Qazaxıstanda 6 dəfə deputat
seçilən soydaşımız
Eldar Abdinov:
“Azərbaycan diasporunun işində yaxından iştirak edir, öz yardım və əməyimi əsirgəmirəm”
Ötən yazımda qeyd etdiyim kimi, Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinin parlamentində bir soydaşımız təmsil olunur. Ekibastuz əhalisi və həmvətənlərimiz tərəfindən sayılıb-seçilən həmin insanla öncə istərdim tanış olaq: Abdinov Eldar Rzaqulu oğlu 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində andan olub. 1958-68-ci illərdə Ərkivan kəndində tam orta təhsil alıb. Daha sonra Bakıda 5 nömrəli ŞTPM-ə daxil olub. Peşə məktəbini fərqlənmə ilə bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1970-72-ci illərdə Rusiyanın Komsomolsk-Amur şəhərində Dəmir yolu ordusunda hərbi xidmət edib. Tərxis olunduqdan sonra həmin şəhərdə qalaraq idmançı karyerasını davam etdirib. Sərbəst güləş üzrə ustalığa namizəd E.Abdinov 1973-cü ildə Komsomolsk-Amurda keçirilən şəhər birinciliyinin qalibi olub. Elə həmin il E.Abdinov Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır.
E.Abdinov Ekibastuza gəlişini xatırlamağı çox xoşlayır: “Hərbi xidmətdən Vətənə qayıdarkən Ekibastuz şəhərində dostlarıma baş çəkməyi qərara aldım. Bu şəhərə bir həftəliyə gəzməyə gəlmişdim, lakin ömürlük burada qalmağa qərar verdim”.
Son 20 il ərzində xarici investorların gəlişi ilə əlaqədar olaraq “Boqatır Akses Komir” MMC-də Yeməkxanalar müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, Pavlodar Sənaye və Karaqanda Kooperativ institutlarını bitirərək iki ali təhsil alıb.
Hazırda E.Abdinov Əməkdar təqaüdçüdür. Tanınmış ictimai xadim 2003-cü ildən etibarən Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri, Qazaxıstan Xalqları Assambleyasının üzvü, “Ekibastuzun gələcəyi” hərəkatının aktiv üzvlərindəndir.
Ekibastuzun azərbaycanlı fəxri vətəndaşı
E.Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib. 2015-ci ildən Ekibastuz şəhərinin fəxri vətəndaşı olan E.Abdinov dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub, Qazaxıstan Respublikası Konstitusiyasının 10 illiyi medalı, Qazaxıstan Respublikası Müstəqilliyinin 20 illiyi medalı, 1-ci, 2-ci, 3-cü dərəcəli “Əmək şöhrəti” nişanları, “Kömür sənayesi fəxri əməkdaşı” nişanı, “Şəhər qarşısında xidmətlərinə görə” nişanı ilə təltif edilib.
1976-cı ildə ittifaq əhəmiyyətli EİEK-nin inşasında Azərbaycandan komsomol təyinatı ilə 100-dən artıq gənc gəlib. Onların gəldiyinin səhəri gün E.Abdinov yataqxananın qırmızı guşəsində onlarla görüşür və şəhərdə olan vəziyyəti izah edir. Həmin il amnistiya edilib, həbsxalardan buraxılmış on minlərlə keçmiş canilər komsomol tikintiləri gedən şəhərlərə yerləşdirilib. Ekibastuz şəhəri də istisna hal təşkil edib. Bununla əlaqədar olaraq şəhərdə kriminogen vəziyyət çox gərgin olub. Şəhərdə hörməti olan gənc Eldar öz köməyini həmvətənlərinə təklif edib və hər zaman öz yardımını əsirgəməyib. Hələ yaxın keçmişdə cani olanlar şəhərdə öz qanun-qaydalarını qurmaq istəyirmişlər. Qürurlu azərbaycanlı gənclər isə onlara layiqli müqavimət göstəriblər; tez-tez çaxnaşmalar, qarşıdurmalar olub. Bir çox gənc dava-dalaş etdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Amma E.Abdinovun səyi nəticəsində onlardan heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb və hamısı vətənə sağ-salamat qayıdıb, heç bir ananın gözü yaşlı qalmayıb.
E.Abdinov hər zaman həmvətənlərinə qarşı diqqətli olub. Bu şəhərə gələn azərbaycanlıları işlə təmin etməyə, yataqxanalarda yerləşdirmyə yardım edib. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada E.Abdinovu, heç olmasa, bir nəfər tanımayan şəxs olmasın.
