Ermənilər Fransa
mediasında Azərbaycana uduzduqlarını etiraf
edirlər
Fransalı deputat erməni diaspor
üzvünün ölkəmizlə bağlı yalan və
böhtanlarla dolu yazısına tutarlı cavab
hazırlayıb
Son zamanlar Fransa mediasında erməniləri ifşa edən yazıların sayı artmaqdadır. Maraqlıdır ki, erməni saytlarında bununla bağlı narahatlıq gündəmə gəlib. Hətta ermənilər etiraf edirlər ki, Fransada Azərbaycana uduzurlar. Əlbəttə, bütün bunlar Azərbaycan dövlətinin və diasporunun Fransada apardığı məqsədyönlü təbliğatının nəticəsidir. Elə Fransanın “huffingtonpost.fr” portalında Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan-Fransua Manselin Azərbaycanla bağlı məqaləsi də, bu baxımdan, atılan addımlardan biridir. Fransalı deputat bu məqaləni erməni diaspor üzvünün ölkəmizlə bağlı yalan və böhtanlarla dolu yazısına cavab olaraq hazırlayıb.
Assosiasiyanın prezidenti qeyd edir ki, özünü, guya, siyasi analitik kimi qələmə verən, xüsusilə də kasıblıqla və münaqişə ilə üzləşən erməni xalqından çox, Avropada öz rahatlığını düşünən erməni diasporunun sözçüsü yazısında Azərbaycan barədə elə fikirlər işlədir ki, onun bu ölkə haqqında məlumatsızlığı açıq-aydın görünür.
Jan-Fransua Mansel yazır: “Məqalənin hansısa çirkab kanallardan əldə olunan cəfəng və böhtanla dolu hər sətrinin islah olunmağa ehtiyacı var, ancaq mən, birbaşa və ya dolayı yolla mənə aidiyyəti olan məqamlara toxunacağam.
Sədrlik etməkdən şərəf duyduğum Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətində heç bir qaranlıq məqam yoxdur. Assosiasiya Fransanın Bakıda ilk səfiri olan Jan Perren tərəfindən yaradılıb və 500-dən çox üzvü var. Assosiasiya Fransada mədəniyyət sahəsində çoxsaylı tədbirlər təşkil edir. Məsələn, keçən ay Arkaşon şəhərində 1000-dən çox, Ruanda isə 500-dən çox iştirakçısı olan mədəniyyət tədbiri keçirib.
Mənim vitse-prezidentlərindən biri olduğum məlumat missiyasına gəldikdə isə bu missiya ilə bağlı mütləq həqiqət bərpa edilməlidir. Azərbaycana qarşı böhtana görə məhkəməyə verilən və bu səbəbdən ölkəyə düşmən kəsilən deputat Fransua Roşebluan antiazərbaycan təhrikçiliyi üçün araşdırma komissiyasının yaradılmasını istədi. O, öz kiçik qrupunun çox az bir hissəsini buna inandırsa da, xarici işlər komissiyasının yekdil səsverməsi qarşısında uğursuzluğa düçar oldu. Belə ki, bütün siyasi qrupların nümayəndələrindən ibarət olan komissiya müdrikliklə hesab etdi ki, bu təklif Milli Assambleyanın nizamnaməsinə ziddir. Komissiya ədalətli və davamlı sülh üçün Fransanın da rol oynadığı Dağlıq Qarabağ münaqişəsinə dair məlumat missiyası yaratmaq qərarına gəldi. F.Roşebluan öz qrupunun hüququndan istifadə edərək Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi və mədəniyyət sahəsindəki əlaqələrə dair məlumat missiyasının yaradılmasına nail oldu”.
“Erməni diasporunun üzvlərinə Azərbaycanı saxta şəkildə pisləmək əvəzinə, iki xalq arasında barışıq üçün çalışmalarını məsləhət görürəm”
Fransalı deputat qeyd edir ki, amma F.Roşebluanın polemik xam xəyalları yenə də baş tutmadı: “Məruzəçi Jan-Lui Destan 34 dinləmədən sonra bəzi qurum və jurnalistlərin insan hüquqlarına dair sübutlara əsaslanmayan həmişəki tənqidlərini qeyd etsə də, 70 illik kommunist mirasını, beynəlxalq konteksti və regional məsələləri, eləcə də Azərbaycan ərazisinin xarici hərbi işğalının ölkənin təhlükəsizliyi üçün təhdid olaraq qalmasını xatırladaraq onları mülayimləşdirdi. Ancaq hesabatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəsində yalnız erməni təcavüzü nəticəsində bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin salınmasının və BMT-nin 4 qətnaməsinə baxmayaraq, 25 ildir onların əsas hüquqlarının pozulmasının yazılması ilə kifayətlənmək təəssüf doğurur.
Hesabatda, həmçinin Azərbaycanda 1918-ci ildə qadınlara səsvermə hüququnun verilməsi, 1998-ci ildə ölkədə ölüm hökmünün ləğvi və mənşəyindən, irqindən və dinindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyini təmin edən, onlara dinc yanaşı yaşamaq imkanı verən dünyəvilik kimi demokratik nailiyyətlər xatırladılır. Hesabatda Qafqazın bu bölgəsində Azərbaycanın geosiyasi əhəmiyyəti və Fransanın bu regionda mövqeyini möhkəmləndirmək zərurəti vurğulanır. Nəhayət, hesabat Azərbaycan hökuməti ilə siyasi dialoqun hərtərəfli nəzərdən keçirilməsinə ehtiyac olmadığı qənaətinə gəlir”.
