Fərhad Quliyev: “Çox təəssüf ki,
yeni tədqiqatlar dərs vəsaitlərində
öz əksini tapmır”
Müsahibimiz AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun
Elmi ekspozisiya
şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevdir.
- Tapılan insan skeletlərinin təhlili zamanı
müasirləri ilə hansı fərqlər meydana
çıxır?
- Hal-hazırda dünyada qədim genomların müəyyən edilməsi ilə bağlı olan DNK analizlərin aparılması getdikcə populyarlaşan tədqiqat sahələrindən birinə çevrilmişdir. Bu, yeni bir elmdir. Bizim üçün isə tamamən yenidir. Bugünkü insanların qədim əcdadlarını öyrənmək üçün genetik analizlər aparılır. Ümumi aparılan tədqiqatlar nəticəsində deyə bilərik ki, bu sahədə çalışan tədqiqatçıların rəyinə görə ərazimizdə yaşamış qədim əhali arasında müasir azərbaycanlıların genomları üst-üstə düşür. Fiziki antropologiya sahəsinə gəldikdə, xarici antropoloqların nəticələri də sübut edir ki, burada yaşamış qədim insanlarla müasir azərbaycanlıların antropoloji cizgiləri bir-birini tamamlayır. Heç bir yeni genetik fakt ortaya çıxmır. Qədim əcdadlarımızla genetik bağlılıq bütün dövrlərdə davam etmişdir.
- Tədqiqatlar Azərbaycanın
qədim tarixi ilə bağlı hansı
yenilikləri meydana gətirib və ya Azərbaycan tarix elmində
hansı istiqamətlərin dəyişməsinə səbəb
olub?
- Sualınız çox əhatəli
sualdır. Müasir tədqiqatlar tamam fərqli istiqamətlərlə seçilir. Açıq deyim
ki, cəmiyyətin bizdən gözlədiyi
səviyyədə tam tədqiqatlar apara bilmirik. Bunun bir neçə səbəbi
var. Bunu maliyyə problemi ilə bağlmaq da düzgün deyil. Bizim, bu
baxımdan, problemimiz yoxdur.
Qonşu dövlətlərə
baxdıqda biz maddi cəhətdən
təmin olunmuşuq. Səbəb
başqadır. Bir qrup
tədqiqatçı sovet dövründən
bizə miras qalan tədqiqat
üsullarının əsas olaraq
götürülməsinin tərəfdarıdır. Digərləri
isə aparılan tədqiqatlarda yeni
üsulların tədbiqinə və məsələlərə
olan yeni
yanaşmaların qəbul edilməsində maraqlıdır. Təcrübədən
yaxşı məlum olur ki,
hətta vaxtilə aparılan tədqiqatlar əsasında əldə
olunmuş elmi fikirlərin
təkmilləşməsinə belə, ehtiyac
vardır. Elmin dünyada
inkişaf prosesləri, bəzi fənlərin
daha dəqiq informasiya
əldə etməsi uğrunda mübarizəni
qarşıya bir vəzifə qoyur. Bu baxımdan, arxeologiya
elm sahəsi hal-hazırda
kriminalistika elmi ilə paralel tutulur. Son illərdə yeni texnologiyaların arxeologiyada tədbiqi nəticəsində, arxeometrik
araşdırmalar mövzusu
aktuallaşmış və
qazıntılardan tapılmış
nümunələrin faktik
dəlillər olaraq hər birinin təyinatı üzrə
geniş aspektdə öyrənilməsi ön
plana keçmişdir.
Belə olan şəraitdə ölkə arxeoloqlarının
apardığı tədqiqatların
tam yeni müstəvidə
təşkil olunmasına
ehtiyac yaranmışdır.
Bu vəzifənin öhdəsindən gəlmək
üçün bir qədər zaman tələb olunur. Əsas odur ki, bütün
bunları dərk edən yeni mütəxəssislərin yetişməsi
lazımdır.
Ümumiyyətlə isə son 10 il ərzində
tariximizin müxtəlif
dövrləri ilə
bağlı yeniliklərimiz
var. Misal üçün,
Qafqaz Albaniyasının
maddi mədəniyyətinin
öyrənilməsi mövzusunda
yeni addımlar atılmışdır. Qəbələdə və Ağcabədi bölgəsində aparılan
qazıntılar mövzu
üzrə şəhər
tipli qədim yaşayış yerlərinin
öyrənilməsini gündəmə
gətirmişdir. Sevindirici haldır
ki, mövzunun aktuallaşmasında cavan tədqiqatçıların rolu
böyükdür. Azərbaycanın Orta əsr şəhər
yerlərinin tədqiqatları
Şəmkir qalasının
qazıntılarında öz
əksini tapmışdır.
Demək olar ki, son 10 il
ərzində əsaslı
qazıntısı aparılan
Orta əsr şəhər yeri kimi Şəmkir qalası yeganə olmuşdur.
- Bəs yeni tədqiqatlar dərs vəsaitlərində
necə, öz əksini tapırmı?
- Çox təəssüf
ki, yeni tədqiqatlar dərs vəsaitlərində öz
əksini tapmır. Bu elm və təhsil
ocaqları arasında
olan boşluqdan irəli gəlir. Bizim tədqiqatlar Avropanın bir sıra universitetlərinin
dərsliklərində öz
əksini tapıb.
Almaniya, Fransa və başqa dövlətlərin
universitetlərində Azərbaycanda
aparılan tədqiqatların
nəticələri çap
olunub. Amma ölkəmizdə dərsliklərdə bu öz əksini tapmır və paradoksallıq təşkil
edir.