1990-cı ilin yanvar hadisələri zamanı Ekibastuz DRES tikintisində çalışan hərbi inşaat hissələrində onlarla azərbaycanlı əsgər xidmət edirmiş. Həmin hadisələr zamanı Azərbaycanla bütün əlaqələr- rabitə, hava, dəniz, avtomobil, dəmir yolları bağlanıb, iflic vəziyyətə düşüb. Əsgərlərlə gəlib çatan məlumatlar daha çox şayiə şəklində şişirdilmiş formada olurmuş. Dəqiq məlumatın olmaması, daha doğrusu, məlumatsızlıq əsgərləri narahat edib. Onlar ayağa qalxıb, xidmətdən imtina edib, hərbi hissəni özbaşına tərk etmək istəyirmişlər. Kiçik bir qığılcım milli zəmində iğtişaşa gətirib çıxara bilərdi. Bu vəziyyətdə dövlət rəhbərliyi səviyyəsində Eldar müəllimə gecə ilə müraciət edilib. Bütün rəsmi qurumlarda tanınan Eldar müəllim şəhərin Rabitə Xidmətinin rəhbərliyinə müraciət edib. Çox operativ surətdə o, xüsusi rabitə avadanlığı ilə əsgərlərin yanına gedib. İğtişaş yaranmaq üzrə imiş. Hər bir əsgər elə bilirmiş ki, onun ailəsində ölən və ya yaralanan var. Hamı qışqırır, bir-birinin sözünü kəsir və sübut etmək istəyirmişlər ki, bu, həqiqətən də, belədir. Bu zaman Eldar müəllim əlini qaldırıb sükut tələb edib və əsgərlərə üz tutub deyib: “Bəli, Azərbaycanda faciə baş verib. Amma bu, sizlərin indi düşündüyünüz kimi deyil. Bu xüsusi rabitə cihazlarını görürsüzmü? Bu dəqiqə siz mənə Azərbaycanın istənilən nöqtəsindən 5 telefon nömrəsi verirsiz və həmin nömrələrlə bu dəqiqə əlaqə yaradılır. Və siz həqiqi məlumat alırsız. Əsas faciə Bakı, Sumqayıt və Gəncədə baş verib. Özünüz seçin bir nəfər, Bakı, yaxud Sumqayıtdan, bir nəfər isə Gəncə zonasından. Onları xüsusi reys ilə Azərbaycana məzuniyyətə göndərirəm ki, ətraflı məlumat gətirsinlər”.
Belə də olub. E.Abdinovun sayəsində yaranmaqda olan qanlı iğtişaş yerindəcə yoluna qoyulub, yüzlərlə ailəni əhatə edə biləcək faciə onlardan uzaqlaşdırılıb. Bəlanı uzaqlaşdırmaq, ona düçar olanı xilas etməkdən daha üstündür.
“Azərbaycan” Cəmiyyəti bütün Pavlodar vilayətində tanınır
E.Abdinov, eyni
zamanda diaspor işində
də aktiv
soydaşlarımızdandır. Bu istiqamətdə
fəaliyyəti haqqında o bildirdi: “12.05.1992-ci ildə Qazaxıstan
Respublikasının Pavlodar vilayətinin Ekibastuz şəhərində mənim təşəbbüsümlə
“Azərbaycan” Cəmiyyəti yaradıldı və mən bu cəmiyyətə sədr seçildim.
Azərbaycan üçün
qanlı-qadalı o illərdə bütün həmvətənlərimi Azərbaycana
yardım etməyə səfərbər etdim,
vəsait topladım. 164
kq dərman və 250 000 rubl (təqribən 40 000 manat ekvivalent) ilə Azərbaycana getdim. Dərmanları və həmin
pullara alınmış
zirehli jiletləri çox böyük ehtiyacı olan gənc Azərbaycan Ordusunun zabitlərinə təhvil verdim. Beləliklə, onlarla hərbçinin
həyatının xilasında
iştirak etdim.
2004-cü ildə ictimai
işlərim olduqca çox olduğundan könüllü surətdə
Cəmiyyətin sədri
vəzifəsindən istefa
verdim və Ağsaqqallar Şurasının
sədri seçildim. 1996-2004-cü illər ərzində Ekibastuzdakı “Azərbaycan”
Cəmiyyətinin festival, yarış
və s. tədbirlərdə
iştirakını təşkil
etmişəm. Bununla Cəmiyyət
bütün vilayətdə
tanınıb. Təqaüddə olmağıma baxmayaraq, indi də Azərbaycan
diasporunun taleyində yaxından iştirak edir, öz yardım
və əməyimi əsirgəmirəm”.
“Çalışıram sakinləri
öz problemləri ilə təkbətək qoymayam”
E.Abdinovun ictimai-siyasi fəaliyyətinin
əsas hissəsini, bir millət vəkili olaraq gördüyü işlər
təşkil edir. O qeyd etdi ki, Məsləhət
Şurasında öz
maraqlarını təmsil
etməyi ona həvalə etmiş əhaliyə qarşı
laqeyd qala bilməz: “Mən Məsləhət Şurasında
vətəndaşların qanuni
maraqları və hüquqlarının təminatı
üzrə daimi komissiyanın sədr müaviniyəm. Məni böyük də,
kiçik də öz ərazimizdə tanıyır. 13 ildən
çoxdur ki, öz vəsaitim hesabına 15 yaşına
çatmış yeniyetmə
oğlan və qızlar arasında müxtəlif idman növləri üzrə yarışlar keçirir,
gənc idmançılar
üçün idman
formaları alır, yerli təsərrüfatları
ərazini abadlaşdırmaq
üçün mobilizə
edirəm. Mənim təşəbbüsümlə
Ekibastuzda yaşayış
binlarında borular dəyişdirilib, həyətlər
abadlaşdırılıb, qazanxanalar, elektrik xətləri, idman kompleksləri təmir olunub. Mən 10 ildən çoxdur
ki, “Məktəb yolu” aksiyasında iştirak edirəm. Bu aksiya çərçivəsində
məktəb ləvazimatı
və komplekt məktəbli geyimi kasıb ailələrə
təqdim olunub. 10 ildən artıqdır
ki, Ahıllar Günü ilə bağlı qəbul keçirir, öz seçki ərazimdən müxtəlif insanları
dəvət edir və onlar üçün
süfrə açırıq.
Bu müddət ərzində 1084-dən çox
əmək fəaliyyətini
dayandırmış şəxs
dəvət olunub.
Ümumiyyətlə, çalışıram sakinləri öz problemləri ilə təkbətək qoymayım”.
Fuad Hüseynzadə
(Bakı- Ekibastuz-Bakı)
Palitra.-2017.-2 avqust.-S.7.