“Nağdsız hesablaşmalar
haqqında” Qanunun tətbiqi bir sıra iqtisadi göstəricilərin
yüksəlməsinə şərait yaradıb”
İlkin Vəliyev:> “Bu
günə qədər 451 vergi ödəyicisi
şəffaf vergi partnyorluğu
statusunu əldə edib
və həmin statusu əldə edən vergi ödəyicilərinin sayı
artmaqdadır”
Vergilər nazirinin müavini İlkin Vəliyev Azərbaycanın vergi sistemində baş
verən dəyişikliklər, tətbiq edilən yeniliklər,
onların məqsədi və dəyişikliklərin ilkin nəticələri ilə bağlı
danışıb. Müsahibəni oxuculara
təqdim edirik:
- Vergi Məcəlləsinə edilmiş dəyişikliklər arasında iş adamları üçün xüsusi maraqlı olanı gəlirlərin könüllü bəyan edilməsi idi. Bu mexanizm özünü doğruldurmu? İndiyədək gəlirlərini könüllü bəyan edənlər olubmu və onların sayı nə qədərdir ?
- Vergi Məcəlləsinə könüllü vergi açıqlaması sisteminin tətbiqi ilə bağlı müddəalar beynəlxalq təcrübə nəzərə alınmaqla əlavə edilib.
Könüllü vergi açıqlaması dedikdə səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməmiş və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi nəzərdə tutulur.
Dəyişikliyə qədər qüvvədə olan qanunvericilikdə vergi ödəyicisinin dəqiqləşdirilmiş vergi bəyannaməsini səyyar vergi yoxlaması başladığı günədək vergi orqanına təqdim edə bilməsi nəzərdə tutulurdu. Lakin dəyişiklik vergi ödəyicilərinə imkan verir ki, səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən aşkar edilməmiş və əlavə vergi hesablanmasına səbəb olacaq halları könüllü şəkildə bəyan etsin və səyyar vergi yoxlamasının aparıldığı dövrə görə dəqiqləşdirilmiş bəyannamə təqdim etsin. Təqdim edilmiş həmin bəyannamə üzrə yalnız könüllü açıqlanmış vergi məbləği büdcəyə ödənilir, həmin məbləğə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir.
Ötən dövr ərzində bir vergi ödəyicisi tərəfindən könüllü bəyannamə təqdim edilərək dövlət büdcəsinə 15.816 manat vəsait hesablanıb.
- Maraqlı yeniliklərdən biri də əvvəlcədən razılaşma mexanizmi idi...
- Elədir. Məlumdur ki, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin düzgün müəyyən edilməməsi nəticəsində maliyyə sanksiyalarının ödənilməsi onların əlavə maliyyə itkilərinə səbəb olur. Vergi Məcəlləsinə edilmiş dəyişiklərdə belə halların qarşısının alınması və vergilərin güzgün hesablanaraq ödənilməsini təşviq etmək məqsədilə, vergi ödəyiciləri tərəfindən aparılması nəzərdə tutulan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi ilə bağlı mexanizmi nəzərdə tutulub.
Bu mexanizmə əsasən, vergi orqanı tərəfindən vergi ödəyicisinin müraciəti əsasında iri məbləğli müqavilələr üzrə yaranacaq vergi öhdəlikləri həmin müqavilədə nəzərdə tutulmuş əməliyyatlar aparılanadək müəyyən edilir. Həmin müqavilə üzrə sonradan müəyyən edilmiş vergi öhdəliklərindən əlavə vergilər hesablanmır və maliyyə sanksiyaları tətbiq edilmir.
Bu mexanizm bir çox dövlətlərin, o cümlədən Almaniya, Fransa, Avstriya, Belçika, Kanada, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsrail, İtaliya, Yaponiya, Niderland, İspaniya, Türkiyə, Böyük Britaniya, ABŞ və s. ölkələrin vergi qanunvericiliyinə daxil edilmişdir.
- Vergitutmada əsas problemlərdən biri
transfer qiymətləri ilə
bağlı idi. Bununla əlaqədar hansı işlər görülür
və onların nəticələri varmı?
- Müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət
göstərən yerli
və xarici şirkətlərin apardıqları
kommersiya əməliyyatlarında
vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması
üçün ən
yaxşı mexanizmlərdən
biri transfer qiymətlərinə
nəzarətdir.
Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı
əlaqəli şəxslər
(şirkət və onun daimi nümayəndəliyi,
eyni təsisçisi olan şirkətlər və s.) tərəfindən
həyata keçirilən
əməliyyatların bazar
qiymətləri prinsipinə
uyğun aparılmasına
nəzarət etmək
və vergitutma bazasının azaldılmasının
qarşısını almaqdır.
