Mark Hauptman: “Suveren dövlətlərin ərazi bütövlüyü beynəlxalq münasibətlərin təməl prinsipidir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın uğurlu xarici siyasəti işğalçı ölkəni dalana dirəyib. Xüsusilə də son dövrlərdə bu istiqamətdə xarici siyasətlə bağlı ardıcıl və düşünülmüş addımların atılması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Son dövrlərdə Xarici İşlər Nazirliyi bu yöndə daha da aktiv fəaliyyət göstərir. XİN rəhbəri beynəlxalq tədbirlər və xarici ölkələrə səfərləri zamanı Azərbaycanın haqlı mövqeyini bütün dünyaya çatdırır, regional əməkdaşlığın effektiv olmasında Ermənistan əngəlinin mövcudluğu kimi vacib amilləri də önə çəkir. Belə səfərlərdən biri də dünən Polşaya gerçəkləşdirilib. Nazir bu ölkədə estoniyalı həmkarı Sven Mikserlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən deyib:

"Dağlıq Qarabağ münaqişəsinin həlli və regional əməkdaşlıq mühitinin yaradılması üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E. Məmmədyarov bildirib ki, Avropa İttifaqı tərəfindən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət məsələsində vahid yanaşmanın tətbiq edilməsi vacibdir.

 

“Avroparlamentarilərin işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüflənirəm”

 

Dağlıq Qarabağla bağlı ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diplomatlarımız da aktiv işlər görürlər, ermənilərin uydurma təbliğatlarına, bəzi siyasətçiləri ələ almalarına operativ cavab verirlər. Buna misal olaraq Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun aprelin 12-də “La Libre” qəzetində dərc edilmiş məqaləsi ilə belçikalı millət vəkillərinin açıq məktubunu cavablandırmasını göstərmək olar.

Qeyd edək ki, Belçika parlamentinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş bir qrup üzvüLa Libre” qəzeti vasitəsilə açıq məktubla Azərbaycanın bu ölkədəki səfirliyinə müraciət edib.

Səfirimiz bildirib ki, həmin şəxslərin adları, həqiqətən də, Azərbaycana girişi qadağan edilmiş şəxslərin siyahısındadır: “Çünki siz Azərbaycanın razılığı olmadan, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionumuza qanunsuz səfər edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmusunuz. Hər bir ölkə onun dövlət sərhədlərini pozan şəxslərə qarşı sanksiyalar tətbiq edir. Azərbaycan də bu baxımdan istisna təşkil etmironun qanunvericiliyi ilk mərhələdə ölkəyə girişin qadağan edilməsi, bu halların mütəmadi təkrarlanacağı halda isə cinayət işinin açılmasını və işin ikitərəfli və çoxtərəfli beynəlxalq hüquqi əməkdaşlıqdan istifadə etməklə aparılmasını nəzərdə tutur. Azərbaycan hökuməti bu günədək Dağlıq Qarabağa səfər etmək üçün öncədən ona müraciət etmiş çoxsaylı xarici vətəndaşlara belə icazələr verib. Habelə regiona qanunsuz səfərlər etmiş, lakin sonradan Azərbaycan hökumətinə belə əməllərə görə təəssüflərini ifadə etmiş onlarla xarici vətəndaşın adı müvafiq siyahıdan çıxarılıb. Bu sahədə Azərbaycanın yanaşması tamamilə konstruktiv səciyyə daşıyır”.

Səfir qeyd edib ki, parlamentarilərin Dağlıq Qarabağa səfəri münaqişənin həllinə töhfə verə bilməyib, əksinə, Ermənistan tərəfindən qondarma rejimin və işğalın nəticələrinin beynəlxalq səviyyədə təbliği üçün istifadə edilib: “Təəssüf ki, sizin Xankəndidə olduğunuz zaman keçirdiyiniz mətbuat konfransında, yaxud da məktubunuzda azərbaycanlı icmasının regiona geri dönməsinin və hər iki icma arasında dialoqun zəruriliyi ilə bağlı heç bir fikrə rast gəlmədim. Mən sizi gələcəkdə Azərbaycan qanunvericiliyini və beynəlxalq hüququ pozan səfərlərdən çəkinməyə və bunun əvəzinə, Dağlıq Qarabağın icmaları arasında dialoqun təşkilində iştirakla sülh prosesinə töhfə verməyə dəvət edirəm. Dağlıq Qarabağın Azərbaycanlı icmasının nümayəndələri 2016-cı ilin oktyabr ayında Brüsselə etdikləri səfər çərçivəsində Belçika federal parlamentində, Flamand regionuBrüssel-Paytaxt Regionu parlamentlərində keçirdikləri görüşlərdə, eləcə də Belçika mətbuatına verdikləri müsahibələrdə dialoqa hazır olduqlarını vurğulayıblar. Öz ölkəmin Belçika Krallığına ən xoş münasibətinin göstəricisi olaraq, bu məsələləri təfsilatı ilə müzakirə etmək üçün sizinlə görüşməyə hazıram”.

