“Nəzərdə tutulan
sahələri inkişaf etdirsək, işsizlik tamamilə aradan
qaldırıla bilər”
Millət vəkili Tahir Rzayev: “Yerlərdə emal sənayesi inkişaf etdirilməlidir. Məhsulu xammal kimi xaricə satmalı deyilik, çünki o qədər də böyük gəlir gətirmir. Əldə olunan məhsulun bir hissəsini yerlərdə emal etməliyik. Məhsuldan vəsait götürməliyik”
Ölkədə qeyri-neft sektoru ilə bağlı tədbirlərin həyata keçirilməsi bu sektorun inkişafını labüd edir. Bu gün artıq davamlı olaraq qeydə alınan yüksək nəticələr həmin inkişafın göstəricisidir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir və iqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafıdır: “İqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub, kənd təsərrüfatı 3,5 faiz artıb. Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır”. Mütəxəssislərimiz bu gün ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin uğurlu olduğunu və bu tədbirlərin davamlı olmasını vacib hesab edir. Müsahibimiz millət vəkili Tahir Rzayevdir:
- Ölkədə
qeyri-neft sektorunun
inkişafını necə dəyərləndirirsiniz?
- Qeyri-neft sektorunun inkişafı zərurətdən, dünyada gedən proseslərdən doğur. Neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatına güclü təsir etdi və Azərbaycan da bundan yan keçə bilmədi. Belə olan halda, mütləq başqa yollar axtarıb tapmaq lazım idi. Sözsüz ki, neftin qiymətinin baha olduğu dövrdə də müəyyən nəticələr var idi. Ölkə başçısı hakimiyyətə gəldiyi dövrdən başlayaraq deyirdi ki, neft sektorunu inkişaf etdirməklə yanaşı, qeyri-istehsal sahələrinə də diqqət yetirməliyik. Həmin dövrdə neftdən əldə edilən külli miqdarda vəsait regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə yönəldilmişdi. Əlbəttə, bu düzgün yol idi. Çünki biz hər hansı bünövrə olmadan onun üzərində nəyi isə qurmaq çox çətindir. Məhz həmin vəsaitlə regionların sosial-iqtisadi inkişafı təmin olundu, yollar çəkildi, qaz, işıq, su kimi problemlər həll olunduqdan sonra bu gün ölkədə aqrar sahənin inkişafı asanlaşdı. Bəzən deyirlər ki, biz ilk gündən kənd təsərrüfatının inkişafını sürətləndirməliydik. Ancaq indi yüzlərlə bahalı maşın, toxum gətirilir, emal sənayesi, yerlərdə iri sənaye müəssisələri yaradılır. İnfrastruktur olmasaydı, bu qeyri - mümkün olan bir məsələ idi. Bu isə əlbəttə ki, vəsait tələb edirdi. Çox düzgün düşünülmüş iqtisadi istiqamət idi ki, yerlərdə şərait yaradılsın. Bu gün kənd təsərrüfatının inkişaf etdirilməsi asandır. Çünki işıq, yaxşı yol, su var, torpaqları şoranlıqdan qurtarmaq üçün tədbirlər görülür. Beləliklə, bu sektorun inkişafının zərurətə çevrilməsi və dünyada neftin qiymətinin azalmasının nəticəsində Azərbaycan iqtisadiyyatına da təsir göstərdi. Ölkə başçısı qəti qərara gəldi ki, qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf etdirilməlidir.
- Emal
sənayesinin tətbiqi daha çox gəlir əldə etməyə imkan verəcəkmi?
- Bu gün kənd təsərrüfatı, turizm, emal sənayesi artıq diqqət mərkəzindədir. Prezident ötən müşavirələrdə və son iclasda çıxışında bir daha qeyd etdi ki, artıq bizim yolumuz məlumdur, neftdən asılılıq aradan qaldırılmalıdır və bu sahədə nəticələr də göstərdi ki, kənd təsərrüfatında, emal sənayesində artım var. Ölkənin valyuta ehtiyatı 1 milyard artıb, turizm sahəsində inkişaf göstərdi ki, əgər ötən il ölkəyə gələn turistlərin artımı 11 faiz olmuşdusa, bu ilin I rübündə 25 faizə çatıb və onu davam etdirmək lazımdır. Çünki turizm, kənd təsərrüfatı gəlirli bir sahədir. Bununla əlaqədar vacib məqamlara toxunan ölkə başçısı bildirdi ki, əgər biz istəyiriksə ki, pambıqçılığı, fındıqçılığı, baramaçılığı və digər sahələri inkişaf etdirək, ixtisaslı kadrlar lazımdır, kadr potensialını yaxşılaşdırmalıyıq. Xüsusilə kənd təsərrüfatı mütəxəssislərinə ehtiyac böyükdür. Çünki yaxşı aqronomlar, mexaniklər, torpaqşünaslar olmadan biz kənd təsərrüfatını inkişaf etdirə bilmərik. Digər sahələrə toxundu ki, texnikadan səmərəli istifadə olunması vacibdir, bunun üçün mütəxəssislər yetişdirilməlidir, texniki peşə təhsilinə ciddi fikir verilməlidir.