Vergi Məcəlləsinə əsasən,
transfer qiymətləri təqvim
ili ərzində
yalnız ümumi dəyəri 500.000 manatdan
artıq olan əməliyyatlara tətbiq
olunur və mənfəət vergisinin
məqsədləri üçün
istifadə edilir.
Əlavə olaraq, qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin
29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan
2020: gələcəyə baxış» İnkişaf
Konsepsiyası əsasında
Vergilər Nazirliyi tərəfindən hazırlanmış
«Vergi sisteminin inkişafı üzrə
2013-2020-ci illər üçün»
Strateji Planda nəzərdə tutulan
«Transfer qiymətlərinin tənzimlənməsi
sahəsində qanunvericilik
bazasının və
inzibati nəzarət mexanizmlərinin yaradılması»
mövzusunda Tvinninq layihəsi təklifi aidiyyəti üzrə təqdim edilib. Bu layihə vergitutma
bazasının genişləndirilməsindəki
rolu və aktuallığı baxımından
Avropa Komissiyası tərəfindən müsbət
qarşılanıb. Hazırda «Transfer qiymətlərin müəyyən
edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib
hazırlanmasında Azərbaycan
Respublikası Vergilər
Nazirliyinə dəstək»
adlı Tvininq layihəsinin həyata keçirilməsi ilə bağlı tenderin keçirilməsi və tərəfdaş ölkələrin
müəyyən olunması
istiqamətində Avropa
Komissiyası ilə danışıqlar aparılır.
Bu layihənin əsas
məqsədi transfer qiymətləri
ilə bağlı praktiki məsələlərin
inzibatçılığına dair Avropa İttifaqı
ölkələrinin uğurlu
təcrübəsini öyrənmək
və gələcəkdə
mövcud qaydaları daha da təkmilləşdirməkdir.
- Maraqlı yeniliklərdən
biri də fərdi əməklə məşğul olanlar üçün sabit vergi məbləğinin tətbiq edilməsi oldu. Bu təcrübə
özünü doğrultdumu?
- Doğrudan da, Vergi Məcəlləsinin
220.10-cu maddəsinə edilmiş
dəyişiklikliyə əsasən,
bəzi fəaliyyət
növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər «Sadələşdirilmiş vergi
üzrə sabit məbləğin ödənilməsi
haqqında qəbz» almaqla fəaliyyət göstərməlidirlər. Həmin vergi
ödəyiciləri xidmət
mərkəzlərinə müraciət
edərək həmin
anda «Sadələşdirilmiş
vergi üzrə sabit məbləğin ödənilməsi haqqında
qəbz» əldə edirlər. Artıq qəbzin internet vasitəsilə
elektron qaydada müraciət etməklə
əldə olunması
imkanı da yaradılmışdır.
Fəaliyyətini «Sadələşdirilmiş vergi
üzrə sabit məbləğin ödənilməsi
haqqında qəbz» almaqla həyata keçirən fiziki şəxslər bu fəaliyyətə görə
vergi orqanına bəyannamə təqdim etmirlər.
Məlumat üçün bildiririk
ki, cari ilin yanvar-iyun ayları ərzində
1595 vergi ödəyicisi
tərəfindən 3035 sayda
«Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında
qəbz» alınıb.
- Vergi partnyorları üçün nəzərdə
tutulan «yaşıl dəhliz» praktikası lazımi effekti verirmi? «Yaşıl
dəhliz»dən istifadə
aktivliyi nə səviyyədədir?
- Vergi ödəyicilərinə
göstərilən xidmətlərin
səviyyəsinin artırılması
məqsədilə intizamlı
vergi ödəyicilərinə
xidmətin «yaşıl
dəhliz» prinsipi əsasında həyata keçirilməsinə keçən
ildən başlanılıb.
Bu sistem vergi
ödəyiciləri ilə
vergi orqanları arasında etimadın və şəffaflığın
artırılması, sahibkarlara
əlverişli şəraitin
yaradılması və
vergilərin könüllü
ödənilməsinin yüksəldilməsini
nəzərdə tutur.
Partnyor vergi ödəyicisi statusuna malik şəxslər ilk növbədə
vergi hesabatlarını
vaxtlı-vaxtında təqdim
etməli, vergiləri
tam həcmdə və
vaxtında ödəməli,
işçilərinin sayını
və onların əmək haqlarını
düzgün bəyan
etməli, gücləndirilmiş
elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli
uçot standartlarına
uyğun, yazışmaları
isə əsasən elektron şəkildə aparmalıdırlar. Bu günə qədər
451 vergi ödəyicisi
şəffaf vergi partnyorluğu statusunu əldə edib və həmin statusu əldə edən vergi ödəyicilərinin sayı
artmaqdadır.