Artıq Avropa Parlamentinin rəhbər şəxsləri də bu cür qanunsuz fəaliyyətlərə mənfi reaksiyalar verirlər. Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyətinin Avropa Parlamentinə səfəri zamanı keçirilən görüşdə bu təəssüf fikirləri də səsləndirilib.

Qeyd edək ki, Azərbaycanın nümayəndə heyəti Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Devid Makallister ilə görüşüb. Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədrləri Səyyad Kərim və Cavanşir Feyziyev, Avronest PA-nın həmsədri Rebeka Harms, Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov, AP-nın Azərbaycan üzrə məruzəçisi xanım Norika Nikolai və başqaları görüşdə iştirak ediblər.

D.Makallister cari ilin mayında Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri qismində böyük bir nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduqlarını diqqətə çatdırıb. O, işğal olunmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycan hökuməti tərəfindən haqlarında beynəlxalq həbs qərarı çıxarılan 3 avroparlamentari ilə bağlı məsələyə də toxunub. Azərbaycan tərəfinin mövqeyini və narahatlığını anlayışla qarşıladığını, həmkarlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən təəssüfləndiyini bildirib. Bu məsələ ilə əlaqədar sözügedən deputatlarla görüşdüyünüonlara Avropa Parlamentinin adından istifadə etməklə işğal olunmuş ərazilərə səfər etmələrinin və “seçkilər”də müşahidə aparmalarının yolverilməz olduğunu izah etdiyini diqqətə çatdırıb.

 

“Məcburi köçkünlərin doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzindədir”

Bütün bu neqativ hallara baxmayaraq, beynəlxalq təşkilatların sözügedən münaqişənin həllində hələ də böyük rolu qalır. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması və azərbaycanlı qaçqınların hazırkı durumu isə bəzi avropalı siyasətçiləri narahat edir.

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı fraksiyasının üzvü Mark Hauptman Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab olaraq bildirib ki, “Suveren dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq münasibətlərin təməl prinsipləridir”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların rolu və iştirakı barədə sorğuya verilən cavabda qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir-biri ilə əlaqəli olan dörd qətnaməsində erməni silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd olaraq işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasının prioritet olduğu göstərilib.

Hauptman vurğulayıb ki, məcburi köçkünlərin doğma evlərinə qayıtması Almaniya hökumətinin diqqət mərkəzindədir.

“ATƏT-in Minsk Qrupu çərçivəsində təkrar danışıqların keçirilməsinə baxmayaraq, münaqişənin həll prosesi uzanır. Avropa İttifaqının flaqmanı olan Almaniya hökumətinin danışıqlarda fəal iştirakı təklif olunur. Rəsmi Berlin münaqişənin qısa zamanda sülh yolu ilə həll olunması üçün konkret addımlar atmaq fikrindədirmi?” sualına cavab olaraq, M. Haupmann bildirib ki, Almaniya çoxtərəfli formatda, ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllini dəstəkləyir və dəstəkləməkdə davam edəcək: “Bu il Avstriyanın ATƏT-də sədrliyi zamanı, münaqişə iştirakçıları arasında davamlı etimadın qurulması prioritet olacaq bəyanatını eşitməkdən məmnun olduq. Sülhə yalnız danışıqlar masasında nail olmaq olar”.

Ötən ilin aprelində Ermənistan hərbi qüvvələrinin təmas xətti boyunca Azərbaycan mövqelərinə qarşı həmlə etməsinə toxunan almaniyalı deputat vurğulayıb ki, beynəlxalq münasibətlər sisteminin təməli olan güc tətbiqinin ümumi şəkildə qadağan edilməsi prinsipi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə davamlı şəkildə riayət edilməsi münaqişənin sürətli siyasi həlli üçün əsasdır: “Bunu rəhbər tutan Almaniya hər hansı bir təcavüzü kəskin şəkildə pisləyir. Xocalı faciəsinin təkrarlanmaması üçün silahlı zorakılıq hallarının qarşısı qətiyyətlə alınmalıdır”.

 

Tural Tağıyev

Palitra.-2017.-13 aprel.-S.10.