“Aktiv diaspor
fəaliyyətinə Rusiyanın hər bir
bölgəsində ehtiyac var”
Səadət Qarayeva: “Rusiyada yaşayan bütün xalqlara, o cümlədən
də azərbaycanlılara ictimai fəaliyyət
göstərmək üçün hər
bir lazımi şərait yaradılıb”
Vətəni sevən təmənnasız sevər. Bu zaman vətən vətən olur. Əsl diaspor üzvləri də vətəni təmənnasız sevən və xidmət edənlərdir. Rusiyada Azərbaycan diasporunun fəal nümayəndəsi, siyasi və ictimai xadim Səadət Qarayeva da məhz təmənnasız fəaliyyəti ilə özünü təsdiq edib. Səadət xanım və həyat yoldaşı Ələkbər Qarayevin Rusiyanın Krasnoyarsk şəhərindəki diaspor fəaliyyətlərini soydaşlarımız, yəqin ki, illərlə xatırlayacaqlar. Hazırda isə bu diaspor ailəsi öz fəaliyyətini Moskva şəhərində davam etdirir.
-Uzaq
Sibirdən sizi mərkəz Moskvaya çəkib aparan
nə oldu?
-Vaxtilə məni Azərbaycandan Sibirə gətirən səbəblər elə bu dəfə də Sibirdən Moskvaya gətirdi. Bir Azərbaycan xanımı olaraq mən hər zaman ailəmizin başçısı olan həyat yoldaşımın sözünü prioritet tutmuşam. Onun fəaliyyəti ilə əlaqədar biz hamımız Rusiya paytaxtına gələsi olduq.
-Moskva
həyatı sizdən ictimai olaraq nə etməyi istəyir?
-Moskva heç kimdən heç nəyi istəmir. Əksinə, Moskva kimi nəhəng bir şəhərdə sən istəməlisən, bundan əlavə, etməlisən də. Mən Krasnoyarskda fəaliyyət göstərdiyim dövr ərzində müəyyən təcrübə topladım ki, bunu da Moskvada tətbiq etməyə çalışıram. Aktiv diaspor fəaliyyətinə nəinki Moskvada, Rusiyanın hər bir bölgəsində ehtiyac var. Hesab edirəm ki, əldə olunan nəticələrlə kifayətlənməyib irəli getmək, yeni uğurlara imza atmaq və ümumi işimizi yeni səviyyələrə qaldırmaq gərəkdir. Səmərəli şəkildə təşkil olunmuş ictimai fəaliyyət qısa bir müddət ərzində öz effektivliyini sübut edir. Moskva da bu müstəvidə istisna deyil, ona görə də çoxmillətli Rusiyanın paytaxtında Azərbaycan diasporunun daha da güclənməsinə ehtiyac duyulur.
-Moskvada
azərbaycanlılara diaspor fəaliyyəti
göstərmək üçün
lazımi şərait yaradılırmı?
-Nəinki Moskvada, ümumiyyətlə, Rusiyada yaşayan bütün xalqlara, o cümlədən də azərbaycanlılara ictimai fəaliyyət göstərmək üçün hər bir lazımi şərait yaradılıb. Millətlərarası münasibətləri tənzimləyən bir sıra önəmli qanunlar və normativ-hüquqi aktlar qəbul olunub ki, bunlar da artıq ölkədəki millətlərarası münasibətləri strateji və taktiki baxımdan əlaqələndirir. Başqa millətlərin nümayəndələri kimi, azərbaycanlılar da Rusiyanın hər bir regionunda ictimai qurumlar, milli-mədəni birliklər yaradır və işlərini aparırlar. Rusiya dövləti bu millətlərarası palitranı yalnız dəstəkləyir, dövlət səviyyəsində bu müxtəlifliyin qorunması üçün müvafiq tədbirlər görür, ölkədə sülhün və sabitliyin daha da möhkəmləndirilməsinə çalışır. Rusiya qanunvericiliyinin yaratdığı imkanlardan istifadə edən azərbaycanlılar təşkilatlarda birləşib xalqımızın zəngin milli-mədəni irsini təbliğ edirlər.
