Turizmin inkişaf iqtisadi gəlirləri artıracaq

 

2017-ci ilin ötən dövrü ərzində Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 10 minə yaxın turist ziyarət edib

 

Turizm sektorunda baş verən inkişaf nəticəsində bir sıra ölkələr turizm ölkəsi kimi tanınır və gəlirlərinin əsas hissəsini bu sahə təşkil edir. Bunun nəticəsində turizm sektorunda ölkələr arasında yaşanan rəqabət də artmaqdadır. Müxtəlif turizm növünə üstünlük verməklə ölkələr daha çox turist cəlb etməyə nail olurlar. Bu gün artıq turizm fəaliyyəti ilə nəinki həmin ölkələr təbliğ olunur, eyni zamanda bu əhalinin işlə təminatı, iqtisadi gəlir deməkdir.

 

“Səyahət et. Zövq al. Hörmət et” kampaniyası başlayıb

 

Dünya Turizm Təşkilatı (DTT) “Beynəlxalq Davamlı Turizm İli” çərçivəsində istehlakçıya yönələn və davamlı turizmin bütövlükdə inkişafa verə biləcəyi töhfələr barədə məlumatlılığın artırılmasını nəzərdə tutan “Səyahət et. Zövq al. Hörmət et” kampaniyasına başlayıb. DTT-nin saytı xəbər verir ki, kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.

Xatırladaq ki, DTT-nin baş katibi Taleb Rifai bu il qeyd olunacaq Dünya Turizm Günü (27 sentyabr) münasibətilə ictimaiyyətə müraciətində deyib: “Nə zaman səyahət etsəniz, hara səyahət etsəniz, həmin yerin təbiətinə, mədəniyyətinə və yerli əhalisinə hörmət etməyi unutmayın. Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin elçisi ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

Müxtəlif dillərdə və dünyanın müxtəlif ölkələrinə reallaşdırılacaq kampaniyaya DTT-nin Etika Komitəsinin hazırladığı “Məsuliyyətli səyahətçi üçün məsləhətlər” adlı rəhbər göstərişi də daxildir. Bu, turistlərin səfər vaxtı məsuliyyətli seçim etməsinə və getdiyi məntəqədə müsbət təsir göstərməsinə kömək edir.

 

2030-cu ildə səyahətçilərin sayı 1,8 milyarda çatacaq

 

Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (UNWTO) göstəricilərinə görə, 2010 – 2030-cu illər arasında beynəlxalq arenada səyahət sayı 3,3 faiz nisbətində artım göstərərək 2030-cu ildə 1,8 milyard səviyyəsinə çatacaq.

UNWTO-nun 2030-cu il hesabatında qeyd edilir ki, 2010- 2030-cu illər arasında yeni destinasiyalarla bağlı ziyarətçi sayı 4,4 faiz nisbətində artım göstərəcək.

Hesabatda turizmin inkişaf etməkdə olan ölkə iqtisadiyyatlarına göstərdiyi yardım 1980-ci ildə 30 faiz səviyyəsində ikən 2016-cı ildə bu nisbət 45 faiz səviyyəsinə yüksəlib. 2030-cu ildə bu nisbətin 57 faiz səviyyəsinə yüksəlməsi gözlənilir.

Hesabatda qeyd edilir ki, 2030-cu ildə dünya səyahətçilərinin sayı 1,8 milyarda çatacaq. Yeni destinasiyalara gələn turistlərin sayı 4,4 faiz artacaq.

Qeyd edək ki, turizm ölkələri arasında Paris son 10 ildə turistlərin sayına görə rekord vurub. Turist sayı keçən ilə nisbətən 1,5 milyona qədər artıb.

İlin ilk yarısında Parisə 16 milyon turist gəlib və bu, son 10 ildə ən çox turistik səfərdir. Parisə gələnlərin əksəriyyəti ABŞ turistləridir. Fransanın Turizm Nazirliyinin məlumatına görə, ötən ay Fransaya gələn turist sayı ilin sonuna qədər 89 milyona çatacaq, bu da rekord hədd hesab edilir.

 

Ölkəmizə gələn turistlərin sayı artır

 

Bu ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə gələnlərin 31,2 faizi Rusiya Federasiyası, 21,2 faizi Gürcüstan, 15,0 faizi İran, 11,6 faizi Türkiyə, 3,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi Ukrayna, 14,9 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 faiz artaraq 51,2 min, MDB ölkələrindən gələnlərin sayı 17,7 faiz artaraq 438,3 min olub.

 

Kiş alban məbədi yerlixarici turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir

 

Ölkəmizə gələn turistlər səfərləri zamanı müxtəlif bölgələrə üstünlük verirlər. 2017-ci ilin ötən dövrü ərzində Şəkinin Kiş kəndində yerləşən qədim alban məbədini 10 minə yaxın turist ziyarət edib. Gələnlərin 4300 nəfəri xarici turistlər olub. Onların arasında Rusiya, İspaniya, İtaliya, Almaniya və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edib. Bu barədə Kiş Tarixi-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.

Kiş məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerlixarici turistlərin, həmçinin rəsmi qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. Eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqrafalim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstüqoyulub.

Kiş alban məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.

 

Nigar Abdullayeva

Palitra  2017.- 24 avqust.- S.5.