Fransalı deputat yazır ki, iqtisadi plandan danışdıqda isə, guya, Azərbaycanla ticarət etməyin fransız vergiödəyicilərinə bir milyarda başa gəlməsini yazmağa cəsarət etmək riyakarlıq və cahillikdir: “Bu, tamamilə yalandır. COFACE 1994-cü ildən özəlləşdirilib, Fransa İnkişaf Agentliyi (AFD) isə bütün digər banklar kimi, faizlə kredit verir. Azərbaycanla iqtisadi əlaqələrə fransız vergiödəyiciləri heç bir santim də ödəmir, əksinə, bu əlaqələr şirkətlərimizin bu ölkədəki fəaliyyətləri nəticəsində onlara mənfəət gətirir. Bütün iqtisadi, özəl və ya dövlət aktorları məlumat missiyasına fransız müəssisələrinin Azərbaycanda iştirakının genişləndirilməsi ilə bağlı maraqlarını bildirib və onlardan heç biri korrupsiya faktından danışmayıb.
Bir halda ki, həqiqət bərpa olunub, erməni diasporunun üzvlərinə Azərbaycanı saxta şəkildə pisləmək əvəzinə, iki xalq arasında barışıq üçün çalışmalarını məsləhət görürəm. Qərb rahatlığına qapanan bu şəxslər ölkələrinin kasıblıqdan çıxması yollarını düşünsünlər, bilsinlər ki, Ermənistandakı həmvətənlərinin sülhə ehtiyacı var”.
“Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri Parisdəki “vəkillərinin” həyatına nisbətən çox ağırdır”
Xatırladaq ki, Jan-Fransua Mansel Fransada Azərbaycanı müdafiə
edən deputatlardandır. O, bir neçə dəfə ölkəmizin haqq səsini qoruyan bəyanatlar yayıb. Belə ki, Prezident
İlham Əliyevin ötən ay Fransaya səfəri ilə bağlı Jan-Fransua Mansel bəyanatla çıxış etmişdi:
“Respublika Prezidentinin dəvəti ilə Ermənistan və Azərbaycan prezidentlərinin
ölkəmizə ardıcıl
səfərləri bəzi
həqiqətləri tam qərəzsiz
şəkildə xatırlatmaq
və bir arzumu ifadə etmək üçün bir fürsətdir. Öncə həqiqətlər barədə.
1991-1992-ci illərdə Ermənistan silah gücünə Dağlıq
Qarabağ Vilayətini
və Azərbaycanın
ümumi ərazisinin
20%-ni təşkil edən 7 rayonunu işğal etmişdir.
Bu işğal 1993-cü ildə Birləşmiş
Millətlər Təşkilatı
tərəfindən dörd
dəfə pislənmişdir.
İşğal nəticəsində bir milyona yaxın
mülki azərbaycanlı
hər şeyini itirmiş və bir daha öz
doğma torpaqlarına
qayıda bilməyən
bu insanlar bu gün də
qaçqın və məcburi köçkün
həyatı yaşamaqdadırlar.
Ən dəhşətlisi
isə odur ki, Ermənistan 1992-ci il fevralın
26-da 614 nəfər mülki
şəxsin - kişi,
qadın və uşaqların vəhşicəsinə
qətlə yetirilməsinə
səbəb olan Xocalı soyqırımını
törədib. Bunu bir qədər sonralar Ermənistanın prezidenti olmuş Serj Sərkisyan 2000-ci ildə belə etiraf etmişdi: “Xocalı hadisələrindən
əvvəl azərbaycanlılar
elə bilirdilər ki, bizimlə zarafat edə bilərlər, onlar ermənilərin mülki əhaliyə hücum edəcəyinə inanmırdılar.
Biz bu inamı
(stereotipi) qıra bildik. Baş verənlərin hamısı
çox yaxşıdır.”
Beləliklə, nə
qədər güclü
olsalar da, Fransadakı erməni diasporunun nümayəndələri
işğalçıları “işğala məruz qalmışlar” kimi, cəlladları isə “məsum qurbanlar” kimi qələmə verərək həqiqətə
başqa don geyindirə
bilməzlər!
Azərbaycanda demokratiya ilə
bağlı tənqidi
fikirlər səsləndirənlər
hansı haqla hakimiyyətin seçki ilə formalaşdığı,
hələ 1918-ci ildə
qadınlara seçki
hüququ vermiş,
1998-ci ildə ölüm
hökmünü ləğv
etmiş, başqa yerlərdə bir-birini didib- dağıdan sünnü və şiə müsəlmanların
xristianlar və yəhudilərlə bir arada harmoniya və qarşılıqlı
hörmət şəraitində
birgə yaşamını
təmin edən müstəqil bir dövlətə bu qədər lovğalıqla
dərs vermək istəyirlər? Bütün bu nailiyyətlər
üçün hamı
Prezident Əliyevə
borcludur”.
Jan-Fransua Mansel sənəddə öz arzusunu da bəyan edib: “Ermənistanda yaşayan ermənilərin həyatı onların daim köç etdikləri Parisdəki “vəkillərinin” həyatına nisbətən çox ağırdır. Bu barədə düşünməyin vaxtı deyilmi? Yüz minlərlə azərbaycanlı ailələrin öz ev-eşiklərinə qayıtmasına imkan yaratmağın vaxtı deyilmi? Hər il hər iki tərəfdən tökülən qanlara və axıdılan göz yaşlarına son qoymağın vaxtı deyilmi? Hər şeyə rəğmən, hər iki ölkə ilə saxladığı daimi əlaqələr və beynəlxalq ictimaiyyətin ona etibar etdiyi vasitəçilik rolu sayəsində Fransa bu işə öz töhfəsini verə bilər. Hərəkətə keçməyin vaxtı çatmışdır”.
Fuad Hüseynzadə
Palitra.-2017.-12 aprel.-S.11.