- Uzun
müddət sizin və komandanızın
sayəsində Krasnoyarskda milli
diaspor ayaqda qalıb. Lakin Rusiyanın ərazisi o
qədər genişdir ki,
burada diasporumuz öz fəaliyyətində mərkəz və
regionlarda fərqli taktiki
gedişlər etməli olur.
Krasnoyarskdakı diaspor baxımından fəaliyyət
"modeliniz"i Moskvada tətbiq edəcəksiz, yoxsa yeni planlarınız var?
- Krasnoyarskda komandamla birgə milli-mədəni muxtariyyətimizin inkişafına töhfələrimiz olub. Çox sevinirik ki, əl-ələ verib milli maraqlar naminə çalışmağımız öz nəticələrini göstərib, konkret nailiyyətlərə imza atılıb. Həm “Odlar Yurdu” rəqs ansamblının yaradılması, həm Nar bayramı, Novruz bayramı və digər tədbirlərin keçirilməsi, həm də regional və ümumrusiya aksiyalarında fəal iştirakımız azərbaycanlıların aktiv olduğunu sübut etməklə yanaşı, müxtəlif səviyyələrdə xalqımıza, millətimizə, milli-mədəni dəyərlərimizə və tarixi irsimizə marağı artırmış olub və diqqət mərkəzində saxlayıb. Bütün bunlarla biz fəxr edir və bu nailiyyətləri gələcəkdə daha da fəal şəkildə işləmək üçün bir stimul kimi qiymətləndiririk.
Əslində, diaspor fəaliyyəti, ictimai iş üçün hansısa fərqli Krasnoyarsk və ya Moskva modelləri mövcud deyil. Əlbəttə, hər bir regionun öz spesifikası var, amma ümumilikdə fəal şəkildə işləmək, gecə-gündüz çalışmaq ümumi işimizin uğurunu təmin edən ən əsas amildir. Əgər regionda müəyyən qədər aktivlik müvafiq səviyyəyə çatmaq üçün kifayətdirsə, paytaxt Moskvada həmin səviyyəyə çatmaq üçün daha çox güc və vaxt sərf etməli olursan. Bu bir faktdır. Lakin istənilən halda təcrübəni münbit şəraitdə tətbiq etmək, səyləri işin inkişafına yönəltmək birmənalı olaraq istər Moskvada, istərsə də Krasnoyarskda öz bəhrəsini verir.
-Rusiya
dövləti müxtəlif xalqların diasporuna
hər hansı iş görmək üçün qrant
ayırırmı?
- Hər bir ictimai fəaliyyət maliyyə dəstəyi tələb edir. Burada iş adamlarının olub-olmamasından daha çox məsuliyyət, birgə fəaliyyət və ümumi məqsəd və vəzifələrin dərk edilməsi daha vacibdir. Rusiya dövlətinin tərkibindəki müvafiq strukturlar, fondlar, komitələr, eləcə də qeyri-hökumət təşkilatları millətlərarası münasibətlər, vətəndaş cəmiyyətində çoxmillətli və polikonfessional sülhün qorunub saxlanması və gücləndirilməsi, ümumi mədəni-tarixi irsin təbliği və media-layihələr mövzularına dair müxtəlif qrantlar ayırır ki, bu da təşkilatlara həmin müsabiqələrdə iştirak etmək, qalib gəlmək və bu və ya digər layihə istiqamətində daha da müfəssəl şəkildə işlər aparmaq fürsəti verir. Əlbəttə, milli-mədəni birliklər öz fəaliyyəti çərçivəsində həmin qrant müsabiqələrində iştirak edir. Rusiyada bunun üçün lazımi şərait yaradılıb.
-Hazırda Rusiyada, əsasən, Moskvada
diaspor təşkilatlarımız nə dərəcədə
aktivdirlər?
- Moskvanın özündə də, regionlarda da çox sayda nüfuzlu, təcrübəli və fəaliyyətlərini uğurla davam etdirən təşkilatlar işləyir. Buna ən parlaq misal Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sədrliyi ilə fəaliyyət göstərən Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) nümunəvi işləridir. Biz fəxr edirik ki, bu təşkilat ətrafında birləşmiş gənclərimiz həm paytaxtda, həm bölgələrdə olduqca fəal şəkildə işləyir, Azərbaycanımızı, zəngin mədəniyyətimizi, adət-ənənələrimizi təbliğ edir, Rusiyanın gənclər təşkilatları sırasında layiqli yer sahibi olublar.
