ADA Fransada Qarabağ həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması işini davam etdirir

 

Fransada erməni diasporunun Azərbaycana qarşı fəaliyyəti kölgədə qalmaqdadır

Xəbər verildiyi kimi, prezident Fransua Olland fevralın 8-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının (CCAF) təşkil etdiyi ənənəvi şam yeməyində çıxışı zamanı Fransanın milli təhsil, ali təhsil və tədqiqatlar naziri Najat Valo-Belkasemə soyqırımı, kütləvi qırğın, müharibə və bəşəriyyət əleyhinə cinayətləri tədqiq edəcək xüsusi missiyanın yaradılmasına dair göstəriş verdiyini bəyan edib. Əslində, bu qərar erməni icmasının qondarma “erməni soyqırımı”nın Fransada rəsmi anım gününün təsis edilməsinə dair təzyiqlərini aydın görməyə imkan verir. Həmin missiyanın yalnız qondarma “erməni soyqırımı”nı deyil, bütün soyqırımı və kütləvi qırğın hallarını tədqiq edəcəyini nəzərə alaraq, Prezident Fransua Ollandın bu çıxışından sonra Xocalı soyqırımının 25 illiyinin qeyd edildiyi bir vaxtda - fevralın 25-də Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel Xocalı soyqırımının həmin siyahıya daxil edilməsi ilə bağlı Fransa Prezidentinə məktub ünvanlamışdı.

 

 

J.F.Mansel məktubunda 25 il əvvəl - fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan tərəfindən işğal edildiyini, şəhərin tamamilə yandırıldığını, əhalisinin qətlə yetirildiyini və əsir götürüldüyünü qeyd edib. Bildirib ki, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 1275 nəfər əsir götürülüb. J.F.Mansel bu cinayəti soyqırımı kimi qiymətləndirərək, onun Azərbaycan tarixinin ən faciəvi səhifələrindən olduğunu bildirib.

Assosiasiyanın rəhbəri məktubunda Fransa Prezidentinin CCAF-ın təşkil etdiyi şam yeməyində “soyqırımı, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin anım gününün təsis edilməsi” niyyətini bəyan etməsini xatırladaraq, bu addımın gerçəkləşəcəyi təqdirdə Xocalı soyqırımının da anılması istəyini qeyd edib. O, azərbaycanlı şəhidlərə də digərləri kimi eyni münasibət nümayiş etdirilməsini xahiş edib.

Martın 30-da Fransa Prezidenti Kabinetinin direktoru Jan-Pyer Uq J.F.Manselə cavab məktubu ünvanlayaraq, Fransa Prezidentinin Azərbaycanın Dostları Assosiasiyasının rəhbərinin “Sovet İmperiyasının süqutundan sonra Azərbaycanda 1992-ci ildə baş vermiş faciəvi hadisələrlə bağlı” adlı məktubunu aldığını bildirib. O, Fransa Prezidentinin J.F.Manselin bu məktubu ilə diqqətlə tanış olduğunubütün soyqırımı, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin qurbanlarının xatirəsinin unudulmamasına önəm verdiyini qeyd edib.

Belə faciələr haqqında məlumatlandırma işinin tarixçilərin vəzifəsi olduğunubuna görə də milli təhsil, ali təhsil və tədqiqatlar naziri tərəfindən xüsusi missiyanın yaradılmasının tapşırıldığını xatırladıb. Missiyanın məqsədinin soyqırımları, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin daha dəqiq şəkildə tanınması, anlaşılması üçün Fransa hökumətini bu faciələr haqqında məlumatlandırmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, bununla əlaqədar Azərbaycan tərəfi Xocalı soyqırımı ilə bağlı bütün məlumatları aidiyyəti şəxslərə çatdıracaq.

 

“Həqiqətlər olduğu kimi tanınmalıdır”

Xatırladaq ki, Fransada erməni təşkilatlarının əlaqələndirmə şurası (Conseil de coordination des organisations Armeniennes de France-CCAF) 2001-ci ildə yaradılıb. Fəaliyyət istiqaməti qondurma “erməni soyqırımı”na dair hər hansısa bir revizionizm elementlərinin təzahürünə qarşı səylərin Fransa ərazisindəki bütün erməni qurumlarının birləşdirilməsidir. Bu təşkilat Fransadakı erməni lobbisinin əsas qanadını təşkil edir. Lakin sevindirici haldır ki, son iki ildə Fransada erməni diasporunun Azərbaycana qarşı fəaliyyəti kölgədə qalmaqdadır. Bu da 2014-cü ildən Fransada Azərbaycanın Dostları Assosiasiyasının yenidən fəaliyyətə başlaması nəticəsində baş tutub. Bu assosiasiya Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən tərəfindən təsis olunubdiplomat uzun müddət bu quruma rəhbərlik edib. Bu da həmçinin son illər ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə inkişafına və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə öz töhfəsini verir. Bu vaxta kimi assosiasiya tərəfindən fransız və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da gücləndirilməsi istiqamətində xeyli işlər görülüb. Görülən işlər deməyə əsas verir ki, assosasiya üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Assosiasiya üzvləri Fransada Azərbaycana dəstək aksiyalarında da iştiak edirlər. Misal üçün, bu il martın 9-da milli diaspor təşkilatları Parisin mərkəzindəki Trokadero meydanında Xocalı soyqırımının törədilməsində birbaşa əli olan və yüzlərlə günahsız azərbaycanlının qətliamına əmr verən Ermənistan prezidenti Serj Sərkisyanın Fransaya səfərinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselaksiya iştirakçılarına qoşulub. Deputat qeyd edib ki, həqiqətlər olduğu kimi tanınmalıdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Nəticədə bir milyon azərbaycanlı doğma yurdundan didərgin düşüb və səbirsizliklə öz evlərinə qayıdacaqları günü gözləyir. O, Xocalı qətliamının 25 illiyi ilə bağlı təşkil etdiyi konfransda soyqırımı törədilən zaman 10 yaşı olan canlı şahidin çıxışından çox təsirləndiyini bildirib. Fransalı deputat Sarkisyanın müsahibəsində Xocalı soyqırımında birbaşa əli olduğunu təsdiqlədiyini bir daha xatırladıb.

