ADU-da jurnalistika ixtisasının perspektivləri və beynəlxalq jurnalistikaya keçid

 

Azərbaycanda ali jurnalistika təhsili həmişə seçilən və kifayət qədər nüfuzu olan sənət istiqamətlərindən sayılmışdır, çünki tarixən cəmiyyətin özündə jurnalistikaya, xüsusən də, ciddi jurnalistikaya dərin ehtiram və hörmətlə yanaşılmışdır. Bu gün Azərbaycanda ali jurnalistika təhsilinin yeni konsepsiyası formalaşmaqdadır. Əgər sovetlər dövründə peşəkarlıqla yanaşı, gələcək mütəxəssisin dünyagörüşünü, baxışlarını, fəlsəfi düşüncələrini vahid prizmadan formalaşdırmaq başlıca məqsəd sayılırdısa, indi bu yanaşma üsulundan imtina təhsildə plüralist, demokratik təsisatlara yol açmış, sabahın jurnalistlərinə öz baxışlarını, müxtəlif ictimai-siyasi proseslərə fərdi yanaşma üsullarını formalaşdırmaq imkanı vermişdir. Ölkəyə daxil olan qəzet kağızının üzərindən son günlər əlavə dəyər vergisinin götürülməsi də, jurnalistlərin mənzillərlə təmin olunması da İlham Əliyevin mətbuata göstərdiyi qayğının əsl göstəricisidir ki, bunlar mətbuat işçilərinin rifah halının artırılmasına xidmət edir.

Azərbaycan Dillər Universitetində Jurnalistika ixtisası 6 ildir ki, FilologiyaJurnalistika fakultəsində fəaliyyət göstərir. Bu sahədə yeni olsaq da, təcrübəmiz az olsa da, digər universitetlərdən həm bəhrələnirik, həm geri qalmamağa çalışırıq. Bu illər ərzində tanınmış jurnalistlər və jurnalistika ixtisası üzrə kitabları çap olunan müəlliflərlə görüşlər keçirilmişdir. 2015-ci il və 2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin aparıcısı Lalə Azərtaş, 2016-cı ildə AzTV aparıcısı Rövşən Məmmədov, 2017-ci ildə İctimai TeleviziyaRadio Yayımları Şirkəti direktor müavini Saleh Bağırov, “Gənclərin səsi” radiosunun direktoru Azər Nəzərov, BDU-nun müəllimi, “Beynəlxalq jurnalistika” kitabının müəllifi Həmid Həmidli Universitetimizin qonaqları olmuş və tələbələri maraqlandıran suallara cavab vermişlər. Radio dərslərində radionun tarixi ilə yanaşı, radio proqramlarının hazırlanması praktik formada həyata keçirilir. Ölkədəki FM-lər dərs zamanı dinlənilir, müqayisələr aparılır və eyni zamanda mövzuya uyğun müzakirələr keçirilir. Musiqi tarixi ilə bağlı auditoriya çəkilişləri olur. “Jurnalistin nitq mədəniyyəti” dərsində tələbələr təcrübəyə üstünlük verir, hazırladıqları məqalələr dərslərdə müzakirə edilir. Bu da diskusiyanın səlis olmasını formalaşdırır. KİV-in texnikası və texnologiyası dərsində kameralardan istifadə olunur. Peşakar kameraman Emin Eliyarlı və tanınmış jurnalist Orxan Fikrətoğlu da tələbələrlə dərs prosesində keçdiyi təcrübələri və əldə etdiyi nailiyyətləri bölüşmüşlər. “Radioteleviziyada praktik ” dərsində tələbələr çəkilişlər edir, müsahibələr alırlar. Yekun qiymətləndirmə məhz hazırladıqları sujetlər əsasında olur. Tələbələrin nəzəri biliklərinin praktiki cəhətdən mənimsənilməsi üçün universitetimizdə fəaliyyət göstərən “AUL channel” studiyası və “Poliqlot” qəzetinin redaksiyasında da dərslər təşkil olunur.

Bundan başqa, tələbələrimiz universitetdən kənar keçirilən tədbir və sərgilərdə də iştirak edirlər. ADU-nun jurnalistika ixtisasının tələbələri hər zaman nailiyyətləri ilə fərqlənirlər. Xarici işlər Nazirliyinin mətbuat mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə, eləcədə millət vəkili Aydın Mirzəzadə ilə görüş təşkil edilmişdir, Türkiyə səfirliyinə səfərlər təşkil edilmiş və səfər çərçivəsində tələbələrimizin Türkiyədə kurs keçməyinı şərait yaradılmaları haqqında danışıqlar aparılmışdır. Tədris planları dəyişdirilmiş və ingilis dil saatları artırılmış və daim jurnalistlərlə görüşlərin təşkil olunması nizamlanmışdır. Ən maraqlı və önəmli məsələlərdən biribu il universitetimizin rektoru akademik Kamal Abdullayevin qərarı ilə “Təcrübədən əvvəl təcrübə” proqramına start verilmişdir. Bundan başqa, universitetimizdə yeni açılmış “Multikulturalizm” və “Folklorşünaslıq” mərkəzlərinin də jurnalistlərimizin inkişafını təmin etmək məqsədi ilə həyata keçirdiyi və keçirməyi planlaşdırdığı layihələr xüsusi önəm daşıyır.

