“İslam Həmrəyliyi
İli”elan edilməsi
dünyaya böyük
çağırışdır
Allahşükür Paşazadə:
“Cocuq
Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”
Mübariz Qurbanlı:
“İslam
dünyasının inkişafını ləngitmək üçün məzhəblər
arasında qarşıdurma yaradırlar”
Bakıda Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans keçirilib.
Beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, qədimliyi və müasirliyi özündə təcəssüm etdirən, tarix boyu Şərq ilə Qərb arasında İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzi olan Azərbaycan multikulturalizm, tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam mədəniyyətinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları nadir dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur.
“Ermənilər Şuşa şəhərindəki Gövhər
Ağa məscidində qazıntı-bərpa
işlərinə təxribat məqsədilə əl
atıblar”
Şeyxülislam deyib ki, dini və milli zəmində ekstremizm, ksenofobiya, islamofobiya, radikalizm, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı bir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə söykənərək qlobal miqyasda ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsinin təqdirəlayiq olduğunu vurğulayan A.Paşazadə deyib ki, bu, Azərbaycanın beynəlxalq nüfuzu üçün zəfərdir.
Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan Prezidentinin sülhsevər siyasətini dəstəkləyən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini, sülhü istəyən xalqımız ədaləti bərpa etməyə qadirdir: “Dövlət başçısının dəstəyi ilə Cocuq Mərcanlıda ucaldılacaq məscid xalqımız üçün müjdə olacaq”. Şeyxülislam Allahşükür Paşazadə ermənilərin işğal etdikləri Şuşa şəhərindəki Gövhər Ağa məscidində qazıntı-bərpa işləri aparmalarına da münasibət bildirib. A. Paşazadə deyib ki, ermənilər bu işə təxribat məqsədilə əl atıblar. "Məscidi əqidəyə görə bərpa edərlər, axı ermənilərin əqidəsi yoxdur", - deyə Şeyxülislam vurğulayıb. A. Paşazadə qeyd edib ki, bu məsələ MDB Dinlərarası Şurasında Moskva və bütün Rusiyanın Patriarxı II Kiril və bütün ermənilərin katolikosu II Qareginlə müzakirə olunacaq.
“İnsanlığı
kataklizmə sürükləyən
çağırışlar, təhdidlər var”
Mübariz Qurbanlı çıxışında deyib ki, bu gün insanlıq qarşısında duran ən böyük məsələ dünyanı qorumaqdır. Hazırda dünya çox təhlükəli bir mərhələ yaşayır, dünyada çoxsaylı münaqişələr var, elə bizim regionda bir neçə münaqişə var, o cümlədən Azərbaycan erməni təcavüzünə məruz qalıb. M.Qurbanlı bildirib ki, 67 ölkənin ərazisində silahlı toqquşmalar baş verir: "Bunun nəticəsində 65 milyon insan öz yurdundan didərgin düşüb. Dünyada olan müharibə ocaqlarının böyük hissəsi də müsəlman ölkələrinin payına düşür. İslam dünyasının inkişafını ləngitmək üçün kənardan məzhəblər arasında qarşıdurma yaradırlar. Ona görə də islam həmrəyliyi bu gün çox vacibdir. Azərbaycan Prezidenti İlham Əliyevin “İslam həmrəyliyi ili “elan etməsi İslam dünyasına böyük çağırış olmaqla, bizim gələcək inkişafımıza böyük dəstək verəcək". Komitə sədri qeyd edib ki, dünyada islamı terrora bağlamağa cəhd edirlər. Milli Məclisin sədr müavini Bahar Muradova konfransda çıxışı zamanı deyib ki, ərazi iddialarına, iqtisadi, hərbi maraqlara, etnik bölgüyə əsaslanan siyasət dünyanı təhdid edir. İnsanlığı kataklizmə sürükləyən çağırışlar, təhdidlər var. Azərbaycan bu çağırışların qarşısına İslam həmrəyliyinin, multikultural dəyərlərin təbliği, dini, etnik, milli dözümlülük, bir ərazini bölüşən müxtəlif xalqların və millətlərin nümayəndələrinə, onların mədəniyyətlərinə hörmətlə çıxır. Azərbaycanın dünyaya verdiyi çağırışların mahiyyətində bunlar dayanır.
“Azərbaycan o
ölkələrdəndir ki, onun milli, dini
və etnik münasibətləri tənzimləyən
qanunları bu ərazidə yaşayan xalqların və millətlərin
minilliklər ərzində formalaşmış münasibətlərinə,
birgəyaşayış qaydalarına və onlar
arasındakı harmoniyaya əsaslanır.
Bu, bizə kənardan gəlmə, yad fikir deyil,
bu, bizim həyat tərzimizdir,
özümüzü ifadə
formamızdır. Ona görə, Azərbaycan bu gün çox böyük qətiyyətlə və uca səslə multikultural
dəyərlərə görə nümunə olan bir ölkə kimi, eyni zamanda,
İslam həmrəyliyi mövzusunu,
İslam həmrəyliyi
çağırışını irəli sürə bilir”, - deyə Bahar Muradova qeyd edib.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin
deputatı Siyavuş Novruzov
çıxışı zamanı qeyd edib ki, ölkəmizdə
İslam həmrəyliyi ilə
bağlı konfransların keçirilməsi əhəmiyyətlidir.
Bildirib ki, Azərbaycanın
bu missiyanı öz
üzərinə götürməsi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının
ölkəmizdə keçirilməsi Azərbaycanda
tolerantlığın və multikulturalizmin
əsas göstəricisindən biridir. S.Novruzovun sözlərinə görə, bu gün neft
və digər təbii sərvətlərə görə
ölkələrin başına ağır hadisələr gətirilir:
"Bir sıra ölkələr insan hüquqlarını kənara qoyaraq, maddi maraqlara üstünlük
verərək bu addımları
atırlar. Artıq həmin ölkələrdə dövlət
siyasəti belə formalaşıb. Belə bir
anda kiçik Azərbaycan
böyük addım ataraq
2017-ci ili "İslam
Həmrəyliyi İli" elan etdi. Bu
missiyanı Azərbaycan Prezidenti İlham Əliyev öz
üzərinə götürdü.
"Bakı-2017" IV İslam Həmrəyliyi
Oyunlarında bir sıra müsəlman
ölkələrinin idmançıları bir-birlərinin əlini
sıxacaqlar. Müsəlman ölkələrinin rəhbərləri
də öz maddi
maraqlarını kənara qoyub bir-birlərinin
əlini sıxmalıdır. İslam həmrəyliyinin
simvolu su götürülüb ki,
bunun da böyük mənası var.
Su - müsəlman ölkələrindəki
alovun söndürülməsi üçün mühüm
rol oynayacaq". Konfransda Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev, Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva,
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Milli Məclisin elm və təhsil
komitəsinin sədri İsa
Həbibbəyli, Qafqaz Müsəlmanları
İdarəsinin Elmi-Dini
Şurasının sədri Vasim Məmmədəliyev
çıxış edərək Azərbaycanda dövlət-din
münasibətlərindən, tolerant, multikultural mühitdən, habelə Prezident İlham
Əliyevin 2017-ci ili ölkəmizdə
"İslam Həmrəyliyi İli" elan etməsindən
sonra görülən işlərdən
və qarşıda duran vəzifələrdən
danışıblar.
Tural Tağıyev
Palitra.-2017.-13 aprel.-S.6.