Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli ümummilli liderin adı ilə bağlıdır

 

Professor Məhiş Əhmədov:

“Azərbaycanın inkişaf mənbəyi 1993-2003-cü illərdə formalaşdırılan və reallaşdırılan iqtisadi siyasətin nəticəsində yaradılmış iqtisadi əsas və potensial hesab olunur”

 

Müasir Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdə ölkə iflic vəziyyətdə idi. Müstəqilliyin əldən getmək üzrə olduğu, iqtisadiyyatın tamamilə dağıldığı bir vaxtda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkəmiz böyük bir bəladan xilas ola bildi. Həmin dövrün siyasi-iqtisadi-təhlükəsiz aspektlərini nəzərə aldıqda Heydər Əliyev dühasına, onun formalaşdırdığı və reallaşdırdığı iqtisadi strategiyanın uzaqgörənliyinə, müxtəlif situasiyalarda onun davamlılığına heyran olmaya bilmirsən.

Bu baxımdan Heydər Əliyevin Azərbaycanın bir müstəqil dövlət kimi formalaşması və inkişafı ilə bağlı bütün istiqamətlər üzrə həyata keçirdiyi çoxşaxəli, titanik işlərdən təkcə iqtisadi sahədəki fəaliyyətinin nəzərdən keçirilməsi bu dühanın nə qədər böyük biliyə, analitik düşüncəyə və uzaqgörən zəkaya malik bir şəxsiyyət olduğunu sübut edir.

 

“Əsrin müqaviləsi” iqtisadi inkişaf üçün “yaşıl işıq” oldu

Hakimiyyətin ilk illərində müstəqilliyi xilas edən, xaosa son qoyan, ölkədə siyasi sabitlik yaradan ulu öndər iqtisadi sahədə də böyük uğurlara imza atdı. İqtisadiyyat, demək olar ki, tam dağılmış vəziyyətdə olduğu üçün ulu öndər hər şeyi sıfırdan başlamalı oldu. Azərbaycanın qlobal və regional proseslərə fəal qoşulduğu hazırkı şəraitdə ölkəmizin milli xüsusiyyətlərini, sosial - iqtisadi gerçəkliklərini ehtiva edən milli maraqlarının gözlənilməsi, ölkənin təbii, maddi, əmək resurslarından səmərəli istifadə edilməsi, cəmiyyətin bütün üzvlərinin maraqlarına cavab verən iqtisadi müstəqilliyin əlverişli investisiya, innovasiya və sahibkarlıq mühitini yaratmaqla milli iqtisadiyyatın inkişafına nail olunması prinsipləri öyrənilməli, təhlil edilməli və gələcək üçün ümumiləşdirmələr aparılmalı və nəticələr çıxarılmalıdır. Ölkəni bürüyən sosial-iqtisadi böhran, idarəolunmaz vəziyyətdə olan iqtisadiyyatda dönüş yaratmaq çox çətin idi. Həmin dövrdə ölkənin siyasi-iqtisadi-enerji təhlükəsizliyinin təmin olunması, xarici investisiyanın ölkəyə cəlb olunması hava-su kimi vacib idi.

 

Prezident:

“Əgər statistik göstəricilərə nəzər salsaq, görərik ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır”

 