Ümumiyyətlə, jurnalistika bölməsi Azərbaycanın peşəkar jurnalistlərinin əməkdaşlığına hər zaman ehtiyac duyur. "Jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün analiz bacarığı tələb edən sənətdir". Azərbaycan oxucusu, tamaşaçısı və dinləyicisinin dünyanın ayrı-ayrı region ölkələrindəki hadisələrdən operativ və bilavasitə xəbər tutmaları baxımından xaricdəki müxbir təmsilçiliyinin rolu olduqca böyükdür. Bu baxımdan Azərbaycanda beynəlxalq jurnalistikanın inkişaf etdirilməsi həddən artıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, eləcə də olkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlərdə və təşkilatlarda mətbuat xidmətinə duyulan ehtiyac da bu işə məqsədyönlü istiqamət verilməsi zərurətini doğurur. "Beynəlxalq jurnalistika" ən əhəmiyyətli, maraqlı və daima müasir olan fənn hesab olunur. Beynəlxalq jurnalistika dövlətlərarası informasiya mübadiləsini və informasiya münasibətlərini əhatə etməklə dünya siyasətinin bir hissəsi kimi çıxış edir və dövlətlərarası ümumdünyaregional təşkilatların KİV-in inkişafı sahəsində fəaliyyətini əhatə edir. Müasir dövrdə multimediaqlobal informasiya şəbəkələrinin sintezi nəticəsində "yeni media" (new media) sistemi formalaşmaqdadır və bu mənada İnternet-online jurnalistikanın beynəlxalq aspektləri hərtərəfli araşdırılmalıdır. Müasir dövrdə dünyada yeni geosiyasi şərait yaranmışdır və inteqrasiya meylləri gündən-günə daha da güclənir. Artıq heç bir dövlət qonşu ölkələrdən təcrid olunmuş şəkildə fəaliyyət göstərmir. Hər bir ölkə bütün sahələrdə, o cümlədən, informasiya və özünüifadə azadlığı sahəsində yaxın və uzaq qonşusundan yararlanmağa çalışır. Hazırda Azərbaycan Respublikası da başqa ölkələrin tarixi təcrübəsindən hərtərəfli istifadə etməyi qarşısına bir məqsəd kimi qoymuşdur. Beynəlxalq jurnalistika dünya publisistikasını təhlil edir, xarici jurnalistlərin yaradıcılıq laboratoriyasını hərtərəfli araşdırır, media nümayəndələrinə müasir peşə sirlərinə yiyələnmək yollarını açıqlayır, yeni yaradıcılıq texnologiyasından, onun əlverişli formametodlardan istifadə etmək imkanlarını müəyyən edir. Azərbaycanda beynəlxalq jurnalistika problemlərinin araşdırılması və bu sahə üzrə mütəxəssis hazırlığına müstəqilliyimizin ilk günlərindən, yəni 1991-ci ildən Bakı Dövlət Universitetində başlanmışdır. Amma təəssüflər olsun ki, indiyədək bütöv bir əsərdə beynəlxalq jurnalistikanın konseptual əsasları elmi cəhətdən təhlil edilməmiş və ictimai, humanitar ixtisaslar sırasında onun yeri yalnız ümumi şəkildə müəyyənləşmişdir. Bu baxımdan da, ADU-da bu il ilk dəfə olaraq, qəbul planında təhsilin magistratura səviyyəsi üzrə beynəlxalq jurnalistika ixtisasına yer ayrılması nəzərdə tutulur. Düşünürük ki, bu həm ölkəmizin maarifçilik ideyalarının möhkəmlənməsində, həm də ölkədən kənar düzgün siyasətin aparılmasında və təqdimatlarda önəmli rol oynayacaq. Bugün bizim haqq səsimizi dünyaya çatdıran, beynəlxalq arenaya çıxa biləcək jurnalistlərə böyük ehtiyac var.

 

Vüsalə Agabəyli

Azərbaycan Dillər Universiteti, FilologiyaJurnalistika fakültəsinin dekanı, fil.f.d., dosent

 

Palitra.-2017.-20 dekabr.-S.12.