- Bu tədqiqatlar
hansı jurnal və qəzetlərdə
çap olunur?
- Tovuz bölgəsində apardığımız tədqiqatların
elmi nəticələri
xarici jurnallarda dərc olunub. Həmin jurnallara vaxtilə əlimiz çatmırdı.
Ancaq indi elmi araşdırmalarımız
qeyd olunan jurnallarda çap olunur. Artıq müfəssəl monoqrafiyanın nəşri
gözlənilir. Göytəpə ilə bağlı ayrıca bir kitabın Almaniya və ya Türkiyədə
nəşri nəzərdə
tutulur. Nəşr ingilis dilində
olacaq. Ölkəmizdə də Azərbaycan
dilində çap olunacaq. Menteşlə bağlı kitab
Almaniyada çap olunub. Azərbaycan dilində isə
gələn ilin ortalarında çap olunacaq. Ümumən elmi nəticələri
xarici dildə məqalə və ya kitab şəklində
çap edirik. Xarici dildə çap edilməyəndə araşdırmalar
qəbul edilmir. Ümumiyyətlə, Tovuz bölgəsində
aparılan araşdırmalarla
bağlı bir neçə monoqrafiya çap olunacaq. Burada müştərək şəkildə
Yaponiya və Fransa alimlərinin tədqiqat işləri də əks olunacaq.
- Qədim insanların ünsiyyətləri
haqqında tapıntılar
və ya araşdırmalar nə deyir?
- Biz xalqların qədim dilləri ilə bağlı məlumatları
o zaman əldə edirik ki, həmin
an yazılı mənbələr ortaya çıxır. İlk yazılı
mənbələr e.ə
III minillikdə Orta Şərq ərazisində
meydana gəlib. Şumer və Akkad yazıları əsasında mütəxəssislər
qədim xalqların dilləri ilə bağlı məlumatlar əldə edə bilirlər. Lakin, əfsuslar olsun
ki, ölkəmizin qədim dövrü yazılı mənbələrin
olmadığı dövrə
təsadüf edir.
Tarix öncəsi dövr ölkəmizin ərazisində
zəngin və maraqlı olmasına baxmayaraq, yazılı mənbələrdən kənar
idi. Bu baxımdan
da dil haqqında
müfəssəl elmi
fikir deyə bilmirik. Əgər Alban tayfalarının dillərinə müraciət
etsək, bu xalqların dilləri haqqında müəyyən
fikirlər mövcuddur.
Bu mövzu, əslində,
dilçilərin səlahiyyət
dairəsinə daxil olduğu üçün
onların da bu haqda danışması
əsas götürülür.
- Bəs ölkəmizin tarix öncəsi dövrünün
Hind-Avropa xalqlarının
tarixi arealına daxil olunması ilə bağlı fikirlərə necə münasibət bəsləyirsiz?
- Ümumiyyətlə, Orta Şərqin və həmçinin Cənubi Qafqazın ən qədim dövrü Hind-Avropa xalqlarının yaşadığını əhatə
edən ərazi olmayıb. Hind-Avropa
dil ailəsinə mənsub olan tayfalar buraya gec gəlib və sonra bu
ərazilərin mədəniyyətini
mənimsəməyə başlayıblar.
Bu fikrimizə qarşı
çıxan elmi mərkəzlər var. Həmişə
onlardan soruşuruq: “Siz hansı mənbələrə əsaslanıb
bunu deyirsiz? Əlinizdə hansı yazılı mənbələr
vardır?”. Onlar bunu, sadəcə, fərziyyə kimi irəli sürürlər
və sübut edə bilmirlər. Göründüyü kimi, dil mövzusu çox çətin və ciddi məsələdir.
- Bu gün tədqiqat aparılan abidələr dövlət
tərəfindən qorunurmu?
Bir sözlə, həmin torpaqlar dövlət hesabına keçirmi? Yəni həmin torpaqların itmə, yox olma təhlükəsi varmı?
- Azərbaycanda maddi mədəniyyət abidələrinin
qorunması ilə bağlı bütün məsələlər qanunvercilikdə
öz əksini tapıb. Sadəcə, bunun icrası
ilə bağlı müəyyən problemlər
var. Bu da yerlərdə
əhali arasında maariflənmə işlərinin
aparılması ilə
sıx bağlıdır.
Həqiqətən, bu istiqamətdə
maariflənməyə ehtiyac
var. İnsanlar bilməlidirlər
ki, abidələrin olduğu torpaqları qorumaq lazımdır.
Şübhəsiz ki, dağılan
abidələrlə rastlaşırıq.
Son dövrdə üzləşdiyimiz ciddi
problemlərdən biri
də qara arxeoloqların qanunsuz fəaliyyətidir. Bunların dağıntılarına
bütün bölgələrdə
rast gəlmək olur. Məqsədləri qızıl axtarmaqdır.
Belə olan halda, arxeoloqlar
hüquq-mühafizə və
yerli icra orqanları ilə əlaqə saxlayırlar.
Bu cür problemlər
tək bizim ölkədə yox, başqa ölkələrdə
də mövcuddur.
Düşünürəm ki, həmin
abidələri qorumaq
üçün onları
ictimailəşdirmək lazımdır.
Bunun üçün qazıntı
aparılan arxeoloji abidələrdə tez-tez
ictimaiyyətlə görüşlərin
təşkili zəruri
olan məsələlərdəndir.
Yerli əhalinin öyrənilən
abidənin əhəmiyyətini
anlaması üçün
müəyyən kompleks
tədbirlərin görülməsi
vacibdir.
Söhbəti qələmə aldı:
Mahmud Əyyub
Palitra 2017.- 8 dekabr.- S.13.