Yerlərdə emal sənayesi inkişaf etdirilməlidir. Məhsulu xammal
kimi xaricə satmalı deyilik, çünki o qədər
də böyük gəlir gətirmir. Əldə olunan məhsulun bir hissəsini yerlərdə emal etməliyik. Məhsuldan vəsait
götürməliyik. Bu, daha çox
pambıqçılığa aiddir. Çünki pambıqçılıqdan, mahlıcdan bir neçə adda məhsul istehsal edib, xarici ölkələrə
satırıq. Ancaq ondan
bir çox məhsul emal edilə bilər. Geyim, çiyidindən yem, yağ,
tullantıları asfalt,
mebel sənayesində
istifadə etmək olar. Ölkə başçısı da qeyd etdi
ki, artıq Mingəçevirdə toxuculuq
fabriki tikilir, 4 yeni zavodun tikilməsi
nəzərdə tutulur.
Ötən il
51 min hektardan 90 min ton pambıq
götürmüşdüksə, bu il pambıq
sahələri üç
dəfəyə yaxın
artıb. 136 min hektarda pambıq əkilməsi nəzərdə
tutulur. Artıq səpin gedir
və 270 min ton pambıq
götürüləcək. Bu çox böyük
rəqəmdir. Prezident vurğuladı
ki, biz torpaqların sahəsini yox, məhsuldarlığı artırmalıyıq.
Çünki 20 sentner
pambıq götürülməsi
nəzərdə tutulur,
amma məhsuldarlığı
artırmaqla biz bir-iki
il ərzində
400 min ton, hətta bir
neçə ildən
sonra 600 min ton pambıq
istehsalına nail ola bilərik. Bu, intensiv
əkinçilik, intensiv
texnologiya ilə mümkündür.
- Ölkə başçısı bildirib
ki, bölgələrdə
məşğulluğun artırılması
daim diqqət mərkəzində olmalıdır.
Kənd təsərrüfatının inkişafı
yerlərdə əhalinin işlə təminatına imkan verəcəkmi?
- Əsas məqsəd kimi,
ilk növbədə təsərrüfatı,
iqtisadiyyatı yüksəltməklə insanların həyat
şəraitini yaxşılaşdırmaq öndə
olmalıdır. Burada insan
amili öndə olmalıdır. İşsizliyin aradan
qaldırılması öndə olmalıdır. Saatlıda olan müşavirədə
də ölkə başçısı qeyd
etdi ki,
pambıqçılıq inkişaf
etdirilərsə bu, 200 min
iş yeri
yaradılması deməkdir. Çox
yaxşı haldır ki, 85 min yeni iş
yeri açılıb ki,
onun 70 mini daimidir. Əgər, doğrudan
da nəzərdə tutulan
sahələri inkişaf etdirsək,
bir neçə ildən sonra
işsizlik tamamilə aradan
qaldırıla bilər. Pambıqçılıq elə sahədir
ki, ilboyu iş var. Digər gəlir
gətirən sahələr var ki, tərəvəzçilik,
bostançılıqda ilboyu işləyirlər.
Fındıqçılığın inkişafı ilə əlaqədar
olaraq 40 min hektarda fındıq bağları
salınması nəzərdə tutulub və
qərb, şimal zonasında bu istiqamətdə işlər gedir. Digər sahələrdə,
taxılçılıq, heyvandarlığın
inkişafı ilə əlaqədar çox
perspektivi olan məsələlər
önə çəkildi. Bununla əlaqədar
hər bir qurumun
tapşırıqları müəyyən olundu.
Çünki bu, vacibdir.
Nigar Abdullayeva
Palitra.-2017.-14 aprel.-S.5.