“Rumıniyada ermənilərin bizim əleyhimizə hansısa ciddi
işlər görməsinə şərait
yaradılmayıb”
Kamran Allahverdiyev:
“Xarici
ölkələrdə tez -tez mediaya çıxmaq, Qarabağla bağlı həqiqətləri təbliğ
edib işğal faktorunun nə dərəcədə təhlükəli
amil olduğunu izah etmək lazımdır”
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı situasiyanı mürəkkəbləşdirən amillərdən biri bu istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən maneələrin olmasıdır”.Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd olunub. N.Məmmədov bildirib: "Azərbaycan ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır. Bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir".
PA rəhbərinin müavini əlavə edib ki, situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır: "Burada müəyyən qədər qapalı dairə yaratmaq cəhdləri hiss olunur: Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq".
Novruz Məmmədovun bu açıqlamasında səsləndiyi kimi, doğrudan da Dağlıq Qarabağla bağlı həqiqətlərin təbliğində xaricdən maneələr çoxdur. Belə maneələri aradan qaldırmaq üçün isə başqa ölkələrdə yaşayan azərbaycanlılar da aktiv olmalıdırlar. Bu istiqamətdə tələbə və gənclərin rolu isə danılmazdır. Rumıniyada yaşayan və təhsil alan Kamran Allahverdiyev “Palitra”ya verdiyi açıqlamada deyir ki, xaricdə yaşayan azərbaycanlılar bu istiqamətdə aktiv olsalar da, bunu qənaətbəxş hesab etmək olmaz. Konkret olaraq Rumıniyaya gəldikdə isə burada təbliğat işlərinin aparılması üçün, demək olar ki, heç bir maneələr yaradılmır: “Öncə onu deyim ki, Rumıniya siyasətçiləri və ümumilikdə cəmiyyətində Azərbaycana qarşı müsbət fikir formalaşıb. Bu mənada bizim torpaqlarımızın işğalı ilə bağlı burada təbliğati işlər aparanda daha effektli olur. Amma deməzdim ki, təbliğat işlərimiz bu ölkədə yüksək səviyyədədir. Görüləcək işlər çoxdur. Xaricdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təbliğati işlərin aparılmasının müsbət tərəfləri çoxdur. Ümumiyyətlə, bu gün elə bir dönəmdə yaşayırıq ki, dünyanın dörd bir yanı, sözün həqiqi mənasında, od tutub yanır. Yəni münaqişələr çoxalır, müharibə ocaqları daha da alovlanır və bütün bunların fonunda həll olunmamış-dondurulmuş sayılan münaqişələr bir qədər ikinci plana keçir. Sanki insanların beynini təzələmək-onlara həll olunmamış, dondurulmuş, amma təhlükəli olan münaqişə ocaqlarını da yada salmaq lazım gəlir. Dağlıq Qarabağ münaqişəsi də elə bir problemdir ki, burada hansısa uydurma mübahisələr varsa, bu da yalnız işğalçı ölkənin üzərinə düşür. Yəni fikrimi belə izah edim ki, əgər bu gün hansısa rumına bu münaqişə haqqında danışanda o haqlı olduğuma inanması üçün əsaslı dəlil istəsə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini xatırlatmaq kifayət edir”.
Kamran Allahverdiyev deyir ki, bizim çox hiyləgər və çox təəssüf ki, dünyanın aparıcı dövlətlərindən böyük dəstək alan düşmənimiz var. Onun sözlərinə görə, bu istiqamətdə də təbliğati işlər aparmaq lazımdır ki, onlara dəstək verənlər müəyyən mənada ifşa olunsunlar: “Dağlıq Qarabağda törətmədikləri cinayətlər qalmadı. Bütün bu cinayətlərə göz yumub Dağlıq Qarabağda yaşayan hansısa erməni toplumunun hüquqlarını müdafiə etmək, Ermənistana təzyiqlər göstərməmək elə o cinayətlərə ortaq olmaq deməkdir. Mən, bəzən deyirəm ki, ABŞ, Fransa və bəzi ölkələrdə formalaşmış güclü erməni lobbisi bu münaqişənin ədalətli həllinin yubadılmasında nə qədər çox rol oynayırlarsa, bir o qədər də Xocalıda əli qana batan bugünkü Ermənistan rəhbərliyi rol oynayır. Bax bizim çətinliyimiz bundadır. Biz təkcə bir qrup siyasətçiyə, Ermənistan rəhbərliyinə qarşı mübarizə aparmırıq. Biz Ermənistan lobbisinə, onların təsiri altında olan əcnəbi siyasətçilərə qarşı da mübarizə aparırıq. Rumıniyada belə problemlər, demək olar ki, yoxdur. Burada ermənilərin bizim əleyhimizə hansısa ciddi işlər görməsinə şərait yaradılmayıb. Görünür, bu səbəbdəndir ki, Azərbaycan da Rumıniyaya yüksək dəyər verir, burada bir sıra iqtisadi layihələr də həyata keçirib. Əks təqdirdə, düşünürəm ki, Rumıniya ilə soyuq münasibətlərimiz olardı”.