-Bəzi ölkələrdə
yaşlı diaspor üzvləri gənc nəslə
heç də istənilən səviyyədə
nümunə ola bilmirlər. Bu baxımdan, Rusiyada vəziyyət
necədir?
-Rusiyada fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni birliklərində aktiv gənclər vardır ki, onlar işlərini daha yaşlı nəsil nümayəndələrinin təcrübəsinə arxalanaraq qururlar. Ümumrusiya miqyasını götürsək, bizim çox sayda təcrübəli ağsaqqallarımız var ki, onlar öz bilik və bacarıqlarını gənclərlə böyük məmnuniyyətlə paylaşır, gənclər isə öz növbəsində bundan səmərəli şəkildə istifadə edirlər. Bu çox önəmli və gələcəkdə uğurlu əməllərə zəmin yaradan bir işdir. Yaşlı nəslin nümayəndələri Rusiyaya gələndə bu ölkədəki şərait müasir dövrdəkindən kəskin şəkildə fərqlənsə də, yenə də onların təcrübəsi gəclərimiz üçün istənilən şəkildə faydalıdır.
-Ümumiyyətlə,
Moskvadakı diasporumuz regionlardakı diasporumuza nümunə ola
bilirmi?
-Rusiyanın müxtəlif regionlarında diaspor təşkilatlarımızın fəaliyyətinin səviyyəsi və aktivliyi fərqlidir. Bu heç də təşkilatın Moskvada və ya başqa regionda olmasından asılı deyil. Bu sırf təşkilatın öz fəaliyyətindən asılı olan bir məsələdir. Rusiyanın bəzi regionlarında təşkilatlarımız var ki, onların fəaliyyəti nümunəvidir, başqaları üçün bir örnəkdir və hamımızın qürur mənbəyidir. Bu təcrübə mübadiləsi və sağlam rəqabət baxımından başqaları üçün bir stimul olmalıdır ki, nəticədə işin keyfiyyəti və səviyyəsi qalxsın.
-Rusiyada, özəlliklə Moskvada diasporumuz öz aktivliyini hansı formada gücləndirə bilər?
-Fikrimcə, bütün istiqamətlərdə - mədəniyyət, elm, təhsil, iqtisadiyyat, ictimai-siyasi fəaliyyət, lobbiçilik və s. aktivliyimizi artırmalıyıq. Artıq bu bir arzu deyil, zərurətdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının 4-cü Qurultayındakı çıxışında qeyd etmişdir ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar həmin ölkənin cəmiyyətinə inteqrasiya olmalı, müxtəlif sahələrdə aktiv iş aparmalı, fəal vətəndaşlıq mövqeyi ilə seçilməlidirlər. Amma, təəssüf ki, bəzən azərbaycanlılar yaşadıqları dövlətin tərkibində özlərini Azərbaycan vətəndaşı kimi hiss edir, bu isə düzgün qəbul olunmur və onların yerli cəmiyyətə inteqrasiyasına maneçilik törədir. Burada ən önəmlisi özünü yaşadığın ölkənin tamhüquqlu vətəndaşı saymaq və fəaliyyət növündən asılı olmayaraq istənilən sahədə cəmiyyətin layiqli üzvü olmaq, peşəkarlıq, bacarıq, yüksək səviyyə və nümunəvi işlə ad qazanmaq, eyni zamanda da təmsil etdiyin millətin adını yüksəltmək olduqca zəruridir. Sevindirici haldır ki, belə çox misallar qeyd etmək olar və biz belə azərbaycanlılarla fəxr edirik.
Fürsətdən istifadə edərək onu da deyim ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həyat yoldaşım Qarayev Ələkbər Qara oğlunu “Tərəqqi” medalı ilə təltif etdiyi üçün Azərbaycan Prezidentinə ailəmiz adından təşəkkür edirik. Bütün dünya azərbaycanlılarını da Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.
Fuad Hüseynzadə
Palitra 2017.- 29 dekabr.- S.12.