Zəngəzurun qala
qapısı Qubadlı
Avqustun 30-da Azərbaycan Xalça Muzeyində Qubadlı rayonun işğalının 24-cü ildönümünə həsr olunmuş “Zəngəzurun qala qapısı Qubadlı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə vətən torpaqları uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək tədbirin əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, Qubadlı qədim yaşayış məskənlərindən olub. Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ islamdan çox–çox qabaq daimi məskunlaşmış yer olduğunu göstərir. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.
Nazir müavin qeyd edib ki, Qubadlı rayonunun sakinləri rayonun işğalının son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər. Silaha sarılan qubadlılılara mərkəzdən heç bir kömək gəlməsə də, onlar doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid olub, yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanaraq əlil olub. Hazırda Qubadlının 35 mindən çox əhalisi Azərbaycanın 40-dan çox şəhər və rayonunda məskunlaşıb. İyirmi iki mindən çox qubadlılı məcburi köçkün soydaşımız isə Sumqayıtda yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlıdan olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüb.
S.Məmmədəliyeva muzeyin foyesində açılmış Qubadlı və Laçın Tarix-Diyarşünaslıq muzeylərinin eksponatlarından təşkil edilmiş sərginin əhəmiyyətini də vurğulayıb. Qeyd edib ki, sərgidə hər iki rayonda vaxtı ilə toxunan xovlu və xovsuz xalçalar, bədii tikmə, toxuculuq alətləri, mis qablar və digər məişət əşyaları nümayiş edilir. Bu gün tariximizə sahib çıxdığımız kimi, yaxın gələcəkdə işğal altında olan torpaqlarımızın da azad olunacağı günü görəcəyik.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova vurğulayıb ki, qədim tarixə malik Qubadlı və Laçın Tarix-Diyarşünaslıq muzeylərinin eksponatların sərgilənməsi ilə yanaşı, digər işğal olunmuş ərazilərimizdə dağıntılara məruz qalmış tarixi abidələrin təbliği mühüm əhəmiyyət kəsb edir. “Erməni qəsbkarları tərəfindən zəbt olan qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli, 330 yerli əhəmiyyətli tarixi mədəniyyət abidəli məhv edilib və 40 mindən artıq eksponatların toplandığı 22 muzey işğala məruz qalıb. Bu tarixi mədəniyyət abidlərinin əksəriyyətinin taleyi naməlumdur. Bu gün işğala məruz qalmış rayonlarımızın 17 muzeyi fəaliyyət göstərir”,-deyə Ş.Məlikova qeyd edib.
Böyük Vətən Müharibəsi Veteranlar Komitəsi Qubadlı rayon şöbəsinin sədri Razim Əliyev çıxış edərək rayonun tarixindən danışıb.
Diqqətə çatdırılıb ki, Qubadlı rayonunda 62 idarə və müəssisə olub. Eyni zamanda, rayonda 61 ümumtəhsil məktəbi, 33 orta, 16 səkkizillik, 12 ibtidai məktəb fəaliyyət göstərib. Qubadlıda 180-ə qədər mədəni-maarif müəssisəsi, 84 kitabxana, 12 mədəniyyət evi və 44 klub, 7 avtoklub əhaliyə xidmət edib. Rayonda 2 uşaq-musiqi məktəbi də fəaliyyət göstərib.
Bildirilib ki, Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət olan 10-dan çox iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
R.Əliyev qeyd edib ki, Qubadlının işğaldan azad ediləcəyi gün uzaqda deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz yaxın gələcəkdə bütün işğal edilmiş tirpaqlarımızı düşmən tapdağından təmizləyəcək.
Tədbir ədəbi-bədii kompozisiya
ilə davam edib.
Mahmud
Palitra 2017.- 31 avqust.- S.13.