Özbəkistanda Qarabağ geyimlərinin moda sərgisi keçirilib

 

Özbəkistan Rəssamlıq Akademiyasında keçirilən "Ənənəvi təsviri incəsənət festivalı"nda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Qarabağ geyimlərini nümayiş etdirib.

Daşkənddə Rəssamlıq Akademiyasında keçirilən “Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin bütün regionları, habelə Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri canlı olaraq Akademiyanın həyətində rəsmlər və əl işləri yaradaraq, sərgiyə xüsusi rəng qatıblar.

Bu ilfestivala maraq böyük olub, festivalda Akademiyanın müxtəlif sərgi salonlarında gənc istedadların rəsmləri əl işləri sərgilənib. Festival çərçivəsində Akademiyanın və İnstitutların Milli libaslarDizayn fakültəsinin tələbələri milli geyim koloritlərindən istifadə edərək öz kolleksiyalarını nümayiş etdiriblər. Geyimlərdə özbək adrasından istifadə edilib, ənənəvi və müasir geyim stilləri nümayiş etdirilib.

Moda sərgisi Azərbaycan üçünxüsusi əhəmiyyət daşıyırdı.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi builki festivalda da Azərbaycanın Qarabağ diyarına aid geyimlərin moda sərgisini təqdim edib. Qarabağ geyimlərini Özbəkistanın Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunun tələbələri nümayiş etdiriblər. “Qarabağ şikəstəsi”nin sədaları altında özbək modelyer qızlar XVII-XIX əsrlərə aid Qarabağın bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağ xanlarının dövrünə aid zadəgan xanımların geyimlərini nümayiş etdiriblər.

Sərgidə nümayiş etdirilən Bakı Geyim Evi tərəfindən hazırlanmış və Mədəniyyət Mərkəzinin "Azərbaycan milli geyimləri" muzeyində daimi nümayiş etdirilən Qarabağ geyimləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, sərgidə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan kəlağayılarını sərgiləyib, “Arşın mal-alan” əsərindən musiqili səhnəni təqdim ediblər.

İştirakçılara festival çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Azərbaycan xalqının yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

 

Tural

Palitra.-2017.-21 aprel.-S.13.