Şahin Mustafayev:
“Sumqayıt və Mingəçevirdə 8 minə yaxın iş yeri
açılacaq”
Prezidentin
sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında və Yevlaxda keçirilən
qeyri-neft ixracatçılarının respublika müşavirəsində
dövlət başçısı tərəfindən
verilmiş tapşırıqların icrası ilə
bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin
və tabeliyindəki qurumların rəhbərlərinin
iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Prezident qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. İqtisadiyyat naziri dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə makroiqtisadi təhlillərin, dövlət investisiya layihələrinin monitorinqinin aparılması, istehlak bazarına nəzarətin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması imkanlarının araşdırılması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinə konkret göstərişlər verib.
Bildirilib ki, 2017-ci ilin I rübündə 40 mindən çoxu özəl sektor tərəfindən olmaqla 85 min yeni iş yeri yaradılıb. Hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır. Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə sənaye parkları və sənaye zonalarının yaradılması davam etdirilir. Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır. Hazırda 10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan “Azertexnolayn” müəssisəsi istehsal etdiyi məhsulun 52%-ni ixrac edib. Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən olan "SOCAR Polimer"in iqtisadi əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, bu layihə Azərbaycanda sahibkarlığın inkişafında xüsusi önəm kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin xammala olan tələbatını ödəyəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək. 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidentləri olan "Ekokat" MMC və "Metak" MMC parkın ərazisində test rejimində fəaliyyətə başlayıblar. Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir. Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcək.
Hacıqabul və Ağdam rayonlarında sənaye zonaları yaradılır
Müşavirədə regionlarda yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması və sənaye parklarının təşkili istiqamətində işlərin davam etdirilməsi barədə müvafiq struktur bölmələrə tapşırıqlar verilib. Neftçala Sənaye Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Nazir Şahin Mustafayev Hacıqabul və Ağdam rayonlarında da sənaye zonalarının yaradılması imkanlarının araşdırılmasının qısa müddətdə başa çatdırılması barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib. Müşavirədə bildirilib ki, investisiya təşviqi mexanizmi uğurla həyata keçirilir və indiyədək sahibkarlar tərəfindən verilmiş 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 45 layihə reallaşdırılıb.
Böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili nəzərdə tutulur
Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri daim diqqətdə saxlanılacaq. Müşavirədə məlumat verilib ki, hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır. Şahin Mustafayev bildirib ki, indiyədək “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Növbəti ixrac missiyası isə Qazaxıstana yola düşüb. Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsində ən yaxşı potensial bazar olan ölkələrə ixrac missiyalarının təşkili, dünyanın aparıcı sərgilərində iştirakın təmin edilməsi barədə tapşırıqlarının icrası məqsədi ilə 2017-ci ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil olunacaq, “World Food Moscow”, “Anuga”, “Honq-Konq Beynəlxalq Şərab və Spirtli İçkilər” sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş olunması təmin ediləcək. Dövlət başçısının tapşırığına əsasən, bir sıra ölkələrlə yanaşı, böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili istiqamətində təhllilər aparılır. Bununla yanaşı, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək büdcə vəsaitləri hesabına təşviq verilir. Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib.
Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evləri yaradılacaq
Səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir, Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub. Belarusda Azərbaycan Ticarət Evi yaradılması işləri tamamlanmaq üzrədir və bu yaxınlarda fəaliyyətə başlayacaq. Ukraynada da bu istiqamətdə işlər aparılır. Müşavirədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq göstərişlər verilib. Prezident İlham Əliyevin Azərbaycanın xaricdə logistik mərkəzlərin yaradılmasını vəzifə olaraq qarşıya qoyduğunu vurğulayan Şahin Mustafayev bu istiqamətdə araşdırmaların aparıldığını bildirib, işlərin sürətləndirilməsi barədə nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib.
Şərabçılığın inkişafı və stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır
Vurğulanıb ki, Yevlaxda keçirilmiş müşavirədə Prezident meyvə-tərəvəz məhsullarının, fındıq, badam, zeytun yağı, şəkər çuğunduru, ipək istehsalının və ixracının artırılması, pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi, yun emalının təşkili, şərab zavodlarının tam gücü ilə işləməsinin təmin olunması, mineral suların ixracının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına dəstəyin davam etdirilməsi, özünü təminat səviyyəsinin yüksəldilməsi, balıqçılıq sənayesinin yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirib. Şahin Mustafayev nazirliyin müvafiq struktur bölmələrinə ixracyönümlü yerli istehsalın dəstəklənməsi istiqamətində tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar verib. Qeyd edilib ki, hazırda şərabçılığın inkişafı və stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır.
Müşavirədə yun tədarükü müəssisələrinin
yaradılması ilə bağlı tədbirlərin
görülməsi, xalçaçılığın
inkişafına xüsusi diqqət
göstərilməsi, eləcə də qeyri-neft
ixracının artırılmasında əhəmiyyəti nəzərə
alınmaqla qablaşdırma sahəsində mövcud istehsal sahələrinin
genişləndirilməsi və yeni müəssisələrin
yaradılması imkanlarının araşdırılması
barədə tapşırıqlar verilib. Müşavirədə, həmçinin Azərbaycan
məhsullarının təbliği məqsədilə xarici KİV-də reklamların yerləşdirilməsi
üçün qısa müddətdə
tədbirlərin görülməsi barədə İqtisadiyyat Nazirliyinin
aidiyyəti struktur bölmələrinə
tapşırıqlar müəyyənləşdirilib. Dövlət başçısının Azərbaycanın
bütün sahələrdə
inkişafının istiqamətlərini müəyyənləşdirdiyi
proqram xarakterli
çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi
qarşısında qoyulmuş vəzifələrin
vaxtında və keyfiyyətli icrası üçün
Tədbirlər Planı təsdiq edilib.
Tədbirlər Planında konkret
icraçısı və icra müddəti
göstərilməklə nazirliyin struktur bölmələrinə
tapşırıqlar əksini tapıb.
Anar Miriyev
Palitra.-2017.-25 aprel.-S.4.