Azərbaycanın ilk
qadın xalq şairəsi
İnci, mirvari deyil,
Əməkdir mənim
adım.
Həyatımda bir gün də
Əməksiz
yaşamadım.
Sözə sığal çəkmək, onu mənalandırmaq və hikmətli kəlamları ilə qəlblərdə yaşamaq hər insana qismət olmur. Bu baxımdan şairlər xoşbəxt insanlardı. Onların min hikmətli sözləri dünya yaşadıqca ürək və hafizələrdə yaşayacaq. Şairlər incə qəlbli insanlardı. Biz həqiqətən xoşbəxt xalqıq ki, çoxlu şairlərimiz var. Sözə, sənətə həmişə qiymət vermişik. Sözlə, kəlamla dünya mədəniyyətinə töhfələrimiz olub. Nizami, Fizuli, Nəsimi və s. mütəfəkkirlərimizin dünya ədəbiyyatının zənginləşməsində fədakar xidmətləri olub.
Ədəbiyyat tariximizdə qadın şairələrin yaradıcılığı xüsusi yer tutur. Ana ürəkli qəlblərindən süzülən şeirləri xalq arasında böyük şöhrət qazanıb. Tarix qadın şairələrimizə böyük qiymət verib. Onların şaxəli yaradıcılığı dillər əzbəri olmaqla yanaşı, ədəbiyyatımızın zənginləşməsində böyük rol oynayıb. Belə şairələrdən biri də Mirvarid Dilbazidir.
XX yüzillik Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri- Xalq şairəsi Mirvarid Dilbazi 70 ildən artıq yaradıcılıq yolu keçib. Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olub. Mirvarid Dilbazi 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairəsi (1979) və “İstiqlal” ordeni ilə təltif olunub (1997). ADPU-nun (keçmiş APİ) Dil və ədəbiyyat fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra gənc şairə Qubada Ədəbiyyat müəllimi işləyib. İki ildən sonra Mirvarid xanım AMEA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.
"Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilib. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şeirləri dərc olunub. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub və bunların altısı Vətən müharibəsinə həsr edilib. "Məhsəti" (1945), "Əlcəzairli qız" (1961), "Partizan Aliyə" (1972) poemalarının müəllifidir.
Şairənin "Məhsəti" poeması süjetinin genişliyi, məzmun zənginliyi baxımdan seçilən əsərlərindəndir. "Məhsəti" poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. "Əlcəzairli qız" əsəri real faktlar əsasında yazılıb.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımdan da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış, şeir xəzinəmizi zənginləşdirib. M.Dilbazinin 70-80-cı illərdə "Bənövşələr üşüyəndə" (1970), "Ana qanadı" (1972),"Dağ çiçəyi" (1977), "Yasəmən fəsil", "Seçilmiş şeirlər" (1979) şeir kitabları və nəhayət, 3 cilddə "Seçilmiş əsərləri" (1982-84) çap olunub.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləyiblər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin "İppolit" faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.
Dilbazi yaradıcılığında məhəbbət mövzusu xüsusi yer tutur. Şairənin“İstəsəydim” şeiri olduqca bədii gözəlliyi ilə seçilir. Məhəbbət mövzusunda yazılan yadda qalan şeirlərindən biridir. Həmin şeiri oxuculara təqdim edirik:
İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə çalardım,
Sən yanardın, mən baxardım tüstünə.
Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.
İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.
Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .
Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir. Şairə yaradıcılığı ilə qəlbimizdə dərin izlər qoyub. Bu gün onun yaradıcılığı böyük maraqla qarşılanır. Şairə bir şeirində yazır:
Öz içindən yanan bir ocağam mən,
Yandıqca daha gur yanacağam mən!
Dünən Qazaxda Xalq şairəsi
Mirvarid Dilbazinin anadan olmasının 105 illiyi qeyd olunub. Keçirilən tədbirdə ziyalılar,
ağsaqqallar, şairlər,
poeziyasevərlər və
ictimaiyyətin nümayəndələri
iştirak edib. “Fəxri qazaxlılar”
parkında keçirilən
tədbirdə iştirakçılar
şairin parkdakı büstü önünə
gül dəstələri
qoyaraq xatirəsini yad ediblər. Rayon icra hakimiyyətinin
başçısı Rəcəb
Babaşov tədbiri açaraq M.Dilbazinin Azərbaycan ədəbiyyatının
inkişafındakı xidmətlərindən,
onun zəngin yaradıcılığından söz açıb.
Bildirib ki, bu gün
105 illiyi qeyd olunan M.Dilbazi Azərbaycanın çoxəsrlik
zəngin ədəbiyyatı
tarixində öz dəsti-xətti, öz sözü olan sənətkarlardandır. Poeziyamızda silinməz izlər
qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı
humanizm, yüksək insani dəyərlər, vətənpərvərlik onu
xalqa sevdirib.
Azərbaycan Yazıçılar Birliyinin
Qazax zona filialının sədri, Əməkdar incəsənət
xadimi, şair Barat Vüsal çıxış
edərək M.Dilbazinin
ədəbiyyatımızın inkişafındakı xidmətlərindən
söz açıb. Qeyd olunub
ki, M. Dilbazi öz zəngin yaradıcılığı ilə
Azərbaycan poeziyasının
bir çox parlaq nümunələrini
yaradıb. Bunun nəticəsidir
ki, onun şeirləri bu gün də sevilə-sevilə oxunur.
Sonra Azərbaycan Yazıçılar Birliyinin
üzvü, şairin
qohumu Zaməddin Ziyadoğlu, Xanlıqlar kənd tam orta məktəbin müəllimi
İlhamə Allahverdiyeva,
M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbin müəllimi Vilayət Rüstəmov şairənin
yaradıcılığından söz açaraq onunla bağlı xatirələrini bölüşüblər.
Tədbirdə iştirak
edən şairlərdən
İbrahim İlyaslı,
Tamella Poladlı, Mübariz Qaragözlü,
Məzahir Yaqub, Kazım Kazımlı, Elnur Süleymanlı, Səhlədar Hidayətoğlu,
İlham Mansurlu öz yeni şeirlərini
oxuyublar. Sonda M.Dilbazi adına
Cəfərli kənd
və Xanlıqlar kənd tam orta məktəblərin şagirdlərinin
ifasında M.Dilbazinin şeirləri səsləndirilib.
Şairə 2001-ci il iyulun 12-də vəfat edib.
Mahmud Əyyub
Palitra 2017.- 19 avqust.- S.15.