“Hər kəs bacardığı sahədə
çalışsa Vətənə daha çox xeyir verə bilər”
Ruslan Dost Əli:
“Ölkəmizin parlaq gələcəyi
istedadlı, savadlı, bacarıqlı gənclərin əlindədir”
Uzun müddətdir ki,
Azərbaycandan kənarda ali təhsilini davam etdirən gənclərimizin fəaliyyətini
işıqlandırır, onların uğur
və nailiyyətlərini cəmiyyətə
çatdırmağa çalışırıq. Bütün bunlar isə təbii
ki, bir çox
gənc oxucularımız tərəfindən də diqqətlə
izlənilir. Elə bu səbəbdəndir
ki, dəfələrlə xaricdə təhsil
alan gənclərimizin başqa
bir ölkədə ali
təhsil almağın perspektivləri barədə qeydləri
bu uğura nail olmayan gənclər tərəfindən
böyük marağa
səbəb olub. Belə gənclərdən
biri də xaricdə-Qazaxıstanda təhsilini
davam etdirən gənc yazar
Ruslan Dost Əlidir. Ruslan Dost Əli ilə olan müsahibəni oxuculara
təqdim edirik:
-Təhsil
aldığınız universitetdəki tədris və təhsilin
səviyyəsi sizi qane
edirmi?
-Əlbəttə. Ümumiyyətlə universitetimiz haqqında qısaca onu qeyd edim ki, Xoca Əhməd Yasəvi adına Beynəlxalq Türk-Qazax universiteti 1991-ci ildə Nursultan Nazarbayevin sərəncamı ilə Türküstan şəhərində yaradılıb və 1992-ci ildə bu universitetin Qazaxıstan və Türkiyə ortaq universiteti olması qərarı alınıb. Məndə olan məlumata görə elə o vaxtdan bu universitetdə azərbaycanlı tələbələr də təhsil alır. Hazırda 30-dan çox türk toplumlarından gələn tələbələr arasında 60-dan çox azərbaycanlı tələbə də var və bu say ildən-ilə artmaqdadır. Müxtəlif türkdilli xalqların gəncləri ilə bir arada olmaq, bu universitetdə oxumaq təkcə təhsilli və diplomlu olmaq deyil, həm də böyük bir təcrübədir. Bilirsiniz ki, bu il TÜRKSOY tərəfindən Türküstan türk məmləkətlərinin "Mədəniyyət paytaxtı" elan edildi. Bununla əlaqədar olaraq universitetimizdə bir sıra tədbirlər, konfranslar keçirildi və ilin sonunadək bu tədbirlər davam edəcək.
-Yəqin təhsildən
başqa ictimai işlərə
də aktiv qoşularsınız?
-Maksimal dərəcədə çalışıram ictimai işlərdə aktivlik göstərim. Qeyd edim ki, Orta Asiyada ən böyük kitabxana Türküstanda, bizim universitetin nəzdində yerləşir. Mən bu kitabxanaya ölkəmizlə bağlı bir neçə kitab da təqdim etmişəm. Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO-2017: Gələcəyin enerjisi” Beynəlxalq Sərgisi keçirilir. Təxminən 100-dən artıq ölkənin və 18 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Heydər Əliyev Fondun və Energetika Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycan da təmsil olunur. Qazaxıstandakı səfirliyimizin xətti ilə mən də həm bu sərgi çərçivəsində keçirilən tədbirlərdə, həm də sərgidən kənar səfirliyimiz tərəfindən keçirilən bir sıra tədbirlərdə iştirak etdim. Burada Vətənimizə bəslənən sevginin, göstərilən diqqətin şahidi oldum. Ölkəmizin hüdudlarından kənarda bizə göstərilən diqqəti, qayğını, sevgini görəndə qürur hissi keçirməyə bilmirsən. Türk Şurasının təşkil etdiyi ll Beynəlxalq Türk Məmləkətlərinin Yay düşərgəsi Qazaxıstanın Akmola vilayətinin Zerenda kəndində baş tutdu və biz də bu yay düşərgəsinin iştirakçısı olduq. Bu düşərgənin təşkil olunmasının əsas məqsədi türk məmləkətlərinin gəncləri arasında mədəni əlaqələrin yaranması, gənclər siyasətində yeni təcrübələrin əldə olunması və gələcəkdə ortaq layihələrin həyata keçirilməsi idi. Türkiyədən, Qırğızıstandan və Qazaxıstandan yüzdən artıq tələbənin qatıldığı yay düşərgəsində ölkəmizi mən də daxil olmaqla 4 azərbaycanlı tələbə təmsil edirdi. Azərbaycandan olan tələbə qrupunun rəhbəri mən idim. Bu dörd nəfərlik heyətimiz digər 3 ölkənin tələbələrinin sayından qat-qat az olsa da, deyə bilərəm ki, biz ölkəmizi layiqincə təmsil etdik. Əyləncəli proqramlarda milli musiqimizi, rəqsimizi qardaş ölkələrin gənclərinə nümayiş etdirməklə yanaşı, müxtəlif treninqlərdə də aktiv iştirak etdik, gərgin müzakirələrə qoşulduq, təkliflər irəli sürdük. Layihə çərçivəsində təşkil olunan forumlarda ölkəmizin uğurlu gənclər siyasətindən danışdıq və ən əsası Qarabağ həqiqətlərini ön plana çəkdik. 15 iyun tarixində Qazaxıstan Respublikası Din Məsələləri və Vətəndaş Cəmiyyəti Nazirliyi tərəfindən Türk Şurasının Beynəlxalq Gənclik Düşərgəsinin rəsmi bağlanış mərasimi gerçəkləşdi. Bağlanış mərasimində Türk Akademiyasının Prezidenti Darkan Kydyrali, Kazinform Xəbər Agetliyinin rəhbəri Askar Umarov, Türk Şürasının müşaviri Rəşad Qasımov, Qazaxıstan Respublikası Din Məsələləri və Vətəndaş Cəmiyyəti Nazirliyinin Gənclər siyasəti üzrə aparat rəhbəri Gabidulla Ospankulov və “Nur Otan” partiyası gənclik qolları rəhbəri Daniyar Sunzetpayev, gənclər təşkilatları, Astana və Akmola vilayətindən gələn gənclər siyasəti departamentinin təmsilçiləri, yerli media nümayəndələri və jurnalistlər iştirak etdirdilər. Azərbaycan tərəfi olaraq bütün iştirakçılara belə layihələrə daim açıq olduğumuzu, türk məmləkətlərinin gənclərinin bir araya gəlməsi istiqamətində atılan addımları dəstəklədiyimizi və əməkdaşlığa hər zaman hazır olduğumuzu çatdırdıq. Bir həftə boyunca göstərdiyimiz aktivliyə görə fəaliyyətimiz qiymətləndirilərək rəhbərlik tərəfindən Azərbaycan təmsilçiləri "Aktiv iştirakçı" adını qazandı. Əlbəttə ki, bu da ölkəmiz, millətimiz adına qazandığımız uğurlardan biri idi.
