“Emal sənayesi inkişaf etməlidir”
Millət vəkili Tahir Rzayev: “Biz məhsulun
çox hissəsini burada istehsal etməli və hazır məhsul
kimi xaricə ixrac etməliyik”
Bu gün dinamik şəkildə inkişaf edən ölkə iqtisadiyyatının əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Bu ilin üç ayında iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb. Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı ölkə başçısı bildirib ki, bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb.
Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib: “Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. Ancaq qarşıda duran vəzifələrdən biri də odur ki, biz ixracda da şaxələndirməyə nail olaq. Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifədir. Eyni zamanda biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir. Biz buna da yaxınlaşırıq ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək”.
Mütəxəssislərimiz bu gün ölkədə qeyri-neft sektorunun inkişafı ilə bağlı tədbirlərin uğurlu olduğunu və bu tədbirlərin davamlı olmasını vacib hesab edir. Müsahibimiz millət vəkili Tahir Rzayevdir:
- Azərbaycan tarixən aqrar respublika olub. Ölkənin keçmişinə nəzər saldıqda görürük ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdə ilk olaraq aqrar sahənin inkişafından başladı. Çünki ölkəmizdə tarixən pambıq, taxıl, tütün əkilib, heyvandarlıq inkişaf edib. Bütün nemətlər Azərbaycanda var və onların çoxunu ölkədə istehsal etmək mümkündür. Buranın coğrafi mühiti, havası, şəraiti də imkan verir ki, həmin məhsullar istehsal olunsun. Əgər bu məhsullar insanların ərzağıdırsa, həyatı üçün vacibdirsə, niyə istehsal olunmasın. Biz ümidimizi neftə bağlamışdıq. Ancaq ziyalılar, ixtisasçılar da dəfələrlə xatırladırdılar ki, neftin istehsalı, ixracını artırmaqla yanaşı, qeyri-neft sektoruna da diqqət yetirməliyik. Çünki neft tükənəndir, ancaq torpaq tükənən deyil.
“Brend məhsullarımızı xaricə göndərməyə üstünlük verməliyik, bilsinlər ki, bunlar Azərbaycan məhsullarıdır. Bunun üçün də dünya bazarında keyfiyyətli məhsulumuzla tanınmalıyıq”
Torpaqdan istənilən məhsulu götürmək olar və insan özünün yaşayışını torpaqla təmin edə bilər. Ona görə də bu gün dünyada neftin qiymətinin aşağı düşməsi, münaqişələr, siyasi proseslər bir daha göstərdi ki, Azərbaycan müstəqil olaraq özünün daxili ehtiyatlarına, torpaq resurslarına daha çox arxalanmalıdır. İnsanların əməyinə daha çox arxalanmalıdır və bu çox vacibdir. Prezident bildirib ki, bu həm iqtisadi, həm də sosial məsələdir. Məsələn, kənd təsərrüfatının, pambıqçılığın inkişaf etdirilməsi iqtisadi inkişafdan əvvəl sosial məsələdir. Ölkə başçısı qeyd edib ki, insanların həyatının, şəraitinin yaxşılaşdırılması mənim üçün önəmlidir. Ola bilsin ki, insanlar pambığın yığılmasında əl əməyinə üstünlük verəcəklər, qazanc əldə edəcəklər, qoy getsinlər, onun qarşısını almaq lazım deyil. Biz istəyirik texnologiyadan, maşınlardan istifadə edək, ancaq mənim üçün daha önəmli insanların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Buna getmək daha vacibdir. Bu sahədə indi mütəşəkkil işlər gedir.
- Bölgələrdə
yenidən bərpa olunan sahələrə
əhalinin marağını necə qiymətləndirirsiniz?
- Bu gün bölgələrimizdə, o cümlədən Ağcabədidə insanların kənd təsərrüfatına marağı həddindən çox artıb. Əgər Ağcabədidə ötən il 3600 hektarda pambıq əkilmişdisə, bu il 9000 hektardan çox sahədə pambıq əkiləcək. Ötən il Ağcabədi rayonu ölkədə hər hektardan məhsuldarlığa görə birinci yerdə olub. Rayonda 24,2 sentner məhsul götürülüb. Bu il də yüksək məhsul götürə bilərlər. Orada qabaqcıl pambıqçılar, təcrübəli insanlar var. Ötən il 500-400 hektar götürüb pambıq əkdilər. Qadınlar, sahibkarlar var idi. İndi onlar bu il sahələrini artırmaq istəyirlər. Əgər bir rayonda üç dəfə pambıq artırılırsa, demək, bu pambığa, təsərrüfata olan maraqdır. Eləcə də digər sahələrdə bunu görmək olar. Məsələn, baramaçılar keçən il çox yaxşı nəticələr əldə etdilər. Həm də yaxşı gəlir əldə etdilər. Mən rayona gedərkən barama təhvil verildikdən sonra bir neçə adamla söhbət etdim, 40 günün ərzində 2 min manat və daha çox vəsait əldə etdilər, qeyd etdilər ki, bizim birillik qazançımızdır. Ailəlikcə 40 gün zəhmət çəkdik, ancaq əldə etdiyimiz gəlirlə bütün xərc və borclarımızı ödədik. Çox yaxşı haldır ki, burada süründürməçilik yoxdur, əvvəllər əgər get-gəl, harasa təhvil ver, “pulunu gözlə, gələcək” üsulu idisə, ancaq indi qapanı gətirib, qapısında baramanı çəkirlər, orada da hesablayıb pulunu ödəyirlər. Kağızını verirlər ki, get bankdan pulunu götür, ya da müqaviləsinin şərti əsasında vəsaitini ödəyirlər. İnsanları buna cəlb etmək lazımdır. Xüsusilə iri təsərrüfatların yaradılmasına çalışmaq lazımdır. Bu çox vacib məsələdir.