Bu sahədə uğur əldə etmək üçün əsas yol ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarına ixracına nail olmaqda idi. Amma həmin dövrün siyasi şərtlərini nəzərə aldıqda bu, çox çətin idi. Böyük təzyiqlərə baxmayaraq, ulu öndən siyasi iradə və qətiyyət göstərərək 1994-cü ildə müstəqillik dövrünün ilk ən böyük müqaviləsinin - “Əsrin müqaviləsi”nin imzalamasına nail oldu. Azərbaycan kimi kiçik və yenicə müstəqillik əldə etmiş bir ölkənin müxtəlif dairələrin təzyiqlərinə rəğmən dünyada söz sahibi olan 7 dövlətin 11 ən iri neft şirkətini Bakıda bir araya gətirməsi, onların maraqlarını uzlaşdıra bilməsi və nəticədə “Əsrin müqaviləsi” kimi bu gün də ölkənin inikişafına xidmət edən müqavilənin imzalanmasına nail olunması ancaq ulu öndər Heylər Əliyev kimi dahi siyasi xadimin uzaqgörən fəaliyyəti nəticəsində mümkün oldu. Dünyanı idarə edən əsas güc mərkəzlərinin, bir-biri ilə rəqabətdə olan transmilli korporasiyaların Bakıda bir araya gəlməsi, yeni müstəqillik əldə etmiş dövlətin təminatı olacaq müqaviləyə imza atmasındakı əsas amil Heydər Əliyev idi. Bu müqavilənin imzalanması Azərbaycanın siyasi-iqtisadi-enerji təhlükəsizliyinin təminatı olmaqla yanaşı, ölkəmizin qapısını xarici şirkətlərə, deməli, investisiya axınına açdı. Bu artıq iri neft şirkətlərinin Azərbaycana böyük miqdarda xarici investisiya yatırması, iqtisadiyyatın inkişafı üçün “yaşıl işığın” yandırılması oldu. Ulu öndər yaxşı bilirdi ki, bu müqavilənin imzalanmasından sonra ölkəyə valyuta axını başlayacaq və neft-qaz sektorunun inkişafı iqtisadiyyatın digər sahələrinin inkişafı üçün də baza rolunu oynayacaq. Belə də oldu. Müqavilənin imzalanmasından sonrakı mərhələdə nefti dünya bazarına çıxaracaq Bakı-Novorossiysk, Bakı-Supa və dünyanın enerji xəritəsində böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərləri inşa edildi. Neft sənayesinin inkişafı buradan gələn gəlirin digər sahələrə yönəldilməsinə səəb oldu və dağılmış iqtisadiyyat tədricən bərpa olunmağa başladı.

 

1995-2003-cü illər ərzində ÜDM 90,1 faiz, büdcə gəlirləri 3,9 dəfə, valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz artıb

Həmin müqavilənin imzalanmasından cəmi iki il sonra artıq iqtisadiyyatda artımlar qeydə alınmağa başladı. Prezident İlham Əliyev bu il martın 28-də Saatlıda keçirilən müşavirədə həmin illəri belə xatırlayıb: “Bu illər çox ağır keçirdi, dərin siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələr Azərbaycanı məhvə aparırdılar, vətəndaş müharibəsi, kütləvi itaətsizlik, dərin böhran hökm sürürdü. Sənaye, kənd təsərrüfatı, demək olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan pambıqçılıq, üzümçülük məhvə doğru gedirdi. Ancaq 1993-cü ildən sonra Ulu Öndərin rəhbərliyi ilə vəziyyət sabitləşməyə başladı. Əgər statistik göstəricilərə nəzər salsaq görərik ki, 1996-cı ildən sonra artıq Azərbaycanda hər il iqtisadi inkişaf başlamışdır”. Ulu öndərin uğurlu və məqsədyönlü siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində islahatlara start verildi. Makroiqtisadi sabitliyə nail olunması və əhalinin sosial-rifah halının yaxşılaşmağa başlaması həyata keçirilən iqtisadi siyasətin uğurlu olduğunu göstərirdi. Sənayenin müxtəlif sahələrində, kənd təsərrüfatında islahatların aparılması, torpağın kəndliyə qaytarılması, infrastrukturun yaradılması, sahibkarlığın inkişafına göstərilən xüsusi diqqət bazar iqtisadi münasibətlərinin iqtisadiyyata tətbiqi ilə həyata keçirilir və tam yeni iqtisadi münasibətlər formalaşdırılırdı. Vətəndaşların sosial rifah halının yaxşılaşdırılması, infrastrukturun yaradılması, regionların inkişafına göstərilən diqqət, sahibkarlığın inkişafının dəstəklənməsi sahəsində həyata keçirilən siyasət bu gün həmin sahədə görülən işlər üçün möhkəm baza yaratdı. Ulu öndər hələ həmin illərdə vaxt iqtisadiyyatın inkişafının özəl sektorla bağlı olduğunu bildirirdi. Bu gün Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı, özəl bölmənin iqtisadiyyatda payının artırılması, sahibkarlığın inkişafı istiqamətində görülən işlər həmin siyasətin məntiqi davamıdır. Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanıb. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olunub.

