ADPU-da “Açıq qapı günü” keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ümumi təhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Açıq qapı günləri” layihəsi çərçivəsində “Açıq qapı günü” keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimləri, ümumi təhsil məktəblərinin direktorları, müəllimləri, universitetin məzunları iştirak ediblər. Görüş iştirakçıları əvvəlcə universitetin fakültələrinin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Açıq qapı günü”nü keçirməkdə məqsəd yuxarı sinif şagirdlərini universitetimizlə tanış etmək, bu ali təhsil müəssisəsində fəaliyyət göstərən fakültələr, ixtisaslar barədə məlumat verməkdir. Belə görüşlər gənclərin düzgün peşə və ixtisas seçmələri baxımından mühüm əhəmiyyət kəsb edir. ADPU-nun tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, universitet 1921-ci il avqustun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekretlə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr verib, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. Hazırda ADPU-da 8 fakültə-Filologiya, Tarix və coğrafiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Məktəbəqədər təhsil, Psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq, İbtidai təhsil fakültələri, 39 kafedra, Magistratura və doktorantura şöbəsi, Davamlı təhsil və təlim şöbəsi, həmçinin SABAH qrupları fəaliyyət göstərir.
Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan ən mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması və təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılmasıdır. Dövlət Strategiyasının bu tələblərinə uyğun olaraq, ölkə Prezidentinin 26 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya birləşməsi və onun filiallarının ADPU-nun strukturuna çevrilməsi nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan unikal ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Hazırda ADPU-nun 5 filialı-Ağcabədi, Cəlilabad, Quba, Şəki və Şamaxı filialları fəaliyyət göstərir.
Bunlarla yanaşı, təhsil
naziri Mikayıl Cabbarovun
20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki
Məmməd Rahim adına 7 nömrəli
tam orta məktəb
2016-2017-ci tədris ilindən ADPU-nun baza məktəbi kimi
müəyyənləşib. ADPU-da
hazırda filiallar və Pedaqoji
Kolleclə birlikdə təxminən 20 minə yaxın tələbə
təhsil alır. ADPU-da ali
təhsilin bakalavriat səviyyəsində
22 ixtisas, magistratura səviyyəsində
isə 19 ixtisas, 20 ixtisaslaşma
üzrə pedaqoji kadr
hazırlanır. Universitetin 1 professoru AMEA-nın müxbir üzvü, 4 professoru isə Əməkdar elm xadimidir.
Cari ildə 500 və 500-dən
yuxarı bal toplayıb müəllimlik
ixtisasını seçənlərin
sayı 117 nəfərdir.
Builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə
universitetə qəbul
olunmuş tələbələrin
təxminən 80 faizini
təşkil edib. Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə,
2016-2017-ci tədris ilində
ADPU-ya ali təhsilin bakalavriat pilləsində qəbulolunma
faizi 97,18 faiz olmuşdur. Magistratura səviyyəsində
qəbulolunma faizi isə 92,42 faiz
olmuşdur. Bu göstəricilərə görə
ADPU universitetlər arasında
III yeri tutub. Bu il həm
ali təhsilin bakalavriat səviyyəsində,
həm də magistratura səviyyəsində
göstəricilər əvvəlki
illərlə müqayisədə
uğurlu olmuşdur.
Bu gün respublikamızda
müəllim hazırlığına
xüsusi diqqət yetirilir. Prezident İlham Əliyev
yüksək hazırlıqlı
peşəkar pedaqoji kadrların hazırlanmasını
vacib bir vəzifə kimi bizim qarşımıza qoyub. Təhsil Nazirliyi cəmiyyətdə
müəllim peşəsinin
nüfuzunun yüksəldilməsi,
pedaqoji fəaliyyətinin
stimullaşdırılması üçün davamlı
və səmərəli
fəaliyyət göstərir.
Təhsil Nazirliyi tərəfindən
2014-2015-ci tədris ilində
“Gələcəyin müəllimi
təqaüdü” təsis
edilib. Bu təqaüd
pedaqoji kadr hazırlığı aparılan
ali təhsil
müəssisələrinə qəbul imtahanlarında
500 və 500-dən yuxarı
bal toplayan, ixtisas seçimində birinci və ya ikinci
yerdə müəllimlik
ixtisasını qeyd edən tələbələrə
şamil olunur. Onlara əlavə 100 manat təqaüd verilir. Builki tədris ilində 500 və 500-dən
yuxarı bal toplayıb ADPU-nu seçənlərin
sayı 117 nəfərdir.
Müqayisə üçün qeyd edək ki, 2014-2015-ci tədris ilində bu rəqəm 18 olub. Bunun səbəbi ölkəmizdə
müəllim peşəsinə
marağın artması
ilə izah edilir.
Hazırda ADPU-da ümumi təhsil məktəbləri ilə əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirilir. ADPU-da “Ustad dərsləri” layihəsi həyata keçirilir. “Ustad dərslər” layihəsində ümumi təhsil məktəblərində çalışan, iş təcrübəsi və tədris nəticələri ilə fərqlənən müəllimlərin tədris etdikləri fənlər üzrə universitetimizdə uyğun fənnin tədrisi metodikasından ustad dərsləri aparmaları nəzərdə tutulur. Layihəyə qabaqcıl təcrübəsi, yaradıcı fəaliyyəti, innovativ düşüncə tərzi ilə ölkə pedaqoji mühitində tanınan, ümumi təhsil orta məktəb müəllimlərinin mövcud bazasında adları yer alan, əməkdar müəllimlər, 2008-2015-ci illərdə keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri, orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirməsi zamanı yüksək nəticələr əldə edən, müxtəlif təltiflərə layiq görülən, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” üzrə təhsil almış müəllimlər cəlb ediliblər. Bu layihə çərçivəsində paytaxtın tanınmış məktəblərinin qabaqcıl müəllimləri yeni təlim metodları əsasında ADPU-da ustad dərsləri keçirlər.
Martın 10-da ADPU-da 50 ümumi təhsil məktəbinin direktorları ilə görüş keçirilib, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün səmərəli fikir mübadiləsi aparılıb. Martın 29-da isə ADPU-nun və Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə universitetdə “Pedaqoji təhsil: Universitet və məktəb əlaqələri” mövzusunda dəyirmi masa keçirilib. Bunlarla yanaşı, fakültələrdə “Açıq qapı günləri” keçirilib. Lakin biz bu görüşləri, dəyirmi masaları və digər tədbirləri keçirməklə öz işimizi bitmiş hesab etmirik. Biz orta məktəblərlə əlaqələrin daha da genişləndirilməsini və bu əlaqələrin keyfiyyətinin yüksəldilməsini vacib bir vəzifə kimi qarşımıza qoymuşuq.
Tədbirdə çıxış edən ADPU-nun məzunları, Təhsil Şurasının sədri, Əməkdar müəllim, professor Əjdər Ağayev və BDU-nun kafedra müdiri, professor Yaqub Qəribli müəllimliyin şərəfli, müqəddəs, eyni zamanda məsuliyyətli peşə olduğunu bildirərək şagirdlərə müəllimlik peşəsini seçməyi tövsiyə ediblər.
Görüşdə şagird və müəllimlərin sualları cavablandırılıb.
Tədbirdə ADPU-nun fəaliyyətini əks etdirən slaydlar təqdim edilib. Sonra şagird və müəllimlərin fakültə və kafedralarda professor-müəllim heyəti və məzunlarla görüşü keçirilib. Tədbir universitet tələbələrinin hazırladıqları bədii-musiqili hissə ilə başa çatıb.
Nigar
Palitra.-2017.-18 aprel.-S.10.