Ermənistanın Ağdamdakı hərbi
təlimi dünyada ifşa
olunmalıdır
ATƏT-in Minsk qrupu, həmsədr
dövlətlər işğalçının təlimlərinə
etirazlarını bildirməli, Ermənistana təzyiq etməlidirlər
Ermənilər işğal etdikləri Ağdamın Uzundərə adlanan ərazisində təlimlərə başlayıb. Erməni hərbçilər irimiqyaslı hərbi təlimlərdə əsasən, ağır artilleriya qurğularından istifadə edirlər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrində eşidilir. APA TV-nin məlumatına görə, ağır artilleriya qurğularından və zirehli texnikadan atılan mərmilərin Şahbulaq dağının ətəklərində partlaması cəbhəyanı yaşayış məntəqələrində açıq-aydın müşahidə olunur. Ağdamın Əhmədağalı kəndi 1993-cü ildən qoşunların qarşıdurma xəttində yerləşir. Kənd dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Düşmən buranı top, tank, minaatanlar, snayperlərdən mütəmadi atəşə tutur.
Hərbi təlimlər zamanı yaranan torpaq titrəməsi səbəbindən evlərin çoxu qəzalı vəziyyətə düşüb
Kənd sakinləri təkcə bunun əziyyətini çəkmir. Ermənistan tərəfinin işğal altında olan torpaqlarımızda keçirdiyi irimiqyaslı hərbi təlimlər zamanı yaranan torpaq titrəməsi səbəbindən evlərin çoxu qəzalı vəziyyətə düşüb: "Gündəlik atırlar camaat narahat olur, evlərimiz dağılır, silkələnir, çatlayır. Narahatlıq olur, amma buna baxmayaraq kənddəyik, hamı öz işi ilə məşğuldur". Bələdiyyə sədri Elsanə Qasımova da vəziyyətin çətinliyindən danışıb: "Əhmədağalı bələdiyyəsinin ərazisində 4 yaşayış məntəqəsi, 760 təsərrüfat var. Əhali uzun illərdir müharibənin əziyyətini çəkir. Təmas xəttinə yaxın olduğumuz üçün orda təlimlər keçiriləndə, burda torpaq titrəməsindən evlər çatlayır". Baş verənlər azyaşlı uşaqlara psixi təsir göstərir, yaşlı və ahıl adamlarda əsəb gərginliyi yaradır. Ermənilərin təlim zamanı istifadə etdiyi mərmilər, bölgənin ekologiyasına da təsirsiz ötüşmür. Havaya yayılan barıt qoxusu və kimyəvi qarışıqlar bitkilərdə, əkin sahələrində yetişməkdə olan məhsullarda çoxsaylı xəstəliklərin yaranmasına səbəb olur. Bu da birbaşa canlılar arasında allergiya hallarının çoxalmasına gətirib çıxarır. Ağdam Mərkəzi Rayon Xəstəxanasının həkimi xəstəxanaya müraciət edənlərin sayının artdığını deyib: "Yerli əhali arasında hipertoniya, şəkərli diabet xəstəliyi və sinir sisteminin emosional gərginliklə bağlı xəstəlikləri daha çox rast gəlinir. Son vaxtlar ekologiyanın çirklənməsi ilə bağlı əhali arasında allergik xəstəliklərin sayı çoxalıb".
“Ölkələrin ərazi bütövlüyünə hörmət Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir”
Göründüyü kimi, işğalçı ermənilər yenə də məkrli siyasətlərində əl çəkməyərək sülh danışıqlarını pozmağa çalışırlar. Danışıqların bərpa olunmaması üçün bütün mümkün olan tədbirlərə əl atan Ermənistan beynəlxalq hüququn prinsiplərin kobud şəkildə pozur. Azərbaycanın işğal olunmuş ərazisində hərbi təlim təşkil etmək həm danışıqlar prosesinə ziyan vurmaqla yanaşı, danışıqlara vasitəçilik edən həmsədrlərin səylərini də heçə endirir. Təmas xəttində müxtəlif nəzarət mexanimzlərinin yaradılmasını tələb edən Ermənistan özü prosesi açıq şəkildə pozaraq işğal olunmuş ərazilərdə təlimlər keçirir. Ona görə də ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər işğalçının təlimlərinə etirazlarını bildirməli, Ermənistana təzyiq etməlidirlər. Bu fakt onu göstərir ki, Ermənistan sülh istəmir, işğal olunmuş torpaqları danışıqlar yolu ilə qaytarmaq istəmir. Onların bu mövqeyi beynəlxalq aləmdə ifşa olunmalı, bütün instansiyalardan, vasitələrdən istifadə edilərək dünya ictimaiyyətinə çatdırılmalıdır. Bir neçə gün əvvəl Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, “Şərq Tərəfdaşlığı”nın gələcəyi böyük ölçüdə münaqişələrdən əziyyət çəkən regionlarda davamlı təhlükəsizlik, sülh və sabitliyin bərqərar olmasından asılıdır. Biz düşünürük ki, Avropa İttifaqının vaxtında və fəal rolu regionumuzda sabitlik və inkişaf baxımından əhəmiyyətlidir: “Azərbaycan münaqişənin danışıqlar yolu və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yol xəritəsi üzrə həllində maraqlıdır. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Eyni zamanda, onilliklərdir ki, davam edən danışıqlar heç bir nəticə verməzsə, Azərbaycan pozulmuş ərazi bütövlüyünü sərəncamında olan mümkün bütün vasitələrlə bərpa etmək hüququnu özündə saxlayır. Dəfələrlə bəyan edildiyi kimi, hökumətimiz Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmalarının birgəyaşayışına bütün növ zəmanət verməyə hazırdır. Azərbaycanın münaqişənin həll edilməsi istiqamətində cəhdlərinin əksinə olaraq, Ermənistan işğal edilmiş ərazilərin demoqrafik xüsusiyyətlərini dəyişdirmək üçün məqsədli siyasət yürüdür, həmçinin işğal edilmiş ərazilərdə qanunsuz “seçkilər” və “referendum” keçirir. İşğal edilmiş ərazilərdə keçirilmiş ən son qanunsuz “referendum” Azərbaycan Respublikasının Konstitusiyasının əleyhinə yönəlmiş daha bir təxribat xarakterli addımdır. Bu qanunsuz fəaliyyət beynəlxalq birlik tərəfindən rədd edilib. 2016-cı il aprel hadisələri və 2017-ci il fevralın 25-də təmas xəttində baş verən ən son təxribatlar “nə hərb, nə sülh” vəziyyətinin həssaslığını sübut etdi. Qeyd edilən narahatlıqlara baxmayaraq və Avropa İttifaqı qonşuluğunda geosiyasi və təhlükəsizlik dəyişiklikləri, çağırışları fonunda Avropa İttifaqı ilə dialoqun gücləndirilməsi bizim prioritetlərimiz sırasındadır. Son illərdə «Şərq Tərəfdaşlığı»nın ikitərəfli və çoxtərəfli istiqamətləri avropalı tərəfdaşlarla təcrübələrin bölüşülməsi və ən yaxşı praktikanın mübadiləsində faydalı vasitə olduğunu sübut edib. “Aprel ayının sonunda Avropa İttifaqı ilə yeni ikitərəfli razılaşma üzrə danışıqlara başlayacağıq. Azərbaycan üçün ən mühüm element ondan ibarətdir ki, yeni razılaşma kifayət qədər aydın şəkildə Avropa İttifaqının Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyi, hörməti və bu mövqeyə uyğun fəaliyyətə sadiqliyi əks etdirir. Xüsusilə də bu, 2016-cı il Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə Qlobal Strategiyasında əks olunub. Azərbaycanın, eləcə də «Şərq Tərəfdaşlığı»nın digər ölkələrinin ərazi bütövlüyünə hörmət yalnız bizim maraqlarımız üçün deyil, həmçinin Avropa İttifaqının da maraqlarına uyğundur və regionun inkişafı üçün önəmlidir”.
Münaqişən bütün region üçün əsas təhdid olaraq qalır
Azərbaycanın ABŞ-dakı səfiri də
hərbi mərkəzdə keçirdiyi
görüşdə erməni işğalı ilə
bağlı ətrafdı məlumat verib.
Qeyd edək ki,
ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) dəvəti əsasında
Azərbaycanın səfiri Elin Süleymanov Şimali Karolina ştatında yerləşən Fort Brəq hərbi mərkəzinə səfər
edib. E.Süleymanov
ABŞ Ordusunun Con Kennedi adına Xüsusi
Əməliyyatlar üzrə Mükəmməllik Mərkəzinin
rəhbəri, general Ceyms
Linder, MMU-nun Birgə Xüsusi Əməliyyatlar Magistratura
Proqramının rəhbəri Dr. David Valtonla görüşüb, Fort
Brəqdə yerləşən müxtəlif hərbi qərargahların
şəxsi və akademik heyətinin
iştirakı ilə təşkil olunan tədbirdə
xüsusi qonaq qismində
çıxış edib,
iştirakçıların suallarını
cavablandırıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin
münaqişənin həlli üzrə mövqeyi
və Ermənistanın sülhə zərbə vuran fəaliyyətləri barədə də
ətraflı məlumat verilib. Səfir E.Süleymanov təəssüflə qeyd edib ki,
otuz ilə yaxın dövrün
keçməsinə baxmayaraq,
münaqişə hələ də öz
həllini tapmayıb. Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri pozulmaqda
davam edir və işğal səbəbindən məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan
çox soydaşımız öz doğma
yurdlarına qayıtmaqdan məhrumdurlar. Diplomat
Azərbaycanla Ermənistanı müqayisə edərək,
ölkəmizin tolerantlıq və vətəndaşlıq
prinsipinə əsaslanan müasir cəmiyyətə
malik olduğu halda, Ermənistanın etnik
baxımdan homogen və müstəsna olaraq vahid etnik
tərkibə əsaslandığını deyib.
Münaqişənin bütün
region üçün
əsas təhdid kimi
qaldığını bildirən səfir E.Süleymanov
Azərbaycanın ərazilərinin işğalının davam etməsinin ən çox
Ermənistan dövlətçiliyinin və erməni
xalqının gələcəyinə ziyan
vurduğunu diqqətə çatdırıb.
Diplomat
Ermənistan prezidenti Serj
Sarkisyanın bu yaxınlarda regionun əsas inkişaf mənbəyi
olan enerji infrastrukturunu “İskəndər” raketləri
ilə təhdid edən məsuliyyətsiz bəyanatını
xatırladıb, Azərbaycanın isə münaqişənin
beynəlxalq hüquqa əsaslanaraq həllinə,
gələcəkdə Azərbaycan və erməni
xalqlarının sülh şəraitində
birgə yaşayışına ümidvar
olduğunu bildirib.
Anar Miriyev
Palitra.-2017.-15 aprel.-S.11.