Aksiya zamanı müsahibə verən vəkil Olivye Pardo Xocalı soyqırımının tanınması üçün başlatdığı petisiya barədə danışıb. O, Xocalı soyqırımında qətlə yetirilən 613 günahsız azərbaycanlının hansısa əməlinə görə yox, azərbaycanlı olduqlarına görə öldürüldüklərini vurğulayıb və bunun bəşəriyyətə qarşı cinayət olduğunu bildirib.

 

İl ərzində ADA-nın bir sıra tədbirləri planlaşdırılıb

 

Daha sonra Jan-Fransua Mansel iki əsas məsələdən - həqiqət və sülhdən bəhs edib: “Həqiqət deyəndə o, Azərbaycanın 20 faiz ərazisinin, BMT-nin də göstərdiyi kimi, Ermənistan tərəfindən qeyri-qanuni işğalında və Xocalı soyqırımının törədilməsində Ermənistan prezidenti Sərkisyanın birbaşa əlinin olduğunu bildirib. Qeyd edilib ki, Sərkisyan azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktını Tomas de Vaala müsahibəsində də təsdiqləyərək deyib: “Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”. Bu, çox faciəvi bir etirafdır. Düşünürəm ki, bu gün Sarkisyanı Parisdə qəbul edən fransızlar unutmamalıdırlar ki, onun əli Xocalı qurbanlarının qanına batıb.

Digər tərəfdən, biz sülhü də unutmamalıyıq. Minsk qrupunun həmsədri kimi Fransa bu iki Qafqaz xalqı arasında davamlı sülhün bərqərar olmasında böyük rol oynamalıdır. Azərbaycan əraziləri azad edilməlidir. Hər iki xalqın nümayəndələri Dağlıq Qarabağda, əvvəllər olduğu kimi, yenə də birgə yaşamağı öyrənməlidirlər.

Həqiqət mesajına gəldikdə isə, Ermənistan prezidentinin Azərbaycan ərazilərinin işğalına və Xocalı soyqırımına görə məsuliyyət daşıdığını hamı bilməlidir. Hadisələri olduğu kimi demək vacibdir. Hamımızın son məqsədi sülhdür. Bu iki xalq arasında sülh bərqərar olmalıdır. Ancaq sülh axtarışı məsuliyyəti unutmaq demək deyil.

Bugünkü aksiyanın məqsədi də məhz 613 günahsız insanın Xocalıda Prezident Sərkisyanın qəbul etdiyi qərarla ölüm dəhlizinə yönəldildiyini xatırlatmaqdır. Bunu unutmaq olmaz. Sülh, barışıq üçün hər şey edilməlidir, ancaq axıdılan qanı unutmamalıyıq”.

J.F.Mansel deyib ki, o, Beynəlxalq Qadınlar Günündə azərbaycanlı qaçqın və məcburi köçkün qadınların Fransa prezidentinə məktub ünvanlamaq təşəbbüsünü alqışlayır. O bildirib: “Bu qaçqın qadınlar Fransa prezidentinə öz doğma yurdlarına, evlərinə, valideynlərinin yaşadıqları, uşaqlarını böyütmək istədikləri məkana qayıtmaq arzularını çatdırıblar. Bu, onların fundamental hüquqlarıdır. Bu qadınların səsi eşidilməlidir, amma təəssüf ki, onların səsi kifayət qədər eşidilmir. Məhz buna görə bu gün insan hüquqları meydanına toplaşmağımız təsadüf deyil”.

ADA bu il Fransada Azərbaycanın dostlarının ölkəmizin torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətinin davam etdirir. Bu münaqişənin ən qanlı səhifəsi olan Xocalı soyqırımı, eləcə də yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını fransızlara çatdırmaq üçün il ərzində ADA-nın bir sıra tədbirləri planlaşdırılıb.

Fuad Hüseynzadə

 

Palitra.-2017.-14 aprel.-S.11.