətləri indeksi nəzərə alınmaqla indeksləş-dirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini təmin edir.

 

Ölkə başçısının 2016-cı il 16 yanvar tarixli Sərəncamına uyğun olaraq 2016-cı il fevral ayının 1-dən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği də 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

 

Ölkədə vətəndaşların rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Fərmanına əsasən 2016-cı il fevralın 1-dən bir çox kateqoriyaya aid edilən insanlara verilən sosial müavinətlərin məbləğləri orta hesabla 10 faiz artırılıb. O cümlədən yaşa görə, əlilliyə görə, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, əmək pensiyası almaq hüququ olmayan Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə ayrılan müavinət artırılıb. Həmçinin 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə, həmin illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində ordenmedallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, bu dövrdə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayandöş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə verilən sosial müavinətin məbləği 10 faiz artırılıb. Bunlardan başqa keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə və şəhid uşaqlarına, müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların, Çernobıl qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına və Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına verilən aylıq müavinətlərin, eləcə də radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə müalicə üçün, uşağın anadan olmasına görə, dəfn üçün verilən birdəfəlik sosial müavinətlərin məbləğləri də orta hesabla 10 faiz qaldırılıb.

 

Əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 16 yanvar tarixli və 2016-cı il 19 yanvar tarixli Fərmanlarına əsasən 2016-cı il fevralın 1-dən 1990-cı ilin 20Yanvar hadisələri ilə əlaqədar əlil olan şəxslərə və müharibə əlillərinə təyin olunan Azərbaycan Prezidenti təqaüdlərinin aylıq məbləğləri 10 faiz artırılaraq I qrup əlillər üçün 165 manat, II qrup üçün 143 manat, III qrup üçün isə 110 manat müəyyən edilib.

 

Bununla yanaşı, Azərbaycan Prezidentinin 2016-cı il 25 yanvar tarixli Fərmanına əsasən “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlil olaraq sosial müavinət alanlara təyin edilən Azərbaycan Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 66 manata çatdırılıb.

 

Eyni zamanda, Azərbaycan Prezidentinin 2016-cı il 16 yanvar tarixli Fərmanına əsasən 2016-cı il fevralın 1-dən şəhid ailələrinə, 2016-cı il 25 yanvar tarixli Sərəncamına əsasən isə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayandöş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təyin edilən Azərbaycan Prezidenti təqaüdlərinin məbləğləri də 10 faiz artırılıb, müvafiq olaraq 220 və 110 manat həcmində müəyyən edilib.

 

Azərbaycan Prezidentinin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 2016-cı il 11 oktyabr tarixli Fərmanlarına əsasən Azərbaycanın Milli Qəhrəmanı adı verilən şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmayan uşaqlarına təsis edilən Azərbaycan Prezidentinin təqaüdünün və müxtəlif sahələrdə xidmətlərə görə təsis edilən fərdi təqaüdün məbləğləri 2016-cı il noyabrın 1-dən 30 faiz artırılaraq 1300 manata çatdırılıb.

 

Bundan başqa 2016-cı ildə sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirən Bakı Uşaq Bərpa Mərkəzi yenidən qurulub, yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün sosial reabilitasiya mərkəzi, 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağ, yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaq və reabilitasiya mərkəzi tikilib istifadəyə verilib.

 

Deməli dövlətin iqtisadi imkanları artdıqca bundan sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara da pay düşür ki, bu da onların layiqli həyat səviyyəsində yaşamasına əsas yaradır.

 

Vasif CƏFƏROV

 

Ekspress.-2017.-11 aprel.-S.10.