Litva Seymində Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edilib

 

Profiljurnalı:

Təəssüf ki, Ermənistan silahlanmaqda davam etdi

Ermənistanın işğalçı siyasəti davam etdirməsi uzun illərdir ki, bu ölkənin əleyhinə işləyir. Amma 90-cı illərdən fərqli olaraq artıq dünya ermənilərin Dağlıq Qarabağla bağlı nağıllarına inanmır. Təsadüfi deyil ki, bu proseslərin fonunda Azərbaycanın haqlı mövqeyi möhkəmlənməkdə davam edir. Bütün bunlar isə planlı, ardıcıl və düşünülmüş xarici siyasətin nəticəsidir. Son illərdə isə artıq dünya uydurma erməni soyqırımına deyil, daha çox Xocalı qətliamına ciddi reaksiya verməyə başlayıb. Bu istiqamətdə müsbət addımlardan biri bu günlərdə Litvada atılıb. Belə ki, aprelin 24-də Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı müraciət qəbul edib.

Sənəddə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin XX əsrin tarixində baş vermiş ən faciəli münaqişələrdən biridir. Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, bir milyondan artıq azərbaycanlının öz doğma yurdundan didərgin salındığı bildirilir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilməsinə baXmayaraq, qətnamələrin hələ də həyata keçirilmədiyi vurğulanır. Seymin deputatları Xocalı şəhərində yüzlərlə dinc əhalinin öldürülməsini insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət kimi qiymətləndirərək Azərbaycan xalqına başsağlığı verirlər. Müraciətdə Litvanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləndiyi qeyd edilir. Seymin üzvləri təcavüzkar qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin icra edilməsinin çağırışı ilə çıxış edirlər.

Ermənipərəst siyasətçilər daim ifşa olunur

Artıq beynəlxalq təşkilatlarda da ermənilərin himayədarları tez-tez ifşa olunmağa başlayıb. Buna misal olaraq həmişə ölkəmizə qarşı kəskin mövqeyi ilə seçilmiş, Ermənistanın maraqlarına xidmət edən antiazərbaycan siyasət aparan N.Muiznieksin haqlı suallar qarşısında çaşbaş qalmasını göstərmək olar.

Belə ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası ərəfəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən və erməni maraqlarına xidmət edən gizli şəbəkə haqqında üç avropalı müəllifin imzası ilə geniş təhlili yazı yayılmışdı. Həmin tənqidi yazının mərkəzində isə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin şübhəli əməlləri dayanır. İki gün öncə sessiyada insan hüquqları üzrə komissarın hesabatı dinlənildikdən sonra ona suallar ünvanlanıb. Antiazərbaycan siyasəti ilə seçilən N.Muiznieks haqqındakı həmin ifşaedici materialı, ilk növbədə assambleya üzvlərinin diqqətinə çatdıran deputat Rafael Hüseynov komissara belə bir sual verib: “Son dövrlərdə Avropa Şurasının müxtəlif strukturlarında təmsil olunan bir sıra şəxslərin təşkilatın prinsipləri ilə uyğun gəlməyən qanunsuz fəaliyyətləri haqqında xoşagəlməz məlumatlar ortaya çıxır. Belə hesabatlardan biriindi yayılıb və faktlarla dolu olan bu sənəd təəssüf ki, sizin gizli erməni şəbəkəsi ilə bağlı olmağınızı göstərir. Yəqin ki, siz bu təhlil materialını araşdırıb gələcəkdə cavab verəcəksiniz. Bütün bunları dostcasına deyirəm və arzulayıram ki, münasibətlərinizdə ehtiyatlı olasınız. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda valideynlərinin məzarını ziyarət edərkən tutulan azərbaycanlı Dilqəm Əsgərov separatçı Dağlıq Qarabağ rejiminin heç bir qanuni əsasa malik olmayan “məhkəməsi” tərəfindən ömürlük həbs cəzasına məhkum edilib və işgəncələr altında saxlanmaqdadır. İnsan hüquqları komissarı olaraq Dilqəm Əsgərovun bu qanunsuz həbsdən azad edilməsinə hansı təsir mexanizmindən istifadə edə bilərsiniz?”

 

Campaolo Kutillo:

“Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır”

 

N.Muiznieks özünün erməni şəbəkəsi ilə bağlılıqları haqda sənədlə tanış olduğunu təsdiqləyərək etiraf edib ki, həqiqətən, onun çoxlu görüşləri olub və guya, bunlar onun tutduğu vəzifənin tələbi ilə gerçəkləşib. Amma cavabında sırf ermənipərəst mövqedə dayandığını gizlətməyərək Ermənistanla bağlı gizli şəbəkə ilə əlaqədar faktların üzərindən sükutla keçib. O, Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini ifadə edib. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualının Dilqəm Əsgərovla bağlı hissəsinə gəlincə isə yenə birbaşa cavabdan qaçaraq, guya, bu məsələnin onun mandatı çərçivəsində olmadığını bildirib. Halbuki həmin problem bilavasitə Avropa Şurasının insan hüquqları üzrə komissarının fəaliyyətləri çərçivəsinə daxildiryeri gəlmişkən, Dilqəm Əsgərovun azad edilməsi ilə bağlı ötən sessiyalarda Avropa Şurası kürsüsündən baş katib Torbyorn Yaqlandın ayrıca çağırışı da olub.