Kamran Allahverdiyevin sözlərinə görə, xaricdə Dağlıq Qarabağla bağlı görüləcək işlər hələ çoxdur: “Gənclər hər yerdə əsas qüvvə sayılırlar. Eləcə də xaricdə yaşayan, oxuyan gənclərimiz belə işlərdə daha aktiv olmalıdırlar. Təsəvvür edin, xarici universitetdə oxuyan bir tələbə bir neçə millətdən olan əcnəbi tələbə arasında əsaslı dəlillərlə bizim haqq işimizi təbliğ edib izah etsə, bu nə qədər bizim xeyrimizə olar. Əvvəllər belə imkanlarımız az idi. Xaricdə oxuyan tələbə ordumuz yox idi. Erməni diasporu da bundan səmərəli istifadə edirdi. Uzun illər lobbi fəalları yaşadıqları ölkələrdə Dağlıq Qarabağla bağlı əcnəbi tələbələr arasında yalançı təbliğat işləri aparırdılar ki, onlar da öz ölkələrinə dönəndə bu cür yalanları dilə gətirə bilsinlər. Azərbaycan artıq bu cür “basdırılmış minaları” son illərdə effektiv xarici siyasətlə zərərsizləşdirə bilir. Amma, yenə deyirəm, görüləcək işlər hələ çoxdur. Bildiyiniz kimi, mənim burada bir sıra siyasət adamları, yüksək məmurlarla da təmaslarım olur. Onlarla daim söhbət edərkən ən yaralı yerimiz olan işğal faktorunu da bu adamların diqqətinə çatdırıram. Hər dəfə də eyni reaksiyanı görürəm ki, Azərbaycanın haqq işini dəstəkləyirlər. Bundan başqa, media böyük gücdür. Xarici ölkələrdə tez-tez mediaya çıxmaq, Qarabağla bağlı həqiqətləri təbliğ edib işğal faktorunun nə dərəcədə təhlükəli amil olduğunu izah etmək lazımdır. Bunun üçün isə təkcə diplomat və ziyalılarımız işlər görməməlidir. Məncə, savadlı, yetənəkli tələbələrimiz kifayət qədərdir. Onlar oxuduqları ölkələrdə buna cəhd edə bilərlər. Yəni ən azından məqalələr yazıb media orqanlarına göndərmək olar”.
Müsahibimiz deyir ki, Prezident
də dəfələrlə qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar aktiv
olmalıdırlar və diaspor işlərini
də düzgün şəkildə qurmaq lazımdır: “Mən bəzi əcnəbi
xalqların diaspor təşkilatlarını
müşahidə edirəm və onların necə aktiv olduqlarının şahidi
oluram. Təəssüf ki,
eyni halı bizdə müşahidə edə
bilmirəm. Hələ ki, bu
işdə çox da
irəli gedə bilməmişik. Halbuki diasporumuz
çox güclü olsa, indi Dağlıq Qarabağla bağlı başqa
ölkələrdə təbliğati işlər də
yüksək səviyyədə olardı, hətta bəzi
ölkələrdə hər şeyi
sıfırdan başlayıb izah etməyə
də ehtiyac yaranmazdı. Bu
gün əsas problemlərdən biri budur ki,
Avropada qanlı səhnələri əks
etdirən foto və ya
videolarla insanlar
arasında təbliğat aparmaq çox çətindir. Yəni onlar bu gür
səhnələri göstərənlərin özünə
belə yaxşı baxmırlar və belə tədbirlərdən
uzaq qaçırlar. Bu
mənada Xocalı ilə bağlı haqq
işimizin təbliğində bir qədər problemlər yaşana
bilir. Düzdür Rumıniyada belə bir problem yoxdur və bu ölkə Xocalı faciəsinə ən
yüksək səviyyədə hörmətini nümayiş etdirib.
Əvvəlki firkimə qayıdaraq deyim ki, əlimizdə kifayət qədər digər
faktlar var ki, onları gündəmə gətirməklə
nə qədər münaqişədən əziyyət
çəkən bir ölkə olduğumuzu, soyqırımına məruz
qaldığımızı göstərə bilərik. Bunu məlum qanlı fotolarsız,
videogörüntülərsiz də edə bilərik. Mən,
bəzən deyirəm ki, elə Sərkisyanın
dilindən səslənən fikri də əlimizdə
bayraq etsək, bu bəs
edər. Xatırlayırsınızsa, o,
Xocalı soyqırımında əlinin olmasını
dolayısı ilə etiraf etmişdi. Yəni müharibədə əli qana batan bir
rəhbərin münaqişənin həllində nə dərəcədə
obyektiv olacağına inanmaq
da çətindir. Bu
gün dünyada belə
aqressiv liderlərin çoxalması səbəbindən
münaqişə ocaqları da
çoxalıb. Biz isə bu
müharibələrdən hələ 24 -25 il
əvvəl əziyyət çəkməyə
başlamışıq. Bəzən rumınlara izah edirəm ki, işğal olunmuş ərazilər
bu gün Azərbaycanın
nəzarətində olmadığı üçün
buradan narkotranzit kimi istifadə edilir. Bu isə Avropa, elə
Rumıniya üçün də böyük təhlükədir. Bununla bağlı dəfələrlə
sanballı media orqanlarında
yazıların, xəbərdarlıqların getməsini də
göstərirəm. Onlar belə
faktların olduğunu eşitmədiklərini
və təəssüf hissi keçirdiklərini
deyirlər. Yəni münaqişənin təkcə Azərbaycana,
regiona deyil,
ümumilikdə Avropaya da
bir neçə istiqamətdə mənfi
təsir etdiyini, təhlükə
yaratdığını izah etmək, təbliğat
aparmaq lazımdır. Qısası,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri terror və
soyqırımı aktları qondarma erməni
soyqırımı iddialarının ifşası və digər
əsas problemimizə aid məsələlərdə
xaricdə yaşayan
soydaşlarımızın üzərinə xüsusi vəzifələr düşür.
Xaricdə yaşayan hər bir azərbaycanlı da
çalışıb bu vəzifəsinin
öhdəsindən gəlməli, təbliğati işlərdə
öz töhfəsini verməlidir”.
Tural Tağıyev
Palitra.-2017.-21 aprel.-S.11.