 

“Ulu öndərin iqtisadi siyasəti mövcud reallıqlar şəraitində ən düzgün, optimal və ən başlıcası isə alternativi olmayan, gələcəyə istiqamətlənmiş siyasətdir”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov ulu öndərin iqtisadi sahədəki siyasətini “Palitra”ya dəyərləndirərkən qeyd etdi ki, Azərbaycanın bugünkü uğurları və əsl inkişaf mənbəyi 1993-2003-cü illərdə formalaşdırılan və reallaşdırılan iqtisadi siyasətin nəticəsində yaradılmış iqtisadi əsas və potensial hesab olunur: “Heydər Əliyevin böyük səyi, iradəsi və idarəçilik məharəti sayəsində ölkədə qısa bir müddət ərzində əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbulu iqtisadi sistemin transformasiyası ilə bağlı aparılması nəzərdə tutulan iqtisadi islahatların hüquqi bazasının yaradılmasına, sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə, cari və perspektiv məqsədlər nəzərə alınmaqla onların reallaşdırılmasının taktika və strategiyasını müəyyənləşdirməyə imkan verdi. Ulu öndər həmişə siyasi və iqtisadi müstəqilliyin təmin edilməsini qarşılıqlı əlaqə və asılılıqda olan bir problem kimi nəzərdən keçirir və onları sistem halında həll etməyə çalışırdı. Təsadüfi deyildir ki, o dəfələrlə qeyd edirdi ki: “İqtisadi cəhətdən güclü olmayan dövlət özünün müstəqilliyini qoruyub saxlaya bilməz və dünyada söz sahibi ola bilməz”. Qeyd etmək lazımdır ki, ümummilli lider bu dövrdə problemlərin həllinə sistemli yanaşma, onların həllinin məntiqi ardıcıllığının gözlənilməsi, tələbkarlıq, yaranmış vəziyyətin operativ qiymətləndirilməsi əsasında yeri gəldikcə qeyri-populyar, lakin perspektiv inkişaf baxımından məqsədəuyğun qərarlar da qəbul edirdi”. UNEC-in eksperti hesab edir ki, Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi təşəkkülü və inkişafını təmin etmək üçün, hər şeydən əvvəl, mövcud iqtisadi potensialdan mümkün qədər səmərəli istifadə etməyi, onu artırmağı, ən başlıcası isə həmin sərvətləri xalqın həyat səviyyəsinin yüksəldilməsi məqsədinə yönəltməyi əsas vəzifə hesab edirdi: “Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanda böhrandan çıxış və bazar iqtisadi sisteminin əsaslarının yaradılması problemləri çox qısa müddətdə həll edilməlidir. Çünki tarix bu məqsədlə Azərbaycana çox az vaxt ayırmışdır. Ölkədə böhrandan çıxış tədbirlərinin müəyyənləşdirilməsi ilə bağlı görüşlərində dəfələrlə qeyd edirdi ki, keçidin ilkin mərhələsində buraxılan səhvlərin sonradan aradan qaldırılması cəmiyyətə baha başa gəlir. Odur ki, cari problemlər həll edilərkən hökmən gələcək inkişaf məsələləri diqqətdə saxlanılmalıdır. Ümumən Azərbaycanda milli iqtisadi inkişaf modelinin formalaşması konsepsiyası işlənib hazırlanarkən ulu öndərin bu problemlə bağlı ayrı-ayrı vaxtlarda söylədikləri müddəaları ümumiləşdirməyə cəhd etsək, qeyd etməliyik ki, o, milli iqtisadiyyatı ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən, dünya təsərrüfat sisteminin müstəqil subyekti kimi çıxış edən, özünün daxili inkişaf qanunauyğunluqlarına malik olan, milli təkrar istehsalı əldə edən, iqtisadiyyatın sahə, institutsional quruluşu, milli dəyərləri, mentaliteti, əhalisinin iqtisadi təfəkkürü ilə fərqlənən, tarixi varisliyi özündə əks etdirən və başlıcası isə hər bir konkret dövr üçün özünün maraq və mənafeləri ilə səciyyələnən, bütünlükdə milli iqtisadiyyatın, eləcə də regionların davamlı inkişafı üçün müvafiq zəmin, potensial yaradan mürəkkəb bir sosial-iqtisadi təsərrüfat orqanizmi kimi nəzərdən keçirirdi. Bu gün Azərbaycanda milli iqtisadiyyatın formalaşdırılması və inkişafı sahəsində əldə etdiyi uğurlar bir daha əyani sübut edir ki, ulu öndərin bilavasitə təşəbbüsü, iştirakı və rəhbərliyi ilə formalaşdırılan və həyata keçirilən iqtisadi siyasət mövcud reallıqlar şəraitində ən düzgün, optimal və ən başlıcası isə alternativi olmayan, gələcəyə istiqamətlənmiş yeganə siyasətdir. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuş, müstəqilliyimiz möhkəmlənmiş, zəruri siyasi - iqtisadi islahatlar aparılmış, ölkədə, demokratik proseslər dönməz xarakter almışdır”.

 

Anar Miriyev

Palitra.-2017.-13 aprel.-S.7.