-Siz
həm də istedadlı gənc yazarlarımızdan birisiniz. Təhsil və digər fəaliyyətiniz
yaradıcılıq işlərinizə mane
olmur ki? Ümumiyyətlə
gənc yazarların sayının xeyli
çoxalmasına münasibətiniz necədir? Kəmiyyətlə
keyfiyyət bir-birini tamamlayırmı?
-Əlbəttə yox. Düzü, təəssüf doğuran
haldır ki, indi ədəbiyyatdan
danışanda bəzilərində ikrah hissi oyanır. Açığı, lap kiçik bir məclisdə kimsə məni şair kimi təqdim edəndə
utanıram. İndi sanki
hamı çağdaş
poeziyamızın görkəmli nümayəndəsidir. Gəlin,
uzağa getməyək, yaxın, qonşu ölkələrə nəzər salaq, görək onlar,
xüsusən də gənclər nə işlə məşğuldurlar.
Sonra dönək özümüzə də
baxaq, görək biz
nə işlə məşğuluq. Kimsə deyə bilər
ki, şeir
yazmağın nəyi pisdir ki? Kim yazır yazsın də,
gedib cinayət törətmir ki... Mən hesab edirəm ki, saxtakarlıq da bir cinayətdir. Oğru olmaq üçün
mütləq kiminsə evini yarmağa, malını oğurlamağa
ehtiyac yoxdur.
Günümüzdə ideya, fikir oğruları daha çoxdur. Kimlərinsə fikirlərini,
düşüncələrini götürüb
öz yazılarında ən primitiv formada ifadə etmək,
ya da buna
çalışmaq, cəhd göstərmək həmin o kimsələrin ruhuna təcavüz
etmək deməkdir. Bu da
cinayətin bir növüdür.
Ola bilər ən xırda cinayət hesab edilsin. Ancaq mən bundan böyük saxtakarlıq tanımıram və
təcavüz bütün mənalarda təcavüzdür.
Onun yaxşısı olmur.
Niyəsə hamı bir-birinə sübut
etməyə çalışır ki, mən
də şeir yaza
bilirəm və mən də şairəm. Nədir bu şairlik xəstəliyi
belə hopub bizim
canımıza? Şeir yaza
bilməmək istedadsızlıq demək deyil
axı və heç kim
şair olmağa məcbur
deyil. Yazıçı Anar
bir müsahibəsində demişdi:
"Mənim üçün
uğurlu əməliyyatlar keçirən
və heç vaxt vətənpərvərlikdən
danışmayan həkim daha çox vətənpərvərdir, nəinki bütün günü vətənpərvərlik
haqqında danışan, ancaq heç nə bacarmayan adam". Niyə bu insanlar anlamaq istəmir ki, bacarıqlı ola biləcəyimiz
sahədə çalışmaqla özümüzə,
yaxınlarımıza və millətimizə daha
çox və daha
yaxşı xeyir verə bilərik. Nəinki
bacarmadığımız bir işlə
məşğul olub, özümüzü
aldatmaqla və hamını bu yalana inandırmağa çalışmaqla.
Şeir, hekayə müsabiqələrində
yer tutmaq üçün, mükafat
almaq üçün,
5-10 manat üçün
vətənə şeir yazmazlar.
Mən ölkəmizin həvəs və digər maraqlar üçün bədii
ədəbiyyata qoşulan gənclərini-yalançı
şairləri daha ciddi
və daha önəmli işlər
görməyə çağırıram. Güc
birlikdədir deyib atalar.
Gəlin, harada olmağımızdan
asılı olmayaraq vətənimiz,
dövlətimiz və millətimiz adına hər zaman bayrağımıza ucalıq, rəğbət
gətirəcək işlər görək. Qoy
ölkəmizin adı eşidiləndə hamının
üzündə təbəssüm, məmnunluq hissi ifadə olunsun. Unutmayaq ki, ölkəmizin
parlaq gələcəyi onun
istedadlı, savadlı, bacarıqlı gənclərinin əlindədir.
Azərbaycanı bütöv görmək
istəyiriksə, öncə bu bütövlüyü birliyimizlə göstərməliyik.
Tural Tağıyev
Palitra 2017.- 18 avqust.- S.23.