Əli Həsənov: “Cocuq Mərcanlının bərpası Böyük Qayıdışın başlanğıcıdır”

 

“Artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır”

 

Dağlıq Qarabağ münaqişəsi, ermənilərin apardığı işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Bu gün torpaqlarımızın işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Beynəlxalq təşkilatların nümayəndələri ölkəmizə səfərləri zamanı işğaldan azad olunmuş ərazilərdə olur, qaçqın və məcburi köçkün həyatı şəraiti ilə tanış olurlar.

 

“Ölkənin iqtisadi inkişafı qaçqın və məcburi köçkünlərin problemlərinin həllində də mühüm önəm daşıyır”

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib. Komitənin mətbuat xidmətindən bildiriblər ki, iclası açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov əsas diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı genişproqram xarakterli çıxışında səsləndirdiyi fikirlərə və qarşıya qoyduğu vəzifələrə yönəldib. Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatlar və məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadi potensialı daha da güclənib, davamlı inkişaf dinamikası təmin olunub. Baş nazirin müavini Əli Həsənov Prezident İlham Əliyevin həmin iclasdakı çıxışına və statistik rəqəmlərə istinad edərək bu ilin birinci rübündə ölkədə iqtisadi inkişafın təmin olunduğunu, sosial məsələlərin həllini tapdığını, ordu quruculuğunun uğurla getdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə artdığını diqqətə çatdıraraq 2017-ci ilin ölkəmiz üçün uğurlu il olacağını deyib. Prezidentin siyasətinin, bu siyasət nəticəsində əldə olunan uğurların mərkəzində Azərbaycan vətəndaşının dayandığını deyən Əli Həsənov deyib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı inkişaf etdiyindən bütün əsas vəzifələr icra olunub. Dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, indiyədək neftdən asılılığın aradan qaldırılması, kənd təsərrüfatının, digər sahələrin inkişafı məqsədilə görülmüş tədbirlər, aparılan dərin islahatlar nəticəsində bu inkişaf təmin olunub.

Ölkənin iqtisadi inkişafının qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllində də mühüm önəm daşıdığını diqqətə çatdıran Baş nazirin müavini hesabat dövrü ərzində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasını dövlət idarəetmə strukturunda aparılmış ən uğurlu islahat və vaxtında atılmış addım kimi dəyərləndirib. Qeyd edib ki, böyük nüfuza və dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən, ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi haqqında Prezidentin imzaladığı sərəncam ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadisiyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən mühüm bir addım oldu.

Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən bildirmişdi ki, o, öz fəaliyyətini sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə yönəldəcək. Məhz elə bunun nəticəsi olaraq Mehriban xanım Əliyeva ilk müşavirəsini ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi. Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yararsız, qəzalı vəziyyətdə olan yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bu təbəqədən olan soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı və görülməsi nəzərdə tutulan tədbirlər diqqətə çatdırıldı. Bu müşavirədə Mehriban Əliyeva məsələnin həlli yollarını da müəyyənləşdirdi.

Bu bir daha onu göstərdi ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir və xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur.

 

Bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır”

Prezidentin bütün mötəbər tədbirlərdə, yığıncaqlarda olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını önə çəkməsini bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirən Əli Həsənov deyib ki, dövlət başçısı çıxışında bu iclasda da məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə nəzərdə tutulan tədbirlərdən danışaraq problemin həlli yollarını müəyyənləşdirib. Bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir. Bu qəsəbə yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən dövlətimizin başçısının da vurğuladığı kimi, ilk növbədə ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikiləcək, eyni zamanda vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək.

Artıq PrezidentinBirinci vitse-prezidentin tapşırıqlarına əsasən bu istiqamətdə işlərə başlandığını, bunlarla bağlı hərtərəfli müzakirələr aparıldığını diqqətə çatdıran Əli Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3, Ramana qəsəbəsi ərazisində isə 1 beşmərtəbəli bina inşa olunur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

Kollegiya iclasında ümumilikdə götürdükdə cari ilin ötən rübünün ölkəmiz üçün çox böyük tarixi əhəmiyyət kəsb edən hadisələrlə yadda qaldığını, o cümlədən bu dövr ərzində ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalandığını deyən Ə.Həsənov, xüsusilə Azərbaycan Prezidentinin yanvarın 24-də imzaladığı “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamını ölkəmizin həyatında tarixi hadisə kimi dəyərləndirib. Cocuq Mərcanlının bərpasını Böyük Qayıdışın başlanğıcı adlandıran Baş nazirin müavini Əli Həsənov Nazirlər Kabinetinin son iclasındakı çıxışında Prezidentinbu tarixi hadisəyə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, hazırda kənddə aparılan bərpa işləri, dövlət başçısının müvafiq sərəncamına uyğun kəndə yol çəkilişi, həmçinin Şuşa məscidinə oxşar məscidin tikintisi və digər işlər Prezidentin tapşırığı və nəzarəti altında həyata keçirilir. Ən başlıcası isə dövlət başçısının uğurlu ideoloji siyasətinin nəticəsidir ki, artıq bütün dünya Cocuq Mərcanlı kəndi, vaxtilə onun işğala məruz qalaraq vəhşicəsinə dağıdılması, bu gün isə işğaldan azad olunaraq bərpa edilməsi, bu yerlərin Azərbaycan torpağı olması barədə tam məlumatlıdır ki, bunlar da olduqca mühüm önəm daşıyır.

Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il yanvarın 23-də imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanı və həmin Fərmana dəyişikliklər edilməsi barədə dövlət başçısının 2017-ci il 14 fevral tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Qaydalara uyğun həyata keçirilən və nəzərdə tutulan tədbirlər və digər məsələlər də müzakirə olunub.

Kollegiya iclasında vurğulanıb ki, Prezidentin ölkəmizin bir nömrəli problemi elan etdiyi və gündəlik diqqət mərkəzində saxladığı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı mühüm tapşırıq və göstərişlərinin, bu sahə ilə bağlı ölkə başçısının müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət Proqramı və ona edilmiş əlavələrdə, digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin ardıcıl və tam şəkildə təmin edilməsi üçün Dövlətqaçqınkomun kollektivi bundan sonra da əzmlə çalışacaq, bu təbəqədən olan soydaşlarımızın müxtəlif problemlərinin həlli ilə bağlı qarşıya qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirəcək.

 

Nigar Abdullayeva

Palitra.-2017.-22 aprel.-S.11.