- Bu ilin əvvəlində «Nağdsız hesablaşmalar
haqqında» Qanun da qüvvəyə minib. Bu qanunun
qəbulundan sonrakı
dövrdə nağdsız
ödənişlərin dövriyyəsi
artıbmı?
- Əlbəttə, «Nağdsız
hesablaşmalar haqqında»
Qanunun tətbiqi öz səmərəli nəticəsini verir. Belə ki,
qanunun tətbiqi nəticəsində iqtisadiyyatın
bütün sahələrində
nağdsız ödənişlərin
dövriyyəsinin artmasına,
xərclərin şəffaflığının
təmin edilməsinə,
gəlirlərin, əmək
haqlarının və
digər ödənişlərin
leqallaşmasına və
digər iqtisadi göstəricilərinin yüksəlməsinə
şərait yaranıb.
Bu isə vergi
ödəyiciləri tərəfindən
vergilərin düzgün
hesablanıb ödənilməsi,
vergidən yayınma hallarının azalması
və vergi sahəsində şəffaflığın
artmasına səbəb
olub. Konkret rəqəmlərə müraciət edək.
Məsələn, cari
ilin bitən dövrü ərzində
mal, iş və xidmətlərin alınmasına
görə nağd pul məxarici 62,6 faiz, ticarət
müəssisələri üzrə
67,5 faiz, əmək haqqı və digər ödənişlər
üzrə 75,3 faiz azalıb. Qanunun gələcək tətbiqi qeyd etdiyim sahələrdə səmərəliliyin daha
da artmasına imkan yaradacaqdır.
- İlin əvvəlində
Vergilər Nazirliyində
də struktur dəyişiklikləri baş
verib. Bu dəyişikliklər
nə qədər effektli olub?
- İlin əvvəlində
nazirlikdə aparılan
struktur dəyişiklikləri
vergi inzibatçılığı
sahəsində daha çevik və səmərəli sistemin qurulması ilə bağlı olub və öz müsbət nəticəsini
göstərib. Milli vergi administrasiyasındakı
son dəyişikliklər istər
mahiyyət, istərsə
də əhatə baxımından daha böyük əhəmiyyətə
malikdir.
İndiyədək vergi orqanlarında
əsas iş yükü böyük dövriyyəsi olan vergi ödəyiciləri ilə aparılan işlərə yönəldilirdi
və dövriyyələrindən
asılı olmayaraq, bütün vergi ödəyicilərinə (iri,
orta və kiçik) eyni inzibati mexanizmlər tətbiq edilirdi. Yeni dövrdə isə vergi inzibatçılığında
bu yanaşmanı dəyişmək, hər
kateqoriyaya aid vergi ödəyicisinə ona uyğun yanaşmalar tələb olunurdu.
Buna görə də
dəyişikliklər zamanı
beynəlxalq təcrübədə
geniş istifadə olunan «fərdi yanaşma» və «dövriyyə intervalları»
prinsipləri əsas götürüldü.
«Dövriyyə intervalları»
prinsipi vergi inzibatçılığının bütün sahələrində
tətbiq edilməklə,
vergi ödəyicilərinə
münasibətdə yanaşmanı
diferensiallaşdırmaq, daha
səmərəli, çevik
və şəffaf inzibatçılığı yaradıldı. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi
rejimli müəssisələrlə
iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq
yükünün düzgün
bölüşdürülməsini təmin etməkdir.
Yeni struktur quruluşu, ilk növbədə,
iri vergi ödəyiciləri üzrə
işlərin daha keyfiyyətli təşkilinə,
orta sahibkarlarla münasibətlərin əsasən
partnyorluq müstəvisində
qurulmasına, kiçik
sahibkarlara münasibətdə
isə daha sadə və səmərəli vergi inzibatçılığının yaradılmasına xidmət
edir.
Fərqli dövriyyəyə malik və fərqli sahələrdə fəaliyyət
göstərən vergi
ödəyicilərinə fərdi
yanaşma prinsipinin tətbiqi belə ödəyicilərə daha
səmərəli xidmətlərin
göstərilməsinə, onlarda vergi nəzarəti
tədbirlərinin minimallaşdırılmasına,
belə ödəyicilərə
münasibətdə vergilərlə
bağlı bütün
tədbirlərin, faktiki
olaraq, «bir pəncərə» prinsipi üzrə həyata keçirilməsinə imkan
verir.
Tural Tağıyev
Palitra 2017.- 17 avqust.- S.10.