Dağlıq Qarabağ münaqişəsinin həllinin təkcə Azərbaycan üçün deyil, region üçün əhəmiyyətli olduğu isə dəfələrlə vurğulanıb. Belə fikri bu dəfə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyərək problemin tezliklə həllinin vacibliyini qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır, çünki zorakılıq dayanmır və vaxtaşırı gərginlik artımı müşahidə olunur”. Səfir Azərbaycan mətbuatına verdiyi açıqlamada qeyd edib ki, bu regionda sülh və təhlükəsizliyin qorunması regionun inkişafı deməkdir. Onun sözlərinə görə, bu təkcə iki ölkə üçün yox, həm də bütün dünya üçün vacibdir: “Mən arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunsun. Buna müəyyən vaxt tələb olunacaq, amma bu məsələni yerinə yetirmək lazımdır”.

 

“Ötən ilin aprel ayında baş vermiş gərginlik bu münaqişənin dondurulmadığını göstərdi”

Paralel olaraq ayrı-ayrı ölkələrdə Dağlıq Qarabağ həqiqətlərinin təbliği ilə bağlı da aktiv işlər həyata keçirilir. Buna misal olaraq Avstriyanın nüfuzlu həftəlik “Profil” jurnalında “Təəssüf ki, Ermənistan silahlanmaqda davam etdi” sərlövhəli məqalənin dərc edilməsini göstərmək olar. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla müsahibə əsasında hazırlanmış məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas söhbət mövzusu olub. Jurnalın redaktoru Martin Ştaudinqerin qələmə aldığı müsahibədə Avstriyanın ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin həlli üçün yeni təşəbbüslərin gözlənilməsinə dair sual verilib. Səfir Q.İsrafilov bildirib ki, ötən ilin aprel ayında baş vermiş gərginlik bu münaqişənin dondurulmadığını göstərdi və 1994-cü ildə bağlanan atəşkəsə riayət olunması da münaqişəni həll etməyib. Tam əksinə, Ermənistan mövcud status-kvonu möhkəmləndirərək BMT qətnamələrinə zidd şəkildə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edir. Yeni gərginliyin qarşısının alınması üçün ən yaxşı zəmanət status-kvonu dəyişməyə xidmət edən konkret addımlardan ibarət yol xəritəsinin hazırlanması məqsədilə dərhal substantiv danışıqlara başlamaqdır. Ermənistanın əksinə olaraq, ATƏT-in iştirakçı dövlətləri, həmçinin Minsk qrupunun həmsədrləri bu fikirdədirlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Təəssüf ki, bu çağırışlara cavab olaraq Ermənistan silahlanmanı davam etdirir, öz mövqelərini möhkəmləndirir və işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir.

Atəşkəs rejiminə nəzarət etmək üçün daha çox ATƏT müşahidəçilərinin cəlb edilməsinə dair Ermənistan tərəfinin tələbinə münasibət bildirən Azərbaycan diplomatı qeyd edib ki, 2016-cı ildə VyanaSankt-Peterburq görüşlərindən sonra Azərbaycan həmin ilin iyul ayında öz təkliflərini təqdim edib. Lakin qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi texniki məsələlərlə bağlı fikir ayrılığından danışıqlar prosesindən yayınmaq və məzmunlu danışıqlardan imtina etmək üçün sui-istifadə edir.

İşğal olunmuş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər edən xarici ölkə vətəndaşları ilə bağlı məsələyə aydınlıq gətirən səfir qeyd edib ki, Avstriya kimi Azərbaycan da statuslarından asılı olmayaraq bütün əcnəbi vətəndaşlardan onun qanunlarına əməl olunmasını gözləyir. Rəsmi Bakı aydın şəkildə ifadə edib ki, Azərbaycanın müvafiq rəsmi qurumlarının əvvəlcədən razılığı olmadan işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin Azərbaycana səfəri qadağan olunur. Eyni zamanda, beynəlxalq hüququn və Azərbaycanın qanunlarının pozulmasına qarşı bütün hüquqi vasitələrlə mübarizə aparılacaq. Ona görə də Azərbaycan ərazisinə səfər etmək niyyətində olan hər bir şəxsə səfirliyin və Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində səyahət tövsiyələri ilə yaxından tanış olmaq tövsiyə edilir.

 

Tural Tağıyev

Palitra.-2017.-28 aprel.-S.11.