“Münaqişə beynəlxalq hüquq normaları əsasında həll edilməlidir”

 

Azərbaycan dövləti, ictimai təşkilatlar, millət vəkilləri, xalqın ayrı-ayrı nümayəndələri elə bir gün yoxdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa tədbir həyata keçirməsin. Hər gün bu məsələ müxtəlif beynəlxalq səviyyəli görüşlərdə müzakirə olunur, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır. Belə tədbirlərdən birinə misal olaraq xarici işlər naziri Elmar Məmmədyarovun Maltada keçirdiyi görüşləri göstərə bilərik.

 

E.Məmmədyarov Malta parlamentinin sədrinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Maltaya səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Anqlu Farruca ilə də görüşüb. Görüşdə Azərbaycanla Malta arasında əməkdaşlığın hazırkı səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub. Belə görüşlərin keçirilməsinin ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tərəflər müasir dövrdə parlament diplomatiyasının rolunu xüsusi qeyd ediblər. Hər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi bildirilib. Dostluq qruplarının bu əlaqələrə verdiyi töhfələr təqdir edilib. Sədr Anqlu Farruca Azərbaycana çoxsaylı səfərlərini xatırladıb və ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Avropa İttifaqı arasında “Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi üzrə aparılan danışıqlar barədə məlumat verib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesindən söz açıb. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməli olduğunu diqqətə çatdırıb. Daha sonra görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində Malta xarici işlər naziri Corc Vella ilə görüşüb. Görüşdə C. Vella 2016-cı ilin aprel ayında ölkəmizə səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, ölkəmizlə bağlı müsbət təəssüratlarını bölüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin və siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə edilərək, ikitərəfli münasibətlərin inkişafı baxımından son dövrlər həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd edilib. Enerji sektorunda səmərəli əməkdaşlığın mövcudluğu, eləcə də iqtisadiyyatın digər sahələri, turizm, sərmayə qoyuluşu, nəqliyyat sahələri üzrə əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib. Azərbaycan və Malta arasında münasibətlərin daha da irəliləməsi baxımından ikitərəfli hüquqi-normativ bazanın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib, xüsusilə də iqtisadiyyat, mədəniyyət və təhsil sahəsində əlaqələrin inkişafı üçün müvafiq sənədlərin imzalanmasının vacibliyi vurğulanıb. Görüşdə, həmçinin terrorçuluq, həll edilməmiş münaqişələrin beynəlxalq sülh, sabitlik və təhlükəsizliyə təhdid olduğu qeyd edilib. Bu xüsusda, E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlar prosesinin cari durumu, o cümlədən Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, Maltanın hazırda Avropa İttifaqına sədrliyinin bu əməkdaşlığa verə biləcəyi töhfələr haqqında fikir mübadiləsi aparılıb. Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasına Malta tərəfindən dəstək ifadə edilərək, Azərbaycanın Avropa üçün enerji, eləcə də nəqliyyat baxımından əhəmiyyəti vurğulanıb və bu sahədə müvafiq layihələr haqqında geniş fikir mübadiləsi aparılıb.

 

A.Quliyev:

“ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir”

Münaqişənin həlli istiqamətində tədbirlərə gəldikdə beynəlxalq təşkilatların rolu mühümdür. ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir". O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır: “Ötən ay Milli Məclisin spikeri Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində ATƏT PA-nın prezidenti Kristine Muttonen ilə görüşündə məsələ qaldırdı ki, Minsk qrupunun həmsədrləri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsunhesabat versin".

 

Nazir:

"İşğal olunmuş ərazilərdə qazıntı işləri aparan xarici şirkətlərin adı "Qara siyahı"ya düşəcək"

Ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdə mədəniyyət ocaqlarımıza, tarixi abidələrimizə qarşı vəhşiliklər törədilərək dağılır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi abidələrimizdə hər hansı qazıntı, bərpa işlərinin aparılmasında iştirak edən hər hansı xarici şirkət Azərbaycanda "Qara siyahı"ya daxil ediləcək". Nazir qeyd edib ki, bu sahədə narahatlıq yaradan faktlar aşkarlanıb: “İşğal olunan ərazilərdə bizim tarixi abidələri, guya, yenidən təhlil etmək üçün qazıntılar aparılır, tarixi uydurma məqsədləri daşıyan işlər görülür. Əfsus ki, bəzən digər ölkələrin alimləri də bu işə cəlb olunurlar. Buna görə Azərbaycanın mövqeyi prinsipialdır. Hər hansı xarici şirkət orada qanunsuz qazıntılarda, bərpa işlərində iştirak edəcəksə, Azərbaycanda "Qara siyahı"ya daxil ediləcək və ölkəmizlə əməkdaşlığı tamamilə məhdudlaşdırılacaq". Ə Qarayev məsələ ilə bağlı nazirliyin də narahatlığını bildirdiyini deyib: "Bu yaxınlarda Prezident İlham Əliyev, Xarici İşlər Nazirliyi müvafiq bəyanatlar verib. Biznazirlik olaraq UNESCO, ISESCO səviyyəsində narahatlığımızı dilə gətirmişik”.

 

ANAMA Cocuq Mərcanlıda gün ərzində 918 qəlpə aşkar edib

 

İşğaldan azad edilmiş ərazilərdə əhalinin təhlükəsizliyinin təminatı istiqamətində tədbirlər davam edir. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 16-sı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 918 ədəd qəlpə aşkar ediblər. Mina və partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 33 541 kv.m ərazi yoxlanılıb. 58 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evyeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 27 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 7 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1)), 6 ədəd piyada əleyhinə mina (OZM-72) və 40 ədəd tank əleyhinə mina (16 ədəd TM-57 minası və 24 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 1 856 680 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 16 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarmadrenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5129 ədəd partlamamış hərbi sursat, 81 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 913 444 kv.m ərazi yoxlanılıb.

 

Nigar Abdullayeva

Palitra.-2017.-19 aprel.-S.11.