- Sənaye mərkəzlərinin
artırılmasına ehtiyac olduğu bildirilir. Bu mərkəzlərin rolunu
necə qiymətləndirirsiniz?
- Sənaye mərkəzləri olmadan məhsulu xammal kimi satmaq bizə gəlir gətirmir. Məsələn, pambıq külli miqdarda valyuta gətirir, özü də qiymətli strateji məhsuldur. Yaxud fındıqdan niyə özümüz məhsul hazırlamayaq, verək xaricə, ondan müxtəlif adda məhsul hazırlayıb, sonra da baha qiymətə satsınlar. Ona görə Prezident qeyd edir ki, emal sənayesi inkişaf etməlidir. Biz məhsulun çox hissəsini burada istehsal edək və lazım olarsa, hazır məhsul kimi xaricə ixrac edək. Niyə kənardan məhsul gətirməliyik. Özümüz istehsalı artırmalıyıq ki, xaricə ixrac edə bilək.
- Ölkə
başçısı ixrac
potensialının artırılmasının vacibliyini
bildirib. Bu istiqamətdə
hansı tədbirlərin reallaşdırılması önəmlidir?
- Bizim bir sıra məhsullar, o cümlədən tarixən, hələ sovetlər dövründə də qiymətli şərablarımız olub. İndi bəzi sahibkarların istehsal etdiyi şərablar var ki, dünya bazarına çıxır. Niyə Azərbaycan brendi ilə çıxmasınlar. Ölkə başçısı da bildirib ki, mütləq bizim məhsulların keyfiyyəti yüksəldilməlidir. İstər şərab, üzüm, istərsə də digər kənd təsərrüfatı məhsulları olsun. Çox fərəhli haldır ki, bizim meyvə-tərəvəz ixracı ötən illə müqayisədə 70 faiz artıb. Bu, çox yaxşı haldır. Milyonlarla vəsait deməkdir və Azərbaycan vətəndaşına gələcək. Məsələn, pomidor, xiyar, göyərti Rusiya bazarlarına gedir. Artıq bir sıra ərəb ölkələri ilə müqavilələrimiz var ki, məhsullarımızı oraya göndərək. İxrac olmadan valyuta gətirmək mümkün deyil. Nəinki almalıyıq, əslində, biz brendlə məhsullarımızı xaricə göndərməyə üstünlük verməliyik ki, bilsinlər ki, bunlar Azərbaycan məhsullarıdır. Bunun üçün də dünya bazarında keyfiyyətli məhsulumuzla tanınmalıyıq. Ölkə yaxşı şərabı, geyimləri, meyvə-tərəvəzi ilə tanınar. Niyə Rusiya bazarında bizim pomidorun qiyməti daha yüksəkdir, çünki daha qidalıdır, keyfiyyətlidir. Digər məhsullarımıza da yüksək keyfiyyətlə yol açmalıyıq ki, xaricdə satılsın. Ölkə başçısı müşavirədə də bunun vacib olduğunu deyib: “Təbii ki, ixrac ediləcək məhsullar beynəlxalq standartlara cavab verməlidir. Əks təqdirdə, onların ixrac perspektivləri olmayacaq. Ölkəmizdə fəaliyyət göstərən laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir və bu məsələ tezliklə öz həllini tapmalıdır. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatlar xarici ölkələr tərəfindən tanınmalıdır. İndi bazarlar uğrunda mübarizə gedir. biz bazarlar uğrunda mübarizə aparmalıyıq və aparırıq. Bunun üçün, ilk növbədə xarici bazarlar dəqiq təhlil edilməlidir, həm onların indiki vəziyyəti, həm də perspektivləri”.
Təbii ki, öz
brendimiz olmalıdır. Mütləq biz dünya bazarında rəqabəti
artırmalıyıq, keyfiyyətli məhsul istehsal
etməklə yer tutmalıyıq.
Nigar Abdullayeva
Palitra.-2017.-18 aprel.-S.5.